155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Samir HƏMZƏYEV / NECƏ MÜSƏLMAN OLMALI?

      Share

      Müsəlman:  Hz. Peyğəmbərin, Əshabi-kiramın, İslam alimlərinin  və Allah dostlarının həyat və yaşayışlarından göründüyü kimi maddi və mənəvi həyatı mükəmməl şəkildə davam və inkişaf  etdirən bir  şəxsiyyət nümunəsi, bir rəhbərlik vəsfidir. Lakin bu gün bir çox müsəlmanın mənəvi həyatı kimi, maddi həyatı da sıxıntı, daimi ehtiyac və keşməkeş icərisindədir. Şübhəsiz ki, ruzinin yeganə sahibi Rəzzaq olan Allahdır. Amma görəsən biz o ruzini sahibindən istəmək üçün qəlbi duaya və buna  müqabil feli duaya hansı sadiqliklə sarılmışıq?! “Dəvəni bağla sonra təvəkkəl et”, hədisi-şərifinə uyğun bir həyat yaşayırıqmı? Yoxsa, İslama sarılmaq yerinə sadəcə elə bəhanələrə sarılaraq  yaşayırıq?

      Bu həyatda özümüzə yer tapa  bilmərik, bu dövr bizim dövrümüz deyil, biz bu zəmanənin insanı deyilik, zəmanə çox dəyişib və s. kimi ifadələrlə özümüzü cəmiyyətdən təcrid edərək yaşamaq bir müsəlmana yaraşarmı? Budurmu doğru olan? Xeyr, əsla! Bu doğru deyil!

      Müsəlman hər dövrün, hər zamanın, hər məkanın insanıdır. Müsəlman bunların da fövqündə, görünməyən üfüqlərin insanıdır. Çünki yalnız müsəlman  maddi və mənəvi həyatın müvazinətini  saxlaya biləcək və bunun örnəyini ən gözəl şəkildə təcəssüm etdirəcək şəxsiyyətdir. Heç ölməyəcək kimi dünya, sabah öləcək kimi axirət həyatı üçün çalışmaq prinsipi də bizim üçün deyilmi? Deməli, biz hər iki cahanın sultanları olmalıyıq. Bəs niyə deyilik? Qeyri-müsəlmanlar dinimizə İslama əks olan bir yolu təqib edə bilərlər. Bu xüsusda öz paylarına haqlıdırlar da. Bu, onların yoludur. Bunun fərqindədirlər. Öz yollarına sadiqdirlər. Bəs biz niyə sadiq olmayaq? Onları da Allah yaratmadımı bizim kimi? Onlara da o elmi, o həyat fürsətini Allah vermədimi? O elm Allahın elmi deyilimi? Şübhəsiz! Deməli, əgər qeyri-müsəlmanlar bu elmdən istifadə edir, müəyyən qədər uğur qazanırlarsa və bu, örnəklərlə sübut olunursa bəs müsəlmanlar niyə Allahın elmindən lazımınca istifadə etməsin? Yoxsa, hər kəsə yardımçı olan Allahın müsəlmanlara yardım etməyəcəyindən qorxurlar? Əgər biz bu yolda bir addım atsaq, Allahın dininə sahib cıxsaq Allah bizə yar və yardımçı olmazmı? Şübhəsiz olar! Biz  Allahın ismini, dinini, şənini ucaltmaq niyyətiylə bir addım atsaq, aləmlərin yeganə sahibi olan Allah bizə yardımçı olar. Sonsuz lütfüylə bütün canlılara ehsan edən Allah bizə də istədiyimizi verməyə qadirdir. İstəyənə istədiyini verməsəydi, istəməyi də verməzdi! Bəs onda nə gözləyirik? Müsəlman qardaşlarım, bizə yaraşan  bu yolda, bu safda, səbirlə, səbatla, yorulmadan davam etməkdir. Əvvəlcə Biz öz-özümüzə mərhəmət edək zövq və istəklərimizin  zəncirlərini qıraq. Qəflətdə məhv olmaq yerinə, halal dairəsinə girərək əminlik içərisində yaşayaq. İnanaraq, namaz qılıb, oruc tutaraq. Bunlarla bərabər yaşadığımız həyat da müsəlmanca olsun. İslamiyyəti məscidlərə və vicdanlara həbs etməyərək yaşayaq.

      Qeyri-müsəlmanlar bizim onların həyat tərzinə uyğun yaşamağımızı istəyirlər. Buna müəyyən qədər müvəffəq də olublar. Niyə? Çünki müsəlmanın hər halı İslama uyğun olmadığı kimi, qeyri-müsəlmanların bir sıra halı İslamdan kənar deyil. Məsələn: elm təhsil etmək, çalışqan olmaq, sənətdə inkişaf etmək kimi sahələrdə qeyri-müsəlmanlar inkişaf edirlər. Müsəlman isə bu və bənzəri sahələrdə geri qalır. Belə olduqda bu xüsusda müsəlmanlar geridə qalırlar. Diqqət edilsə, bu mövzuda qalib olan kimlərsə deyil, qalibiyyətə səbəb olan əsas meyarlar: elm, çalışqanlıq və sənət olur. Bu bir haqdır.

      Hər şey Allahın insanlara ehsanıdır. Biz nə etməliyik? Bizə düşən əmanətə sahib çıxmalı və Allahın ehsanına layiq olmalıyıq. Möminlər ümmət olmadıqca dünya müsəlmanlara zindan olar. Hər halda biz bu dünyada həyat kimi bir nemət əldə etmiş, İslam kimi bir nurla şərəflənmiş, müsəlman kmi müqədəs bir vəzifəylə vəsfləndirilmişiksə bu dəyərlərə sahib çıxmalıyıq. Əmanətə də, Allahın elminə də, dininə də. İctimai və iqtisadi həyatda müsəlmana yaraşan şəkildə özümüzü sübut etməliyik. Çünki biz müsəlmanıq, müsəlman kimi  yaşamalıyıq. Özümüzü aldadaraq, kimliyimizdə gizlənmək yerinə, mağaralardan cıxmalı  və dağların belə qaldırmağa boyun  olmadığı o əmanətə sahib çıxmalıyıq. Məhz o zaman nəfsə qul olmağın  deyil, Allaha qul olmağın şəfərinə nail olarıq.  

      • Hits: 684 clicks

      Tecox component by www.teglo.info