Qələmlə Bütünləşmək

Qələmlə Bütünləşmək

Qələmlə yazmaq...

Bu gün artıq göz ardı edilən, bəlkə də zaman gələcək nə olduğunu kitablardan

 oxuyacağımız bir iş. Görəsən qələmlə yazan neçə yazar qaldı yer üzündə? İlk məktəb illərində sinif müəlliməsinin əlimizdən tutaraq yazdırdığı “A” hərfinə bənzəyirmi görəsən kompyuterimizin klavyasında üstünə basdığımız “A” düyməsi? Birində robotlaşma, digərində fitri bir hərəkət. İlkin mərhələdə düz xətlər, dairələr çəkərək əlimizi alışdıra-alışdıra yazdığımız ilk hərflər, hərflərin meydana gətirdiyi sözlər və cümlələr... Sanki alın təriylə daşı daş üstünə qoyub divar ucaldan, bir şeylər ortaya qoyan bənna işinə bənzər. Qələmlə yazıda insan əməyi varkən digərində yox deyəcək qədər az, bəlkə o da yox. Qələmlə yazıda kağızla birbaşa təmas varkən, əlimizdən qələmə sirayət edən daxili enerji varkən digərində monitor lampalarının hərarəti hakimdir. Qələm daha fitri, daha cazibdir məncə. Allah da qələmə və qələmin yazdıqlarına and içir uca kitabında. Digər tərəfdən Quran da bir kitabdır və kitab demək qələmlə yazılmış deməkdir. Təsadüfi deyil ki, qələmlə ilk dəfə yazı yazan da bir peyğəmbər olmuşdur: İdris əleyhis-salam. Allah insan oğluna faydalı olan bir çox şeyi məhz Peyğəmbərlərinə öyrətmiş və onlar vasitəsilə bəşəriyyətə çatdırmışdır ki, qələmlə yazı yazmaq da bu kimi işlərdən biridir.

Bu gün qələmlə yazan yazarlar olmasa belə, əsərlərindən bəhs edərkən “filan yazıçının qələmindən çıxıb” ifadəsini işlədirik. Qələmlə yazmasaq da qələmə olan möhtaclığımız imza atarkən göstərir özünü. Bəlkə son dövrlərdə demək olar ki, hər kəsin oxumağa bu qədər biganə yanaşmasına yazarların qələmdən üz çevirməsi səbəb oldu? Bu mənada qələmlə yazılan yazını ana südü ilə böyüyən körpəyə bənzədirəm. Digərini isə süni uşaq yeməkləri ilə böyüyən zavallı körpəyə. Yazılan yazılar da qidalanır əslində. Təbii şəkildə yazılması, yazarın daxilindən gəlməsi onun qidası deyilmi? Ən əsası isə yazılanların yazar tərəfindən yaşanan şeylər olmasıdır. Doğrudur, bu gün daha çox İslami sahədə yazılanlarla yaşananlar arasında zidliklərin olması faktı kitabların, əsərlərin oxunmaz hala düşməsinə təkan verir. Amma bir az gerçəkçi olaq bəlkə?! Onsuz da, möhtərəm bir zatın dediyi kimi nəfsi təzkiyədən keçməmiş hər kəs maskalanmış deyilmi? Məncə məsələ təkcə yazarın yazdıqları ilə yaşadıqları arasındakı ziddiyyət deyil. Gözardı etdiyimiz başqa şeylər də var sanki...   

Rəvayətə görə məşhur bir İslam alimi kitablarını yazarkən istifadə etdiyi qələmlərin yonqarını yığıb saxlayırmış. Ölüm ayağında ikən tüklər ürpərdici bu vəsiyyəti edir: öldükdən sonra məni yuyacağınız suyu həyatım boyu İslama xidmət üçün yazdığım əsərlər üçün işlətdiyim qələmlərin yonqarı ilə isidin... Bu vəsiyyətdə bir çox məna gizlidir. Bununla alim əsərlərinin özünə şəfaətçi olmasını da istəmiş ola bilər, müqəddəs amala xidmət edən qələm artıqlarının lüzumsuz yerlərə atılmasına könlü razı olmadığı üçün də belə bir addımı atmış ola bilər. Bizim burada gəldiyimiz acizanə qənaətsə bir az başqadır: Qələmlə yazar ömrü vəhdət təşkil edir. Birinin yoxluğu digərinin yoxluğunu labüd qılır.

Qələm tükənən insan ömrünü çağrışdıran varlıqlardan biridir. Ən az xəzan olub tökülən çinar yarpaqları və qum saatı qədər. Qələmdə tükənmə var, bitmə var. Bu üzdən insan ömrünə bənzər. Kimi tez tükənər, kimi bir az gec. Kimi insanca yaşar, kimi şeytanca. Kimi böhtan, yalan, iftira yazar, kimi gerçəyi. Kimi nəfsə xidmət edər, kimi Haqqa çağırar. Qələmin də qədərində insanlar kimi xeyirlə bərəkətlənmə və ya hədər olub getmə vardır. Bir də dostumun dediyi kimi, qələmi qəlbi ilə tutanlar vardır, hər şeyə səthi yanaşmanın hakim olduğu zamanımızda. Onlar əllərindəki qələmi Allahın Quranda and içdiyi qələmdən bir cüz halına gətirənlərdir.

PAYLAŞ:                

Nurlan MƏMMƏDZADƏ

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz