İNSANA HÖRMƏT

İNSANA HÖRMƏT

Bir məclisdə oturmuşduq. Yemək yeyirdik. Yanımdakı yoldaş yemək yeyib qurtaran kimi süfrədən qalxdı. Bu vaxt süfrə arxasında əyləşənlərdən biri: “Çörəyə hörmət qoymurlar. Adam da heç çörək götürülmədən süfrədən qalxar?” -dedi. Halbuki bu sözləri deyən adam insanlara bir o qədər də hörmət qoyan adam deyildi. Öz-özümə dedim: “Çörəyə bu qədər hörmətlə yanaşan bir adam insanlara nə üçün hörmət qoymur?”. Sonra isə sualımın cavabını tapdım: “Əslində bu adama ta uşaqlıqdan çörəyə hörmət kimi insanlara da hörmət qoymağı öyrətsəydilər, insanlara da bu qədər hörmət bəsləyərdi.”

Bir elm adamından da belə bir söz eşitmişdim: “Yerə düşən çörəyin üstünə basan heç bir adam görmədim, ancaq yerdəki insanı təpikləyən çox insan gördüm”. Həqiqətən də biz insanların uşaqlıqdan və ətraf mühitdən öyrəndiyi bir çox “doğrular” vardır ki, bunlar bizi həqiqi və ya daha mühüm doğruları öyrənərək mənimsəməmizə mane olur. Bir çox şeyə hörmət göstərə bildiyimiz halda çox təəssüf ki, insana hörmət göstərə bilmirik. Halbuki bütün məxluqlar arasında ən çox hörmətə layiq varlıq əşrəfi-məxluqat olan insandır. O insan ki, Allah onu yer üzünə xəlifə təyin etmişdir (əl-Bəqərə, 30). O insan ki, heç bir məxluqun daşımağa boyun olmadığı “əmanəti” öz boynuna götürmüşdür (əl-Əhzab, 72). O insan ki, Allah “hər şeyi onun əmrinə vermişdir” (əl-Casiyə,13). O insan ki, Allah onu ən gözəl şəkildə yaratmışdır (ət-Tin, 4).

Lakin bəziləri tez etiraz edərək deyə bilərlər: “Bu insan çox nankordur[1], tələskəndir[2], xəsisdir[3]. Çox həris (tamahkar)[4] və zalımdır[5]”.

Bu insanlara verəcəyimiz cavab isə belədir: “Doğrudur, insanda sizin dediyiniz bu xüsusiyyətlər də var. Ancaq məncə insana hörmət göstərmək üçün Allahın ona Öz ruhundan üfürməsi (əs-Səcdə, 9, əl-Hicr 23, əs-Sad, 72)  və mələklərə ona səcdə etdirməsi kifayətdir (əl-Bəqərə, 34)”. Yəqin ki, Mövlana da məhz buna görə insan üçün “sənə xidmət etmək bütün varlıq aləminə vacibdir” deyir[6].

Hz. Əli də xəlifə ikən Misirə vali təyin etdiyi Malik bin əl-Əştərə belə yazırdı: “Oradakı insanlara sevgi, mərhəmət, gözəl duyğular bəslə. Çünki onlar ya dində qardaşın, ya da yaradılışda bənzərindir”.

Qurani-Kərimdə insanın dəyərindən bəhs edən bir ayədə belə buyurulur:

“Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik.” (əl-İsra, 70)

Bu ayədə “müəyyən dinə, xalqa, irqə mənsub insanı” deyil, ümumilikdə “Adəm övladını, yəni insanı” şərəfli və hörmətli etdik deyilir. Bu da onu göstəriri ki, hər bir insan Allahın ona bəxş etdiyi şərəfli və hörmətli olma potensialı daşıyır. İnsanlarla münasibət qurarkən bu prinsipi hər an göz önündə tutmalıyıq. İnsana hər şeydən əvvəl insan olduğu üçün hörmət qoymağı bilməli, öyrənməli və həyatımızda tətbiq etməliyik. Lakin digər insanlara hörmət etmək üçün ilk öncə özümüzdən başlamamızı unutmamalıyıq. Çünki bunun bəzən insanın qədərinin təyinində belə təsiri olur:

“Mənliyini elə ucalt ki, Allah qədərini yazarkən bunu ən ön sıraya qoysun.” (Məhəmməd İqbal)

[1] İbrahim, 34; İsra, 67; Adiyat, 6.

[2] İsra, 11.

[3] İsra, 100.

[4] Məaric, 19.

[5] Əhzab, 72.

[6] Mövlana, Məsnəvi, c. V, 3577.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz