Osman Nuri Topbaş / ŞÜKÜR

      Share

      Allah üçün dost olan Şəqiqi Bəlxi ilə İbrahim bin Ədhəm həzrətlərinin, bir-birlərini irşad üçün etdikləri bir könül söhbəti əsnasında Şəqiqi Bəlxi həzrətləri soruşur:

      “-Dolanışıq cəhətdən nə edirsiniz?”

      İbrahim bin Ədhəm:

      “-Tapanda şükür edir, tapa bilməyində səbir edirik!..” deyir.

      Şəqiqi Bəlxi həzrətləri:

      “-Bunu, Xorasansanın itləri də edir!” dedikdə, bu dəfə İbrahim bin Ədhəm soruşur:

      “-Bəs siz nə edirsiniz?”

      Şəqiqi Bəlxi həzrətləri bu cavabı verir:

      “-Tapanda şükür edib infaq edirik, tapa bilmədikdə yenə şükür edib səbir edirik."

      Haqq dostları Allah təalanın sonsuz nemətləri qarşısında nə qədər şükür etsələr, az olduğunun şüuruyla hər vəziyyətdə və daim şükürlərini artırmağa calışmışlar. Çünki şükür qulun nail olduğu nemətlərə müqabil, onları lütf edən Rəbbinə qarşı özüylə, sözüylə və davranışlarıyla xalisanə bir qulluq həyatı yaşamaqdır.

      ŞÜKRÜ LAZIM OLAN NEMƏT: ŞÜKÜR EDƏ BİLMƏK

      Allah təalanın sonsuz nemətləri qarşısında Ona nə qədər şükür etsək, yenə də şükür borcumuzu tam olaraq ödəyə bilmərik. Necə ki, Haqq dostlarından Mehmed Emin həzrətləri, tələbələrindən birinə yazdığı bir məktubda belə buyurmuşdur:

      “...Bir nəfəsdə iki nemət vardır (birincisi nəfəsi ala bilmək, ikincisi aldığın nəfəsi verə bilmək). Bunun üçün hər nəfəsə iki şükür lazımdır. Hər saat min nəfəs və hər nəfəsə iki şükür olmaq üzrə iyirmi dörd saatda qırx səkkiz min şükür lazımdır. Bir insan bütün işlərini buraxıb «şükür, şükür» deyərək Allah təalaya davamlı həmd və şükür etsə, yenə də şükrün haqqını verə bilməz."

      Qulun şükür xüsusundakı bu acizliyi səbəbiylədir ki, rəvayətə görə Musa (ə.s) Allah təalaya:

      “-Ya Rəbb! Sənə şükrüm, Səndən mənə verilən ayrı bir nemətdir ki, o da ayrı bir şükür istəyir. (O halda Sənə layiqiylə necə şükür edə bilərəm?)” -dedi.

      Haqq təala Musa (ə.s)-a belə vəhy etdi:

      “-Hər nemətin Məndən olduğunu bildiyin vaxt, bunu şükür olaraq qəbul edərəm.” (Əhya, IV, 163)

      Bütün nemətlərin Haqdan olduğunu bilməklə birlikdə, o nemətlərin bizə çatmasına vəsilə olanlara təşəkkür etmə nəzakətini göstərmək də Haqqa şükrün mühüm bir şərtidir. Necə ki, hədisi-şərifdə:

      “İnsanlara təşəkkür etməyən, Allaha şükür etmiş olmaz.” buyurulmuşdur. (Əbu Davud, Ədəb, 11/4811; Tirmizi, Birr, 31)

      Şükür əhli bir qula, təkcə nemətlərin qədrini bilmək kifayət etməz. Şükür nemətlərin əsl sahibini tanımaq və Ona qulluq etməkdir. Yəni nemətlər təfəkkür üfüqünü genişlədərək qulu Rəbbinə sövq etməli, bu vəsiləylə ürəklər də məhəbbət və mərifətullaha yönəlməlidir.

      Bizə çox qiymətli bir hədiyyə göndərən xeyir sahibini unudaraq, yalnız hədiyyəni gətirən şəxsə təşəkkürlə kifayətlənmək nə qədər qəribə və səhv isə; nemətləri bizə çatdıran səbəblərə bağlanıb əsl səbəbkarı, ruziyə dalıb Rəzzaqı unutmaq da, o qədər böyük bir nankorluqdur. İnsan üçün nemətlərin gerçək sahibini, yəni Allah təalanı unutmaq qədər böyük bir ayıb və itki təsəvvür oluna bilməz.

       

      ŞÜKRÜN NÖVLƏRİ

      Məqbul bir şükür, yalnız sözlə ifadə edilən şükür deyil. Gerçək bir şükür, bir-birinə bağlı üç ünsürdən meydana gəlir. Bunlar elm, hal və əməldir.

      -Elm: bütün nemətlərin Haqdan gəldiyini bilməkdir.

      -Hal: nemətlərin gerçək sahibinə qarşı təzim, hörmət və məhəbbət bəsləməkdir.

      -Əməl isə: bu duyğuların tələb etdiyi minval üzrə yaşayıb şükrü felən və həqiqətən ifadə etmək, nemətləri Haqqın razılığına uyğun olaraq istifadə edib Ona üsyandan çəkinməkdir.

      Cüneydi Bağdadi həzrətləri yeddi yaşında ikən dayısı Seriyyi Saqati onu həccə aparır. Hərami-şərifdə edilən söhbətlərin birində şükürdən söz açılır. Oradakı ariflərin hər biri öz fikirlərini bəyan etdikdən sonra Seriyyi Saqati həzrətləri Cüneydə dönərək onun da danışmasını istəyir. Cüneyd bir müddət düşündükdən sonra bu möhtəşəm cavabı verir:

      “-Şükür, Allah təalanın lütf etdiyi nemətlə Ona üsyankar olmamaq və o neməti günaha sərmayə etməməkdir.” (Fəriduddin Attar, s. 318)

      Deməli, Allahın lütf etdiyi nemətləri, Onun razı olduğu şəkildə istifadə etmək də şükrü tamamlayan xüsuslardandır. Dilin şükrü də lazımdır, lakin kafi deyil. Şükrün saleh əməllərlə və haramlardan çəkinməklə isbat edilməsi lazımdır.

      Ayrıca Allahın bizə lütf etdiyi hər üzvün də şükrü vardır. Bu isə, onlardan Allahın razı olduğu şəkildə istifadə etmək, haram və şübhəlilərdən qorunmaqla olur.

      Unutmayaq ki, hamımız məhşərdə açılıb seyr etdiriləcək bir ömür kaseti doldururuq. İlahi hesab günündə gözümüz, qulağımız, dərimiz, nəhayət bütün üzvlərimiz dilə gəlib dünya həyatında sahib olduğumuz niyyətləri və işlədiyimiz əməlləri xəbər verəcək. Bunu ayeyi-kərimə belə bəyan edir:

      “Nəhayət, onlar cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.” (Fussilət, 20)

      O halda düşünmək lazımdır ki, gözlərimizlə nə qədər ilahi qüdrət axışlarını duyğulu bir şəkildə seyr edib şükür etdik, nə qədər də çirkin, nəfsani mənzərələri seyr edərək günahkar olduq? Qulaqlarımızla nə qədər vəhyin, sünnənin, haqqın və xeyrin səsini dinlədik, nə qədər də boş və mənasız şeyləri dinləyərək bu neməti ziyan etdik? Bədənimizin enerjisini hara sərf etdik? Onu ilahi hüdudlar içərisində xeyrə sərf etdik, yoxsa onunla haram və günahlara düçar olduq? Sabah ilahi ekranlarda öz həyat ssenarimizi seyr edəcəyimizi unutmamaq lazımdır.

      DİNİN YARISI...

      Peyğəmbərimiz (s.ə.s) buyurur ki:

      “İman iki qismdir. Yarısı səbirdə, yarısı şükürdədir.” (Beyhəqi, Şuabul-İman, VII, s. 127)

      Səbir dəyişən şərtlər altında müvazinəti pozmamaq, başa gələn müsibətlərə şikayət etmədən dözüm göstərmək, nəfsi qulluq vəzifələrini ifaya və haramlardan çəkinməyə məcbur etməkdir.

      Şükür isə, Haqq təalanın sonsuz lütf və ehsanlarına müqabil, Yaradana olan minnətdarlığın ifadəsi olan bütün qulluq təzahürləriylə Ona yönəlməkdir.

      Dini həyatı xülasə edən bu müstəsna yerinə görədir ki, Abdullah Ənsari də islamda şükrün əhəmiyyətini belə ifadə etmişdir:

      “Şükür neməti bilməyin adıdır. Çünki şükür neməti verəni bilməyə aparır. Buna görə də Qurani-Kərimdə islam və imana «şükür» adı verilmişdir.”

      Nemətlərin əsl sahibinin Allah olduğunu bilmək demək olan şükrün ziddi də küfr, yəni bütün nemətlərin Allahdan olduğu gerçəyini gizləməkdir. Bu da əbədi bir xüsran səbəbidir.

      Necə ki, Haqq təalnın İblis ilə dialoqunu bəyan edən ayələr də, şükrün uca dinimizdə nə qədər mühüm bir yeri olduğunu aydın şəkildə göstərir:

      İblis, Allahın əmrinə asi olub ilahi hüzurdan qovulduqda, möhlət istədi. Ona -dünyada insan oğluna yaşadılacaq olan imtahan hikmətinə görə- qiyamətə qədər möhlət verildi. O zaman İblis, Haqq təalaya belə dedi:

      “(İblis) dedi: "Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam!” (əl-Əraf, 16)

      Təfsirçilər bu ayeyi-kərimədəki “sirati-müstəqim/dosdoğru yol”dan məqsədin, “şükür yolu” olduğunu ifadə etmişlər. Çünki sonrakı ayeyi-kərimədə yenə şeytan, edəcəyi azdırmaların nəticəsini Haqq təlaya:

      “...Onların çoxunu şükür edənlərdən tapmayacaqsan!” (əl-Əraf, 17) şəklində ifadə etmişdir. (Bax. İhya, IV, 153)

      Şeytanın insanı sürümək istədiyi son nöqtə imansızlıq, yəni küfrdür. Deməli, daim Allaha şükür halında olmaq, bütün nemətlərin Onun lütf və ehsanı olduğunu etiraf etmək, Onun lütf etdiyi nemətlərin qədrini bilib onları xeyrə işlətmək Haqq təalanı razı edib şeytanı qəhr edən bir qulluq təzahürüdür.

      Şükrün müəyyən bir həddi də yoxdur. Allahın sevimli qulları olan Peyğəmbərlər və Haqq dostları da əlçatmaz dərəcədəki yüksək qulluq fəzilətlərinə baxmayaraq, daim layiqiylə şükür edə bilməməyin narahatlığını dilə gətirmişlər.

      Peyğəmbərimiz (s.ə.s) gecələr ayaqları şişənə qədər namaz qılar, ağlamaqdan səcdə etdiyi yer islanardı. Ona:

      “-Ya Rəsulallah! Sizin keçmiş və gələcək bütün qüsurlarınız bağışlandığı halda niyə bu qədər özünüzü yorursunuz?” deyildikdə isə:

      “-Allaha çox şükür edən bir qul olmayımmı?..” buyurmuşdu. (Bax. İbn Hibban, II, 386)

      AZLARDAN ET!..

      Həzrət Ömər (r.a) bir möminə rast gəlmişdi. O, davamlı:

      “-Allahım, məni azlardan et!” deyə dua edirdi.

      Həzrət Ömər (r.a) o şəxsin bu dua ilə nəyi nəzərdə tutduğunu anlaya bilmədi.

      “-Nə üçün belə dua edirsən?” deyə soruşdu. O mömin, bu cavabı verdi:

      “-Allah təala: « Bəndələrimdən şükür edəni azdır!» (Səbə, 13) buyurur. Mən də o məsud azlıqdan olmağı tələb edirəm.” -dedi.

      Bu gözəl düşüncə qarşısında heyran qalan Həzrət Ömər (r.a):

      “-Təəssüf mənə, hər kəs Ömərdən daha ağıllı və savadlıdır!” deyə heyfsləndi. (İbn Əbi Şeybə, Musannəf, VII, 81)

      Bunu o Ömər deyirdi ki, xilafəti zamanında bir çox ölkə fəth edilmiş, Bizans və İranın zəngin xəzinələri beytül-mala axmış, xalqın rifah səviyyəsi yüksəlmişdi. Lakin Xəlifə Ömər (r.a) əvvəllər olduğu kimi zərurət miqdarı ilə kifayətlənir, yamaqlı paltarıyla xütbə oxuyurdu. Onun bu halına dözə bilməyən yaxınları, qızı Hafsa anamızı elçi olaraq göndərib, bir az imkanlarını artırmasını arzu etdiklərini bildirdilər. O isə bu cavabı verdi:

      “İki dost (Həzrət Peyğəmbərlə Əbu Bəkr) və mən, eyni yolda gedən üç yolçuya bənzəyirik. Birincimiz mənzilinə çatdı. İkincimiz də eyni yoldan gedərək birinciyə qovuşdu. Mən də yoldaşlarıma çatmaq istəyirəm. Əgər çox yüklə getsəm, onlara çata bilmərəm! Yoxsa bu yolun üçüncüsü olmağımı istəmirsinizmi?” (Bax. Əhməd, Zöhd, s. 125; Şəhbəndərzadə Əhməd Hilmi, Tarixi-İslam, I, 367)

      Yenə şükür əhli zənginlərdən olan Əbdürrəhman bin Əvf (r.a) oruclu olduğu bir gün, iftar üçün önünə bir neçə növ yemək qoyulmuşdu. O mübarək səhabə, gözyaşları içində süfrədən qalxdı və belə dedi:

      “Musab bin Umeyr, Uhudda şəhid edildi. O, məndən daha fəzilətli idi. Amma kəfən olaraq bir xirqədən başqa bir şeyi yox idi. Onunla da başı örtülsə ayaqları, ayaqları örtülsə başı açıq qalırdı. İndi isə bizə dünyalıq olaraq hər şey verildi. Doğrusu, xeyrlərimizin qarşılığının dünyada verilmiş olmasından qorxuram.” (Buxari, Cənaiz, 27)

      Onlar şükrünü əda edə bilməyəcəkləri əndişəsiylə halal nemətləri belə, böyük bir tükədirdilər. Hesabını asan verə biləcəkləri az miqdarda neməti özləri üçün kafi görürdülər.

      Bu həssaslıqdan məhrum olanlar isə, Allahın nemətlərinə qarşı əksəriyyətlə qəflət içindədirlər. Şükrünü əda edib-edə bilməyəcəklərini düşünmədən, ehtirasla dünya nemətlərini istəməyə davam edirlər. Gerçək şükür əhli çox azdır.

      İLAHİ ƏXLAQ

      İnsaf sahibi olan hər insan özünə bir stəkan su verənə təşəkkürü bir vicdan borcu bilər. Fürsət düşdüyündə o şəxsin yaxşılığına qarşılıq olaraq bir yaxşılıqla cavab verər. Belə olduğu halda insan oğlunun bütün nemətlərin əsl sahibi olan Rəbbinə qarşı laqeyd qalması; ağıl və vicdana yaraşmayan bir hərəkətdir.

      Digər tərəfdən, Haqq təalanın nemətləri müqabilində bir yaxşılıqla qarşılıq verə bilmək də, bütün sərmayəsi “heçlik” olan insan oğlu üçün mümkün deyil. Lakin Allah təala sonsuz lütf və mərhəmətiylə bizim ən kiçik bir xeyrimizə belə, ixlasımız nisbətində on mislindən yeddi yüz mislinə qədər mükafat verir. Bu, Onun “əş-Şəkur” sifətinin təzahürüdür. Ayeyi-kərimədə buyurulur:

       “...Şübhəsiz ki, Allah (edilən xeyiri) qəbul edər (mükafatını bol bol verər) və (o xeyiri) haqqıyla bilər.” (əl-Bəqərə, 158)

      Haqq təala qullarının saleh əməllərini, həmd, səbir, şükür, ixlas və təqva üzrə yaşadıqları qulluq həyatlarını qəbul edib onlara qat qat artıqlamasıyla mükafatlar verərək “əş-Şəkur” adını təcəlli etdirir. Məhz bu ilahi əxlaqdan hissə ala bilmək üçün şükrə sarılmaq, kamil möminlər üçün müstəsna bir könül üfüqüdür.

      Necə ki, Nuh (ə.s) haqqında ayeyi-kərimədə belə buyurulur:

      “...Həqiqətən, o çox şükür edən bir bəndə idi!” (əl-İsra, 3)

      Nuh (ə.s) bir şey yeyib-içməsindən paltar geyməsinə qədər, hər hərəkətində daim Allah təalaya həmd edərdi. Geyinərkən, yeyərkən, içərkən “bəsmələ” çəkər; yediyini bitirincə və ya libasını çıxarınca da “əlhəmdülillah” deyərdi. Buna görə Haqq təala ona: “şükür eden bir qul” adını vermiş və şükrə təşviq üçün onun bu fəzilətini bütün in­sanlığa nümunə göstərmişdir.

      HƏR VƏZİYYƏTDƏ ŞÜKÜR!..

      Haqqın rizasına qovuşmaq Onun təqdirinə razı olmağı və yalnız varlıqda deyil, darlıqda da şükür etməyi tələb edir. Şükür, həyatın şərtləri dəyişsə də möminin dəyişməz və sarsılmaz qəlbi bir xüsusiyyətidir.

      Eyyub (ə.s)-ın halı çox ibrətli bir misaldır:

      Xanımı Rəhimə Xatun Həzrət Eyyuba:

      “-Sən bir peyğəmbərsən, duan məqbuldur. Çox pərişan haldasan. Dua et, şəfa tap.” -dedi.

      Eyyub (ə.s) isə bu mənalı cavabı verdi:

      “-Rəbbim mənə səksən il səhhət verdi. Xəstəliyim isə hələ səksən il olmadı. Ona görə də Haqq təaladan səhhət tələb etməyə həya edirəm.”

      Eyyub (ə.s) səhhət içində keçirdiyi ömürünün şükrünü ödəyə bilməmiş olmanın xəcaləti içində Rəbbindən şəfa istəməyə utanmışdı. Onun şükür və səbrinə müqabil, “əş-Şəkur” olan Haqq təlala, yəni əcr və mükafatı qat-qat artıqlamasıyla lütf edən Rəbbimiz, ona əvvəlkindən daha çox səhhət, bolluq və bərəkət ehsan etdi.

      Şükrün o xas qullardakı yüksək təzahürünü bu misal nə gözəl ifadə edir:

      Həzrət Rabiyədən soruşdular:

      “-Allah qulundan nə vaxt razı olar?”

      Belə dedi:

      “-Bəla və müsibət içindəykən belə, nemət içindəymiş kimi şükür etdiyi zaman...”

      HƏQİQİ NEMƏT...

      Ayeyi-kərimədə buyurulur:

      “Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!” (əl-Bəqərə, 152)

      Şükür etmək nemətlərin bərəkətlənməsinə səbəb olur. Şükürsüzlük isə, nankorluqdur. Bu isə nemətlərin geri alınmasına və Allahın qəzəbinə səbəb olur.

      Haqq aşirləri nemətin artıb-azalması üçün deyil, verilən nemətlərə görə şükür edərək Allaha yaxınlıqlarını artırmaq üçün bu ibadəti əda edərlər.

      Mövlana həzrətləri bu həqiqəti nə gözəl izah edir:

      “Nemətə şükür etmək, nemətdən daha xoşdur. Şükrü sevən kimsə, şükrü tərk edərək nemət tərəfə gedə bilərmi?.. Səni dostun qapısına ancaq şükür aparar. Nemət insana oyanıqlığın əksinə qəflət də verə bilər. Şükür etmək isə daim oyanıqlıq gətirər. Sən ağılını başına al, şükür neməti ilə həqiqi nemətə sahib ol!”

      ŞÜKRÜ TƏLQİN EDƏN AY...

      Hər ibadət qulun mənfəətidir. Bu səbəblə xüsusilə Ramazani-Şərifi təşəkkür hissləriylə qarşılamaq lazımdır. Çünki Ramazan olmasaydı kimsə orucun feyzindən istifadə edə bilməzdi. Bunun üçün Rəbbimizə nə qədər şükür etsək azdır. Ayrıca bu mübarək ayda çox kiçik səylərə belə böyük əcrlər verilir.

      Ramazani-Şərif yaşatdığı oruc tərbiyəsiylə möhtacların halından anlamağı öyrədən, nəfslərin ehtirasını cilovlayan, səbri təlim edən, nemətlərin qədrini xatırladaraq həmd və şükrə sövq edən müstəsna bir mənəvi qazanc mövsümüdür.

      Bu mübarək ayda tutduğumuz oruclar, bizə bir udum suyun, bir loğma çörəyin belə, əslində nə böyük nemət olduğunu xatırladır. Üzərimizdəki saysız nemətlərin şükrünü nə qədər ödəyə bildiyimizin hesabatına sövq edir.

      Layiqiylə ehya edilən bir Ramazani-Şərif günahların bağışlanmasına səbəb olur. Allah Rəsulu buyurur:

      “...Ramazana yetişib, ancaq bağışlanmamış olan kimsəyə təəssüflər olsun! Adam Ramazanda da bağışlanmaz isə, bəs nə vaxt bağışlanacaq?!” (İbn Şeybə, Musannəf, II, 270; Heysəmi, Məcma, III, 143)

      Ayrıca içində min aydan xeyirli olan Qədr gecəsiylə Ramazan müstəsna bir qazanc mövsümüdür.

      Bu mübarək ayın şükrünü ifa edə bilmək böyük bir diqqət və etina istəyir. Şükür sırf sözlə olmaz, bütün üzvlərin də şükrdə iştirak etməsi lazımdır. Oruc ibadəti də yalnız mədəyə tutdurularaq kamil mənada əda edilə bilməz. Mədənin aclığından başqa dil, göz, qulaq kimi digər üzvləri də günahlardan mühafizə etmək zəruridir ki, oruc cəhənnəmə qalxan olsun.

      Həmçinin bu mübarək ayda iç dünyamızı yoxsul və kimsəsizlərə açmaq, tənhaların yanında olmaq, mərhəmətimizi artırmaq; sədəqələri, fitrə və zəkatları sevərək və can-dildən vermək, verərkən alana təşəkkür içində olmaq, möhtacı minnət altında qoymamaq; namazlarımızı, təhəccüdləri, təravihləri Rəbbimizlə müstəsna bir rabitə halında qılmaq lazımdır. Yalnız ümməti-Məhəmmədə xas olaraq lütf edilmiş olan Qədr gecəsinin qədrini bilmək üçün Haqq təlanın əbədi səadət vəd etdiyi bu nemətlərə şükür duyğuları içində olmaq şərtdir.

      NƏHAYƏT

      Bütün fanilər sərvətlərini bizə versələr, ən nəhayət bu bir insan ömrü içində istifadə ediləcək qədər bir mənfəətdir. Ölüm onların hamısını əlimizdən alacaq və dünya sərvəti yenə dünyada qalacaq. Allahın lütf etdiyi iman neməti isə sonsuz bir səadətə aparacaq. Bu səbəblə bizim ən mühüm vəzifəmiz; Allahın lütf etdiyi imanın əvəzini şükürlə, minnətdarlıq hissləriylə Allaha ödəyə bilməkdir. Ən mühüm məsələmiz isə şükür borcunu ödəyərək səlim və pak bir qəlblə ilahi hüzura qovuşa bilməkdir.

      Daim düşünməliyik ki, bir əvəz ödəmədiyimiz halda, sırf ilahi lütf ilə insan olaraq, mömin olaraq, Məhəmməd ümməti olaraq dünyaya gəldik və Qurani-Kərimə müxatəb qılındıq. Bütün bunlara nə qədər şükür etsək azdır.

      Maddi nemətlərin əksəriyyətində heyvanlarla müştərəkliyimiz vardır, fərqimiz çox azdır. Bizi heyvanlardan ayırıb insanlığa ucaldan əsl nemətlər, bu mənəvi nemətlərdir. Lakin bu nemətlərin nə qədər şükrü içindəyik? Dünyəvi bir şeylə nə qədər sevinirik; bizi əbədi səadətə aparacaq olan iman nemətinin və Məhəmməd ümməti olmağın nə qədər minnətdarlığı, sevinci və şükrü içindəyik?

      Haqq dostu Mövlana həzrətləri buyurur ki:

      “Nemətlərinə, ehsanlarına nail olduqda Allaha şükür et; lütfünü gördüyün adama da təşəkkür et, onu an! Məhz bu səbəblədir ki, Allah təala: «Peyğəmbərə salavat gətirin!» buyurdu. Çünki Həzrət Məhəmməd (s.ə.s) möminlərin hər zaman müraciət etdikləri müstəsna və bənzərsiz varlıqdır!”

      Ya Rəbb! Peyğəmbərlər Sultanı Həzrət Məhəmməd (s.ə.s)-ə ümmət olma şərəfinin şükrünü layiqiylə əda edə bilməyi bizə nəsib et! Üzərimizdəki nemətlərini artır! Şükrümüzü daha da artır! Həqiqi şükür əhlinin mərtəbəsinə çatdıracaq bir şükür halını könüllərimizə ilham et!

      Amin!..

      • Hits: 908 clicks

      Tecox component by www.teglo.info