Osman Nuri Topbaş / QURANİ - KƏRİMİN ECAZKAR ÜSLUBU

      Share

      III Quranın möcüzəvi tərəfləri

      Rəsulullah -səllallahu əleyhi və səlləm- in bəşəriyyətə ilahi bir hədiyyə olaraq gətirdiyi Qurani-Kərim saysız möcüzələrlə dolu olduğunu bir çox cəhətdən ortaya qoymaqdadır. Qurani-Kərimin qiyamətə qədər davam edəcək bir çox möcüzəvi yönlərindən ancaq dördünün üstündə dayanmaq istəyirik:

      a) Dil möcüzəsi

      b) Qeybi xəbərlər verməsi

      c) Elmi möcüzəsi

      d) Qanun və qaydaların qoyulmasındakı möcüzəsi

       

       

      A. Dil Möcüzəsi

      1. Möhtəşəm üslubu

      Qurani-Kərim nə şeir, nə də nəsrdir. Əksinə həm şeirin, həm də nəsrin xüsusiyyətlərini özündə cəmləşdirən misilsiz bir üsluba sahibdir. Quranın bu üsluba hakim olan müdhiş bir ahəng və ilahi musiqisi var. İnsan nə zaman Quran oxusa bu ilahi musiqinin təsirini ruhunun dərinliklərində hiss edər.

      Quranın şeirdə və musiqidə olmayan bir gözəlliyi vardır. Onu təkrar-təkrar oxuduqda və ya dinlədikdə bir monotonluq hiss edilməz, daim dəyişən və təzələnən səslərdən insan hisslərinin hər biri eyni dərəcədə nəsibini alar. (Draz, ən-Nəbəul-Azim, s.102)

      Qurani-Kərim mövcud olan ədəbi janrlardan fərqli və ancaq özünə xas bir üsluba sahibdir. Eyni zamanda Quranda bütün ədəbi janr və növlərin ən mükəmməl elementləri ilə rastlaşmaq mümkündür. Qissə, dini öyüd-nəsihət, tarix, qanun-qaydalar, vuruşma, mübahisə, axirət, cənnət və cəhənnəm kimi mövzuları, qorxuducu və müjdələyici ayələri mənalarının gücü, şiddətinə görə ayrı-ayrı bir üslubla fəsahət və bəlağəti ən yüksək səviyyədə ifadə edir. Bu da onun ilahi bir kəlam olmasından irəli gəlir.

       

      a) Kəlmə seçimindəki həssaslıq

      Quran dildəki sözlərdən ən həssas, təsir gücü ən çox və fəsahəti ən qüvvətli olanını seçər. (Buti, Rəvai, s. 140)

      Quranın nəzmində ən kiçik bir əyər-əskiklik və dəyişiklik etmək dərhal ahəngi pozar. Bu haqda İbn Atiyyə belə demişdir:

      “Quran elə bir kitabdır ki, ondan bir kəlmə çıxarılsa və sonra da bütün ərəb dili alt-üst edilsə, onun yerinə daha münasib bir kəlmə tapmaq mümkün deyil.”[1]

      Müasir İslam alimlərindən möhtərəm Məhəmməd Həmidullah Quranın ahəngi ilə bağlı belə bir əhvalat danışır:

      “Müsəlman olmuş bir fransız musiqiçi ilə bir dəfə görüşəndə mənə “Nəsr” surəsinin qiraətində

      ﻮﺭﺃﻴﺖ ﺍﻠﻨﺎﺱ ﻴﺪﺧﻟﻮﻥ ﻔﻲ ﺪﻴﻥ ﺍﻠﻠﻪ ﺃﻔﻮﺍﺟﺎ   ﻔﺴﺑﺢ"

      iki ayə arasında fasilə edərək oxumağın musiqi  baxımından yaxşı səslənmədiyini bildirdi.

      Ona “ﺃﻔﻮﺍﺟﺎ” kəlməsi üzərində fasilə edilməyəcəyi, əksinə oxumağı davam edib “ﻔﺴﺑﺢ” kəlməsinə keçməyin lazım olduğunu izah etdim. Bu musiqişünas mömin qardaşımız tamamilə heyrət və şaşqınlıq içində qaldı və: “Paho! Həqiqətən belədir ki? Sənin oxuduğun kimidirsə bax indi düz oldu. İndi imanımı təzələyim. Allah məni bağışlasın!..” – dedi.[2]

      Fransalı musiqişünas bu izah sayəsində artıq musiqi baxmından da Qurani-Kərimə heç bir etirazın olmayacağını dərk etmişdir. Həqiqətən Quran ahəngi, sözlərin düzülüşü bəşər fövqündə olan bir ölçüyə sahibdir. O, əslində bir ahəng ehtişamı nümayiş etdirməkdədir. Belə mükəmməl bir kitabın yerinə adi, bəşəri bir şeyin təqdim edilməsini kim düşünə bilər?!

       

      b. Ürəklərə təsir etməsi

      Qurani-Kərim insanların ürəyinə fövqəladə şəkildə təsir etmiş, onu Rəsulullah -səllallahu əleyhi və səlləm- in mübarək ağzından eşidən ərəblər dəstə-dəstə, axın-axın imana gəlmişdilər.

      Bütün müşriklər bənzərini ortaya qoya bilmədikləri üçün Quranın fəsahət və bəlağətini daxilən qəbul etmişdilər. Onlar Quranı ancaq nəfslərinə bir yetimə tabe olmaq ağır gəldiyi üçün rədd etmişdilər. Xalqı Quranı dinləməkdən uzaqlaşdıran qatı müşriklərdən olan Əbu Süfyan, Əbu Cəhl və Ahnəs bin Şərik bir-birilərindən xəbərsiz, gecələr Kəbədə Quran oxuyan Rəsulullah -səllallahu əleyhi və səlləm- i dinləməyə gəlmiş və təsadüfən bir-birləri ilə qarşılaşanda da özlərini qınamışdılar. Bu hadisə üç gecə belə davam etmiş, nəhayət bir-birlərinə:

      “Aman, heç kim bilməsin! Xalq bizim bu vəziyyətimizdən xəbərdar olsa and olsun ki, son dərəcə rəzil olarıq. Bundan sonra da heç kimə bu haqda söz deyə bilmərik” -deyərək bir daha özlərini qınayıb və belə bir hərəkəti etməyəcəklərinə and içmişldiər. (İbn-Hişam, I, 337-338)

      Quran üslubunun son dərəcə təsirli olması səbəbi ilə müşriklər insanların Quran səsini eşitməməsi üçün gurultu salır, ya da onu oxumalarını yasaqlayırdılar. (İbni-Hişam, 395-396)

      Çünki Quranın nəğməsi qulağa çatanda qəlb bütün saflığı ilə ona yönəlir, ondan böyük bir həzz və ləzzət duyur. Daha sonra əzəmət və xəşyətə (mənəvi heybət qarşısındakı hörmət duyğusu) qərq olur. Bəzi ayələr qulaqlara çatdığı anda insana sevinc və həzz verir, qəlbi yumşaldır, könlü fərəhləndirir və imanı artırır, bəzi ayələr də qorxu və dəhşətlə ürpərdir, qəlbləri titrədir. Bunu müsəlmanlarla bərabər inkarçı və imansız bir çox insan da etiraf etməyə məcbur qalmışdır. (Əbdülqadir Ata, Azamətul-Quran, s. 87)

      Bir çox insan Quranın bu təsiri nəticəsində müsəlman olmuşdur:

      Cübeyr bin Mutim, Tur surəsini Rəsuli-Əkrəmin dilindən eşidərkən keçirdiyi həyəcanı “Sanki ürəyimin partlayacağını sandım”[3] “Ürəyim həyəcandan qanadlanıb uçacaqdı,[4] şəklində ifadə etmişdir.

      Həbəş kralı (Nəcaşi) Əshəmənin Quranı dinlədikdə bərk təsirlənməsi,[5] son dərəcə sərt təbiətli bir insan olan Həzrət Ömərin dinlədiyi ayələrin təsiri ilə ürəyi yumşalıb müsəlman olması,[6] şair Tüfeyl bin Amr əd-Dövsinin Həzrət Peyğəmbərdən İslam haqda soruşub, Quranı dinlədikdən sonra “Vallahi, mən heç bir zaman Qurandan gözəl bir söz, İslamdan daha gözəl bir din eşitmədim!” deyərək iman etməsi və İslamı təbliğ etmək məqsədi ilə qəbiləsinə qayıtması,[7] uşaqlarına və kölələrinə təsir edəcəyindən qorxuya düşən məkkəlilərin Həzrət Əbu Bəkrin Quran oxumasına yasaq qoymaları,[8] Quran dinləyən bir qrup cinin:

      “Biz çox qəribə Quran eşitdik. O haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq”[9] demələri[10] və buna bənzər bir çox hadisə bu fikri təsdiq edir.

      Qurani-Kərimin təsiri mövzusunda Con Davenport[11] belə deyir:

      “Ədəbi nöqteyi-nəzərdən Quran Şərqin şairanə əsəridir. Qurani-Kərimin ərəb dili üçün əsas olduğuna şəkk-şübhə yoxdur. Hötenin[12] dediyi kimi Quran oxucularının qəlblərini sahib olduğu füsunkarlığı və gözəlliyi ilə fəth edir.”[13]

      Qurandakı bu ahəng, musiqi və təsir ondakı səs nizamından, yəni kəlmələrin, hərflərin sükun və hərəkələrin, uzun və qısa hecaların ən uyğun şəkildə düzülüş üslubundan qaynaqlanmaqdadır. Qurani-Kərim bitib-tükənməz bir ahənglə doludur. Bir səsdən digərinə keçəndə yaranan ahəngi ilə qəlbləri coşdurur. Mənasını başa düşməyənlər belə bu tayı-bərabəri olmayan səda qarşısında feyziyab olurlar.

      c. Ləfz (söz) – məna ahəngi

      Quran üslubunda məna və söz tarazlığı vardır. O, anlatmaq istədiyi hər mənanı ən gözəl və güclü bir şəkildə ifadə edə biləcək sözü dəyişdirilməsi mümkün olmayan bir qüdrətlə işlədir. Beləliklə, söz və məna arasındakı ahəngi, “kəlam” sifətinin mütləq sahibinə xas bir tərzdə yaradır. Bu məsələdə ən güclü ədəbiyyatçılar belə ağlasığmaz bir acizlik içindədirlər.

      Çünki məna və ləfz bir-birindən uzaq iki nöqtə kimidir və eyni anda hər ikisinin haqqını vermək demək olar ki, imkansızdır. Məqsədini ətraflı bir şəkildə anlatmaq istəyən bir adam az sözdən istifadə edərsə bir çox mənanı korlaya bilər. Bunun əksinə mənanı bütün incəlikləri ilə vermək istəyən hər hansı bir ədib də sözün gözəllik və lətafətini pozaraq sözü uzatmağa məcbur olar. Ədiblər ancaq elmlərinin çoxluğuna və o andakı ilhamlarının səviyyəsinə görə nisbi bir mükəmməlliyə çata bilərlər. Bunun ən sadə dəlili bir ədibin bir müddət sonra  daha əvvəl yazdıqlarına nəzər salarkən bəzi ixtisar və əlavələr etməsi, əsərini dolğunlaşdırmasıdır. Belə ki, ən gözəl əsərini belə yetmiş dəfə gözdən keçirsə hər dəfə düzəlişlər edər, dəyişdirmə və əlavələrə ehtiyac hiss edər. Quran isə üstündən əsrlər keçsə də söz və mənalarında heç bir dəyişikliyə ehtiyac hiss edilməz.[14]

      Quranın dil və üslubunda olan üstün cəhət odur ki, hansı sahəyə aid söz söyləsə daima ən gözəl və uyğun söz tərkibini seçir, ən kiçik bir hərfi belə yerli-yerində işlədərək məqsədi heç bir artıq-əskiklik olmadan anladır. Yığcam və əsaslı anlatmağa üstünlük verildiyi yerlərdə məna yüklənmədiyi kimi, ətraflı məlumat verilən yerlərdə də söz israfı edilməz.

       

      d) Müxtəlif səviyyəli insanlara xitab etməsi

      Qurani-Kərim eyni vaxtda, müxtəlif zamanlarda və məkanlarda yaşayan, elmi səviyyələri müxtəlif olan bütün insanlara öz səviyyələrinə görə xitab edir. Müxtəlif səviyyəli bir çox adamın olduğu bir məclisdə Quran ayələri oxunduqda orada iştirak edənlərin hər biri öz dərəcəsinə görə onun mənasından bir şey anlayar. Hər hansı bir əsərdə bu xüsusiyyəti təmin etmək bəndənin gücü çatmayacağı bir işdir.

      Hətta Quranın mənalarından gələcək nəsillərə də yeni anlayışlar qala bilər. Müxtəlif anlayışlara imkan verən bir ayəni əvvəlki nəsillər öz səviyyələrinə görə, daha sonrakı nəsillər də əldə etdikləri elmi səviyyələrə görə izah edə bilərlər. Çünki Qurani-Kərim hər dövrdə insanların sahib ola biləcəyindən daha çox elmi məlumatları özündə cəm etmişdir. Çünki o, göylərdə və yerdəki sirləri bilən Allah təala tərəfindən endirilmişdir.[15] Quran ayələri Allahın elminin üzümüzə açılan pəncərəsidir. Qəlbi baxışımız və idrakımız nə qədərdirsə, ayələrdən alacağımız elm də bir o qədərdir.

      Bu haqda böyük ərəb ədibi Mustafa Sadiq ər-Rafi belə deyir:

      “Qurani-Kərimin möcüzələrindən biri də hər zaman bilinməyən, görünməyən bəzi həqiqətləri daima bilinən kəlmələr içərisində saxlaması və bunları vaxtı gəldikcə aşkar edib meydana çıxarmasıdır.(M.Sadiq ər-Rafii,Vəhyu-Qələm, II, 66)

      Ədəbiyyat ustadlarından Abbas Mahmud Akkad isə belə demişdir:

      “Quranın xitabı, müraciəti təkcə ümmi (oxuyub-yazma bilməyən) ərəblərə və ya iyirminci əsrin insanına deyil. O, bütün əsrlər və bütün məkanlar üçün mütləq bir ümumilik ifadə edir. Çünki insanın bütün əsrlərdə eyni təfəkkürə sahib olacağını düşünmək doğru deyil. (A. Mahmud Akkad, Mövlana, IV, 203)

      Digər tərəfdən Quran üslubu həm ağla, həm də qəlbə mütənasib şəkildə xitab etdiyi üçün hər oxuyana rahatlıq və sevinc verir.

