NƏSİL ƏMANƏTİ

NƏSİL ƏMANƏTİ

Bu dünyada şüurlu şəkildə nəsil artırmaq qabiliyyəti yalnız insana verilmişdir. İnsan soyunun ülvi kriteriyalarla davam etməsi üçün Rəbbimiz nikah şərtini qoyaraq övladlarımızı ailə yuvasında dünyaya gətirməyi əmr etmişdir. Nəsillərin davam etməsi insan soyunun qiyamətədək öz varlığını qoruması deməkdir. Əlbəttə ki, nəsillərin qorunması sadəcə insan oğlunun bioloji varlıq kimi həyatını davam etdirməsi mənasına gəlməməlidir. Nəsillərin qorunması əsas etibarı ilə ilk insan olan Adəm peyğəmbərin özü ilə yer üzünə gətirdiyi və insanı insan edən, ona dəyər qatan varlıq mayasını, ilahi nəfəsi qorumaqla mümkündür. İnsanı bu dünyada digər bioloji varlıqlardan ayıran əsas ünsür Uca Yaradanın ona öz ruhundan üfürdüyü varlıq nəfəsidir. Yer üzündə Allahın xəlifəsi olmaq bu nəfəsi qoruyub nəsillərdən-nəsillərə ötürmək sirrinə bağlıdır.  

Bəqərə surəsinin 205-ci ayəsində Rəbbimiz yer üzündə hökmran olacağı zaman fitnə-fəsad çıxaracaq insanların varlığından xəbər verir: “O kəslər ki, hakimiyyəti ələ keçirdikdə yer üzündə fəsad çıxarıb əkini və nəsilləri yox etməyə çalışarlar…” Quran bizə qorumağa çalışdığımız insan soyunu məhv etmək üçün əlinə keçən hər fürsətdə dünyanı fəsada sürükləyən insanlardan bəhs edir. Bəli, bu gün insanlığı məhv etməyə çalışan və bunun yolunun nəsilləri pozmaqdan keçdiyini dərk edənlər var. Bir tərəfdən dünyanın müxtəlif bölgələrində müharibə ocaqlarını alovlandıraraq, göydən bombalar yağdıraraq insanlığı məhv edənlər eyni zamanda mənəviyyatımızı, əsrlərin sınağından çıxaraq günümüzə qədər gələn dəyərlərimizi aşındırmaq surətilə insanlığı pozmağa çalışırlar. Gəncləri geriqalmışlıq damğası vurduqları mental dəyərlərdən və dindən soyutmağa, sərbəstlik bəhanəsi ilə deizm və ateizmə sürükləməyə, Allaha qulluq şüurunu əsarət sayaraq nəfsani həyata alışdırmağa çalışırlar. Bu gün gənc nəsilləri nümunə götürüləcək ərdəmli insanlardan uzaqlaşdıraraq, əvəzində yanlış modellər təqdim etmək surətilə istədikləri əxlaqsızlığı yaymağa çalışan qurumlar var gücləri ilə fəaliyyət göstərir. Təssüflər olsun ki, feminizm və LGBT kimi pozğun təmayülləri reklam edərək xəstə ruhlu insanların həyat tərzini gənclərə normal göstərməyə, dırnaqarası demokratiya prinsiplərinə söykənərək hər cür tüfeyli həyat tərzini xoş göstərməyə çalışırlar. Qurmaq istədikləri yeni dünya sistemində ağsaqqal nəsihəti öz yerini istehlak, israf və çılğınlığı təlqin edən reklamlara verir. Beləliklə, şeytanın pıçıltısını eşitdirə bilmək üçün ruhumuza qənaəti və müvazinətli həyat tərzini təlqin edənləri həyatdan çıxarmağa çalışırlar.

Elə isə nə etməli? Hər şeydən əvvəl insanın yarandığı gündən bəri var olan xeyir və şər mübarizəsində öz səfimizi bəlli etməli, nəsilləri pozmağa çalışanlara qarşı dik durmağı bacarmalıyıq. Dünyanı şəhvət və nəfsaniyyət bataqlığına çevirən, sonu cəhənnəmə aparan yollardan uzaq durmalı və bizə əmanət edilən nəsillərimizi də bu yoldan çəkindirməliyik. Çünki Qurani-Kərim iman edənlərə belə səslənir: “Ey iman gətirənlər! Özünüzü və ailələrinizi yanacağı insanlar və daşlar olan oddan (cəhənnəmdən) qoruyun!..” (ət-Təhrim, 6) Nə qədər ki, gec deyil, nə qədər ki, nəfəs alıb-veririk əlimizdən gələni etmək məcburiyyətindəyik. Övladlarımızın qəlbinə gedən yolu tapıb onların əlindən tutmalı, enişli-yoxuşlu həyat yolunda yalnız buraxmamalı, istiqamətdən ayrılaraq yoldan çıxmalarına imkan verməməliyik. Yerinə görə nəsihətlə, yerinə görə nümunəvi davranışlarla, yerinə görə sevdirərək oxudacağımız bir kitabla İslamın bizdən istədiyi şəxsiyyət kimi formalaşmalarına dəstək olmalıyıq. Ən böyük hədəfimiz onları kitabımız Quranla dost, öndərimiz Hz. Muhammədlə tanış etmək olmalıdır. Dünya və axirət səadətini əldə edəcək nəsil qayğısı yuxumuzu qaçırmalı, ən böyük dərdimiz bu olmalıdır. Türk dünyasının məşhur şairi, düşüncə insanı Necip Fazıl necə də gözəl ifadə edir: “Tumurcuq dərdi olmayan ağac odundur”. Vicdanımızla baş-başa qaldıqda bu sualı özümüzə verməliyik: görəsən, tumurcuq dərdimiz varmı? Dünyada xoşbəxt həyat sürmələri üçün gecəmizi gündüzümüzə qatdığımız övladlarımıza əbədi həyatı qazanacaqları bir miras qoya bilirikmi? Qarınlarını doydurmaq üçün çalışdığımız qədər qəlblərini və zehinlərini də doydurmağa çalışırıqmı?

Uzaq Şərqin müdrik Konfuçyüsü həyat planlamasını belə sıralayırdı: “Əgər bir illik plan qurursunuzsa, düyü əkin. Planınız on illikdirsə, ağac əkin. Yox əgər yüz illik plan qurursunuzsa, uşaq tərbiyə edin!”. Bu fikirdən yola çıxaraq əbədi həyat planı quranlar övlad tərbiyəsinin, nəsil yetişdirməyin nə qədər əhəmiyyətli olduğunu daha yaxşı anlayacaqlar.

Allah-Təala Qurani-Kərimdə: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcələr və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” deyə dua edənlərdən xoşnudluqla bəhs edərək bizə bir dua nümunəsi öyrədir. Əslində burada bizə sadəcə dua nümunəsi deyil, eyni zamanda göz nuru olacaq nəsillər yetişdirmək də təlqin olunur. Elə isə göz nuru olacaq nəsillər yetişdirmək üçün əlimizdən gələni edib Rəbbimizə dualarla bu xeyir işi taclandırmalıyıq. Müttəqilərə imam olmaq təmənnası ilə...     

PAYLAŞ:                

Nurlan MƏMMƏDZADƏ

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz