İSLAM MƏDƏNİYYƏTİNDƏ QARDAŞLIQ kitabinin müəlifiylə reportaj / Arif HƏŞİMOV

      Share

      QƏZZALİNİN HƏQİQƏT AXTARIŞI - II

      Acizliyimi hiss edincə və bütün iradəm yox olunca, çarəsiz qalan və iztirab içində olan kəsin Allah sığındığı kimi, mən də Ona sığındım. Çarəsiz adam Ona dua etdiyində duasını qəbul etdiyi kimi, O, mənim də duamı qəbul etdi. Cah-cəlal, mal, ailə, uşaq və dostlardan qəlbən üz döndərmək mənə asanlaşdı. Beləcə Məkkəyə getmək qərarımı açıqladım.

       Halbuki, Şama getməyi qərarlaşdırmışdım. Belə etməyimin səbəbi xəlifənin və bütün dostlarımın mənim Şamda yerləşmə fikirimə agah olmasınlar deyə idi. Bağdaddan çıxıb bir daha ora qayıtmamaq qərarımı incə planlarla gizlədim. Bütün İraq alimlərinin tənqid hədəfinə çevirildim. Onlarıın arasında sahib olduğum hər şeydən dinimə görə üz çevirdiyimi doğru görən bir kimsə yox idi. Çünki onların gümanına görə, sahib olduğum məqam dində ən yüksək pillə idi. Onların elmdən nəsibi bu qədər idi.

      Camaat da müxtəlif fikirlər söyləməyə başladı. İraqdan uzaq olanlar belə etməyimi idarəçilər tərəfindən olduğunu zənn etdilər. İdarəçilərə yaxın olnlar isə onların məni saxlamaq üçün nə qədər israr etdiklərini və məni qınadıqlarını, mənim isə onlardan üz çevirdiymi və sözlərini dinləmədiyimin şahidi olurdular. Belələri: Bu, səmavi bir əmrdir, müsəlmanlara və onların alimlərinə nəzər toxundu, -deyirdilər.

      Nəhayət İraqdan ayrıldım. Kifayət edəcək qədərini və uşaqlarımın qida ləvazimatlarını ayırdıqdan sonra, bütün malımı payladım. İraq malı müsəlmanlara vəqf edildiyinə görə, faydalı işlər üçün ayrılmasına rüxsət vardır. Dünyada bir alimin ailəsi üçün bu qədər mal ayırmasından daha yaxşı bir mal görmədim.

      Sonra Şama gəldim. Təxminən iki il orada qaldım. Bütün məşğuliyyətim Təsəvvüf kitablarından oxuduğum kimi, üzlət, xəlvət, riyazat, mücahidə, nəfsi təzkiyə etmək, əxlaqı gözəlləşdirmək, qəlbi Allah zikri üçün təmizləməkdən ibarət idi. Bir müddət oradakı Dəməşq (Əməvi) məscidində etikafa çəkildim. Bütün günü məscidin minarəsinə qalxar və qapısını bağlayardım.

      Sonra buradan ayrılıb Büytülmüqəddəsə getdim. Bütün günü Qübbətüs-səxraya girər və qapısını bağlayardım. Qüdüsü və İbrahim Xəlilullah (ə.s) ziyarətini bitirdikdən sonra, daxilimdə Həcc əmrini yerinə yetirmək, beləcə Məkkə, Mədinə və Hz. Peyğəmbərin (s.ə.s) bərəkətindən istifadə etmək istəyi baş qaldırdı. Bu səbəblə də Hicaza getdim.

      Daha sonra, daxilimdəki şövq və uşaqların çağırması məni vətənə qaytardı. Dönmək istəyim olmadığı halda oraya qayıtdım. Burada da xəlvətə olan istəyim səbəbilə üzləti seçdim, zikrullah üçün qəlbimi təmizləməyi davam etdirdim. Zamanın problemləri, ailə məsələləri və keçim ehtiyacları istəyimə təsir göstərir, xəlvətin səfasını pozurdu. Halım bəzi vaxtlarda səfa tapırdı. Buna rəğmən, mən bu hala çatmaqdan ümüdümü kəsmirdim. Məşğuliyyətlər məni bu haldan uzaqlaşdırır, mən isə ona qayıdırdım.

      Bu hal məndə hardasa on il davam etdi. Bu yalnızlıqlarım əsnasında mənə elə şeylər kəşf olundu ki, hamısını saymaq və anlatmaq mükün deyildir. Faydalanmaq üçün müəyyən qədərini burada qeyd edəcəyəm:

      Mən qəti olaraq anladım ki, Allah yolunu həqiqi mənada tutan sufilərdir. Onların mənəviyyatı ən gözəl mənəviyyatdır, yolları ən doğru yoldur, əxlaqları ən təmiz əxlaqdır. Ağıllı kəslərin ağılı, hikmət sahiblərinin hikməti, alimlərdən şəriətin sirlərinə vaqif olanları elmi bir araya toplanıb sufilərin mənəviyyatlarından, əxlaqlarından bir şeyi dəyişdirməyə və ya daha xeyirliyə çevirmək istəsələr, bunu bacarmazlar. Çünki onların həm zahirən, həm də batinən olan hərəkət və sükunətləri nübüvvət qəndilini nurundan iqtibas edilmişdir. Yer üzündə isə nübüvvət nurundan başqa ziyasından faydalanacaq bir nur yoxdur.

      Xülasə, bir yol ki, birinci şərti bütün qəlbi Allahdan savayı hər şeydən təmizləməkdir və açarı da namazın iftitah təkbiri kimi bütün qəlbin Allah zikri ilə əhatələnməsi, sonu da büsbütün Allahda fani olmaqdır. Elə isə bu yol barəsində kim nə deyə bilər?!

      Fani olmağın son mərtəbə sayılması, başlanğıcda istək və iradə ilə edilə bilən hallardandır. Əslində bu, yolun başlanğıcıdır. Ondan əvvəlki hallar bu yolun yolçuları üçün dəhliz vəziyyətindədir. Yolun başlanğıcından etibarən kəşiflər və müşahidələr başlayar. Hətta elə olur ki, saliklər  yaqaza (yarımoyanıq) halda mələkləri və Peyğəmbərlərin (ə.s) ruhaniyyətlərini görərlər. Səslər eşidər və onlardan faydalar əldə edərlər. Daha sonra sufinin halı surətlər və misallar (misal aləmi) görməkdən elə yüksək dərəcələrə yüksəlir ki, bunu sözlə izah etmək mümkün deyil. Kim həmin halı izah etmək istəsə, sözündə açıq səhvlərə yol verər. Qısacası, iş Allah təalaya o qədər yaxınlaşmaq dərəcəsinə çatar ki, bir zümrə Allah ilə birləşdiyini, bir zümrə Allaha çatdığını xəyal edər. Bunların hamısı səhv fikridir. Nə üçün səhv olduğunu “əl-Məqsəd əl-Əqsa” kitabında açıqladıq. Başına belə hal gələn kimsə, bu beytdən başqa söz deməməlidir:

      Ağlımdan keçirmədiyim baş verdi

      Xeyir zənn et, başqa şey soruşma

      Bu yolun zövqündən dadmayanlar nübüvvətin adından savayı onun həqiqətini anlamazlar. Övliyanın kəramətləri Peyğəmbərlərdən ilk zamanlarında zahir olan hallardır. Hz. Peyğəmbərin (s.ə.s) ilk başda Hira mağarasında tənhaya çəkilib Rəbbinə ibadət etməsi belə bir hal idi. Hətta ərəblər onun barəsində: Muhəmməd (s.ə.s) Rəbbinə aşiq oldu, -deyərdilər. Bu elə bir haldır ki, nə olduğunu o yolda irəliləmiş olanlar onu zövq ilə dadaraq anlayarlar. Bu zövqü dadmayanlar təsəvvüf əhlinin söhbətində iştirak edərək təcrübə qazana qazana və eşidərək halları əlamət və dəlalət ilə anlayarlar. Beləcə təsəvvüf əhli ilə birlikdə olanlar bu yəqin haldan istifadə edərlər. Onlar elə kəslərdir ki, söhbətlərində olanlar dəlalətdə qalmaz. Söhbətlərindən dadmayanlar “İhya Ulum əd-Din” kitabımızın “Əcaib əl-Qəlb” qismində qeyd etdiyimiz kimi, əqli dəlillərlə bunun mümkün olduğunu qəti şəkildə anlayarlar. Bu halları əqli dəlillərlə araşdırmaq elmdir. O hallar ilə hallanmaq isə zövqdür. Hüsnü- zənn və təcrübə ilə qəbul etmək isə imandır.

      • Hits: 789 clicks

      Tecox component by www.teglo.info