İRFANDAN
Əziz İrfan oxucusu!
2010-cu ilin ikinci ayını sizinlə paylaşmaqdan böyük sevinc duyuruq. İlin əvvəlində başlatmış olduğumuz abunə kampaniyasının bütün Azərbaycana səs salması və gündən-günə abunəçilərimizin sayının artması həqiqətən də sevindirici haldır. Çixdığımız yola sizinlə davam etməkdən qürur duyuruq. Dəstək olduğunuz üçün təşəkkür edirik. Oxucu tələblərini nəzərə alaraq kampaniyamızı bu ay da davam etdirmək qərarına gəldik.
Əziz oxucu!
Yer üzünü abad etmək və Uca Yaradanın xəlifəsi olmaq üçün yaradılan insan varlıqlar içində öz xüsusiyyətləri və keyfiyyətləri ilə seçilir. İnsan oğlu sahib olduğu ağıl neməti ilə yaxşıların yaxşısı da ola bilər, ən rəzil varlıq da. İnsanlıq keyfiyyətini qoruyub saxlaya bilmək üçün Yaradanın qoyduğu qanunlar çərçivəsindən kənara çıxmamaq, əmr ediləni yerinə yetirmək böyük əhəmiyyət kəsb edir.
İnsanın sahib olduğu yüksək mərtəbəsinin əlindən çıxmasına zəmin yaradan ünsürlərdən biri də pis vərdişlərdir. Pis vərdişlər, işlənə-işlənə insanı günah bataqlığına sürükləyən, onun şəxsiyyətini zədələyən xərçəng xəstəliyi kimidir. Məhz elə buna görə də “Qumar ruhun xərçəngidir” deyilmişdir. Təkcə qumar deyil, onun kimi zərərli olan hər vərdiş, içki, uyuşdurucu maddələr, daha nələr, nələr... hər biri əşrəfi-məxluqat olan insanı Haqqa gedən yoldan uzaqlaşdıran, onun mənəviyyatına ağır zərbə vuran günahlardandır. Biz də bu sayımızda oxucu diqqətinizi pis vərdişlərə çəkmək və məsələnin nə qədər təhlükəli olduğunu bir daha xatırlatmaq istədik.
Bu sayımızda bir-birindən maraqlı yazılarla görüşünüzə gəldik. İlk səhifədə qarşılaşacağınız “Günaha açılan qapı...” başlıqlı yazı ilə şeytanın insan oğlunu günaha sürükləmək üçün qurduğu tələlər: pis vərdişlər haqda oxuyacaqsınız. Jurnalımızı oxuduqca görəcəksiniz ki həqiqətən də “Pis vərdişlər ömrü hədər edər”. “Rəbbinə yönəl” adlı məqalə ilə pis vərdişlər qarşısında Rəbbə yönələrək günahdan uzaqlaşa bilməyin sirrini öyrənəcəksiniz. Bu mənada “Düşmənimizi yaxşı tanıyaq” yazısının da yerində seçilmiş olduğunu fərq edəcəksiniz. Həmçinin möhtərəm yazarın qələmə almış olduğu “Yaradandan ötrü yaradılana mərhəmət” yazısı şüurumuza günahkar da olsa hər bir məxluqun mərhəmətə ehtiyacının mövcudluğunu yerləşdirəcək. Qumar və içki kimi pis vərdişlərə aludə olanlara qarşı kin bəsləməməli olduğumuzu, nifrətimizi günahdan günahkara əks etdirməyin səhv olduğunu anlayacaqsınız. Sizin üçün xüsusi bir müsahibəmiz də var. “İrfan” oxucularının da sevə-sevə oxuyaraq yaxından tanıdığı“Nazənin güllər” kitabının müəllifi Adem Saraç bəydən reportaj aldıq. Onu da sizə təqdim edirik. Jurnalımızın hər keçən gün irəli getdiyini görmək hamımızı sevindirir. Təbii ki, bunda sizin də rolunuz əvəzsizdir. Bizim nailiyyətimiz sizinlə olmaqdır.
İrfanla irfana doğru...
|