Mübariz ƏLİOĞLU / ALLAH RİZASI

      Share

      Rəvayət edildiyinə görə Davud (ə.s) rizanın mahiyyətini açıqlayacaq suallarla Rəbbinə belə müraciət etmişdi:

      - Ya Rəbbi! Sırf Sənin rizan üçün kədərli bir adamı sevindirməyin mükafatı nədir?

      Uca Allah:

      - Həmin şəxsə təqva libasını geydirməyimdir, -dedi.

      Davud (ə.s):

      - Yalnız Sənin rizanı umaraq bir cənazənin torpağa tapşırılması mərasimində iştirak edənin mükafatı nədir? 

      Uca Allah:

      - Onun cənazəsində də mələklərin iştirakı və ruhlar içərisində Mənim onun ruhuna rəhmət etməyimdir.

      Davud (ə.s):

      Ya Rəbbi! Yalnız Sənin rizanı istəyərək bir yetimi, ya da möhtac bir kimsəni himayə edənin mükafatı nədir?

      Allah təala:

      - Kölgəmdən (himayəmdən) başqa heç bir kölgənin olmadığı gündə onu ərşimin kölgəsində kölgələndirməyimdir. Davud (ə.s):

      - Ya Rəbbi! Sənin qorxundan gözləri dolub-daşan, ağlayan kimsənin mükafatı nədir?” Allah təala:

      - Ən böyük qorxu günündə onu qorumağım və cəhənnəmin qızmar atəşindən mühafizə etməyimdir. (Əhməd b. Hənbəl, Kitabuz-Zöhd)

      Allah təalaya qulluq mədəniyyətinin önəmli dərəcədə əsasını təşkil edən Allah rizası Peyğəmbərlər vasitəsilə yuxarıda anlatdığımız şəkildə daima insanlara təlim edilmişdir. İxlas və həqiqi rizanı qazanmaq şərti ilə ediləcək əməllərin insanlara bəxş edəcəyi nemətləri tam dəyəri ilə anlatmaq, sətirlərin hövsələsinə sığacaq bir iş deyil. Allah təala ilə qul arasında gerçəkləşən təmiz və ülvi bir rabitənin dünyanın, şeytanın və ən əsası nəfsin qəflət pərdələrindən təmizlənməsi çox mürəkkəb bir həyat mübarizəsini aparma keyfiyyətinə bağlıdır. Qeyd edək ki, Allah rizasının insana vəd etdiyi üstünlüklərin bildirilməsi məsələnin sadəcə yekun mərhələsini bizə anlatmaqdadır. Buna, yəni rizaya nail olmağa aparan yolun hər bir eniş və yoxuşunun qaydalara riayət etmək şərti ilə keçilməsi isə əlbəttə ki, mahir bir bələdçinin iştirakı ilə müvəffəqiyyət qazana bilər. Oxucularda yəqin ki, bu bələdçi haqqında ağlabatan bir fikir hasil oldu. Bəli! Bunlar hökmlərinə sarılmağımız əmr olunan Qurani-Kərim, Məhəmməd (s.ə.s)-in sünnəsi və həqiqi Peyğəmbər varisləri olan İslam alimləridir.

      Allah rizasını əhatə etdiyi mənaların insanların anlayacağı şəkildə formalaşdırılması belə bir mühüm məsələnin anlaşılmasında əvəzsiz rol oynaya bilər. Bu uca məqamı dəyərləndirə bilmək səviyyəsini oğluna nəsihətində açıqlayan Loğman (ə.s) bizi də işin mahiyyətindən xəbərdar etməkdədir. O, oğluna nəsihət edərkən daima insanların deyil, Allahın razılığının mühüm olduğunu vurğulayırdı. Bunun əyani şəkildə izah edilməsini istəyən oğlunun tələbinə müqabil olaraq Loğman (ə.s) tövlədən eşşəyini çıxardaraq oğlu ilə bərabər yola düzəlir. Əvvəlcə hər ikisi piyada, eşşəksə onların ardınca getməyə başlayır. Sonra Loğman (ə.s) eşşəkdə, oğlu isə piyada, bir az sonra oğlu eşşəyin belində, atası isə piyada, sonda da hər ikisi eşşəyə minərək bu növbə ilə səyahətlərinə davam edirlər. Maraqlısı budur ki, hər dəfə insanlardan ibarət olan topluluğun yanından keçdikdə müşahidəçilərin onların barəsində gah Loğman (ə.s)-ın oğluna və eşşəyə zülm etdiyini, gah da oğulun atasına zülm etdiyini, gah hər ikisinin piyada olaraq boş eşşəi sürməklə ağılsızlıq etdiyini, gah da həm atanın, həm də oğlunun rəhmsizlik edərək eşşəə birgə minməsini ağıllarına gələn ölçüdə məzəmmət yağmuruna tutaraq öz dünya görüşlərini sərgiləməyə başlayırlar. Səyahət ədəbinin bütün mümkün olan imkanlarından istifadə etmələrinə baxmayaraq insanlar tərəfindən yalnız və yalnız qınaq obyektinə çevrilmələri oğlanı əməlli başlı çaş-baş qoyur. Elə burada Loğman (ə.s) hamımıza örnək olacaq nəsihəti ilə oğluna işin həqiqətini anlatmağa başlayır:

      “İndi gördünmü ki, camaatın varlığını qazanmaq qeyri-mümkündür. Deməli, çalışmalısan ki, Allahın razılığını əldə edəsən. Çünki işin, qazancın, dünya və axirət xoşbəxtliyinin açarı Rəbbimizin əmrindədir.”

      Bəşər övladına Rəbbinin hüzurunda dəyər qazandıracaq qüvvəyə malik olan mübarək kəlamların aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd (s.ə.s)-in təqdimatında səslənməsi nəbiləri, siddiqləri, şəhidləri belə təəccüb işində qoyacaq uca məqamın, Allah rizasına yiyələnmək məqamının dəyərini necə də gözəl açıqlamaqdadır. Uca Allah buyurur: “Mənim üçün bir-birilərini sevənlərə sevgim vacib olmuşdur. Mənim üçün səmimi olaraq bir-birinə nəsihət edənlərə sevgim vacib olmuşdur. Mənim üçün bir-birinə malik olduqlarını səxavətlə xərcləyənlərə sevgim vacib olmuşdur. Onlar nurdan minbərlər üzərində olacaqlar. Nəbilər, siddiqlər, şəhidlər onların bu dərəcəyə yüksəlməsindən dolayı təəccüb edəcəklər.” 

      • Hits: 767 clicks

      Tecox component by www.teglo.info