KİTAB ÖMRÜ

KİTAB ÖMRÜ

Yaşlı bukinist adəti üzrə köhnə dükanın taxta qapısını açıb içəri daxil oldu. Otağı bürüyən kitab qoxusunu ciyərlərinə çəkərkən üzündə qeyri-ixtiyari təbəssüm canlandı. Avtobusda gələrkən gördüyü, gözünü telefondan ayırmayanları qəsd edərək: “Sonra da inkişafdan danışırlar”, - deyə öz-özünə deyinə-deyinə işığı yandırdı...

Artıq 40 il idi ki, bu işlə məşğuldu. Ömrünün yarıdan çoxu kitabların arasında keçmişdi. Köhnə kitabları alıb-satmaqla yanaşı, həddən artıq nimdaş olanları, cildi dağılan, vərəqi qopanları da bərpa edib yenidən həyata qaytarırdı. Rəngi-ruhu saralmış o qədər kitab görmüşdü ki... İnsanlar oxumağa biganələşdikcə köhnə kitabları əldən çıxarmaq üçün gətirib dəyər-dəyməzinə ona verirdilər. Dəfələrlə pulsuz verənlər də olmuşdu. Bu kitablar arasında ən acınacaqlı taleyi olanlarsa zibil qablarının yanına, yol kənarına atılmış zavallılardı. Eynilə yetim evlərinə verilən körpələrə, yaxud da qocalar evinə tərk edilmiş yaşlılara bənzəyirdilər. Ona görə də ən çox belə kitablara qayğı göstərir, nəvazişini onlardan əsirgəmirdi. Özünü kitabların arasında daha xoşbəxt hiss edirdi, sanki bir ailə idilər.

Dərd-sərini də onlarla bölüşürdü. Onun gözündə hər kitab canlı idi. Hamısının bir doğum tarixi vardı. Kimisi 1960, 76, 80, 92... Çapdan çıxan hər bir əsər onun nəzərində eynilə insanlar kimi dünyaya göz açan varlıqlardı. Hər birinin özünəxas taleyi vardı, keçdikləri ömür yolu fərqli idi. Nə insanlar görmüşdü bu kitablar. Hər səhifəsində nə sirlər yatırdı. Aralarında duyğu yüklü göz yaşı ilə islananlar da vardı, biganəliklə üzərinə yemək qırıntısı tökülənlər də. Kimisini də üstünə tökülən qaynar çay yandırmışdı. Hələ ağırlıq kimi istifadə olunan, tum tökmək üçün, yaxud da nə isə bükmək üçün səhifələri cırılıb əzilənlər... Bir də əlifbanın dəyişməsi ilə sonrakı nəsillərin oxuya bilmədiyi əski hərflərlə yazılanlar vardı. Heç kimin üzünə baxmadığı, cildi qırışmış qoca kitablar.

Təbii ki, etina ilə oxunan kitablar da vardı aralarında. Vərəqinin əzilməsini qol-qanadının qırılmasına bərabər görən nəcib insanların kitabı olmaq şərəfinə nail olanlar, qapağı bismillahla açılanlar. Baş ucunda saxlanan, dəyər verilən bir zamanların xoşbəxt kitabları. Və bu gün sahibindən ayrı qaldığı üçün gözü yol çəkən məhzun kitablar. Nə aşiqlər görmüşdü bu kitablar. Vərəqləri arasında saxlanan gül ləçəkləri ilə birlikdə neçə gəncin sevgi sirrini də gizlətmişdi bağrında. Dosta, yara hədiyyə olunan kitablar da vardı aralarında. Ən nəcib duyğularla, sevgi və ehtiramla qaplanaraq bir ürəyin hisslərini başqa bir ürəyə daşıyanlar. Əldən-ələ gəzən, hər dəfə baxanda kimisə yada salan sirli kitablar...

Aramla yeni gələn kitabların qoyulduğu rəfə yaxınlaşdı. Dükanının yeni sakinini əlinə götürüb sağına-soluna baxdı, cildini yoxladı, adət etdiyi kimi qoxuladıqdan sonra rəfə qoydu. Aralaşmaq istəyirdi ki, fikrini dəyişdi, təkrar əlinə götürüb sürətlə vərəqlərini çevirdi. Son səhifəyə çatanda dərin fikrə daldı: “İnsan ömrü necə də kitaba bənzəyir. Hər günümüz bir səhifədir. O kitabı biz özümüz yazırıq. Eynilə kitabda olduğu kimi bizim də həyatımızın xoş səhifələri olur, acı xatirələrlə yadda qalan ağır günlər yaşayırıq. Nə qədər rəngarəng, nə qədər müxtəlif olsa da, bir gün sonuncu səhifəyə çatırıq və o kitab bağlanır. Hansı ki, öz əlimizlə, yəni əməllərimizlə yazmış olduğumuz o kitab qiyamət günü oxumamız üçün bizə uzadılacaq, “Oxu kitabını!” – deyiləcək...”.

Kağız gəmiləri düşüncə dəryasında üzdürərkən birdən illər əvvəl oxuduğu qısa bir hekayəni yadına saldı: Hekayəyə görə dəlixanada yatan dəlilərdən biri kitab yazmaq qərarına gəlir və qalın bir dəftəri əlinə alıb cızma-qara etməyə başlayır. Bu minvalla hər gün dəftər-qələmini götürüb bir kənara çəkilərək yazmağa davam edir. Bir neçə gün maraqla onu izləyən həkim son səhifəni tamamladığı gün nə yazdığını öyrənmək üçün açıb oxuyur. İlk səhifənin başında bu cümlə ilə qarşılaşır: “Bir nəfər atına minib səfərə çıxdı”. Qalan bütün səhifələrin hər sətirində isə yalnız “dıqıdıq-dıqıdıq” yazılmışdı. Sadəcə sonuncu sətirdə bir cümlə vardı: “Yolçu nəhayət mənzilə çatdı”. Öz-özünə: “dəlidən doğru xəbər”,- deyib dərindən köks ötürdü.   

PAYLAŞ:                

Nurlan MƏMMƏDZADƏ

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz