Müşfiq NƏCƏFOV - RAMAZANA HAZIRSANMI?

      Share

      Təlimi-Quran, süruri-cahan, ey füyuzi-Mərdan,

      Sultanı-şühur, şahı-əyyam, gəl, ey Ramazan!

      Ramazan gəldi; sevincimiz bir idi beş oldu, xoşhal olduq gəlişi ilə. Həsrətində qaldığımız bərəkətli, feyzli günlər bir daha qapımızdadır. Keçən Ramazandan bu yana nə çox şey dəyişdi. Yer üzü kimini bağrına, kimini səthinə qonaq etdi. Gedənlər keçən Ramazanlardan nə qazandı, nə apardı?.. Gələn Ramazandan nələr əldə edəcəyik?.. Sınağımız, imtahanımız, sevincimiz, hüznümüz, qazancımız, itkimiz, itaət və ya üsyanımız, hələ nələr gözləyir bizi?..

      Səmaya çıxıb oradan baxmaq istərdim insanlara, insanların dəyişən, görüşən, üzləşən, dalaşan talelərinə. Xəlq olunmuş bu səhnələrə oradan tamaşa etmək, heyrət içində sübhanallah deyərək Uca Xaliqin ismini zikr etmək istərdim. Nə möhtəşəm ssenari, nə ehtişamlı nizamdır bu. Necə də düşündürücü həyat hekayələri var. Hər biri Ramazandan Ramazana dəyişir, şəkillənir. Viruslar, xəstəliklər, peyvəndlər, iynələr, dərmanlar, səssizcə, heç bir mərasimsiz dəfn olunan gözəl insanlar... Cəsarətlər, şücaətlər, qəhrəmanlar, qazilər və nəhayət, şəhidlər... Ey Uca Rəbbim, növbəti Ramazana qədər olacaqlar ağlımıza gəlməzdi. Xeyirlərə vəsilə elə, Allahım! İstifadə edənlərdən elə bizi!

      Hər kəs mütləq hiss etmişdir, Ramazan ayındakı bərəkəti. Hətta yayda keçən Ramazanlarda ilahi ərməğan olan sərin havaları, isti günlərin sərin ibadətlərini, Allah üçün ac olmağın  verdiyi dadları, ləzzətləri... On dörd əsrdən bəridir Ramazanla dirilir, onunla nəfəs alır bütün ümmət. Duaların qəbulu, insanlığın aclıq və məhdudiyyətlərlə tərbiyəsi məhz bu ayda həyata keçir. Büt edilən, tanrı kimi sevilən, Allahın əmrini ikinci plana atan nəfsə və onun həzlərinə bu ayda yox deyə bilərik. Başqa zamanlarda insanın içinə qorxu salan aclıq bu ayda insana sevinc və fərəh hissi verir. Bu ayda xatırlanır aclar, yoxsullar, kimsəsizlər. Belə bir ayın qiymətini bilməmək, əlbəttə, böyük itki olar.

      Qafilmi keçdi keçən illərimiz? İlahi əmrlərdən uzaqmı qaldı imanımız, cəsədimiz? Quranın bəyanı bu ay ilə ortaya çıxır. Başqa zamanlarda bu qədər eşq ilə, şövq ilə edilmir qiraətlər,  ibadətlər, ziyarətlər. Quru çörək və soğanla belə həzz verir ziyafətlər. İştirak etdiyim ən ləzzətli iftar dəvətini xatırlayıram; yoxluğun təslimiyyətinə bürünmüş o gözəl, sadə, şirinçay ilə pendir süfrəsini. Qıldığım iki rükət namaz on iki oldu sanki. Xətrini istədiyim bir dostumuzun dediyi kimi: “Müəllim, hiss edirəm, namazımı qıldıqdan sonra çox rahat oluram. Hiss edirəm, Allahın məni gördüyünü, sevdiyini, əfv etdiyini”. Ruhun şad olsun, Kamilim!

      Ramazanın gəlişi ilə həsrətində olan qəlblərin çırpınışı başlayar. Ay ilə Günəşin hikmətləri dillərdə gəzər; zamanın dəyərini, ibadətlərin saat və günlərini bizə anladar bu iki səma zinəti. Digər zamanlarda çətin gələn ibadətlər, təfəkkür, təzəkkür və qiraətlər bir-bir ləzzət və iftixar əməllərinə çevrilər bu ayda.

      Quran qiraəti ruhu yüksəldər, qəlbə sürur verər, bəndəni Rəbbi ilə danışdırar, inananlar arasında ortaq dil meydana gətirər.

      Orucla aclığı sevərək yaşayar, insan. Yeməyə qarşı qənaətin artdığına , bərəkətin varlığını hiss etdiyinə şahid olar, kamilləşməyə doğru addımlayar, özü ilə sözü bir olar, özü ilə iştahı arasına sərhəd qoymağı bacarar. Ariflərin yüksək dərəcəyə çatmaq üçün istifadə etdiyi vasitələrə yönələr, az yeyər, az yatar, az danışar.

      Bu ayda azan səsləri heç olmadığı qədər qulaqların ən çox axtardığı səs olar. İntizam qaydalarının carçısıdır azanlar. İftar qaynaşma, sosiallaşma vasitəsi, ziyafətdən çox müsafirə sadəcə Allah üçün xidmət etmə fürsətidir. Comərdliyin, əliaçıqlığın zirvəsi, könüllərin sevgi süfrəsinə ortaqlığıdır sanki. İbadətə sevgi ilə, yoxsa ərincəkmi yanaşmağın hesab-kitabı, təravih namazları, gecə ibadəti vərdişi... Başqa zamanlarda da ibadətin çətin olmadığını anladan ağır tempdə bir tərbiyə məktəbidir, Ramazan.

      Fitr sədəqəsi - zəngin-yoxsul hər bir kəsin, hər ailənin yardımlaşma, imkansızı axtarma zamanı, detektorla xəzinə axtarırmış kimi Allahın “könüllərindəyəm” dediyi həqiqi yoxsulları axtarıb tapma yarışı... Zəkat - malın-mülkün miqdarını, qazanıldığı vaxtı hesablama prosesi, bölüşmənin, paylaşmanın əmrə tabe olduğu, imkanlı ilə imkansız arasında körpü olan ülvi ibadət... Etikaf - insanın özü ilə hesablaşmasının adı... İnsanlardan, dünyadan uzaqlaşaraq bir müddət nəfsi ilə baş-başa qalma zamanıdır, Ramazan.

      Qədr gecəsi - min ayın bir gecədəki qazancı; səksən üç ilin bir gecəyə tay olduğu an.
      Bayram isə qurtuluşun, qazanmağın adıdır. Hər bir kəsin sevdiyi, sevindiyi gündür bu bayram. Unudulanların xatırlandığı, küsülülərin barışdığı ilahi ərməğandır bu mübarək ay.

      Sən haradasan, hansı zamandasan? Kaş ki, bütün bu böyük xəzinədən məhrum qalmayasan; bu ləzzətdən dadasan, bu şərəflə sən də ucalasan. Hazırsanmı bu aya, günahlardan sıyrılaraq təmizlənməyə, paklanmağa? Hazırsanmı aləmlərin rəbbinin hüzurunda dayanmağa?.

      • Hits: 39 clicks

      Tecox component by www.teglo.info