Nurlan MƏMMƏDZADƏ - OSMANLIDAN RAMAZAN TVİTİ

      Share

      Düz oxudunuz, orta əsrlərin Osmanlısında Ramazan tvitləri atılardı. “Necə yəni, tvit? Osmanlılar zamanında tviter (twitter) vardı bəyəm, “tvit” də atsınlar?” – dediyinizi eşidirəm sanki. Düzdür, Osmanlılar zamanında “tviter” yoxdu, amma “tvit” atardılar. Onlar da tvit atmağı bilirdilər. Həm də ən gözəlini. Keçmişdə sözün bir dəyəri vardı. Bugünkü kimi hər yerindən duran “Feysbuk”da status, “Tvitterdə” tvit yazıb paylaşmazdı məsələn. 

      Sözün alıcısı çox, satıcısı azdı. Satıcılar az, amma mahir idilər. Söz sərrafları Ramazan ayında hər gün “tvit” atardılar. Bəs harda paylaşardılar? Sözə dəyər verildiyi üçün ona layiq gördükləri ən yüksəkdə: iki minarə arasına qurulmuş xüsusi kanatlar üzərində. Yerdən baxan hər kəs o dövrün “tiviti” sayılan yazıları görər, ulduzlar arasında bərq vuran o gözəlliyi seyr edərkən gördükləri ilə könül dünyalarında tərifi imkansız bir həzz yaşayardılar.

      İslam mədəniyyətində adına “mahya” deyilən və Ramazan ayı ərzində iki minarə arasına yerləşdirilən “Xoş gəldin, On Bir Ayın Sultanı”, “Ya Şəhri-Ramazan”, “Əlvida, Rəhmət Ayı”, “Ya Rəhman”, “Ya Kərim”, “Bərəkət Mövsümü” və s. kimi yazıların tarixi Sultan I Əhməd zamanına gedib çıxır. İlk mahyanın da məhz Sultan Əhməd Camesinin iki minarəsi arasında yazıldığı bildirilir. Hətta Üsküdarın məşhur Mihrimah Camesini sırf mahyalarla bəzəyə bilmək üçün tək minarəsinə ikinci minarənin sonradan tikilərək əlavə edildiyi də mədəniyyət tariximizin maraqlı nüanslarındandır. Zeytun yağı ilə yanan xüsusi qəndillərin bəzədiyi mahyaların hazırlanması hər adamın məharəti olmadığından bu işin xüsusi mütəxəssisləri olardı. Mahyaçı adlanan ustalar bu işin zəriflik və estetikasını davamçıları olacaq oğullarına öyrədər, beləliklə İslam mədəniyyətinin misilsiz bir nümunəsi nəsildən-nəslə ötürülərdi. Hər gün iftarla təravih namazı arasında yenilənən “mahya”lar gecə saatlarında seyr edənlərə ayrı bir həyəcan yaşadardı. Bəzən “gül-çiçək” naxışları ilə bəzədilən “mahya”lar yağışlı günlərdə “çətir” şəkli ilə də əvəz olunardı.

      Türklərin göy üzünə yazdığı sətirləri heyrətlə seyr edən Avropalı bir səyyahın duyğularını ifadə etdiyi bu cümlələr necə də qürurvericidir: “Dünyada yaşayan türklərin sadəcə göydəki ulduzları toplayaraq minarələr arasına yazı yazmağı kəşf etmələri onların nə qədər yüksək mədəniyyətə sahib olduqlarını göstərir”.       

      • Hits: 41 clicks

      Tecox component by www.teglo.info