ONLARIN ƏLİNDƏN TUTAQ!

ONLARIN ƏLİNDƏN TUTAQ!

Hər gün bir az daha kapitalistləşən dünyada get-gedə bəzi dəyərlərin aşındığını, gözardı edildiyini müşahidə edirik. O dəyərlər ki, millətlərin, xalqların milli-mənəvi kimliyini formalaşdıran vazkeçilməzlərdir. Zamanın və şərtlərin dəyişməsilə ən çox zərərə məruz qalan dəyərlərimizdən biri də ailə və “Övlad tərbiyəsi”dir. İlk növbədə qeyd edək ki, tərbiyə məfhumu kainatın yaradıcısı olan Uca Allahın bütün məxluqata qoymuş olduğu bir qanunauyğunluqdur. Təbiətdə yeni yumurtadan çıxmış bala quşların və ya yeni doğulmuş heyvanların öz analarını təqlid edərək tərbiyə olunduğunu, ananın da öz hərəkətləriylə tərbiyəçilik vəzifəsini yerinə yetirdiyini görürük. Sünnətullah – ilahi qanunauyğunluq gərəyi dünyaya insana xidmət etmək missiyasıyla gələn heyvanlar belə tərbiyə olunursa, təlimə tabe tutulursa, dünyada ilahi fərmanı bərqərar etmək üçün yaşayan, əşrəfi-məxluqat olan insan övladının tərbiyəyə nə qədər möhtac olduğu göz qabağındadır. Bu gün uşaqlaırn təlim-tərbiyəsinin hansı səviyyədə aparıldığını öyrənmək üçün ailələrə baxdıqda qorxunc bir mənzərə ilə qarşılaşırıq. Valideynlər daha çox işləyib ailənin maddi rifah səviyyəsini yüksəltməyə çalışarkən bir tərəfdən də yetişməkdə olan uşaqlarının tərbiyəsində səhlənkarlıqlara yol verirlər. Tez-tez ailəvi-tərbiyəvi jurnallarda rastladığımız kiçik bir hekayəciyi burada ixtisar edərək sizinlə paylaşmaq istəyirəm: Ata işdən evə gəldikdə oğlu onu qapıda qarşılayır. “Ata mənə iki manat ver!” Bu istəyi geri çevirməyən ata istənilən məbləği verir. Bir müddət sonra uşaq “Ata, bir saatda nə qədər pul qazanırsan?” –deyə soruşur. “Dörd manat oğlum!” Və bu zaman uşaq yastığının altından iki manat da çıxararaq az əvvəl atasının verdiyi iki manatın üstünə qoyub, deyir: “Ata, bir saatını mənə ayırarsanmı?” Nə qədər ibrətli deyilmi? Öz əyləncəmizə və işimizə bu qədər vaxt ayırarkən görəsən onlarla nə üçün maraqlanmırıq.

Bu gün minlərlə, on minlərlə, ailə başçısını göstərmək olar ki, övladının tərbiyəsinə vaxt ayırmır. Bir böyüyümüzün dediyi kimi “Küçələrin insafına tərk edilmiş uşaqlar” artıq cəmiyyətimizdə adi hal kimi qarşılanır. Uşağı sərbəst yetişdirmək adına ərköyün böyüdülən məsum körpələr zaman keçdikcə heç kimi bəyənməyən, yalnız özünü düşünən, milli-mənəvi dəyərlərdən yoxsul, eqoist gənclərə çevrilirlər. Bütün günü televizorla, internetlə baş-başa qalan övladlarımız artıq yad ünsürlərin təsiri ilə özümüzə asi olurlar. Teleseriallar hansısa mədəniyyəti aşılayarkən əsrlərin süzgəcindən süzülüb saflaşaraq bugünümüzə gəlib çatan dəyərlərdən yoxsul böyüyürlər. Öz milli kimliklərinə yadlaşırlar. Bu yaxınlarda rastlaşdığım bir tanışımın dediklərini burada sizinlə paylaşıram: “Uşaq yaşlarımdan hind filmlərinə o qədər baxmışdım ki, özümə onların sitayiş etdiyi bütə bənzər kiçik heykəllər almaq istəyirdim.” Uşaqlaırn şüuraltında bu kimi şeylərin yerləşməsi nə qədər də acınacaqlı haldır.

Bir zamanlar bəzi toplumlarda qız uşaqları diri-diri torpağa basdırılıraraq öldürülürdü. İndi övladlarımızı basdıraraq öldürmürük, amma demək olar ki, onları hər gün yenisi düzənlənən “star” olma yarışmalarına sövq edərək və ya iştiraklarına mane olmayaraq mənən öldürürük. Əvvəllər çuxura atılaraq öldürülən körpələrin yerini indi dırnaqarası mədəniyyətin, sənətin, şan-şöhrətin, modanın zirvəsinə qaldıraraq oradan aşağı yuvarlayaraq öldürdüyümüz gənclər tutur. Bütün bunlara dur deməyin vaxtıdır. Onlar bizim göz bəbəyimizdir. İnsan heç göz bəbəyini oda atarmı? Uşaq sahibi olmayan neçə-neçə ailələrin nə qədər məsrəflər edərək hər yola baş vuraraq övlad sahibi olmaq istəyini görürük. Övlad dünyaya gətirmək üçün çırpınan insan oğlu bəs nə üçün dünyaya gətirdiyi övladını doğru istiqamətləndirmir, göz görə-görə axirət dilənçisinə çevirir? Halbuki əsas məsələ onların ölümdən sonra yeni həyata göz açmalarını təmin edə bilməkdir. Allah-Təala müqəddəs kitabımızda: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır.” –buyurur. (ət-Təhrim, 6) Baxaq görək, Rəbbimizin bu əmrinə nə qədər əməl edə bilirik.

Hər birimiz onların əlindən tutmalı, dost, sirdaş, yoldaş olmalıyıq. Axı onlar bu dünyada bizə əmanətdirlər. Əmanəti zay etsək, sabah qiyamət günündə əmanət sahibi olan Allahın hüzuruna nə üzlə çıxacağıq?

Qurani-Kərimdə Hz. Loğmanın oğlunu qarşısına alaraq ona dünyada və axirətdə faydalı olacaq əməlləri tövsiyə etdiyini oxuyuruq. Bu, hər birimizin örnək alacağı bir xüsusdur. Gəlin düşünək, ən son nə zaman onlara valideyn nəsihəti verdik? Və ya Hz. İbrahimin oğlu İsmayılla Kəbəni inşa etdiyini oxuyuruq. Bəs biz ən sonuncu dəfə hansı xeyirxah işdə, saleh əməldə övladımızla birgə iştirak etdik? Elə isə gəlin onları qarşımıza alıb həyatı başa salaq, əllərindən tutub özümüzlə birlikdə ibadət üçün getdiyimiz məscidlərə aparaq, bir xeyir iş gördükdə bunu görmələrinə şərait hazırlayaq. Sədəqə verərkən yanımızda olmalarına çalışaq. Qoy onları televizor, internet yox, biz tərbiyə edək. Əslində xoşbəxt insanlarıq ki, önümüzdə uşaq tərbiyəsi və insan yetişdirmək baxımından ən gözəl müəllim örnəyi olan bir Peyğəmbər var. O Peyğəmbər ki, Hz. Əlini, kiçik Həsənlə Hüseyni, Üsaməni, Zeydi, Ənəs bin Maliki, Abdullah bin Öməri, Ümaməni, Cəmrəni, Abdullah bin Abbası (Allah hamısından razı olsun) ən gözəl şəkildə yetişdirmiş və insanlığa ərməğan etmişdiр.

Gəlin, enişli-yoxuşlu bu həyat yollarında onların əlindən tutaq!

PAYLAŞ:                

Nurlan MƏMMƏDZADƏ

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz