İlham SOVQATOV / Dünyanın dərdi var...

    PDF faylını alÇapE-poçt

      Share

       

      Allah-Təala dünya həyatını insana müəyyən müddət yaşamaq üçün bəxş etmişdir. Yaşamaq bir nemətdir. Həqiqətən də insanda yaşamaq həvəsi, yaşamaq eşqi var. Çox maraqlıdır ki, hamı ölümdən qaçır, hamı ölümdən qorxur, lakin hamı ölümü dadacaqdır. Dünya həyatı insana cazibəli gəlir, insan dünyadan qopmaq istəmir. Dünya insan üçün çox sevimlidir. Bəs insan dünyaya sevimlidirmi, bax, biz orasını bilmirik.

      Deyirlər ki, hərənin bir dərdi var, dərdsiz adam yoxdur. Əlbəttə, bu dünyanın da dərdi var. Şair Səməd Vurğun “Bakının dərdi var, Bakı xəstədir”- deyirdi. İndi mən də  “Dünyanın dərdi var, Dünya xəstədir!”,- deyirəm. Həqiqətən də uzun bir tarixə sahib olan bu qocaman dünyada nələr baş verdiyini sadəcə bir Allah bilir, bir də dünya özü. Nə cür insanların gəlib getdiyini, bu dünyada yaşadığını da dünya bilir. Bu dünyanın dərdi olmazmı, bu dünya xəstə olmazmı? Dünya haqsızlıqlar yurdudur deyirlər. Dünya nakamların məskənidir. Dünya namərdlərin at oynatdığı yerdir. Bütün bu mənfi xüsusiyyətlər hamısı dünyaya aid edilir. Bəs dünyanın dərdi olmazmı, dünya xəstə olmazmı?.. Məhz buna görə dünyanın dərdi var, dünya xəstədir!

      Dünyada baş verən hadisələrin yükünü kimi daşıyır, tarix boyu qətliama kim şahidlik edir, minlərlə günahsız insanların ölümünü kim görür, diri və ölünü qoynunda kim daşıyır, bütün bu haqsızlıqların məsuliyyətini öhdəsinə götürən kimdir? Təbii ki, bütün bunları görən və hesabını soruşacaq olan Allahdır. Lakin dünya da bütün bunları görür, şahidlik edir. Dünya danışa bilmədiyinə görə dərdini deyə bilmir. Bu səbəblə dünyanın dərdi var, dünya xəstədir!

      Dünya intizardadır, haqqın-ədalətin bərqərar olacağını gözləyir. Dünya həsrətdədir, bir gün belə səadət dolu keçirmək üçün burnunun ucu göynəyir. Dünya darıxır, əsri-səadətdəki o mükəmməl ab-havanın bir daha qayıtmasını istəyir. Dünya kədrələnir, günahsız insanların qətlinin qarşısını ala bilmədiyinə görə. Dünya utanır, çılpaqlığı, pozğunluğu, həyasızlığı aradan götürə bilmədiyinə görə. Dünya məyusdur, insanlar arasında baş alıb gedən xəstəliklərə şəfa ola bilmədiyi üçün. Dünya susur, çünki dünyada müharibələrdə vəhşicəsinə öldürülən insanların harayı, yetim qalmış və öldürülən körpələrin səsi, gözü qarşısında əri və övladı qətlə yetirilən qadınların və anaların ah-naləsi dünyanın səsini batırır. Dünya ağlamır, çünki onun yerinə məzlum insanlar ağlayır. Dünya gülmür, çünki onun yerinə zülmkarlar, zalımlar gülür. Dünya gözünü yumur, insanların bir-birilə necə müharibə etdiyini, bir-birinin haqqını necə yediklərini görməsin deyə. Bəli, dünyanın dərdi olduqca böyükdü, dünyanın dərdi var dünya xəstədir!

      Bütün bunlar dünyanı xəstə edir. Bütün bunlar dünyaya dərd verir. Dünyanı dərdi olmazmı, əlindən dünyasını alıblar. Dünyanın xülyasını, hisslərini, xoşbəxtliyi əlindən qoparıblar. Bəli, dünyanın dünyası yıxılıbdır artıq. Buna görə dünyanın dərdi var, dünya xəstədir!

      “Olmadı sirrin açan sehrli qaldı dünya” deyən şair də dünyanın sirrini axtarırdı. Dünya sirrini vermir, çünki burada gizlin baş verən cinayətlərin üstü açılar. Əgər dünyanın sirri açılarsa, hamı bu dünyadan baş götürüb qaçacaq. Bunun üçün dünyanın dərdi var, dünya xəstədir!

      Dünyan dağılsın, dünya! Sənin nə qədər dərdin var imiş. Neçə-neçə saysız-hesabsız müharibələrə meydan vermisən. Bəli, hamı dünyanı qınayır, hamı dünyanı günahkar hesab edir. Bəs dünya kimi günahlandırsın, kimdən bu olanların hesabını alsın, kimi ittiham etsin, bütün bu haqsızlıqların məsuliyyətini kimin boynuna qoysun? Dünyanın heç kimə gücü çatmır, ona görə dərdi var, dünya xəstədir!

      Dünya bu gün Hz. Muhammədin şəfqətinə, dəvətinə və mərhəmətinə, Hz. Əbu Bəkrin insanpərvərliyinə, Hz. Ömərin ədalətinə, Hz. Osmanın həyasına, Hz. Əlinin elminə, şücaətinə, fərasət və helminə, bir sözlə imana, İslama və haqqa möhtacdır. Elə bunun üçün də dünyanın dərdi var, dünya xəstədir!..

       

      • Hits: 1051 clicks

      Tecox component by www.teglo.info