155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    DİN QARDAŞLIĞI / Rüfət Şirinov

      Share

      Qardaşlıq deyiləndə ağla eyni ata və anadan dünyaya gələn şəxslər gəlir. Bu nəsil qardaşlığından başqa bir də eyni dinə və ya dünya görüşünə mənsub olmağı ifadə edən əqidə qardaşlığı da mövcuddur.

      Hər sistemin təməl əsasları olduğu kimi, İslamda da cəmiyyət iki təməl əsas üzərində qurulmuşdur. Əqidədə tövhid, cəmiyyətdə qardaşlıq əsası.

       

      İslam dinində qardaşlıq tamamilə əqidə əsası üzərinə bina edilir. Odur ki, bu xüsus açıq bir şəkildə Qurani-Kərimdə “Şübhəsiz ki, bütün möminlər qardaşdırlar” (Hucurat, 10)  ayəsi ilə dəstəklənmişdir. Bu ayəyə əsasən yer kürəsinin harasında olursa olsun “lə iləhə illəllah Muhammədən Rəsulallah” deyən hər kəs rəngindən, irqindən, millətindən asılı olmayaraq bir-birinin qardaşıdır. Həzrət Peyğəmbər əleyhissalam da “Bütün müsəlmanlar qardaşdır” deyərək bütün dünyaya bu əsası duyurmuş və ilk təməlini də Mədinədə məkkəli mühacirlərlə Mədinədəki ənsarı bir-birilərinə qardaş elan edərək atmışdır.

       

      Kapitalist sistemi  əsas qəbul edildiyi günümüzün qloballaşan dünyasında nəinki qardaşın qardaşa hətta ata-anaya belə güvən və etimadı demək olar ki qalmayıb. Bütün münasibətlər zəngin olma və maddi mənfəət üzərinə qurulub. Ancaq İslam tarixinə nəzər salsaq görərik ki, heç bir qan bağı olmayan insanlar bir-biri ilə mənəvi qardaşlıq quraraq nə qədər xoşbəxt və firavan yaşamışlar. Məsələn İslam dini Mədinə şəhərinə gəlmədən əvvəl Övs və Həzrəc qəbilələri bir biriləri ilə daim savaşıb düşməncilik etdikləri halda İslam dinini qəbul etdikdən sonra hər kəsə nümunə olacaq iki qardaş qəbiləyə çevrilmişdir. Bütün bunlar əlbəttə ki, Allah rizası üçün qurulan qardaşlıq sisteminin nəticəsidir. Məhz buna görə də Həzrət Peyğəmbər hər bir mühaciri   ənsar ilə qardaş etmiş, özünə də Həzrət Əlini qardaş elan edərək qiyamətə qədər davam edəcək olan muaxat (qardaşlıq) sistemini qurmuşdur. Hətta bu qardaşlıq vasitəsiylə məkkəli bir müsəlman mədinəliyə, mədinəli bir müsəlman da məkkəliyə varis ola bilirdi.

      Qardaşlıq güclü və sarsılmaz bir bağ olduğu kimi özünə məxsus məsuliyyətləri də vardır. Qardaşlığın necə olması barəsində həm Quranda, həm də Peyğəmbər əleyhissalamın sünnəsində ciddi tövsiyələr mövcuddur. Məhz buna görə Həzrət Peyğəmbər qardaşlar arasındakı hər növ münasibətdə, hər kəsin öz istək və arzularını ölçü olaraq qəbul etməsini tövsiyə edərək belə buyurur: “Biriniz özü üçün istədiyini müsəlman qardaşı üçün istəməzsə kamil dərəcədə iman etmiş sayılmaz”. Bu hədis din qardaşlığı münasibətlərini hər cəhəti ilə ortaya qoyur. Hər bir müsəlman fərd bu hədisdəki incəliyi dərk edərək əməl etsə cəmiyyətimizdə heç bir ac müsəlman qalmaz, borcu olan müsəlmanların borcları ödənər, heç kəs soyuqda donaraq ölməz...

      Qardaşlıq məsuliyyətinin gərəkli gördüyü xüsuslardan biri də müsəlman qardaşı ilə üç gündən artıq küsülü qalmamaqdır. Çünki Peyğəmbər əleyhissalam bir müsəlmanın din qardaşı ilə üç gündən artıq küsülü qalmasını haram etmişdir. Odur ki, müsəlmanam deyən hər kəs din qardaşı ilə münasibətləri bu xətt üzrə tənzimləməlidir. Bununla yanaşı bir müsəlmanın qardaşının qeybətini etməsi, ona kin bəsləməsi kimi mənfi xüsusiyyətlər həqiqi müsəlmana yaraşmayan və qadağan edilən xasiyyətlərdir.

      Bütün müsəlmanlar Həzrət Peyğəmbər tərəfindən bir vücuda bənzədilmişdir. Necə ki, vücudun bir yeri narahat olduqda bütün vücud buna reaksiya verir, müsəlmanlar da harda olursa olsun müsəlman qardaşının cəfasına, əziyyətinə, sevincinə, kədərinə... mənfi vəya müsbət reaksiya verməlidir. Əgər bu gün İslam dünyasında ac qalan, əziyyətə məruz qalan bir müsəlman varsa və biz bunu hiss etmiriksə, ən azından dua etmiriksə imanımızı iman tərəzisində yenidən ölçməliyik.

       

      Bu gün İslam dünyasındakı geri qalmışlıq və əziyyətə məruz qalma məhz İslamın qurtluluş səbəbi olaraq gətirdiyi bu qardaşlıq müsisəsinin kifayət səviyyədə olmamasıdır. Qonsuluqda ac müsəlman varkən biz nə qədər rahat yata biliriksə, əziyyət görən müsəlmanın əziyyətini nə qədər özümüzdə hiss edə biliriksə, sıxıntısı olan müsəlmanın sıxıntısını nə qədər yaşaya biliriksə biz o qədər müsəlmanıq və o qədər yekvücuduq. Vücudun sağlamlığı vücuddakı qüsura verdiyi reaksiya qədərdir. Gəlin bu hədislər işığında digər müsəlmanlarla olan qardaşlığımızı bir daha gözdən keçirək və yek bir vücud olmağa səy göstərək:

      Müsəlman müsəlmana zülm etməz.

      Müsəlman müsəlmanın başına gələn müsibətdə onu tərk etməz. Onu zalımın zülmündə qoymaz.

      Müsəlman din qardaşına yardım etdikcə, Allah da ona yardım edər.

      Kim bir müsəlman qardaşının dünyadakı sıxıntısına kömək edib sevindirsə, Allah da qiyamət günü onun qüsurunu örtər... (Buxari)

      Müsəlmanın dərdiylə dərdlənməyən onlardan deyil.

      Mömin möminin güzgüsüdür. Bir qüsur görərsə onu düzəldər...

      Ey Qardaşlar! Gəlin hamlıqla Allahın “Hamınız Allahın ipinə möhkəm sarılın və ayrılmayın (Ali-İmran, 3) nidasına qulaq verək və heç bir faydası olmayan xırda fərqliliklərə qərq olub qardaşlıq nemətindən uzaqlaşmayaq.

      • Hits: 849 clicks

      Tecox component by www.teglo.info