Eldar Kərimov / ÖLÜMDƏ YUXU SEVGİSİ

    PDF faylını alÇapE-poçt

      Share

       

      Səhər oyanacağına əmin olmadan ölü kimi yatmaq.  Heç bir zaman arzulamadığın ölüm tabutuna sevərək baş qoymaq. Özünü göz qapaqları arasındakı qaranlıqlara buraxıb ətrafında baş verənlərdən xəbərsiz olmaq. Etdiyin və gördüyün əməllərin seçimində heç bir seçim və ixtiyarın olmayan bir dünyada yaşamaq. Sadəcə nəfəs alıb vermək və bədənin heç bir orqanına hakim ola bilməmək. Bu bir dünyadır. Elə bir dünya ki orada bütün bunların olmasına baxmayaraq biz ona sevə-sevə can atırıq. Ömrümüzün yarısını ona həsr edirik. Bəzən yaşamağın mənasını belə onda görürük. Bədənimizin bütün rahatlığını onda tapırıq. Bir gün onsuz yaşamaq ömrümüzün ən çətin anlarına çevrilir. Başımızdakı ağrıların, gözümüzdəkı yorğunluğun və bədənimizdəki halsızlığın səbəbini hər zaman onsuz qaldığımızda axtardıq. Həqiqətən də o bizə çox çətin vəziyyətlərimizdə kömək etdi. İstirahətimizin əsas parçasına çevrildi. Amma nə qədər çalışsa da bizə ölümün onun kimi bir şey olduğunu öyrədə bilmədi.

      Yuxulu dünyanın sadiq vətəndaşlarına çevrildik. Ayıq başla bu dünyada yaşamağı heç təcrübədən keçirmədik. Biz hər gün ölüb ölümsüzlüyə inanan canlılar olduq.  Ölüm deyiləndə daxilimizdə tir-tir əssək də ölümə gedən yoldan heç geri durmadıq. Ona sevərək yaxınlaşdıq. Sevmili olduqlarımızdan uzaq düşdük. Ölümü bir an belə düşünmədən hər gün ölən yazıqlarıq biz. Qorxub çəkindiklərimizə sevərək yaxınlaşmağımızdadır dəyərimiz. Bu dünyada gördüklərimiz və yaşadıqlarımız gedəcəyimiz dünyada görəcəklərimizin və yaşayacaqlarımızın xəbərçisidir əslində.

      Hələ bir də yuxu görmək. Yaşadığın dünyadan ayrılıb başqa bir dünyanın qonağına çevrilmək. Həyacan, qorxu və sevgi dolu yuxular. Nə zaman oyanacağını bilmədən qaranlıqlara qərq olmaq. Arxadan uzanan qatil əllərindən qaça bilməyən ayaqlarımız. Bu dünyada əldə edə bilmədiklərimizi rahatlıqla əldə etdiyimiz gözəl bir dünya. Bəzən düşmənlərimizin dosta, dostlarımızın düşmənə çevrildiyi inanılmaz reallıqlar.

      Hər gün ölüb dirilmək ancaq ölümsüz kimi yaşamaq. Bir gün də yuxuya dalıb oyanmamaq var hər birimizin ömür kitabının səhifələrində. Bəli ölümdən qaçış yoxdur bu dünyada. Hər gün səni öz istəyinlə öldürüb dirildən də Odur. O səni səndən yaxşı tanıdığı üçün bunu edib, yoxsa sən özünü əbədiləşdirmək üçün nələr etməzdin ki? Bir dünyaya sahib olub ikinci dünyaya hökm etmək istəyən şahlar sultanlar kimi. İndi onlar da bir zaman qorxub, qorxduğunu sevib sevdiyinin tələsindən qurtulmaq istəsələr də nafilədir.

      Məncə qıldığımız namazlar, tutduqumuz oruclar və etdiyimiz bütün ibadətlərimiz bizə hər gün yatdığımız yuxu kimi əziz olmalıdır. Özümüzü bütün varlığımızla onların içərisində itirməliyik. Elə bir zehnə sahib olmalıyıq ki, alnımız səcdələr qapılmaqda görsün istirahətini.

      Və son olaraq mövzumuzla əlaqəli maraqli bir hekayəni sizinlə paylaşıram:

      Kəndlərin birində iki qardaş yaşayır. Böyük qardaş böyük bir ərazinin sahibi və kəndin ağası idi. O qədər zəngin idi ki, zənginliyi başqa kəndlərdə də dillərdə gəzirdi.

      Kiçik qardaş isə böyük qardaşının ərazisində qarın toxluğu üçün qar-qış, isti- soyuq demədən işləyirmiş.

      Ortalığın istidən yandığı bir yay günü kiçik qardaş yorğunluqdan haldan düşür və bir ağacın kölgəsində yatıb qalır.

      Çox keçmir ki, böyük qardaşı qardaşını, ayağındakı böyük ayaqqabılarıyla sərt şəkildə vuraraq:

      “Qalx, iş zamanı yatılarmı?  İşləməyənə pulsuz çörək yoxdur.”- deyərək oyadır.

      Qardaşı isə nə olduğunu anlamadan çaşmış gözlərlə qarşısında dayanan böyük qardaşının o heybətli cüssəsi ilə qarşılaşır və: “qardaş niyə oyandırdın məni? Çox gözəl bir yuxu görürdüm. Yuxumda böyük bir evim, yüzlərlə atlarım, saysız heyvanlarım, ucu-bucağı görünməyən tarlalarım, mənim üçün işləyən yüzlərlə işçim, alətlərim və daha saya bilməyəcəyim bir çox vara-dövlətə sahib idim. O qədər gözəl bir yuxu idi ki, kaş ki oyandırmasaydın bir az daha dadını çıxardardım.”- deyir.

      Böyük qardaşı isə lağ edərcəsinə bir ifadə ilə:

      “Sən?,- bu saydıqlarını ancaq yuxunda görərsən.”

      Halbuki bax mən bütün bu saydıqlarına sahibəm, bunların içində üzürəm..."- deyə cavab verir.

      Qardaşı isə mənalı bir ifadə ilə böyük qardaşına baxır və söylədiyi sözlərə peşman edərcəsinə bu sözlər tökülür qurumuş dodaqlarından:

      “Qardaş, bilirsənmi əslində ikimiz də yuxu görürük - tək fərqimiz, mənim yuxum gözlərimi açanda bitir, sənin yuxun isə gözlərini bağlayanda bitəcək...”

      Yuxulu dünyamızdan yuxusuz dünyamıza oyanıq getmək ümidilə...

      • Hits: 1069 clicks

      Tecox component by www.teglo.info