Kamran Məmmədov / MƏSNƏVİDƏN- ŞAHZADƏ VƏ SEHRBAZ

      Share

      Padşahın gənc bir oğlu vardı. Zahiri də, batini də hünərlərlə bəzənmişdi. Padşah bir gecə yuxuda oğlunun ölmüş olduğunu gördü. Röyada o qədər kədərləndi ki, ağlamağa, fəryad etməyə macalı belə qalmadı. Ölümü arzulamağa başladı.

       Yuxudan oyananda bunun bir yuxu olduğuna o qədər sevindi ki, hələ həyatında belə sevinməmişdi. Padşah öz-özünə  dedi:

      “- Bu sıxıntı keçdi, amma ölümə çarə yoxdur. Ölümə yüzlərlə qapı-pəncərə var. Hər birindən bir səs gəlir. Xəstəliklərin hər birindən ölümə yol var. Küləyin şiddəti işığımı söndürmək üzrədir, heç olmasa yeni bir işıq yandırım ki, mənim işığım sönərsə, o qalsın.”

       Padşah bu düşüncələrlə oğlunu evləndirmək qərarına gəldi. Məqsədi soyunun davam etməsi idi. Öz-özünə dedi ki:

      “- Soyumun davam etməsi üçün oğluma təmiz bir kişinin, arif və zahid bir adamın qızını alacağam. Belə adamlar əsl padşahdır, çünki nə şəhvətin, nə də mədənin qulu deyillər.”

       Padşah oğluna bir zahidin qızını almaq qərarına gəldi. Bu xəbər saraydakı qadınların qulağına tez çatdı. Şahzadənin anası dedi ki:

       “- Evlilikdə tərəflərin tarazlığı şərtdir. Əql də, nəql də bunu şərt qoşur. Sən xəsisliyindən oğluma bir yoxsulun qızını almaq istəyirsən.”

       Padşah belə cavab verdi:

      “- Təmiz insanlar yoxsul sayılmaz. Onların könlü zəngindir. Bu, Allah vergisidir. Onların yoxsulluğu qənaətindəndir. Onlar qızıl xəzinəsinə göz ucuyla da dönüb baxmazlar. Başqa yoxsullar isə bir quruş üçün başını verərlər.”

      Qadın dedi ki:

       “- Sən deyən olsun, amma belə adamlarda cehiz nə gəzər!? Onlar nə şəhərlər, qalalar, nə də incilər, mücövhərlər verə bilərlər.”

       Padşah dedi:

       “- Narahatlığı din olanın, dünya qəmlərini Allah ortadan qaldırar.”

       Padşah qərarında israr etdi və oğlunu təmiz bir adamın qızı ilə evləndirdi. Qız gözəllikdə bənzərsiz idi. Xasiyyəti özündən də gözəl idi. Fəqət yaşlı bir sehrbaz qadın şahzadəyə aşiq olmuşdu. Qabil şəhərindən olan bu cadugər qadın elə bir tilsim etdi ki, şahzadə də ona aşiq oldu. Bu üzdən toydan da, o dünyalar gözəli qızdan da üz çevirdi.

       Şahzadə tam bir il o qoca qarının nökəri oldu. Onun ayaqqabısının bağını öpdü. Sanki, şahzadə yarı canlı hala gəlmişdi. Başqaları onun bu pərişan halına ağlarkən, onun öz halından da xəbəri yox idi, sevinci yerindəydi.

       Bunu görən padşahın gündüzü gecə oldu. Oğlunu qurtarmaq üçün bütün yollara baş vurdu. Ancaq şahzadənin qoca qarıya olan bağlılığı gündən-günə artırdı. Padşah bütün çarələrin tükəndiyini görüncə Allaha yönəldi. Səcdəyə qapandı:

       “- Ya Rəbbi! Bu uşağı qurtar!” deyə yalvardı.

      Duaları qəbul oldu. Uzaqdan sehrləri açan nurani bir adam gəldi. O, şahzədənin qabilli cadugərə qul-kölə olduğunu eşitmişdi. O qoca qarının sehrdə çox mahir olduğunu da bilirdi. Gedib padşahla görüşdü.

       -“Mən oğlun üçün gəlmişəm. Onlar cadu edər, biz də pozarıq. Səhər vaxtı qəbiristanlığa gedin. Orada divarın kənarında boyalı bir qəbir var. O qəbrin qiblə tərəfini qazın, oradaki düyünləri çıxarıb açın.”

       Padşah deyilənləri etdi. Düyünlər açılan kimi qarının sehri də çözüldü. Şahzadə elə bil yuxudan ayıldı. Tez padşahın üstünə qaçdı. Padşah şənliklər qurdu. Gözləməkdən yorulan o gözəl gəlin də muradına çatdı. Gəlini görən şahzadənin ağlı başından çıxdı. Sehrbaz qarı kədərdən öldü.

       Şahzadə öz vəziyyətinə heyran qalmışdı:

       “- O qadın necə oldu məni aldada bildi.” -deyirdi.

       

      Qeyd: “Şahzadə”- sənsən, “sehrbaz qadın”- dünya, “sehrin qəbirdə gizlənməsi”-hər səhər ölümü düşünsən (təfəkküri-mövt) dünyanın səni sehrləyə bilməməsi, “ağlı başdan alan gözəllik”-cənnət və nemətləridir. Ey Yolçu! Dünya səni aldatmasın. Heç kim dünyadan gedərkən əməldən başqa bir şey apara bilməyib. Bir sənətkar bir neçə il öyrənir, ömrü boyu öyrəndiyindən faydalanır. Sən də bu Ramazanda qulluq etməyi öyrəndin. İndi öyrəndiyindən faydalanmaq vaxtıdır. Qarşıda 11 ay var. Bu bərəkəti o aylara daşımaq vəzifəsi Sənə aid!!!

       

      ALLAHIN QƏZƏBİ

      Bir nəfər Hz. İsay (ə.s)-dan soruşdu:

      “- Bu dünyada hər şeydən daha ağır və çətin olan nədir?”

      İsa (ə.s) cavab verdi:

      “- Allahın qəzəbi”

      Adam dedi ki:

      “- Allahın qəzəbindən əmin olmaq üçün nə etməliyik?”

      İsa (ə.s) cavab verdi:

      “- Sən də qəzəbləndiyin zaman qəzəbini boğ!

       

      İBRƏTLƏR

      DİNLƏMƏYİ BACARMAQ

      Bir şair çox tərbiyəli bir tələbəni böyük bir alimin məclisinə aparır. Qapıdan içəri ayağını basar-basmaz, o alim bu tələbəni yoxlamaq istəyir.

      “- Oğlum, bir əşri-şərif oxuyarsanmı?”

      Tələbə utandığından “bilmirəm, əfəndim” deyir.

      Alim ona:

      “- Hər hansı bir musiqi alətində ifa edə bilirsənmi?”

      Tələbə yenə “bilmirəm əfəndim” deyə cavab verir.

      Alim tələbəyə:

      “- Bir hünərin yoxdursa bu məclisə niyə gəldin?” deyəndə tələbə söz tapa bilmir. Vəziyyəti seyr edən şair, bu əxlaqlı gənci çətin vəziyyətdən qurtarmaq üçün sözə qarışır:

      “- Əfəndim! Bu gənc dinləməyi çox gözəl bacarır!” Alim bu hala sevinərək belə deyir:

      “- Afərin! Boşboğazların dünyanı vəlvələyə verdiyi bu zamanda “dinləmək” kimi böyük bir hünər gözəl keyfiyyətdir. Dinləməyi bacarmayan, danışmağı heç bacarmaz. Buyur otur!”.

      Allah insana iki qulaq, bir ağız verib. Bunun mənası: birindən al, o birindən burax deyil. İki eşit, bir danış deməkdir. Dilin qarşısına da dişlərdən bir qala, dodaqlardan da bir divar çəkib ki, atmaca atmasın, az danışsın, çox dinləsin.

       

      • Hits: 629 clicks

      Tecox component by www.teglo.info