Saleh ŞİRİNOV / Mənəvi Ticarət Mövsümü Üç Aylar

    PDF faylını alÇapE-poçt

      Share

       

      Müsəlmanlar tərəfindən “Üç Aylar” olaraq adlandırılan yeni bir mənəvi mövsümün astanasındayıq. Sarsılan mənəvi dünyamızı təmir edəcəyimiz, qəlbi səviyyəmizi ucaldacağımız, həyatımızı yenidən gözdən keçirməyimizə vəsilə olacaq mənəvi bir iqlim…

      Orucla, tövbəylə, namazla, Quranla, xeyir-həsənatla dolu bir dönəm…

      Göy qapılarının açıldığı, duaların qəbul edildiyi, istiğfar və tövbələrlə günahların bağışlandığı günlər, gecələr…

      Həyat sərmayəsinin əldən çıxdığını unutmayıb, bir daha gələcək hüzur mövsümünə qovuşub-qovuşmayacağımızın ümid və əndişəsini hər zaman canlı tutaraq axirət hazırlığına davam edildiyi bir mövsüm..

      Bu aylarda bir-birindən qiymətli gecələr var: Rəqaib, Merac, Bərat, Qədr gecələri...

      Üç aylar mənəvi ticarət baxımından çox bərəkətli, qazanclı və savablı bir mövsümdür. Bu mövsümdə edəcəyimiz mənəvi çalışmalar daxili aləmimizdə çox fərqli üfüqlər açar.

      İldə bir dəfə açılan mənəvi ticarət yarmarkasıdır Üç Aylar…

      Rəcəb, Şaban, Ramazan..

      İl ağac kimidir. Rəcəb ayı ağacın yarpaq açdığı, Şaban ayı bar gətirdiyi, Ramazan ayı isə meyvəsinin yığıldığı zaman kimidir. Rəcəb toxum əkmə, Şaban sulama, Ramazan isə biçmə ayıdır. Rəcəb hörmət, Şaban xidmət, Ramazan isə nemət ayıdır.

       

      Rəcəb ayının dəyərləndirilməsi:

      Ənəs bin Malik (r.a) Rəsulullah (s.ə.s)-in Rəcəb ayına qovuşduğu zaman belə dua etdiyini xəbər verir: “Allahım! Rəcəb və Şabanı bizə mübarək qıl və bizi Ramazana qovuşdur”. (Əhməd b. Hənbəl,1/259)

      Əziz Peyğəmbərimiz (s.ə.s) bu ayda oruc tutmamızı, yoxsulların dərdləriylə digər vaxtlardakından daha çox maraqlanmağımızı, xeyirli əməllərin sayını artırmağı tövsiyə etmiş, belə edildiyi zaman böyük əcr qazanılacağını müjdələmişdir: “Bir adam Rəcəbin birinci gününü oruclu keçirərsə, ona bir ay oruc tutmuş kimi savab verilər. Yeddi gün oruc tutarsa, cəhənnəmin qapıları üzünə bağlanar. Səkkiz gün oruc tutarsa, cənnətin səkkiz qapıları onun üçün açılar. On gün oruc tutarsa, Allah-Təala günahlarını həsənata çevirər. On səkkiz gün oruc tutarsa, səmadan bir carçı: “Keçmiş günahların bağışlandı. Yaxşı əməllərinə davam et!”,- deyə səslənər.” (Təbərani)

      Rəqaib Gecəsi

      Rəcəb ayının ilk cümə gecəsi mübarək Rəqaib gecəsidir. Bəzi alimlərin açıqlamalarına görə Peyğəmbərimiz bu gecə bir çox ilahi ikrama qovuşduğuna görə, Uca Allaha şükür məqsədilə namaz qılmışdır. Bu gecə duaların qəbul edildiyi müjdələnən nadir gecələrdəndir.

      Merac Gecəsi

      Rəcəb ayının 27-ci gecəsi də mübarək Merac gecəsidir. İsra və Merac hadisəsinin meydana gəldiyi bu gecəni ibadətlərlə, gündüzünü də orucla keçirmək xoş görülmüşdür.