       

      e) Təkrarlardakı hikmət

      Quran üslubunda bir sıra təkrarlar var ki, bunlarla diqqət edilməsi istənilən həqiqətlər zehnlərə və qəlblərə yaxşı olunur. Quranda təkrarlar; təkid, təlim, təhdid, günah işləməkdən və Allaha qarşı gəlməkdən çəkindirmək, insanın düşünüb ibrət almasını təmin etmək,[16] mövzunu təsvir edərək zehinlərə asan yerləşdirmək kimi məqsədlərlə bəlağət qaydaları daxilində lazım olan yerdə və lazımi qədər yer almışdır. Yəni bu təkrarlar bir sıra bəlağət üslubunu əhatə edir.

      Qurani-Kərimdə təkrarlar eyni ilə edilməz. Eyni məna müxtəlif forma və ifadələrlə, bəzən təfsilatlı, bəzən də yığcam, lakonik şəkildə təqdim edilərək kəlamın müxtəlif şəkillərində ifadə edilir. Dini həqiqətlər üslubun müxtəlif şəkil və formaları ilə nəfslərə yerləşdirilir. Ayədə belə buyurulur:

      “(Ya Rəsulum!) Biz onu (sənə göndərilən ilahi Kitabı) ərəbcə Qur’an olaraq nazil etdik. Biz orada (kafirlərə əzab veriləcəyinə dair) təhdidləri (cürbəcür misallarla) təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud (onu öyüd-nəsihətlərindən) ibrət alsınlar! (Quran onlara öyüd-nəsihət versin!)” (Taha, 113)

      Yəni Qurani-Kərim uzun zaman keçməsi səbəbi ilə birinci qadağanın unudulmasının qarşısını almaq və mənanın yaxşı dərk olması, yaddaşlarda qalması üçün ya sözün özünü, ya da eyni mənanı ifadə edən başqa bir şəklini təkrar edir. Bu, Qurana məxsus olan bir tərbiyə metodudur.

      Qurani-Kərimdə təkrar olunan mövzuların hər birini oxuduqca yeni bir xəbər oxuduğumuzu zənn edir və həyəcanlanırıq. İnsanın yığcam və geniş olaraq verilən hər iki üsluba ehtiyacı var. Çünki kimisi qısa, konkret izahla qane olur, kimisi də ətraflı izaha ehtiyac hiss edir. Qurani-Kərim bütün insanlara xitab etdiyi üçün müxtəlif üsul və üslublarla mühüm mənaları təkrar etmiş və bütün insanlığı əhatə etmişdir. (Buti, Rəvaii, s. 118-120)

      Taşköprülüzadə[17] bu barədə belə deyir:

      “Quranda söz baxımından təkrar görünsə də əslində məna olaraq təkrar yoxdur. Çünki iki sinonim sözün bir yerdə işlənməsi ilə elə bir məna yaranır ki, ayrıldıqları zaman həmin mənanı əldə etmək olmaz.”[18]

      Günümüzdə edilən elmi kəşflər də Quranın təqib etiyi üsulun çox faydalı bir metod olduğunu sübut etmişdir. Elmi təcrübələr xoş bir tərzdə edilən təkrarların insanda tanış, xoş duyğular oyandırdığını, eyni üslubla və həddindən çox edilən təkrarların isə əks təsirə səbəb olaraq insanı bezdirdiyini göstərmişdir.

      İnsanlar bəzi qissələri Qurani-Kərimin nə üçün fərqli üslublarda təkrar etdiyini və bunun əhəmiyyətini əsrlər boyunca tam şəkildə dərk edə bilmədilər. Hətta bəzi inkarçılar bunu əskiklik kimi qələmə verməyə çalışdılar. Ancaq 20-ci əsrdə elmin üstündə dayandığı nöqtə Quranın 1400 il əvvəl gerçəkləşdirdiyi üsul oldu. Bəndələrin qabiliyyət və xasiyyətlərini Allahdan başqa daha yaxşı kim bilər ki?!

      “Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!” (əl-Mülk, 14)

       

      f) Az sözlə çox mənalar ifadə etməsi

      Qurani-Kərim az sözlə ən geniş və ən zəngin mənaları ifadə edir.

      Təfsirlərimizdə yazıldığına görə ərəblərin ilk filosofu olan məşhur Kindiyə tələbələri bir dəfə dedilər:

      “- Ey filosof, bizə bu Quranın tayını, bərabərini yaz ver.”

      O da belə cavab verdi:

      “- Çox gözəl. Amma hamısını yox, bir hissəsinə oxşarını yazaram.” Kindi bir kənara çəkilir və günlərlə çalışandan sonra tələbələrinin yanına gəlib belə deyir:

      “- Vallahi buna nə mənim, nə də başqasının gücü çatar. Quranı açdım, Maidə surəsi qabağıma çıxdı. Oxudum ki, əhdə vəfanı əmr etmiş, sözün üstündə dayanmamğı yasaqlamış, bir ümumi təhlil vermiş, sonra bir istisna etmiş. Sonra da qüdrət və hikmətindən xəbər vermiş. Özü də bütün bunları cəmi iki sətrə sığdırmışdır ki, bunu heç kəs cildlərlə kitab yazmadan ifadə edə bilməz. (Əbu Hayyən, əl-Bəhrul-Mühit, III, 411; Elmalılı M. Hamdi, III, 1546, (əl-Maidə, 1)

       

      g) Ayə və surələr arasındakı tənasüb

      Qurani-Kərimin ayə və surələri arasında möhtəşəm bir tənasüb mövcuddur. Quran müxtəlif məkan və zamanlarda hissə-hissə nazil olmasına və bir çox müxtəlif mövzulardan bəhs etməsinə baxmayaraq mətndaxili tamlıq və bağlılığı son dərəcə gözəl bir şəkildə qorumuşdur. Bütün bölümlər arasında bir üslub oxşarlığı və məntiqi bütövlük müşahidə olunur. Qurani-Kərimə daxil olan hissələr bir-birinə bağlılığına görə tək bir surə kimidir, hətta bir ayə kimi mütənasibdir.[19] Bir az da irəli getsək görərik ki, Quran bütünlüklə tək bir kəlmə kimi mütənasibdir.[20]

      Quranda cümlə üzvləri elə yerli-yerindədir ki, bu üzvlərin bir-birləri ilə uzlaşması sayəsində möhkəm bir vəhdət ortaya çıxar. (Draz, ən-Nəbəül-Azim, s. 142)

      Bu barədə Elmalılı Muhammed Hamdi də belə deyir:

      “Quranın surələri və ayələri adi bir təsadüfün və ya sadəcə şairanə bir duyğunun gücü ilə ortaya çıxmış qarşıq bir divan deyil, başdan-başa “Bismillahhir-rəhmanir-rəhim” kimi geniş anlamlı tək bir cümlə və bəlkə də yerinə düşən, səlis bir kəlmə ölçüsündə möhkəm bir tamlıq və çox hikmətli bir bəyan və üslubla nazil olmuş ilahi bir sözdür.” (M. H. Yazır, I, 47, (Bismillah təfsirində)

       

      2. Fəsahət və bəlağəti

      Quran möcüzəsinin ən mühüm tərəfini onun fəsahət və bəlağəti təşkil edir. Bəlağət: əhatə dairəsinə, məqsədə, mövzuya və dinləyiciyə görə, yəni vəziyyətə görə ən uyğun sözü söyləməkdir. Qurani-Kərim bunu müraciət etdiyi bütün mövzularda ən gözəl bir tərzdə gerçələşdirmişdir.

      Qurani-Kərim fəsahət baxımından da şah əsərdir. Seçdiyi kəlmələrdə, qurduğu cümlələrdə və bunların ifadə etdiyi mənalarda ən kiçik bir əskiklik tapmaq mümkün deyil.

      Çöl insanları arasında dil inkişaf etmiş, əslində Rəsulullahın möcüzəsinə hazırlıq görülmüşdür. İslamdan əvvəlki dövrdə ədəbiyyat müsabiqələri keçirilir, bu müsabiqələrdə yüzdən artıq şair iştirak edirdi. İlk yeddiliyə daxil olanlar birinci dərəcəli şair elan edilir, şeirləri Kəbənin divarlarından asılırdı. Fəqət Quran ayələri enməyə başlayan kimi ədəbiyyat yarışları keçirilmədi. Məşhur şair İmriül-Qaysın bacısı şeiri çox gözəl anlayırdı. O:

      “(Allahdan bir əmr olaraq: ) “Ey yer! Suyunu ud! Ey göy! (Yağışını) saxla (açıl)!” - deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv (Allahın mərhəmətindən uzaq) olsun!” - deyildi.”[21] ayəsini eşidincə: “Artıq heç kimin deyəcək sözü qalmadı. Qardaşımın şeiri ilə də bundan sonra iftixar etmək olmaz” -deyərək gedib İmriül-Qaysın ən üstdə asılan qəsidəsini Kəbənin divarından endirdi. Bundan sonra səviyyə baxımından ondan zəif olan digər şeirlər də bir-bir götürüldü.[22]

      Məliküşşüəra (şairlərin başçısı) olan məşhur Vəlid bin Muğirə:

