Niyazi Yusifov / HƏYAT DƏFTƏRİNDƏN

      Share

      ONU ÇOX SEVİRDİM

      Qəbiristanlıqdakı dəfn mərasimi qurtarmaq üzrəydi. Bu vaxt əlli illik ömür-gün yoldaşını itirən 78 yaşlı qoca: “Onu çox sevirdim” –deyərək hönkür-hönkür ağlamağa başladı. Qocanın səsi mərasimin səssizliyini pozmuşdu. Bu hadisədən şoka düşən ailə üzvləri və yaxın dostları eyni zamanda xəcalət çəkirdilər. Övladları, ağsaçlı atalarını “Ata, özünü ələ al, səni başa düşürük, ağırdır, amma səbirli ol” -deyərək ona təsəlli verməyə çalışırdılar. Yaşlı adam nəmli gözlərini yavaş-yavaş yeni qazılmış məzara endirilən tabuta dikmişdi. 

      Mərasim davam edirdi. Axırda ailə üzvləri kəfənin üstünə torpaq atmağa başladılar. Qocadan başqa hamı növbə ilə torpaq atdı. Qoca isə hələ də: “Onu nə qədər çox sevirdim” sözlərini bərkdən təkrar edirdi. Qızı və iki oğlu onu sakitləşdirməyə çalışsa da buna nail ola bilmədilər. Qoca elə hey “Onu çox sevirdim” deyirdi. Qəbiristanlığı tərk etməyə başlayan izdihamdan fərqli olaraq qoca getmək istəmirdi. Gözlərini qəbrə dikərək baxırdı. Qocaya yaxınlaşan molla: “Özünüzü necə hiss etdiyinizi anlayıram, amma getmək vaxtıdır. Buradan ayrılmalı və həyata davam etməlisiniz.” -dedi. Əlacsız qalan qoca bir dəfə də “Onu nə qədər çox sevirdim” -deyərək əlavə etdi: “Məni niyə başa düşmürsünüz? Mən bunu ona yalnız bir dəfə söyləmişəm.”

      BİR AVTOBUS BİLETİ...

      Bir müəllim kiçik bir ürək sahibinin müsəlmanların dərdlərinə necə şərik olduğunu belə nəql edir:

      Bosniya savaşının ən ağır günləri idi. Sinifdəki şagirdlərimə orada yaşanan vəhşilikləri danışdım. Şagirdlərdən biri dedi:

      “- Müəllim! Biz də oradakılara kömək edək.”

      “- Valideynlərinizdən pul istəməmək şərti ilə olar.” -dedim.

      Onlar əmək təlimi dərsində müxtəlif əşyalar düzəldəcək, mən də 15 gün sonra Bosniyaya yardım üçün təşkil edilən sərgidə gətirdikləri əşyaları satmağa çalışacaqdım.

      Bir həftə sonra dərs əsnasında şagirdlər düzəltdikləri kiçik, lakin mənim gözümdə böyük dəyəri olan əşyaları gətirib mənə verdilər. Bir neçə nəfər çatdıra bilmədiyini və gələn dərsə gətirəcəyini söylədi. Hamısı çox sevinirdi. Ancaq qabaq cərgədə oturan, sinfin ən sakit, lakin qabiliyyətli şagirdlərindən olan Songül, dərs boyunca başını aşağı salaraq heç bir şey danışmadan dayanmışdı. Zəng çalınanda səssizcə yanıma gəldi:

      “- Mənim Bosniya-Hersoqovinadakı bacı-qardaşlarıma vermək üçün yalnız buna gücüm çatır. İnşallah, işlərinə yarayar.” -dedi. Ovcuma bir şey qoyub cəld məndən uzaqlaşdı. Ovcumu açanda avtobus üçün bir tələbə bileti gördüm. Yəqin Bosniya-Hersoqovinadakıların da bu biletlə avtobusa minə biləcəklərini düşünərək verib deyə düşündüm və gülümsəyərək oradan uzaqlaşdım.

      Məktəbdən çıxanda güclü yağış yağırdı. Sanki suyu vedrə ilə tökürdülər. Maşınıma mindim və yolda təmir getdiyi üçün arxa küçə ilə evə doğru sürməyə başladım. Maşının siləcəkləri sürətlə işləsə də şüşələri silib çatdıra bilmirdi. Qabağı zorla görürdüm.

      Yolun kənarında təpədən-dırnağacan islanmış, sürətlə evə getməyə çalışan 12-13 yaşlarında bir qız uşağı gördüm. Onu maşına mindirmək üçün sürəti azaltdım. Bir də nə görsəm yaxşıdı? Həmin qız Songül idi...

      Son biletini Bosniyadakı bacı-qardaşları ilə paylaşdığı üçün o yağışlı havada evinə piyada gedirdi. Songülü maşına mindirib atası və üç qardaşı ilə yaşamağa məcbur olduqları uçuq bir daxmanın qabağında düşürdüm. Üç-dörd kilometrlik yol boyunca ondan gizlətməyə çalışdığım göz yaşlarım artıq sel kimi axırdı.

      Bir həftə sonra təşkil etdiyimiz satış sərgisinin açılışına gələn Bələdiyyə sədrinə və yanındakılara Songülün verdiyi bileti göstərdim. Özü çox ağır vəziyyətdə yaşayan, amma ürəyi zəngin olan şagirdin hekayəsini onlara danışdım. Bələdiyyə sədri bileti açıq artırmaya çıxardı. Həmin bilet sərgidə satılan bütün əşyaların dəyərinin cəminə yaxın qiymətə satıldı.

      SƏNİ YARATDIM

      Çəlimsiz sısqa bir qız uşağı küçənin tinində oturub pul və ya ala biləcəyi hər hansı bir şey üçün dilənirdi. Yırtıq-yamaqlı paltarı vardı. Üz-gözü tamamən çirk içində idi. Zavallının pərişan bir halı vardı.

      Qız diləndiyi əsnada küçədən gənc, sağlam, zəngin görünüşlü bir adam keçdi. Qızı görmüşdü. Lakin özünü görməməzliyə vurdu. Geniş və lüks evinə, dəbdəbə içində yaşayan ailəsinin yanına gələndə çox gözəl hazırlanmış axşam süfrəsi onu gözləyirdi. Amma bir az əvvəl gördüyü o dilənçi qız yadından çıxmırdı. Hissləri bir çox şeyə etiraz edirdi.

      Sonra daha asan yol seçdi və etirazlarını Allaha yönəltdi. Qızın belə vəziyyətə düşməsinə izin verən O deyildimi?

      İçində Allaha qarşı:

      “Niyə? Nə üçün belə bir şeyin olmasına izin verirsən, niyə o kiçik qıza yardım üçün bir şey etmirsən?” –deyə söylənməyə başladı.

      Bir az sonra ruhunun dərinliklərindən gələn bu cavabı eşitdi:

      “Etdim. Səni yaratdım.”

      (Brian Covanaugh)

       

       

      • Hits: 696 clicks

      Tecox component by www.teglo.info