Qarabağın incisi Şuşa

Qarabağın incisi Şuşa

Şuşa - xəyalların, röyaların, arzuların şəhəri...

Həsrət yüklü şeirlərin, qüssələrin şəhəri...

Mədəniyyətin, zərafətin, şəhərlinin şəhəri...

Şuşa - şəhərlərin şəhəri...

Şuşa şəhərinə təriflər düzməyimin səbəbi nə mətnimi pafoslandırmaq, nə də Şuşaya əlavə çalar yapışdırmaq, onda olmayan müxtəlif bərbəzəkli donlar geyindirməkdir. Şəhər, memarlıq və tarixə dair kitab və məqalələr oxuyan, müəyyən qədər təbiətin füsunkarlığından zövq alan şəxslər tərənnümlərimi anlamaqdan ziyadə Şuşaya aid düşüncələrimi bir gözəlləmə kimi yazmağımı gözləyər, istəyərlər.

Bəs Şuşanı dəyərli edən nədir?

Bu suala cavab verərkən fikirlər tarixi müstəvidən daha çox memarlıq və şəhər perspektivindən şəhər ənənəsinə sadiq qalaraq dilə, qələmə gəlməlidir. Şuşanı dəyərli edən onun nizamlılığıdır, şəhərləşmə strukturudur, memarlığıdır, şəhərsalma qayəsidir. Yaxın tarixə nəzər saldıqda ölkəmizdə təməli şəhər kimi atılan bir neçə şəhər var. Bunların sırasında Yevlax, Şirvan, Mingəçevir və Sumqayıt şəhərlərini göstərə bilərik. Əgər bu siyahıya diqqət yetirsək, Şuşa ilə əsas fərqlərini asanlıqla müşahidə edə bilərik. Sadalanan şəhərlər sırasına əlavələr də edə, həmçinin tarixi Şuşaya nisbətlə daha qədim şəhərləri də nümunə olaraq qeyd edə bilərik, ancaq düşünürəm ki, vurğulayacağım nüans fikrimi çatdırmağa kifayət edəcəkdir. İlk çağdan başlayaraq insanlar şəhərsalmanı tədricən həyata keçiriblər. Həyatda qalmaq məqsədi ilə zaman-zaman yaşayış məntəqələri genişlənib, ətrafına müdafiə istehkamları qurulub, divarlar hörülüb və daxilində toplum halında yaşamaq üçün müəyyən ümumi obyektlər tikilib. Dövlətçilik ənənəsi gücləndikdən sonra şəhərlərin inkişafı tələbatdan yox, hökmdarların, şahların arzularından qaynaqlanırdı. Yeni dövrdə - sənaye inqilabının başlamasından etibarən isə sənaye şəhərləri salınmağa başladı.

Azərbaycandakı şəhərlərin çoxu qədim tarixə söykənən, insanların məqsədyönlü şəkildə birgə yaşayışından qaynaqlanan şəhərlərdir. Daha sonra isə müəyyən qrupların bir yerdən başqa əraziyə köçürülməsi ilə köç şəhərləri salınıb. Sovet Rusiyası dövründə sənayenin inkişafı üçün Azərbaycanın ilk şəhərinin (Sumqayıt) əsası qoyulur. Bu şəhərlər sırasında köç və sənaye məqsədli şəhərlər şəhər mədəniyyəti formalaşdıra bilməmişdir. Birinci qeyd etdiyimiz ənənəvi şəhərlər tarixi kökə sahib olduğu üçün kifayət qədər yaddaşa malik olur və istər-istəməz özündə mədəniyyəti ehtiva edir. Davamlılıq hər zaman kəmiyyətdən keyfiyyət ərsəyə gətirir. Şuşa Azərbaycan şəhərləri tarixində yeni bir başlanğıcın əsasıdır. Şuşa xəyal və arzuların müqabilində salınan şəhərdir. Zərafəti, kübarlığı, eliti, mədəniliyi və şəhərliliyi özündə birləşdirən şəhərdir.

Şuşa şəhərinin əsası 1752-ci ildə türk soyu olan Cavanşirlər sülaləsindən Pənahəli xan tərəfindən qoyulur. Pənahəli xan Qarabağ xanlığının paytaxtını Şuşa şəhərinə köçürür və şəhər həmçinin Pənahabad olaraq da adlandırılır. Pənahəli xan bilərək və ya bilməyərək, metafizik bir məkanda - dairəvi formada[1] olan bir ərazidə şəhər salmaq qərarına gəlir. Təbii ki, xan bu ərazinin keçilməz, tikdirəcəyi qala divarlarının aşılmaz olacağını bilirdi. Tikinti 3 dövrdə tamamlanır: Birinci mərhələdə 9 məhəllə salınır və Yuxarı məhəllə adlandırılır; ikinci mərhələdə 8 məhəllə salınır və Aşağı məhəllə adlandırılır; son mərhələdə isə şəhər tikintisi tamamlanır. Şuşanın 17 məhəlləsinin hər biri nizamla salınır,  hər birində məscid, hamam və bulaq tikilir. Şuşa iqtisadi cəhətdən ətraf bölgələr içərisində mərkəzə çevrilir. Planlı şəkildə salınan Rastabazar adlanan bazar meydanı həm Şərq, həm də Qərb tacirlərinin daimi məkanlarından birinə çevrilmişdi.

Şuşa istər Çar imperiyası, istərsə də Azərbaycan cümhuriyyətinin süqutundan sonra yaradılan SSRİ dövründə öz mahiyyətini qoruyub saxlamağı bacarır. Baxmayaraq ki, şəhər XX əsrin əvvəllərindən etibarən dəfələrlə yandırılmağa cəhd edilib, dağıntılara məruz qalıb. Yeni salınmasına baxmayaraq Şuşa mədəniyyət şəhəri olduğunu isbat edə bilir. Belə ki, şəhərdə məhəllə saylarından çox kitabxana var idi. Bunlarla yanaşı, çox sayda mədəniyyət evləri, teatrlar, musiqi məktəbləri, sonralar isə muzey və ev-muzeyləri ilə zənginləşdirilmişdir.

Şəhəri qiymətli edən onun mədəni keyfiyyətidir. Bir zamanlar Şuşanı “Kiçik Paris” adlandırırdılar. Təbii ki, bu ifadə əbəs yerə hallandırılmayıb. Şuşa qısa zaman ərzində Əhməd bəy Ağaoğlu, Hilal Münşi, Hüseyn Baykara[2], Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski kimi mütəfəkkirlər, şair və yazıçılar, rəssamlar, musiqiçilər yetişdirib. Şuşa mədəniyyət mərkəzi olaraq muzey şəhər təəssüratı bəxş edirdi. Ənənəni qoruyub saxlayan şəhər bu keyfiyyətinə müvafiq fikir adamları yetişdirirdi.

Erməni işğalı nəticəsində dağıntılara məruz qalan Şuşanın yenidən bərpasının şəhərin ənənəsini qoruması ümidi ilə...

[1] İnsanların yaşamaq üçün istifadə etdikləri evlərin ilkin formaları və birgə yaşayış yerləri dairəvi formada olmuşdur.

[2] Hilal Münşi – Hilal Münşizadə, Hüseyn Baykara – Qara Hüseynbəyli

Qeyd: Şuşa ilə bağlı daha geniş məlumat üçün Nazim Məmmədovun “Azərbaycan Respublikasının Şuşa şəhərinin tarixi”, Çingiz Qacarın “Köhnə Şuşa” kitablarını oxuya bilərsiniz. Kitablar https://www.ebooks.az/ internet portalında elektron şəkildə mövcuddur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz