İbrahim Erol / İSLAM MƏDƏNİYYƏT XADİMİ: İMAM QƏZALİ

      Share

      İmam Qəzalinin əsl adı Məhəmməd bin Əhməddir. İslam dünyasında və təfəkküründə İmam Qəzali adı ilə məşhurlaşan bu şəxs hicrətdən 450 il sonra bugünkü İranın Tus şəhərində dünyaya gəlmişdir. Atası kasıb, lakin əməlisaleh bir zat idi. Yundan iplik əyirər və onu sataraq ailəsini dolandırardı. Qəzali hələ kiçik yaşlarında ikən atası vəfat etmişdir. Lakin vəfatından əvvəl yaxın bir dostuna oğlunun oxuması və təhsilini davam etdirməsi üçün bir miqdar pul vermişdi. Beləliklə böyük İslam aliminin elm həyat başlamış oldu. Bəzi rəvayətlərdə qeyd olunduğuna görə isə Qəzali qardaşı ilə birlikdə mədrəsəyə yollanır. Atasından miras qalan pul qurtardıqda atasının dostu Qəzalini ödənişsiz təhsil verən bir mədrəsəyə göndərir. Bu mədrəsə zöhd və təqva həyatını dərk etmək və yaşamaq baxımından onun həyatında mühüm yer tutur.

      İmam Qəzali kiçik yaşlaırnda öz kəndlərində bir az fiqh dərsi aldı. Sonra Cürcana getdi. İmam Əbu Nasr İsmayıldan bir müddət dərs aldı. Sonra yenidən Tusa qayıtdı. Cürcandan Tusa qayıdarkən yolda başına gələn bir hadisəni belə nəql edir:

      “Quldurlar yolumuzu kəsdilər. Bütün əşyalarımı əlimdən aldılar. Arxalarınca gedib onlara yalvardım ki, nə olar, sizə heç bir faydası olmayan dərs qeydlərimi qaytarın. Başçıları bunun nə olduğunu soruşduqda dedim ki, “Mən onları öyrənmək üçün yurdumu tərk etdim, qürbət ellərə düşdüm. Filan əşyaların arasındakı bir neçə kağız bağlamasıdır, onları mənə qaytarın”. O isə gülərək: “Sən orada yazılanları bildiyini necə iddia edə bilərsən? Biz onları səndən alan kimi savadsız qaldın”, -dedi və istədiklərimi mənə qaytardı. Sonra öz-özümə fikirləşdim ki, Allah həmin quldura məni ayıltmaq üçün o sözləri söylətdi. Tusa çatan kimi üç il bütün səylərimlə çalışaraq Cürcanda qeyd etdiklərimin hamısını əzbərlədim. O qədər yaxşı çalışmışdım ki, bir daha quldurlarla qarşılaşsam və əlimdəkiləri alsa, mənə zərəri toxunmazdı.”

      Vətənində keçirdiyi bu üç ildən sonra təhsilinə davam etmək üçün o dövrün böyük bir elm və mədəniyyət mərkəzi olan Nişabura getdi. Nişaburda təhsilini tamamladıqdan sonra böyük bir elm və ədəbiyyat hamisi olan Səlcuqlu vəziri, dövlət xadimi Nizamülmülkün dəvəti ilə Bağdada yollandı. Nizamülmülkün təşkil etdiyi elm məclisində olan o dövrün elm adamları İmam Qəzalinin elminin dərinliyinə və məsələləri izah etməkdəki üstün qabiliyyətinə heyran qaldıqlarını etiraf etdilər.

      Bu zaman otuz dörd yaşlı İmam Qəzalinin İslama olan böyük xidmətlərini görən Səlcuqlu vəziri Nizamülmülk bugünkü adı ilə desək, onu Nizamiyyə Universitetinə rektor təyin etdi. Bu universitetə rəhbərlik edən İmam Qəzali üç yüz seçilmiş tələbəyə lazımlı olan bütün elmləri öyrətdi. Yetişdirdiyi tələbələrin hesabı yox idi.

      İmam Qəzali Nizamiyyə mədrəsələrində tələbə yetişdirərkən İslama zərər verən bir çox fikirləri də ortadan qaldırmağa çalışmışdır. İti zəkasıyla filosofların din adına söylədikləri şeylərin əslində dindən uzaq olduqlarını, batinilərin İslamdan kənar olduqlarını onlara qarşı sübut etmişdir. Xüsusilə də bəzi Hənbəli alimlərin düşdüyü xətaları Quran və sünnə işığında izah etmişdir.

      Bütün bu üstünlüklərə baxmayaraq İmam Qəzalinin ruh dünyasında bəzi şübhələr meydana gəlməyə, ruhunun qidasının yalnız elmlə olmayacağını düşünməyə başlamışdır. O, bu şübhəsini belə dilə gətirir:

      "Elm öyrənmə və öyrətməklə bağlı niyyətimi götür-qoy etdim. Gördüm ki, Allah rizası üçün deyil, vəzifə və şöhrət istəyi ilə hərəkət etmişəm. Bu vəziyyətdə uçurumun kənarında olduğumu, əgər halımı düzəltməsəm, atəşə yuvarlanacağımı düşündüm. Bir gün Bağdaddan çıxmağa və bu vəziyyətdən xilas olmağa qərar verir, ertəsi gün bu qərarı pozurdum; səhər axirətə meyl edir, axşam isə dünya arzuları məni pərişan edirdi. Dünya arzuları zəncirləriylə məni vəzifə və şöhrətə doğru çəkir, iman carçısı isə, köç zamanı gəlmişdir, ömrünün sonuna çox az qaldı, qarşında uzun səfər var, əldə etdiyin bütün elm bir riya və nümayişdir; axirətə indi hazırlaşmasan, nə vaxt  hazırlaşacaqsan, dünyəvi əlaqələrini indi kəsməsən, nə vaxt kəsəcəksən, deyə səslənirdi. Bunun üzərinə, daxilimdəki arzu bütün vücuduma yayılır, baş götürüb qaçmaq istəyi baş qaldırırdı. Sonra şeytan gəlir və “bu keçici haldır… Bu qədər yüksək vəzifəni, heç kimin poza bilməyəcəyi nizamlı həyatı və düşmənlərin hücumlarından xilas olub sükunət tapmış işi buraxsan, günlərin birində nəfsin arzu etsə də geri dönüşün asan olmaz”, -deyirdi. Altı aya yaxın dünya arzularının cazibədarlığı ilə axirət düşüncələri arasında qərarsız qaldım. Nəhayət, vəziyyət zəruri bir hala gəlmişdi. Çünki Allah-Təala dilimi təhsil verə bilməyəcək qədər kilidləmişdi. Özümü bir gün gələn şagirdlərin xətrinə dərs verməyə məcbur edir; lakin dilim, söz söyləmir, buna gücüm çatmırdı. Dilimdəki bu tutulma sonradan ürəyimdə hüzn meydana gətirdi. Bunun təsiriylə həzm gücüm də zəiflədi, yemək-içməkdən kəsildim. Vücudum zəifləmişdi. Nəhayət, həkimlər dərmandan ümidlərin kəsdilər və bu qəlbə bağlı bir haldır. Qəlbdə meydana gəlmiş bu hüzn aradan qalxmadıqca, dərmanla müalicəyə imkan yoxdur”, -dedilər."

      İmam Qəzali yaşadığı bu hal səbəbiylə, miladi 1095-ci ildə özünün dediyi kimi var-dövləti rədd edərək, Bağdaddan ayrıldı. İki il Şamda, bir il də Qüdsdə xəlvətə çəkildi, oradan da həccə gedib yenidən öz kəndinə - Tusa qayıtdı. İslam elmlərinin hamısında söz sahibi olmasına baxmayaraq, elm Qəzalinin içindəki yanğını aradan qaldıra bilməmiş, ruhunu dincliyə qovuşdurmağa nail olmamışdı. İslamın zöhd və təqva həyatının, yəni özəyinin mütləq surətdə yaşanmalı olduğunu, hətta bunun ən doğru yol olduğunu söyləmişdir. Bu xəlvət həyatından sonra öz müşahidələrini “əl-Munqizu minəd-daləl” (pozğunluqdan hidayətə) adlı kitabında qısa-qısa izah etməkdədir. Yaşadığı bu dönüşdən sonra da İslam dünyasında məhşur əsər sayılan İhyai-Ulumiddini qələmə almış və belə demək olarsa bu əsərlə birlikdə həqiqətən də İslam dininin elmlərini canlandırıb düşüncə və dəqiqlikdə onları zirvəyə qaldırmışdır. Bu böyük alim gəldiyi son nöqtədə insanları “vəzifə və rütbəni tərk etdirən, səadətə çatdıracak olan həqiqi elmə” dəvət etməyə başlamışdır.

      Qəzali 18 dekabr 1111-ci ildə vəfat etmişdir. Gözlərini bu dünyaya yumarkən 55 yaşı vardı. Tusda məşhur şair Firdovsinin qəbrinin yaxınlığında dəfn olunan Qəzalinin ömrünün son anları da ibrətlidir. Bazar ertəsi günü səhər vaxtı dəstəmaz alıb namazını qılmış, sonra kəfəninin gətirilməsini istəmişdi. Kəfənini öpüp alnının üstünə qoyaraq “Mülk sahibinin hüzuruna çıxmaq başım və gözüm üstə” –demişdi. Sonra da ayaqlarını uzadaraq qibləyə tərəf uzanmış və dan yeri sökülmədən vəfat etmişdir. İmam Qəzali 55 illik ömründə gecə-gündüz əsər yazmış və qısa ömrə sığdırılmayacaq kitab müəllifi olmuşdur. Bəzi qaynaqlar 400-dən çox kitabının olduğunu qeyd edir.

      İmam Qəzalinin hikmətli sözlərindən:

      * Allah-Təalanın verdiyi neməti Onun sevdiyi yerə xərcləmək şükür, sevmədiyi yerə istifadə etmək isə küfranı-nemətdir (neməti inkar etməkdir).

      * Səbir insana məxsusdur. Heyvanlarda səbir yoxdur. Mələklərinsə səbrə ehtiyacı yoxdur.

      * Hər bir hərəkətimizi və düşündüklərimizi Allah-Təalanın bildiyini unutmamalıyıq. İnsanlar bir-birinin zahirini görərlər. Allah isə həm zahiri, həm də batini görər. Bunu dərk edən adamın əməli və düşüncəsi ədəbli olar.

      * Ey nəfsim, sonra tövbə edərəm və yaxşı əməl işləyərəm deyirsənsə, ölüm daha tez gələ bilər, peşman olarsan. Sabah tövbə etməyi bu gün tövbə etməkdən asan zənn edirsənsə, aldanırsan. 

      • Hits: 763 clicks

      Tecox component by www.teglo.info