157-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Adəm Şahin ./ XALI OLMAQ – TÜL OLMAQ

      Share

      Adət-ənənəmizə görə xalının pulunu qazanmaq kişinin, xalını bəyənməksə qadının işidir. Əli çörəyə çatan kişinin vəzifələrindən biri də xanımına bəyəndiyi xalını almasıdır. Xalını təmizləmək və dəyişdirilməsinə qərar vermək isə xalının bəyənən tərəfə aiddir. Qadın xalını alacaq pulu qazansa da ağır xalıları və mebel əşyalarını daşımaq borcu yenə kişinin üzərinə düşür.

      Üstünə stəkan düşsə qırılmayacaq qədər qalın və yumşaqlıqda, bir neçə metr uzunluqda olan xalını qaldırıb yerinə sərməyə çalışarkən xeyli əziyyət çəkdim. Xalının gözümə sataşan hissəsində xüsusi istehsal edildiyi və bir kv.metrinə təxminən bir milyon ilmə atıldığı yazılmışdı. Xalının keyfiyyətini müəyyən edən ünsürlərdən biri də ilmələrinin sayıdır.

      Uşaqlıq illərimizdə zərrəbin (lupa) ilə qəzet və jurnalların qara yerlərini yandırardıq. Lupanı oynatmadan bir nöqtədə sabit tutmaq və gözləmək kifayətdir. Bir az sonra kağız tüstüləməyə və deşilməyə başlayacaqdır. Lupanı sabit saxlamasanız nə tüstüləyəcək, nə də ki, yanacaq. Həyatda nailiyyət çəkici dəfələrlə və bezmədən eyni nöqtəyə vurmaqla əldə edilir. İbadətlərlə ölənə qədər məsul olmağın və namazda xüşuya sahib olmağın məqsədi lupanı sabit tutmaqla eynidir.

      İsrar: Ərəb sözüdür. Ərəblər “cır-cır” səsi ilə davamlı cırıldayan qapı və ya hansısa əşyanın çıxardığı bu səsi ifadə etmək üçün “israr” sözünü işlədirlər. Təkyəni israrla gözləyən şorbanı içər. Qapıda gözləyənə əlbət bir gün açılar. Həyatda bir yerə gələ bilmək üçün israr etmək lazımdır. Qurani-Kərimlə bağlı misal verməli olsaq;

      Quranı yazmaq üçün zərrəbini bir yerə tutaraq çalışmağa davam edən zamanla xəttat olar.

      Quranı gözəl oxumaq üçün çalışan zamanla qari olar.

      Quranı başa düşməyə çalışan müfəssir (təfsir alimi) olar.

      Quranı bəzəməklə məşğul olan insan zamanla müzəhhib (təzhibçi) olar.

      İsrar etmək, gözləmək və eyni nöqtəyə mərkəzləşmək nailiyyətin açarlarındandır. “Ya İstanbul məni alacaq, ya da mən İstanbulu” sözü ilə “Sağ əlimə günəşi, sol əlimə ayı versələr, yenə də bu yoldan dönmərəm” demək zaman etibarilə fərqli dövrlərdə söylənsə də məna baxımından eynidir.

      Anadolu türkcəsində inşaat üçün iki sözdən istifadə olunur: qaba və incə inşaat. Binalar haqqında dəyərləndirmə apararkən demək olar ki, hər kəs incə inşaatına baxaraq hökm verir. İncə inşaat uzun zaman əmək və zəhmət tələb edir. Gözəllik incə inşaatla özünü göstərir. Qaba inşaat ümumi, incə inşaatsa xüsusidir.

      Qurani-Kərimdə möminlərin bina kimi sağlam və bir-birinə şəbəkələnmiş olmalarından söz açılır. Qurani-Kərim Allahın ipidir (hablullah) və qopmayacaq sağlam bir qulpdur (urvətul-vusqa). “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (əs-Saff, 4)

      Hörümçək yuvasında isə dərinlik yoxdur. Bir üfürüşdə uçacaq haldadır. Hörümçək torunu evlə müqayisə etdikdə yox hökmündə sayılır.

      Allahdan başqaları ilə dost olanların halı hörümçəyə bənzəyir. “Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!” (əl-Ənkəbut, 41)

      Hörümçək toru ilə tül arasında bənzərlik çoxdur. Tül ən xəfif küləyin əsməsi ilə tərpənər. tül xalıda olduğu kimi dərinləməsinə ilmələrlə deyil, balıqçı toru kimi bir-birinə bağlı iplərdən ibarətdir.  Tül səthiliyi, xalı isə dərinliyi, əməyi və göz nürunu ifadə edir. Antik xalılar var, amma səthiliyin simvolu olan tüllər antik olacaq qədər uzunömürlü olmamışdır. Xalı və tül kəlmələri ağırlıq və yüngüllük mənasına da işarə edir. İlməsi həddən artıq azalan xalı tül kimi xəfif və dözümsüz hala düşür. Üstündən gedən pişiyin dırnaqları ilişərək xalıya zərər verməyə başlayar.

      Dərinə endikcə hər zaman inci, mərcan, qızıl və ya başqa qiymətli şeylərlə qarşılaşılır. Səthi gedişdə isə eyni zənginliyi və müxtəlifliyi görmək mümkün deyil. Bu halı ən yaxşı “inci dənizin dibində, çör-çöpsə sahilə vurar” sözü ifadə edir.

      Təlim-tərbiyədə dərinləməsinə deyil, eninə böyümək heç şübhəsiz yeni mənzərələr, yeni dadlar və yeni nemətlərlə tanış edəcəkdir. Bu şəkildə böyüməyin davamlı və qalıcı olmasının yolları axtarılmalı, şişərək böyüyən şara bənzəməkdən uzaq durulmalıdır. Yerdən çıxan sularla bağça və tarlaların sulanması kimi, dərinləməsinə duyuş, düşünmə və hiss edilişlə də rəqəmsal olaraq ifadə edilən qurum və şəxslərin gücləndirilməsi lazımdır. Kitab oxuyaraq öyrənmək dərinləməsinə, internetdə vaxt keçirərək öyrənmə isə səthi öyrənmədir. Su üçün istifadə olunan dalıb getmək feili internet üçün işlənmir.

      Havada baş verən arzuolunmaz yüksəlmə itkisi nədirsə, təhsil ocaqlarında da dərinlik itkisi eynidir. Təhsil ocaqlarında yaşanacaq ilmə azalması və dərinlik keyfiyyətin aşağı düşməsi, iflas, səhlənkarlıq, zaman, məkan və insan israfı, axsaqlıq və tənbəllik olaraq ortaya çıxar.

      Seçim hər zaman iki istiqamətdədir.

      Ya xalı olmaq, ya da tül.

      Ya dərinə dalmaq, ya da səthdə qalmaq.

      Seçim sənindir.

      İlmə-ilmə, naxış-naxış işlənən, işləyən, sevən, sevilənlərdən olmaq duasıyla...

      • Hits: 712 clicks

      Tecox component by www.teglo.info