SORMA HƏR KİŞİNİN ƏSLİN, İZZƏTİNDƏN BƏLLİDİR, SÖHBƏT-İ İRFAN GÖRƏNLƏR XİDMƏTİNDƏN BƏLLİDİR. (Nəsimi)

BİR AYƏ
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!

BİR HƏDİS

Ramazan gəldiyində Cənnət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar dazəncirə vurular (Səhihi Müslim)

BİR SÖZ

Ölümü xatırlamaq tamah atəşini söndürər. (İmam Qəzali)
AXTARIŞ

 

        ÖMRÜN RAMAZAN DAYANACAĞI

Nurlan MƏMMƏDZADƏ


          Xalq şairi Rəsul Rza şeirində belə deyir:
         - Ömür elə bir yoldur ki,
         Tək tərəfli hərəkət onun sərt qanunudur.
         Bəli, ömür bir yoldur. Dönüşü olmayan, tək tərəfli yol. Bu yolda yalnız bir istiqamətdə getmək mümkündür, o da düzünə. Enişi, yoxuşu, əyrisi, düzü var, lakin geri dönüşü yoxdur. Bu yolda dayanacaqlar da var. Bu dayanacaqlar müxtəlif kateqoriyalara görədir. Yaşa görə, yaşanan hadisələrə görə, başa gələnlərə görə və s. Bir də mənəvi cəhətdən dinləndiyimiz dayanacaqlar var. Bəzən uzun görünən, əslində isə qısa olan ömür yolçuluğumuzda yorulan ruhumuzu dinləndirdiyimiz dayanacaqlar. Onu yenidən təravətləndirəcəyimiz, üstünə hopmuş tozu, torpağı silkələyib təmizləyəcəyimiz, sanki bir ağacın altında kölgələnib yola davam edəcəyimiz dayanacaqlar. Təbii ki, bu dayanacaqlar mənəvi ab-havanın, rəhmət və məğfirətin tüğyan etdiyi mübarək gün və gecələrimizdir.
         Bizi Yaradan, yorucu həyat səfərimizdə dayanıb dincələcəyimiz, gəldiyimiz yollara baxıb səhvlərimizi düzəldəcəyimiz, gələcək günlərimizə qüsursuz, yanlışsız başlamamız üçün götür-qoy edəcəyimiz günlər vermişdir bizə. Hər biri sözünü etdiyimiz dayanacaq misalı. Rəhmətinin bərəkətiylə on iki aylıq bir ilimizin üç ayını məğfirət və mərhəmətlə doldurdu. Bu üç aylar nəfsimizi hesaba çəkəcəyimiz, bəzi vərdişlərdən xilas olmaq üçün xüsusi imkanların verildiyi, mənəvi kamillik yolunda inkişafımıza təkan verən təmrinlərin təqdim olunduğu sanki özəl sanatoriya rolunu oynayır bizim üçün.
         Haqq-Təala zalım və cahil olan insan oğluna zaman-zaman yeni fürsətlər verir. Üç aylar girdikdə vicdanımızın səsi “özünə gəl” deyə pıçıldayır qulağımıza. Sonra Rəqaib gecəsində bir daha təkrar edir. Ardınca Merac gecəsi gəlir. Haydı özünü, nəfsini, ruhunu təmizlə, paklanmış alnını səcdəyə qoy. O səcdə ki, qulun meracıdır, Rəbbə ən yaxın anıdır. Pak olana pak getmək gərək... Sonra Şaban ayının 15-ci gecəsi qarşılayır bizi... Bərat gecəsi... İçimizdən bir səs nəbəvi müjdəni pıçıldayır bizə: “Bəni-Kəlb qəbiləsinin qoyunlarının tükü sanı insan bağışlanır bu gecə, sən də onlardan biri ol. Günahları bağışlanan bəxtiyarlardan biri də sən ol bu gecə. Fürsəti qaçırma. Bəlkə də bu il ömür yolçuluğunda son dayanacağındır. Rəbbinin əmriylə növbəti ildə ömrünü, ruzini, sevinc və kədərini yazan mələklər bu dəfə səni yazmaya bilərlər. Elə isə bu həyatı son fürsət bil günahlardan bəraətinə.” Sonra davam edir içimizdən gələn səs: “Bu ilin Ramazan yolçuluğunda son dayanacaqdasan. On beş gün dayanmadan gedəcək yolun qaldı. İki həftə sonra on bir ayın sultanına qovuşacaqsan Allahın izniylə. Bərat dayanacağında ruhunu yaxşı dinləndir, qidasını yaxşı alsın ki, Ramazana yorğun çıxmasın. Çünki Ramazan ciddi hazırlıq tələb edən mənəvi təkamül ayıdır, kamillik məktəbidir.”
         Və budur Ramazan...
         Allahın bərəkətinin, məğfirətinin dolub daşdığı sahur və iftar vaxtları, insanı gecə ibadətinə alışdıran təravihlər, əhya gecələri, Quran qiraəti ilə ruhumuzun dirilik tapacağı bir ay. İlahi vəhyi sanki yeni nazil olurmuş kimi oxuyacağımız günlər və gecələr. Çünki bəşəriyyətin qurtuluş yolunu göstərən Quran məhz bu ayda nazil olmuşdur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir.” (əl-Bəqərə, 185)
         Görəsən Rəsulullahın “Oruc qalxandır” deyərək sipərə bənzətdiyi orucu bu il necə tutacağıq? Bizi günahlardan qoruyan bir oruc keyfiyyətində tutsaq cəhənnəm oduna da qalxan olacaq bizim üçün. Yoxsa Rəbbimizin ac qalmağımıza heç bir ehtiyacı yoxdur. İmam Qəzalinin çoxlarının bildiyi məşhur bir nəsihəti var: “Qıldığın namazı son namazın bil! Başının üstündə ölüm mələyi, önündə sirat...” Elə isə builki Ramazanı da eyni şüurla keçirək. Bu Ramazan sanki son Ramazanımızdır.
         Tutduğumuz orucun haqq və hüquqlarına riayət edək. Yaşadığımız günləri lehimizə çevirək. Rəsulullahın hədisi-şərifində oruclular üçün müjdələdiyi, cənnətdəki Reyyan qapısı üzümüzə açıq olsun. Allah Rəsulunun “Ramazana yetişdiyi halda günahları bağışlanmadan bu ayı başa vuran kəsin burnu yerlə sürtünsün!..” xəbərdarlığını da unutmayaq. Elə isə gəlin bu Ramazandan bağışlanmış bir qul olaraq çıxmağa niyyət edək.

 

 


Məqalə Oxunma Sayı dəfə oxundu