MUSTAFA MAYIS ABBAS - RƏBBƏ RAM OLMAQDIR RAMAZAN!

      Share

      Cənnətdə Rəyyan deyilən bir qapı var. Bu qapıdan qiyamət günü ancaq oruclu kimsələr daxil olar. O gün, “Oruclular haradadır?” - deyə nida edildiyində, oruclu kimsələr qalxar və oradan girərlər. Orucluların sonuncusu girdiyində isə qapı bağlanar və artıq heç kim içəri daxil ola bilməz…

      Ramazan ayının xəbərçisi olan hilalın görülməsi ilə sevinc göz yaşlarına ram olaraq: “Ey xeyir və səlah hilalı! Səni yaradan Allah-Təalaya iman etdim. Şabanı aparıb, Ramazanı gətirən Uca Allaha həmd olsun. Allahım, bu ayı bizim üçün güvən, iman, salam və salamatçılıq içində eylə!” dua və niyazı ilə əvvəli rəhmət, ortası məğfirət və sonu cəhənnəmdən azad olmanın üxrəvi mövsümünə qovuşmanın həzzini hiss etməyə başlayırıq…

      Şübhə yoxdur ki, ta Qalu-Bəladan bəri üstümüzdən əskik olmayan əl, hilalın görülməsi ilə ağrılarımızı yüngülləşdirmək, göz yaşlarımızı silmək, mərhəmət və şəfqətini ərşi-əlaya çatdırmaq üçün təcəlli edir yenə də…

      Cəhənnəm qapıları bağlanır, Cənnətin qapıları isə sonuna qədər açılır. Şərlər möhürlənir, yaxşı işlər, yaxşı əməllər isə köləlikdən hürrə, azadlığa qovuşur. Xəzan yarpaqları kimi saralan ruhlar bir-bir dirilməyə, canlanmağa başlayır…

      Rəhman, Ramazan, Quran... Nə möhtəşəm kəlmələrdir. Ən gözəl kəlmələr seçilmiş insanların qəlbində gündəm olur...

      Oruc günləri insanın özünü Allahdan başqasına qapadaraq, daha çox Onunla olmasıdır. Ramazan orucu aləmlərin Rəbbinə ram olmaqdır. Oruc tutmaq əslində özünü tutmaqdır. Yəni dayanmaq lazım olan yerdə durmaqdır. Hər cür vəsvəsədən xilas olub, Allahın ipinə və Həbibinə sarılmaqdır...

      Qulluğun nizamlanması, xətaların düzəldilməsi üçün oruc yolumuzu aydınladan işıq kimidir. Özümüzə çəki düzən vermək üçün ələ keçən bir fürsətdir. Səhihləşmənin, salehləşmənin, saflaşmanın zamanı olaraq bizə təqdim edilən imkandır. Ruhun təzkiyəsi, nəfsin tərbiyəsi, qəlbin təqviyəsi (təqva sahibi olması) bu günlərdə gerçəkləşir...

      Həqiqət budur ki, Ramazan ayılma ayıdır, günahlardan uzaqlaşma və arınma halıdır. Nəfsin həva və həvəslərindən qorunmanın yeganə yoludur oruc. Nəfs buxovunu qırmağın və ehtiraslara qələbə çalmağın açarıdır Ramazan...

      Ramazan bir səfərdir... Sevgiyə irəliləyişdir... Daxili inkişaf və fövqəladə bir zəfərdir... Rəbbaniləşmə yolunda incə bir riqqət (nazik qəlbli olmaq), dərin bir diqqət üzrə olmaqdır... Həyatdan qopmadan Həyy və Qəyyum olanla həyatın içində olmaqdır...

      Bəli, oruc tutmaqla özümüzə qulluq edirik. Tövbə ilə durulaşıb, dua ilə möhkəmlənirik... Çünki oruc Allahdan quluna verilmiş açıq bir qəbzdir. Ağlını istifadə edə bilənlər üçün tükənməz bir kreditdir... Qulluğun keyfiyyəti, ruhun rehabilitasiyası orucla mümkündür.

      Saim və qaim olanlar sirati-müstəqimdə daim olarlar...

      Abid olmaq... Arif olmaq... Akif olmaq... Yəni insan olmaq... Bunun yeganə məktəbi Ramazandır. Çünki Quran Ramazanda nazil oldu: bəyan, furqan, hidayət ondandır...

      Qədr, Quran ərməğan edilən gecə... Min aydan daha xeyirli gecə (əl-Qədr, 3) ... Şərəf, fəzilət və ehtişamla dolu gecə... İslam günəşinin, Quran məşəlinin dünyanı aydınlatdığı mübarək gecə... Qəlbi Quran nuru və peyğəmbər müjdəsi ilə parlayan, alnı səcdə izləri ilə nurlanan möminlər üçün əvf və məğfirət gecəsi...

      Gecələrimiz Qədr olsun! Ramazanımız Ramazan, orucumuz oruc olarsa, sonrası salamdır... və bayramdır... Bu Ramazan və hər zaman Rəbbə ram ol ki: “Öncəmiz və sonramız bayram olsun!” (əl-Maidə, 5/114)

      • Hits: 38 clicks

      Tecox component by www.teglo.info