      “Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” (ən-Nəhl, 90) ayəsini eşidəndə Qurandakı ilahi sirri dərk edib həqiqəti etiraf etməyə məcbur olmuş və belə demişdi:

      “Vallahi, bir az əvvəl Məhəmməddən elə bir kəlam eşitdim ki, insan sözü desəm düz olmaz, cin sözü desəm düz olmaz. Elə bir ahəngi, elə bir gözəlliyi var ki, soruşmayın. Elə bir kəlamdır ki, üstü meyvəli, altı verimli, bərəkətlidir, şübhəsiz o hamıya, hər şeyə üstün gələr, ona üstün gəlmək olmaz. (Hakim, II, 505-507/3872; Suyuti, əl-İtqan, IV, 5)

      Yenə də Vəlid bin Muğirə:

      “Qüreyşin böyüyü, ağası mən və Saqifin ağası Əbu Məsud dura-dura Məhəmmədəmi vəhy endiriləcək? Halbuki bu iki şəhərin böyüyü bizik” – demiş və buna cavab olaraq Allah təala aşağıdakı ayəni nazil etmişdir:

      “Onlar dedilər: “Məgər bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Ürvə bin Məsuda) nazil edilməli deyildimi?” (əz-Zuxruf, 31)

      Vəlid Quranın haqq olduğunu daxilən qəbul etdi, lakin nəfsaniyyəti və iblis kimi təkəbbürü qalib gəldiyi üçün Allahın iradəsinə səhv deyə biləcək qədər pis bir vəziyyətə düşdü. Allah təala bunun kimilərinə belə gözəl cavab verir:

      “(Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (peyğəmbərliyini) onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (dünya malından) daha yaxşıdır!” (əz-Zuxruf, 32)

      Bəlağətın ən yüksək dərəcəsi Quranda mövcuddur. Bu baxımdan Quranın həm ərəblərin, həm də ərəb olmayanların oxşarını meydana gətirə bilməyəcəkləri möcüzəvi bir xüsusiyyəti vardır. (Rummani, ən-Nüket, s. 69-70)

      Bir insana nə qədər güc, ixtiyar verilirsə-verilsin bəlağətin zirvəsinə çıxmağa onun qüvvəsi çatmaz. Bir insanın bəlağəti layiqincə gerçəkləşdirə bilməsi üçün ərəb dilinin bütün sözlərini sinonimləri ilə yəni eyni mənanı verən başqa sözlərlə birlikdə gözdən keçirməsi və onların içindən düşünülən mənaya və xəyal edilən surətə ən münasib olanını seçməsi lazımdır. Çünki söz o zaman bəlağətli sayılır ki, zehndəki məna ona uyğun olan söz və xülya ilə ahəng və tənasübdə olsun. İnsan isə bu çətin işi tam olaraq yerinə yetirə bilməz. Ancaq qabiliyyətinə görə bunun bir hissəsinə müvəffəq ola bilər. Bunun iki səbəbi vardır.

      1) Mənalar, fikirlər və təsəvvürlər insan nəfsinin və ruhunun dərinliklərindən zühur edir. Söz və ifadələr isə insana xaricdən gəlir. Bu səbəblə də sözlər məhduddur. Ümumi fikir budur ki, bir dil nə qədər geniş olursa olsun, məna və duyğuların çox az hissəsini ifadə edə bilir. Məsələn: “ələm”“gözəl” kəlmələrini bir çox şüur, hiss və məna növünə uyğun olaraq işlədirik. Bu növləri ayıraraq hər biri üçün ən uyğun sözü işlətmirik. Bunun kimi kəlmələrin əksəriyyəti bir-birindən fərqli bir çox mənalar üçün işlənməkdə, aralarındakı müştərək nöqtə də səthi əlaqələrdən o tərəfə keçməməkdədir. Bir insan bu mənaları tam ifadə edə bilmək üçün əlindən gələni etsə də buna gücünün çatmayacağını anlayar.

      2) Hər şeyə baxmayaraq Quran dili olan Ərəb dili dillər içində ən üstün bir yerdədir. Ərəb dili böyük kəlmələr və söz dəryasıdır. Bu kəlmələrin böyük əksəriyyəti də sinonimlər, yəni yaxın və eyni mənaya malik olan müxtəlif sözlərdir. Bir ədib nə qədər bəlağət sahibi olursa-olsun, zehnində nə qədər çox kəlmə saxlasa da sözlərin hamısını bütün sinonimləri ilə və bütün açıqlığı ilə bilməz. Bu səbəbdən də həmişə daxilindən keçən məna və hisslərə ən yaxın olan kəlməni seçib işlətməsi mümkün deyil. Danışmaq və ya yazmaq istəyəndə sürətli bir şəkildə düşünər və ağlına gələn ilk kəlmədən istifadə edər.

