MƏNƏVİ SÜFRƏDƏ YERİNİ AL!

MƏNƏVİ SÜFRƏDƏ YERİNİ AL!

Varlığı maddə və mənadan ibarət olan insan oğlu yaşadığı müddət ərzində hər iki yönünü, yəni maddi varlığı ilə yanaşı mənəviyyatını da canlı tutmaq məcburiyyətindədir. Çünki insanı digər canlılar kimi bioloji varlıq olmaqdan çıxararaq onu əşrəfi-məxluqat səviyyəsinə yüksəldən sahib olduğu mənəvi yönləridir. Uca Yaradanın biz bəndələrinə əmr etdiyi ibadətlər mənəvi varlığımızı diri tutmamıza vəsilə olan müstəsna qulluq təzahürləridir. Əlbəttə ki, İslamın beş şərtindən biri olan oruc ibadətinin də böyük fəzilət və əcrlə yanaşı insana qazandırdığı bir sıra xüsusi keyfiyyətlər var. Bu bir həqiqətdir ki, gün ərzində könüllü olaraq maddi qidalardan imtina edən insan maddi varlığından sıyrıldıqca mənəvi duyğuların atmosferinə düşər və yaşadığı ruhani iqlimin tərifəsığmaz həzzini dadar. Yaşanan duyğu və hissiyyatın dərinliyi nisbətində qarşısında geniş bir təfəkkür üfüqü açılar. Məhz bu təfəkkür üfüqünü seyr edə bilənlər ilahi kitabımız Qurani-Kərimi daha dərindən idrak etmə şərəfinə nail olarlar. Unutmamaq lazımdır ki, elə ilk vəhyin gəlişi də Hz. Peyğəmbərin maddi nemətlərdən uzaqlaşaraq günlərlə, həftələrlə Hira mağarasında inzivaya çəkilməsindən sonra baş vermişdir.

Ömrünü Qurana kölə edən Həzrət Mövlana hikmət dolu beytlərinin birində on bir ayın sultanı mübarək Ramazani-Şərifin gəlişini belə xəbər verir:

Ramazan gəldi, artıq maddi qidalardan əlini çək ki, səmadan sənə mənəvi ruzilər nazil olsun. Bu ay könül süfrəsinin açıldığı bir aydır. Bədənin işlədiyi xətalardan qəlbin xilas olduğu aydır. Könüllərin eşq və imanla dolduğu aydır”.

Bəli, bəşəriyyətin islahı üçün hər il təkrar-təkrar qapıları döyən Ramazan ayı əslində Rəbbimiz tərəfindən bizim üçün açılan mənəvi bir süfrədir. Bir-birindən ləziz nemətlərlə dolu olan bu mənəviyyat süfrəsinin ən böyük neməti də heç şübhəsiz ki, ilahi kəlam olan Qurani-Kərimdir. Allah-Təala Bəqərə surəsinin 185-ci ayəsində Ramazan ayını şərəfli qılan səbəbin məhz Qurani-Kərim olduğunu belə xəbər verir: Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır… Oruc tutmağın əmr olunduğu eyni surənin 183-cü ayəsində isə Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz qılındığı kimi sizə də fərz edildi ki, bəlkə, təqvaya nail olasınız! – buyurulur. Bu iki ayəni diqqətlə mütaliə etdikdə Ramazan orucunun bəlkə də ən böyük hikmətinin Quranı anlamağa vəsilə olduğunu dərk edirik. Deməli, insanlara doğru yolu göstərən Quran bu mübarək ayda nazil olmuş və iman gətirənlərin təqva sahibi olması üçün oruc fərz qılınmışdır. Çünki Qurani-Kərimin doğru yol göstərdiyi insanlar təqva sahibi olan insanlardır və bunu bizə Qurani-Kərim söyləyir: “…O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır”. (əl-Bəqərə, 2) İlahi vəhydən lazımınca faydalanmaq maddi nemətlərdən müəyyən mənada üz döndərərək ruhaniyyətimizi təkamül etdirməyə bağlıdır, yəni Rəbbimizin bizdən istədiyi təqva sahibi olmağa. Sonsuz sirləri özündə ehtiva edən Quran ayələrinin qəlbimizə nüfuz etməsi məhz bu yolla mümkündür. Bu mənada Ramazan ayı qəlblərimizi Qurana açan rəhmət mövsümüdür.

Qeyd etdiyimiz kimi oruc ibadəti Quranı layiqincə dərk etməmizə vəsilə olur. Təbiidir ki, Quranı layiqincə dərk edənlər onda olan ilahi əmr və qadağalara hərfiyyən tabe olaraq qulluğun zirvəsinə doğru yol qət edərlər. Bu nöqteyi-nəzərdən baxdıqda oruclu bir möminin Quranda əmr olunan ibadətləri, tövsiyə edilən xeyir əməlləri layiqincə işləməsi eyni zamanda Rəbbimizin bizə təlqin etdiyi qulluq təlimidir. Həmçinin digər zamanlarda haram və ya məkruh sayılan qeybət, dedi-qodu, iftira, yalan, söyüş, hiylə kimi bir sıra pis əməllərin orucun ruhaniyyətini zədələməsi, məhz ona görə də oruclu olarkən özümüzü bu əməllərdən qoruma həssaslığımız bizə həyatı günahlardan uzaq yaşamağı öyrədir. Dilimizi zikrullaha, ilahi kitabı tilavətə, zehnimizi şeytani vəsvəsələrdən təmizləyərək ilahi təfəkkürə, qəlbimizi nəfsin qatılığından qurtararaq rəbbani təcəllilərə məzhər edir.

Hər il olduğu kimi bu il də Allah qonağı olan Ramazani-Şərif qapımızı döyür. Bizim üçün gətirdiyi bol ikramlarla mənəviyyat süfrəmizi bəzəyir. Oruc, təravih, qarşılıqlı Quran oxumaq mənasına gələn müqabilə, zikr məclisləri, iftar süfrələri ilə bizi Yaradana yaxınlaşdırmağa çalışır. Bəs biz necə? Bu fürsəti doğru dəyərləndirə biləcəyikmi? Bir ayın sonunda Ramazana əlvida deyərkən bizdən razı gedəcəkmi?  

Hədisi-şərifdə buyurulduğu kimi “üzərimizə mübarək bir ayın kölgəsi düşmək üzrədir”. Məhz bu məqamda nəfsimizə səslənək: “Ey nəfsim, mənəvi ruzilərin nazil olduğu bu mübarək süfrədə öz yerini al ki, ilahi nemətləri dada biləsən!”.    

PAYLAŞ:                

Nurlan MƏMMƏDZADƏ

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz