Məmməd MƏMMƏDZADƏ / KÜÇƏ SÜPÜRƏN NAZİR

      Share

      Müstəqilliyini itirən, üçrəngli bayrağı ayaqlar altına atılan Azərbaycan işğalın ilk günlərini, aylarını yaşayırdı. Gəncə üsyanı qan içində boğulmuş, Azərbaycan milli ordusunun 12 generalı, 100-dən artıq zabiti bolşeviklər tərəfindən güllələnmiş, Hərbiyyə Nazirliyinin əməkdaşları və yüzlərlə yüksək rütbəli zabiti həbs edilmişdi. 1920-ci ilin yayı iki il əvvəli – 1918-ci ilin yayını xatırladırdı. Yenə də əli silahlı bolşeviklər və ermənilər Bakı küçələrində at oynadırdılar. Şəhərdə bir xaos hökm sürürdü.

      ... Bir həftəyə yaxın idi ki, dənizkənarı küçədə yaşayanlar hər gün general libaslı bir qocanın küçə süpürdüyünün şahidi olurdular. Çoxları əlində süpürgə tutan bu qoca generalı yaxşı tanıyırdı. Məhz buna görə də öz acizliklərindən utanaraq generalla üz-üzə gəlməkdən çəkinir, onun xəcalət çəkməsini istəmirdilər. Generalı tanıyanların bəzisi zəmanəyə söyə-söyə başını aşağı salaraq bu küçədən uzaqlaşmağa tələsir, bəziləri isə yollarının xeyli uzanmasına baxmayaraq başqa küçələrlə evlərinə, ya da özlərinə lazım olan yerə gedirdilər. Lakin bu generalın küçə süpürməsinə həvəs və maraqla, kinayə və istehza ilə baxanlar da az deyildi və bunların da əksəriyyəti qeyri-türklər idi. Qoca isə heç nəyə və heç kimə fikir vermədən öz işini görürdü. Bir vaxtlar Rus çarının döyüş mükavatı olaraq verdiyi brilyantlarla bəzədilmiş qızıl silahı tutan əli indi süpürgə tutmağa məcbur etmişdilər. Həmişə tapşırılan işi vicdanla yerinə yetirən general indi də heç kimə baxmadan əlindəki süpürgə ilə küçələri zir-zibildən təmizləyirdi və yaxşı başa düşürdü ki, küçələri zir-zibildən təmizləmək mümkün olsa da, ölkəni bolşeviklərdən, daşnak tör-töküntülərindən təmizləmək çox çətin olacaq. Yaşı 60-ı ötmüş general belini dikəldərək süpürgənin ağacına söykəndi. Əvvəlcə Xəzərin şıltaq ləpələrinə baxdı, sonra nəzərləri daha uzaqlara dikildi. Bir anlığa özünü döyüş meydanında, Port-Arturda gördü. 1904-cü ildə Rus-Yapon müharibəsinin ən ağır döyüşlər gedən yeri məhz Port-Artur qalası idi. General-mayor Səmədbəy Mehmandarov qalanın düz 332 gün müdafiəsində ilk gündən qalanı təslim alana qədər mərdliklə döyüşdü. Lakin qalanın yeni təyin edilmiş qorxaq və cəsarətsiz komendantı general Stessel S. Mehmandarov və digər zabitlərin son mərmi, son gülləyə qədər döyüşmək təklifinə əhəmiyyət verməyərək qalanı təslim etdi. Yaponlar əsgərləri əsir götürür, zabitlərdən isə bir daha Yaponiyaya qarşı vuruşmayacaqları haqda yazılı iltizam alandan sonra onlara Rusiyaya qayıtmağa icazə verirdilər. S. Mehmandarov zabit şərəfini alçaldan bu təklifdən imtina etdi. Hərbi əsirliyi rüsvayçı və şərəfsiz azadlıqdan üstün tutdu. Yaponiyada əsirlik həyatı başladı. Lakin bolşeviklərdən fərqli olaraq yaponlar bu mərd generalın əlinə süpürgə verib küçə süpürtdürmədilər. S. Mehmandarov 1906-cı ildə Portsmut müqaviləsindən sonra Rusiyaya qayıda bildi.

      Şuşanın adlı-sanlı Mehmandarovlar nəslinin davamçısı olan Səməd bəyin atası Sadiq bəy dövlət qulluqçusu idi və Lənkəranda işləyirdi. Məhz bu səbəbdən də əslən qarabağlı olan Səməd bəy 1856-cı ildə Lənkəranda dünyaya göz açdı. Müəllim, ya da mühəndis olmasını arzulayan atasının istəyinin əksinə gedərək hərbçi olmaq arzusu ilə 1873-cü ildə Peterburqa getdi və orada II Konstantin hərbi məktəbinə daxil oldu. İstedad və bacarığı sayəsində xidmət pillələri ilə sürətlə irəliləyərək qısa bir müddətdə podpolkovnik rütbəsinə layiq görüldü.

      S. Mehmandarov haqqında yazılanları oxuyuram:

      1900-1901-ci illərdə uzaq şərqdə çinlilərlə döyüşlər gedir. Batareya komandiri podpolkovnik Mehmandarov Kiçik Xinqan dağ silsiləsini düşmən hücumundan qorumaq tapşırığı alıb. Zabaykal vilayətinin rəisi general-mayor Rennenkampf Sisikara şəhərindən çıxan silahsız, hərbi paltarda olan iki dəstə düşmən əsgərinə atəş açmağı Mehmandarova əmr edir. Get-gedə əmrlər hədəyə çevrilsə də Səməd bəy silahsız insanlara atəş açmağın zabit şərəfinə ləkə gətirəcəyini bildirərək düşmənə atəş açmır...

      İstər-istəməz 1990-cı ilin 20 yanvarındakı hadisələr kino lenti kimi gözlərimin qabağından keçir. SSRİ-nin müdafiə naziri Yazovun əmrini artıqlaması ilə erinə yetirən, silahsız insanları, qocaları və uşaqları güllə yağışına tutan, tanklar altında parçalayan general Dubinyakı xatırlayıram. General mundirli, bir-birindən fərqlənən iki nəfər...

      ... I Dünya müharibəsində Səməd bəy daha da məşhurlaşdı. İvanqorod şəhərini alıb Lodr şəhərinə güclü hücum təşkil edən almanlar sürətlə irəliləyərək geri çəkilən rus qoşunlarını mühasirəyə almağa çalışırdılar. Bu vaxt əsl sərkərdəlik bacarığı nümayiş etdirən S. Mehmandarov bir zaman at belində Altaylardan Avropanın mərkəzinə qədər qılınc vura-vura ........ əcdadları kimi qısa və kəskin bir söz dedi: “Vəziyyət ağırdır, hücuma keçirəm.” Bu isə öləndə də kişi kimi ölmək lazımdır demək idi. Döyüşdə gülləni kürəkdən yox, sinədən almalısan demək idi.

      İki rus ordusunun geri çəkildiyi bir zamanda Mehmandarovun 81-ci Abşeron, 82-ci Dağıstan, 83-cü Samur və 84-cü Şirvan alaylarından təşkil olunmuş diviziyası düşmənə ağır zərbə vuraraq alman generalı Makkenzini geri çəkilməyə məcbur etdi və eyni zamanda iki rus ordusunu mühasirəyə düşmək rüvayçılığından da xilas etdi.

      Bu müharibədəki qəhrəmanlıqlarına görə Mehmandarova 1915-ci ildə tam artilleriya generalı (general-leytenantdan sonra ən yüksək rütbə) rütbəsi verildi.

      ... 1917-ci Fevral inqilabından sonra ordudakı bolşevikləşmə və hərcmərcliyin çoxalmasını görən S. Mehmandarov istefa verərək vətənə dönür. 1918-ci ildə Mudros sülhündən sonra Türk qoşunları Azərbaycandan çıxarıldı. Azərbaycanın müstəqilliyini qorumaq üçün Hərbi Nazirliyin yaradılması zərurəti meydana çıxdı. 1918-ci ilin dekabr ayında Mehmandarov Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri təyin edilir.

      Azərbaycanda milli ordu yaradılması Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün atılan zəruri addım idi. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirən S. Mehmandarovun səyi ilə əsası Türk qoşunlarının Azərbaycanda olduğu vaxt Gəncədə qoyulan Podpraporşiklər məktəbi Praporşiklər məktəbinə çevrildi. 1919-cu ilin sonunda Hərbiyyə məktəbi, İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi və Hərbi feldşer məktəbi də açıldı.

      S. Mehmandarov orduda nizam-intizamın gücləndirilməsinə xüsusi diqqət yetirirdi. Az qala ictimai bir bəlaya çevrilən, bu gün də davam edən bir məsələ ilə bağlı o belə deyirdi: “Hərbi xidmətə yalnız rüşvət verib, canlarını qurtara bilməyən” şəxslər cəlb olunurlar və buna görə də qoşun hissələrində bir nəfər də olsun imkanlı adamın övladı yoxdur. Hərbi mükəlləfiyyətin əsas ağırlığı kasıbların üzərinə düşür... İndi isə qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və cəmi vətəndaşları – istər fəqir, istər dövlətli əsgərliyə çağırıram.

      S. Mehmandarov Azərbaycan xalq Cümhuriyyəti ordusu quruculuğunun memarı idi. Ordunun milli zəmində qurulması hərbi nazirin izlədiyi əsas xətt idi. Mehmandarov orduda rəsmi dilin Azərbaycan dili olduğunu elan edərək azərbaycanlı döyüşçülərin Qurani-Kərimin altından keçərək vətənə sədaqət andı içmələrini vacib saydı, əsgərlərin marşları Azərbaycan dilində oxumasını tələb etdi, milli və tarixi rəmzləri özündə əks etdirən döyüş bayraqlarının və geyim formalarının layihələrini təsdiq etdi.

      ... 1920-ci ilin Novruz bayramı günlərində erməni silahlı qüvvələri gecəyarı eyni vaxtda Şuşa, Xankəndi, Xocalı və Tərtərdə yerləşən Azərbaycan ordusunun bölmələrinə hücum etsələr də təşəbbüsü əllərinə ala bilmədilər. I piyada diviziyasının komandiri Cavad bəy Şıxlinski erməni silahlılarının Əsgəran qalasına hücumundan sonra Nazirlər Şurasına göndərdiyi teleqramda yazırdı: “Əsgəran qalasının bir hissəsini hələ də əllərində saxlayırlar... ya başımızı verəcəyik, ya da Əsgəranı qoruyacağıq.”

      Qarabağ müharibəsində Azərbaycan ordusu ən ağır və şərəfli sınaqdan çıxdı. Müharibənin elə ilk günlərindən hərbi nazir S. Mehmandarov qərb bölgəsinə gələrək bölgənin müdafiəsi və qüvvələrin Qarabağa səfərbər edilməsi ilə məşğul oldu.

      Aprelin ortalarında Azərbaycan ordusu cəngi sədaları altında tarixi düşmən üzərində tarixi qələbəsini qazandı. Qarabağda Azərbaycanın dövlət suverenliyi bərpa olundu. O tarixi qələbədən sonra 20 ildir yenidən Azərbaycan ordusunun “Cəngi” sədaları altında Şuşaya daxil olmasının həsrətindəyik.

      Bu döyüş Mehmandarovun son döyüşü oldu. Bu döyüş Qarabağ səmasında süzən qartalın qıy vuraraq ovunun üstünə son dəfə şığıması idi...

      Az sonra Azərbaycan rus-bolşevik ordusu tərəfindən işğal olundu. Əsas hərbi qüvvələrin Zəngəzur və Qarabağda olmasına görə XI Ordu demək olar ki, müqavimətsiz Bakıya daxil oldu.

      Gəncə qiyamı yatırılandan sonra həbs olunanlar arasında hərbi nazir general Mehmandarov və onun müavini general Ə. Şıxlinski də var idi.

      Və bolşeviklər bu generallara küçə süpürtdürürdülər.  

      • Hits: 935 clicks

      Tecox component by www.teglo.info