      İşlətmək istədiyi kəlmə üzərində bir az da düşünsə mənaya daha uyğun olan başqa bir söz tapa bilər. Ancaq bu işi davamlı olaraq edə bilməz. Bəzi yerdə buna müvəffəq olsa da, bir çox yerdə bunu bacarmaz.

      Məqsədini daha aydın bir şəkildə ifadə edəcək sinonim söz və ifadələr hər zaman mövcuddur. (Bax: Buti, Ravai, s. 136-137; Taşköprülüzadə, Mövzuatu Ulum, II, 849)

      Bəzən düşünülən mənanı ifadə edə bilmək üçün ən uyğun kəlmələri seçmək də kifayət etməyə bilər. Kəlmələrin düzülüşü, cümlənin təşəkkülü, mətndaxili əlaqə və tərzi də məna və hisslərin ifadə vasitəsidir. Qurani-Kərim sinonimlər arasında sübut üçün ən uyğun, təsvir baxımından ən mükəmməl olan kəlməni seçmişdir. Dilin imkanları tükənib dilin imkan xaricində olan bəzi məna və təsəvvürlər qalanda Qurani kəlmələr onları nəzm, səs, vəzn və ölçü ilə ifadə etməkdədir. Bunlar da oxucunun kəlmələri bir-birinə bağlamaq surəti ilə tilavət etdiyi (oxuduğu) və ya dinlədiyi anda hiss etdiyi və Quranın tamlığı içində mövcud olan mənalardır. (Buti, Ravai, s. 140)

      Quranın ən gözəl kəlmələri seçərkən onların ən münasib yerlərdə möhtəşəm bir fəsahət və bəlağətlə işlətdiyini göstərən bu misal nə qədər ibrətlidir:

      “Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda); O gün insan qaçacaq öz qardaşından; Anasından, atasından; Zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).” (əl-Əbəsə, 33-37)

      Məaric surəsində isə belə deyilir:

      “Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını; Övrətini və qardaşını; (Çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrabasını); Və yer üzündə olanların hamısını - təki özünü (Allahın əzabından) qurtarsın! Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir.” (əl-Məaric, 11-15)

      Əbəsə surəsindəki ayələrdə əvvəlcə qardaş zikr edilmiş, ondan sonra ana, ata, zövcə və uşaqlar sadalanmışdır. Məaric surəsində isə bunun əksinə övladlardan başlamış, övrət, qardaş, qəbilə və yer üzündəki digər insanlar sadalanmışdır. Bu sıralama təsadüfi olmayıb bir çox hikmətlə bağlıdır. Bunların bir hissəsindən bu şəkildə bəhs edə bilərik:

      Əbəsə surəsinin ayələrində mövzu “qaçmaq” üzərində qurulmuşdur. İnsan əvvəlcə uzaq olandan, ən axırda isə özünə yaxın olandan qaçar. Bu ayələrdə zikr edilənlər, adı çəkilənlər içərisində insana ən uzaq olan qardaş, ən yaxın olan isə zövcə və uşaqlardır. Uşaqlar övrətdən də yaxındır. Çüniki bir insan zövcəsindən ayrıla bilər, lakin uşaqlarından heç bir zaman ayrıla bilməz. Onları qoruyub müdafiə etmək istər, üstlərində titrər.

      Ayədə ana-atadan əvvəl zikr edilib, çünki ata yardım etmək, zərərlərdən qorumaq məsələsində anaya nisbətən daha güclü və qüvvətlidir. İnsan isə o anda qorxu və qaçma halındadır və qüvvətli olanların yardımına möhtacdır. Zövcədən qaçmaq da atadan sonraya saxlanılmışdır. Çünki insanların qəlbi ona daha çox bağlıdır. Hər kəsin xanımı onun sirdaşı və həyat yoldaşıdır. Əbəsə surəsinin siyaqı tanışlardan və yaxınlardan qaçmaq və özbaşına qalmaq istəyini bildirir. Çünki o gün hər kəs özünü qurtarmaq dərdindədir. Və ən yaxınlarına belə baxmaq imkanı yoxdur. Hətta onların haqq istəmələrindən qorxur.

      Digər incəlik isə bu qaçış səhnəsinin qaçmağa dair mövzulara daha çox toxunan Əbəsə surəsində yer almasıdır.

      Məaric surəsindəki mənzərə isə güc çatmayacaq bir əzab səhnəsidir. Günahkar alovlanmış cəhənnəm dərəsinə atılmaq üçün gətirilmişdir. Bu günahkar bütün yolları yoxlayır və hər şeyini fəda edərək qurtulmaq istəyir. Bu da onu ən yaxını, əzizi olan uşaqlarından başlamağa və yeganə övladını cəhənnəmin azğın alovları içinə atmağa sövq etməkdədir. Vəziyyətin vahiməsi və qorxusunun tələbindən burada qəlbə ən yaxın olandan başlamışdır.

      Buna da diqqət etmək lazımdır ki, burada haqqında danışılan kimsə normal bir adam yox, günahkardır.

      Günahkar özünü xilas etmək üçün hər şey etməyə hazırdır. Hətta öz xeyrinə daha tez çatmaq üçün ən yaxın adamını belə oda ata bilər. O özünün etdiyi günahlara görə bütün insanları qurban verər və onların cəhənnəmdə yanmasına heç tükü də tərpənməz.

      Bu səhnələrdən əvvəl on və on birinci ayələrdə məsələ ilə bağlı “və dost dostu arayıb axtarmayacaqdır” buyurularkən sonra da insanın çox hövsələsiz, səbirsiz, başına bir bəla gələndə isə sızlayıb duran bir təbiətə sahib olduğu söylənilir. Beləliklə, tərz və üslub harmoniyası gerçəkləşmiş olur.

      İnsanın özünə ən yaxın olan şəxsləri belə fəda etməsi də göstərir ki, o əzab təsəvvürlərə sığmaz və qorxusu xəyala gəlməz. Bu səhnənin əzabdan bəhs edən bir surəyə qoyulması işlənən mövzular arasında əzəmətli bir ahəng olduğunu göstərməkdədir. Bu durum, Qurani-Kərimin ilahi üslubdakı əzəməti sübut edən cəhətlərdən yalnız biridir.[23]

      Bu və buna oxşar misallarda aydın göründüyü kimi Qurandakı fəsahət sirri heç bir zaman pozulmamışdır. Onda möcüzəvi nəzminin xaricinə çıxan heç bir kəlmə yoxdur. Sırf cansız cismlərdən bəhs edən ayələri oxuduqda, onlardakı nəzmin də müdhiş bir ecaz içində olduğunu görərik. Hərflərin düzülüşünə və cümlədəki söylənmə xüsusiyyətinə görə və ya başqa bir səbəbdən edilən təqdim- təxirlər insanı heyrətə salır. (Bax: Rafii, İcazul-Quran, s. 192-193)

       

       

       


      [1] İbn Atiyyə, əl-Məharrərül-Vəciz, fi-Təsfiri Kitabül-Əziz, Beyrut, 1413, I, s. 52

      [2] Hadisənin təfsilatı üçün baxın. Məhəmməd Həmidullah, Qurani-Kərim tarixi, İstanbul, 1993,  s. 34-35

      [3] Əhməd, IV, 83, 85

      [4] Buxari, Təfsir, 52

      [5] Təbəri, VII, 4, (əl-Maidə, 83)

      [6] Əhməd, II, 17; İbn Hişam, I, 369-371; Heysəmi, 17, 62

      [7] İbn Hişam, I, 407-408; İbn Səd, IV, 237-238

      [8] İbn Hişam, I, 395-396

      [9] əl-Cinn, 1, 2

      [10] Xəttabi, Bəyan, s. 64-65

      [11] Lord Con Davenport - 19-cu əsrin sonunda yaşamış ingilis şərqşünası

      [12] İohan Volfqanq Höte - 1749-1832-ci oldə yaşamış məşhur alman şairi

      [13] Daveuport An Apologi for Mohammad and Koran, London 1863, s. 66

      [14] Draz, Ən-Nəbəul Azim, s. 92

      [15] əl-Furqan, 6

      [16] Bax. Taha, 113; əl-Qəsəs, 51

      [17] Taşköprülüzadə Ahmed Əfəndi, 1495-1561-ci illər arasında yaşamış böyük Osmanlı alimlərindəndir. Atası, Yavuz Sultan Səlimin müəllimlərindəndir. Özü Qanuni dövrünün alimlərindən olub əsasən Bursa, Ədirnə və İstanbul olmaqla müxtəlif şəhərlərdə müəllimlik etmiş, Bursa və İstanbul qaziliklərində çalışmış və bir çox əsər yazmışdır.

      [18] Taşköprülüzadə, Mevzuatul-Ulum, sadələş. Mümin Çelik, İstanbul, 1975, I, 412; Şakir Kocabaş, Quranda Yaradılış, s. 47

      [19] Bax: Qurtubi, XIX, 271, (əl-İnşiqaq, 5); Suyuti, İtqan, III, 369; Samerrai, ət-Tabirul-Quran, s. 19

      [20] Razi, II, 147, (əl-Bəqərə, 30); Suyuti, İtqan, III, 369; M.Hamdi Yazır, I, 47, (Bismillah təfsirində)

      [21] Hud, 44

      [22] Ahmed Cevdet Paşa, Qasası-Ənbiya və Təvarixi-Xüləfa, İstanbul, 1976, I, 83

      [23] Fadil Saleh Samerrai, Ləməsatul-Bəyaniyyə, Amman 2003, s. 193-197

       

      • Hits: 746 clicks

      Tecox component by www.teglo.info