155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Mehman İsmayılov / Müsəlman Güvənən və Güvənilən İnsandır

      Share

      Bu gün cəmiyyətlərdəki ən böyük problemlərdən biri insanların bir-birlərinə güvənməməsidir. Gündəlik həyatda müsəlmanların bir-birilərinə güvənmədiklərinin çox şahidi oluruq. Ən təəccüblüsü isə odur ki, dindar insanlar və ya dindar olduğunu iddia edənlər belə bir-birlərinə güvənmirlər. Əsası qarşılıqlı güvənməyə söykənən bir dinin mənsubları nə üçün bir-birlərinə güvənmirlər? 

      Bunun ən böyük səbəbi bir çox məsələdə olduğu kimi bu məsələdə də müsəlmanların İslamın ruh yönündən daha çox şəkilçilik yönünə əhəmiyyət vermələridir. Əslində isə “bəşəri münasibətlərdə qarşılıqlı güvənmə” dinimizin əsas qayələrindən biridir. Bir-birinə güvənməyən insanlar arasındakı münasibətlər Allah və insan sevgisinə deyil, qarşılıqlı mənfəət əsaslarına söykənir.

      Həm mömin, həm müsəlman, həm də İslam kəlmələrinin “güvənmək”lə yaxın əlaqəsi vardır. Belə ki, mömin kəlməsi “inanan insan” mənası ilə yanaşı “güvənən, güvənilən insan” mənasına da gəlir. Çünki inanmaqla  güvənmək arasında yaxın əlaqə vardır. İnsan güvənmədiyi şeyə inanmaz. Buradan belə nəticəyə gələ bilərik ki, mömin Allaha güvənən, digər insanların güvəndiyi insandır.

      Qurani-Kərimdə də möminlərin güvənən və güvənilən insanlar olduğuna diqqət çəkilir:

      “Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) səkinə göndərən Odur.” (əl-Fəth, 4)

      Bu ayədə keçən “səkinə” kəlməsinə təfsir alimləri güvən, rahatlıq, arxayınlıq, sükunət və s. kimi mənalar vermişlər. Hz. Əli ayədəki bu kəlməni belə açıqlamışdır: “Səkinə möminin qəlbinə yerləşib onu güvənilən edən, ona əminlik verən  mələkdir.”

      Yenə Qurani-Kərimin bildirdiyinə görə Rəbbimizin bir adı da “əl-Mömin”dir ki, bu da “arxayınlıq verən”, “əminlik verən” və s. mənalara gəlir.

      Ən maraqlısı budur ki, İslam Peyğəmbərinin bir adı da “Əmin”dir. O, hələ peyğəmbərliklə vəzifələndirilmədən əvvəl insanlar ona  həddindən çox güvəndikləri üçün onu “Əmin” (güvənilən) adlandırmışdılar. “Əmin” olan Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində mömini belə tərif edir: “Mömin, insanların malları və canları məsələsində guvəndiyi insandır.” (Tirmizi, İman 13) Başqa bir hədisdə də Peyğəmbərimiz (s.ə.s) güvənməyin imanın gərəyi olduğunu bildirmiş və bu sifəti daşımayanın imanının da olamayacağına diqqət cəkmisdir. (Əhməd b. Hənbəl, Müsnəd, 3/154)

      Elə dinimizin adı olan İslam kəlməsinin də bir mənası güvənməkdir. Müsəlman kəlməsi bu kökdən törəmişdir. Yəni müsəlman “güvənən və güvənilən” insandır. Bir hədisində Hz. Peyğəmbər bu mənanı vurğulayaraq belə buyurur: “Müsəlman, digər insanların onun əlindən və dilindən əmin olduğu insandır.” (Buxari, İman 4, 5; Müslim, İman 64, 65) Eyni kökdən gələn “əs-Səlam” (hüzur verən, güvən və əminlik verən) adı da Uca Rəbbimizin sifətlərindən biridir. Bir-birimizlə qarşılasdığımızda verdiyimiz və aldığımız salamda da qarşılıqlı olaraq güvən duyğusu vurğulanır. Salamlaşan iki insan əslində bir-birinə “mənə güvənə bilərsən, məndən sənə zərər gəlməz” deyir.

      Yuxarıda Rəbbimiz və Peyğəmbərimizin ad və sifətlərində, mömin və müsəlman kəlmələrinin kökündə belə “güvənmək” mənasının olduğu barədə yazılanları oxuduqdan sonra, bu gün müsəlmanların bir-birlərinə bu qədər güvənməmələri düşündürücü deyilmi? “Mömin” və “Səlam”ın qulları olduqlarını, “Əmin”in gətirdiyi dinə mənsubiyyətlərini iddia edən və özlərini “mömin” və “müsəlman” adlandıran insanlar nə zaman bir-birlərinə güvənəcəklər? Yəqin ki, şəkilçiliyi tərk edib ruha sarıldıqları zaman. Çünki güvənməyin təməli olan Allah və insan sevgisi məhz İslamın ruhundadır.

       

      • Hits: 852 clicks

      Tecox component by www.teglo.info