İSLAM ALİMLƏRİNİN KİTAB SEVDASI

İSLAM ALİMLƏRİNİN KİTAB SEVDASI

Hər hansı bir işdə qabaqcıl olmaq üçün əzm, istək və həvəsdən əlavə, motivasiyanın da danılmaz təsiri var. Bu mənada elm tələbələri üçün görkəmli şəxsiyyətlərin, elm adamlarının həyat hekayələri və onların nailiyyət dünyasında keçdiyi mərhələlər çox önəmlidir.

Hər nə qədər materialist düşüncəyə sahib olan şəxslər dinin elmə heç bir töhfəsi olmadığını, elmlə dinin bir-birindən ayrı olduğunu iddia etsələr də, bu iddia qətiyyən həqiqəti əks etdirmir. Tarix boyunca İslam alimlərinin elm dünyasına qazandırdığı yeniliklər və ixtiralar bir az tədqiqat edənlər üçün məlumdur. Mövzumuz bunlara təmas etmək deyil. Əsas məqsədimiz din və bəşəri elmlər sahəsində yazıb-yaradan İslam alimlərinin elm sevdaları, çalışma əzmləri və baxdıqda ağzımızın açıq qalmasına səbəb olan cildlərlə əsərlərini yazarkən çəkdikləri əziyyətlərin, keçdikləri mərhələlərin bəzilərinə təmas etməkdir. Həmçinin müasir müsəlman gənclərin çalışma motivasiyalarını müsbət mənada artırmaq və əcdadları ilə fəxr etmələrini təmin etməkdir.

Onlar günümüzlə müqayisədə çox məhdud imkanlara nəzərən bu gün oxuyub bitirə bilmədiyimiz genişlikdə və dərinlikdə əsərlər qələmə almışlar. Oxumaq və yazmaq üçün hər cür şəraitimiz var ikən biz nə oxuya bilirik, nə də yaza. Səbəb nədir? Yazı ləvazimatının, elektrik enerjisinin və texnoloji imkanlarının olmamasına baxmayaraq onlar niyə və necə bizdən daha çox çalışıb, daha çox yazıblar? Buna baxmayaraq, biz hansı düşüncə ilə onların əziyyətlərinə dəyər vermədən əsərlərini və fikirlərini “cəsuranə” tənqid etməyə çalışırıq? Bu heç də ədalətli deyil.

Görkəmli İslam alimlərinin ən əsas məqsədləri Allahın dinini düzgün şəkildə təhlil etmək, bütün elmlərin mənbəyinin Allah olduğunu isbat etmək və insanlara çatdırmaq idi. Məqsədləri mənfəət və ya nüfuz əldə etmək deyildi. Şüarları: “…Allahdan qorxun, Allah da sizi öyrətsin” (əl-Bəqərə 2/282) ayəsi idi. Odur ki, riyazi hesablarla izah edilməsi çətin olan cildlərlə əsərlərin yazılmasında bu təslimiyyətin və səmimi niyyətin verdiyi bərəkət vardır. Allah üçün edilən, “bismillah” ilə başlanan hər bir əməl bərəkətlənər.

Gənclərimizə qərbli “seçkinlərin” şişirdilmiş müvəffəqiyyət hekayələrini danışmaq yerinə əvvəla öz alimlərimizin əzm dolu həyatlarını nümunə göstərməliyik. Məsələn, İmam Səraxsi. Haqsız yerə həbsə atılmasına baxmayaraq, orada keçirdiyi on beş il ərzində həvəs və əzmini itirməyərək atıldığı quyudan tələbələrinə dərs keçmişdir. Nəticədə oxuma cəsarətini göstərə bilmədiyimiz 30 cildlik “əl-Məbsut” adlı fiqh əsəri ərsəyə gəlmişdir. Bir pedaqoq, motivator və ya əngəlləri aşmaq istəyən tələbə üçün bundan daha gözəl nümunə ola bilərmi?

Məşhur mütəfəkkir, filosof, əqidə alimi, fəqih, mütəsəvvif, filosof İmam Qəzzali əlli illik ömründə 500-ə yaxın əsər qələmə almışdır. Təlatümlü keçən həyatı ilə yazdığı kitabların səhifələrinə baxanda günə 20 səhifə düşür. Allahın bəxş etdiyi xüsusi qabiliyyət və nəzərlə yazdığı bu əsərləri mütaliə etməyin insan üfüqünü necə açdığını, oxuma cəsarəti göstərənlər bilir. Heç olmazsa gündə 20 səhifə kitab oxumağı özümüzə hədəf seçməliyik. İmam Qəzzalinin başından keçən əhvalat əzmkarlar üçün necə də gözəl bir misaldır: Elm öyrənib evinə dönərkən quldurlar yolunu kəsib onu soyur, bütün kitablarını da əlindən alırlar. İmam Qəzzali: “Heç olmasa kitablarımı qaytarın, əməyim hədər olmasın”, - deyir. Quldurbaşı istehza edir: “Bu necə oxumaqdır? Kitablarını əlindən aldıq və sən elmsiz qaldın?!”. Bu sözün müqabilində utanan imam yenidən geri qayıdır və üç il ərzində oxuduğu-yazdığı əsərləri başdan sona qədər əzbərləyir. Alimlərimiz bəzi yazarlarımız kimi təkcə yazmırdılar, yazdıqlarının hamısını əzbərləyir və həyatlarına tədbiq edirdilər.

Yazmamaqla yanaşı, oxumamaq da ən böyük əskiklərimizdəndir. Kitab oxutmaq istədiyimiz gənclərimizə mədəniyyət tariximizdə elə gözəl nümunələr var ki, digər mədəniyyətin seçkinlərinə müraciət etməyə heç ehtiyac qalmır. Məsələn, İbn Teymiyyə elminin əksəriyyətini yuxusundan ayırdığı vaxtlarda əldə etmişdir. Kitab oxumağa başlayanda saçlarını mismara bağlayırdı. Yuxusu gələndə mismara bağlı olan saçlar ona mane olurdu. Beləliklə, oxumasına davam edirdi.

Tibb aləmində məşhur olan İbn Sina belə deyir: “Gecə boyunca oxuyub-yazırdım. Yuxum gəlsə, bir stəkan su ilə yuxumu qaçırdır və yenidən çalışmağa davam edirdim”.

Bəsrəli böyük ədib Cahiz kitab ala bilmədiyinə görə gecələri kitab dükanını kiralayır və səhərə kimi oradakı kitabları mütaliə edirdi.

Əndəlüslü mütəfəkkir İbn Rüşdün fəlsəfə əsərləri illər boyu Avropada oxudulmuşdur. Böyük alim: “Ömrümdə kitab oxumadan keçirdiyim sadəcə iki gecə var; biri evləndiyim, digəri də atamın vəfat etdiyi gecədir”, - demişdir. 

Ey “kitab oxumağa vaxtım yoxdur” deyən bizlər! Kitab oxuyarkən çənəsinin altına əsa qoyan, boynuna qar topu yerləşdirən alimlərimizi düşünək. Onların kitab sevdası həyatımızda nə dərəcədə yer alır?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz