Kamran Məmmədov / HƏYAT DƏFTƏRİNDƏN

      Share

      İnkarçı bir adam alimdən soruşdu:

      1- Allah varsa mənə göstər.

      2- Hər işi Allah yaradır, bəs nə üçün günahkar cəza görür?

      3- Şeytan atəşdən yaradıldığı halda ona cəhənnəm atəşi necə təsir edə bilər?

      Alim bu sualları soyuqqanlıqla dinlədi. Sonra da yerdən bir kərpic parçası alıb inkarçının başına vurdu. Başı yarılan inkarçı birbaşa qazının hüzuruna yollandı. Qazı alimdən soruşdu:

      - Kərpiclə bunun başını yarmısan, düzdür?

      - Məndən üç sual soruşmuşdu, mən suallarına cavab olaraq kərpiclə başına vurdum.

      - Necə?

      - İzah edim. Allah varsa, mənə göstər, demişdi. Başının ağrıdığını iddia edirsə, göstərsin. İkinci olaraq da hər şeyi Allah yaradırsa, günahkar niyə cəza görsün? -dedi. Madam ki, elədir, nə üçün məni məhkəməyə verir? Üçüncüsü də atəşdən yaradılan şeytana cəhənnəm atəşi necə təsir edər? –sualı idi. Cavabını aldı. Torpaqdan yaradılana, yenə torpaqdan olan kərpic necə təsir edir?

      Bu cavablardan sonra alim bəraət aldı.

      Xidmətin bərəkəti

      Bəni İsraildə saleh bir kimsənin üç oğlu varmış. Bir gün o şəxs ağır xəstələnir və artıq həyatından ümid kəsilincə böyük oğlu kiçik qardaşlarını çağırır və:

      - Ey qardaşlarım, atamızın çox malı var. Amma bu gün ona xidmət etmək çox ağırdır. İstəyirsiniz, siz malına varis olun və xidmətini mənə saxlayın, istəyirsiniz malı mənə verin xidmətini siz edin, deyir. Qardaşları malı seçirlər. Atalarının xidmətini böyük qardaşlarına həvalə edirlər. Böyük qardaşları saleh bir kimsə olduğu üçün atasının xidmətini özünə nemət və qənimət bilir. Vəfatına qədər bu xidməti həyata keçirir. Lakin arvadının könlü heç cür bu işə razı olmur və malı seçmədiyi üçün onunla tez-tez dava edir. O isə arvadına:

      - Ey xanım! Mən atama miras üçün xidmət etmirəm. Ancaq Allah rizası üçün xidmət edib xeyir-duasını almaq istəyirəm. Xeyir sizin bildiyinizin əksinədir. Bir kimsənin dünya dolusu malı olsa, amma bərəkəti olmasa, onda xeyir yoxdur. Xeyir ancaq bərəkətdədir, deyir.

      Atasına xidmətə kölgə salmadan davam edir.

      Bir gecə yuxusunda ona belə deyirlər:

      - Filan yerdə yüz qızıl var. Get onu götür, xərclə.

      - Onda bərəkət varmı?

      - Xeyr yoxdur.

      - Bərəkət olmayan şey mənə lazım deyil.

      Məsələni arvadına söylədikdə, qadın yenə almadığı üçün onunla münaqişə edir.

      Ertəsi gecə yuxusunda yenə, “Filan yerdə on qızıl var, get götür” deyirlər. O, yenə bərəkət olub-olmadığını soruşur. Bərəkət olmadığını öyrəndikdə yenə istəmir.

      Üçüncü gecə isə yenə “Filan yerdə bir qızıl var, onu götür, cibxərcliyi et” deyirlər. O da bərəkəti olub-olmadığını soruşduqda “Çox bərəkətlidir” cavabını alır, dərhal gedib onu götürür. Səhər isə qızılla bazara gedir və iki balıq alır. Evinə gətirib qarınlarını yardığı zaman görür ki, balıqların qarınında çox qiymətli və iki dirhəm ağırlığında iki qırmızı cövhər var. Birini dərhal bazara aparıb satmaq istəyir. Lakin heç kimin almağa gücü çatmır. Nəhayət otuz min qızıla padşaha satar. Axçaları alıb evə gəlir və Allaha şükür edir.

      Padşah o cövhərin ikincisini axtarır, lakin heç kimdə tapa bilmir. Təkrar eyni adamdan soruşur və onda olduğunu öyrənir. O məndədir, lakin yetmiş min qızıldan aşağı vermərəm -deyir və o qiymətə satır. Hədsiz dərəcə varlanır.

      Yuxusunda: “Ey adam, Allahın sənə bu qədər lütf və ehsanı ancaq atana ixlasla etdiyin xidmətə görədir. Axirətdə qarşılaşacağın lütfü isə izah etmək mümkün deyil.”

      Ya Rəbbi! Məni özünlə məşğul et!

      Həzrət Rabiyə çox oruc tutardı. Bir dəfə bir həftə heç yemək tapa bilmədi. Səkkizinci gecə aclığı çox şiddətləndi. Nəfsinə əziyyət etdiyini düşünərkən bir nəfər qapını döydü. Bir qab yemək gətirdi, o da yeməyi alıb, yerə qoydu. Şam gətirməyə getdi, gəldikdə bir pişiyin yeməyini dağıtdığını gördü. Su qabını almağa getdi. Şam söndü. Su içmək istəyərkən qab düşüb qırıldı.

      O da;

      “Ya Rəbbi! Bu yazıq qulunu sınayırsan, lakin acizliyimdən səbir edə bilmirəm.” deyərək bir ah çəkdi. Bu ahdan az qala ev yanacaqdı.

      Bir səs eşidildi:

      “Ey Rabiyə, istəyirsən, dünya nemətləri üstünə saçılsın. İstəyirsən, üzərindəki dərd və bəlalar qaldırılsın. Lakin bu dərdlər, bəlalar ilə dünya bir yerdə olmaz.”

      Bu sözü eşidincə belə dua etdi:

      “Ya Rəbbi! Məni özünlə məşğul et və səndən uzaqlaşdıracaq işlərə bulaşdırma!”

      Bundan sonra dünya zövqlərindən elə kəsildi ki, daim Allahın zikri ilə məşğul oldu. Hətta belə dua edirdi:

      “Ya Rəbbi! Məni özünlə məşğul et ki, kimsə səndən uzaqlaşdırmasın!”

       

      • Hits: 663 clicks

      Tecox component by www.teglo.info