Nurlan MƏMMƏDZADƏ - BIR HƏYAT TƏRZI RAMAZANİ-ŞƏRİF

      Share

      Allah-Təala Qurani-Kərimdə biz bəndələrinə belə buyurur: “Ey iman gətirənlər, bütövlüklə İslama girin...”. (əl-Bəqərə, 208) Bu ayədə keçən “bütövlüklə” sözü Quranın orijinal mətnində, yəni ərəb dilində “kəəffətən” kəlməsi ilə ifadə olunur. Bu ayə ilə Rəbbimiz bizdən bir bütün olaraq İslama girməyi, yəni ilahi əmr və qadağalara riayət etməyi istəyir. Yəni dilimiz kəlmeyi-şəhadəti tələffüz edərkən qəlbimizin təsdiq etməsini və bütün əzalarımızın da bu təsdiqdə iştirakını tələb edir. Dilimiz iman etdiyimizi söyləyərkən əlimiz bu imanın gərəyi olaraq başqasının malını qəsb etməməlidir. 

      Qulağımızı haram olan sözlərə yönəltməməli, ayağımız haram yollara getməməli, mədəmiz haram qida qəbul etməməlidir. Eyni zamanda Allah və Rəsulunun bizim üçün münasib gördüyü həyat tərzinə uyğun yaşayaraq bütün üzvlərimizlə fəzilətli əməllərə yönəlməliyik. İslama “kəəffətən”, yəni bütövlüklə girmək bu dinin kitabı olan Qurana görə yaşamaqdır. İslami yaşantını həyatımızın bütün sahələrinə hakim qılmaqdır. Qurana görə islami bir həyatı necə yaşayacağımızı isə bizə Rəsulullah (s.ə.s) öyrədir. Eyni zamanda dinimizdə fərz olan ibadətlər də bizə bir həyat tərzi öyrədir. Həyat tərzimizi formalaşdıran ibadətlərdən biri də, əlbəttə ki, Ramazan orucudur.

      Artıq üzümüzə təbəssüm etməkdə olan Ramazan ayı Allahın biz bəndələrinə olan böyük lütflərindən biridir. Qurani-Kərim ayələrində və hədisi-şəriflərdə Ramazan ayının fəzilətinə dair saysız kəlamlar mövcuddur. Bu ayın ən mühüm xüsusiyyətlərindən biri də saysız fəzilətləri ilə yanaşı biz insanlara bir həyat tərzi öyrətməsidir.

      Müsəlmanın həyatı Ramazanda sahurla başlayır. Rəsulullahın “bərəkət var” deyərək ifadə etdiyi sahuru qaçırmamaq üçün gecənin son üçdə birini ayıq keçirənlər gün uzunu bədənlərinin ehtiyacı olan maddi qidalarını almaqla yanaşı, mənəvi cəhətdən də qidalanmış olurlar. Çünki islami həqiqətlərin idrakında olanlar sahura sadəcə yemək üçün deyil, dua və istiğfar üçün də qalxıldığının fərqindədirlər. Sahur üçün qalxanların ilk növbədə gözəlcə dəstəmaz alıb təhəccüd namazı qılmaları orucun kamil olmasının şərtlərindən biridir. Hədisi-şərifdə buyurulduğu kimi “Hər gecə zül-cəlal olan Allahın dünya səmasına təcəlli etdiyi bir vaxtda” Ondan istəmək, Ona yaxınlaşmaq üçün namaz, zikr, təfəkkür kimi vəsilələrə yönəlmək biz ümmətə Nəbəvi bir tövsiyədir. Bir aylıq Ramazan təlimi sahurla bərabər bizə gecələri əhya etməyi də öyrədir. Eyni zamanda Ramazan ayı boyunca sübh namazından sonra oxunan müqabilələr günə Quranla başlamağı öyrədən mühüm bir Peyğəmbər sünnəsidir.

      Oruc tutan adam iftara qədər Allahın halal nemətlərindən belə uzaq duraraq eyni zamanda həyatın digər mərhələlərində dilini və mədəsini haram qidalardan, haqsız qazancdan, hətta şübhəlilərdən də qorumağı öyrənir. Oruc bizə dilimizi, gözümüzü, əlimizi, ayağımızı və ən əsası qəlbimizi günahlardan qorumağı öyrədən mühüm bir qulluq təlimidir. Həyatın qeybətsiz, dedi-qodudan uzaq yaşana biləcəyini, küçədə bizə haram olan qarşı cinsə baxmadan da addımlamağın mümkünlüyünü təlim edən bir aylıq mənəvi məktəbdir. Ramazan ayı ətrafımızdakılara sataşmadan, insanlara kəm gözlə baxmadan, qəlbimizi kindən və həsəddən qoruyaraq həyatın gül-çiçək bağçasına dönəcəyini əyani şəkildə yaşadan mənəvi bir iqlimdir.

      Bir mərhəmət təlimi olan oruc infaq və sədəqələrimizin artmasına vəsilə olur. Beləliklə, cəmiyyətdəki yoxsul və kimsəsizləri himayə etməli olduğumuzu dərk edirik. Qonşularımız,  qohum-əqrəbamız başda olmaqla ətrafımızdakı insanlarla bütünləşmənin, dərdləri bölüşməyin, sevinclərə şərik olmağın nə qədər vacib olduğunu görürük. Bu cəhəti ilə oruc sosial həyatımızı nizamlayan mühüm bir ibadətə çevrilir.

      Ramazan günlərində gecənin son üçdə birindən etibarən təhəccüd namazı ilə başlayan bir həyat gün boyu Allahı xatırladan, əməl və düşüncələrlə, fərdi və ictimai fəzilətlərlə davam edərək, nəhayət, yatsı namazının ardından qılınan təravih namazı ilə sonlanır. Camaatla əda edilən təravih namazı bir tərəfdən ictimai bütünləşməni təmin edərkən, digər tərəfdən də bizə fərdi olaraq günü ibadətlə başa vurmağı öyrədir.

      Gördüyümüz kimi, Ramazani-Şərif bizə ilahi hüdudlar içərisində bir gün və gecənin necə yaşanacağını əyani olaraq yaşadaraq həyat tərzimizi Allahın rizasına uyğun hala gətirməyi öyrədir. Rəbbimiz hər il bir aylıq qulluq təlimi keçərək əslində bizdən digər on bir ayımızı da Ramazan məktəbində öyrəndiklərimizə görə şəkilləndirməyimizi istəyir. Bəs biz hər il yaşadığımız bir aylıq qulluq təlimlərini necə başa vururuq? Əvvəlcə özümüzdən soruşaq: Ramazani-Şərifi bizdən istəndiyi kimi razı sala bilirikmi? İkinci sual: Bu ayda öyrəndiklərimizi bütöv bir ömrə şamil edə bilirikmi? Şərqin dahi mütəfəkkiri Mövlana həzrətləri: “Elə bir oruc tut ki, heç vaxt pozulmasın”, - buyurur. Pozulmayan oruclar tuta bilirikmi?

      • Hits: 43 clicks

      Tecox component by www.teglo.info