      Şaban ayı və ehyası:

      Hz. Aişə (r.anhə) anamız belə buyurur: “...Şaban ayında oruc tutmaq Ona daha xoş gələrdi. Mən:

      “Şabanda sənin (çox) oruc tutduğunu görürəm. (Bunun hikməti nədir?)” -deyə soruşdum. Rəsulullah (s.ə.s):

      “Ya Aişə! Bir il içərisində öləcək kəslərin adları bu ayda (yaşayanların) dəftərindən silinib Əzrayıla (ə.s) verilir. Mən də adımın oruclu olduğum halda dəftərdən silinib (digər dəftərə yazılmasını) arzulayıram”,- buyurdu. (Gunyə 1/227).

      Bu ayda mənasını düşünərək Quran oxumalı, oruc tutmalı, Peyğəmbərimizə salavatlar gətirməliyik. Mallarımızın zəkatını Ramazanda tutacaqları oruca qüvvət və dəstək olması üçün yoxsullara bu ayda vermək gözəl olar.

      Bərat Gecəsi:

      Şaban ayının 15-ci gecəsi Bəraət gecəsidir. Bu gecə Qədr gecəsi kimi çox qiymətlidir. Fərq buradadır ki, Bərat gecəsinin günü məlumdur, Qədr gecəsinin isə Ramazının hansı gecəsində olduğu gizlənmişdir.

      Bəraət gecəsinə məxsus beş xüsus var:

      1)      Hər mühüm iş o gecə ayırd edilir.

      2)      O gecədəki ibadətin fəziləti böyükdür.

      3)      Rəhməti-ilahiyyənin coşub-daşdığı bir gecədir.

      4)      Məğfirət gecəsidir.

      5)      O gecə Rəsulullah (s.ə.s)-ə şəfaət haqqının hamısı verilmişdir. (Qurani-Hakim, Məali-Kərim, H. Çantay, c.3, s..55)

      Bərat gecəsinin də namaz qılmaqla, dua, tövbə-istiğfar, zikir, Quran-Kərim oxumaq, Peyğəmbərimizə salavat gətirmək kimi gözəl ibadətlərlə keçirilməsi xoş görülmüşdür.

      Ramazan ayı və dəyərləndirilməsi:

      Ramazanı-Şərif Qurani-Kərimin nazil olmağa başladığı, cənnət qapılarının açılıb cəhənnəm qapılarının qapandığı, şeytanların zincirə vurulduğu, içində Qədir gecəsi kimi min aydan xeyirli bir gecənin olduğu, əvvəli rəhmət, ortası məğfirət, sonu da cəhənnəm əzabından azad edilmə ayıdır. Rəsuli-Əkrəm (s.ə.s): “Əgər bəndələr Ramazan ayındakı fəzilətləri bilmiş olsaydılar, bütün ilin Ramazan olmasını təmənni edərdilər” -deyə buyurur. (Beyhaqi).

      Bilindiyi kimi Ramazan oruc ayıdır, təravih ayıdır. Məscidlərin möminlərlə dolub-daşdığı, mənəvi alış-veriş ayıdır. İnsanlığımızı, müsəlmanlığımızı, uzaq qaldığımız Rəbbimizi xatırlama ayıdır. Uca Yaradanımıza sığınma ayıdır. Bu ayda Qurani-Kərim əllərdə və könüllərdə gəzər, müqabilələr və xətmlər oxunar. Uşaqlar atalarının əllərindən tutaraq məscidlərə gedərlər, dini həyatın ilk zövqünü yaşayarlar. Mələklər yer üzünə ziyarətə gələrlər. Bu qədər fezyzi Ramazani-Şərifi kəlmələrlə anlatmaq mümkün deyil. Ona görə biz də Rəsulullah (s.ə.s) kimi dua edək: “Allahım! Rəcəb və Şabanı bizə mübarək qıl və bizi Ramazana qovuşdur!”

      _________________________

      Məqalənin hazırlanmasında Yusuf Demireşikin yazısından istifadə edilmişdir

                              

      • Hits: 1172 clicks

      Tecox component by www.teglo.info