Əziz SULTAN - MASKANIZ DÜŞMƏSİN

      Share

      İş yerinə gedərkən yolda yerə düşmüş bir maska gördük. Atan şəxsi qınadıq və yoldaşlardan biri maskanı çubuqla yerdən götürdü (virusa qarşı təhlükəsizlik səbəbi ilə) ...

      Bu gün yoldan ötən birinə “maskan düşüb” desəniz, nə edər? Yəqin ki, dərhal əli ilə üzünü örtər, yerdən və ya cibindən maska axtarar.

      Maska deyəndə əvvəllər yadımıza düşən ilk şey teatr binasının divarındakı gülən və ağlayan maskalar, yaxud yeni il şənliyində əyləncə məqsədi ilə istifadə olunan dovşan, it, pişik maskaları olardı. İndi zəmanə başqalaşıb. Bir çox “müasir” ifadələr kimi maska da öz mənasını, beyin qəbuledicisinin ilk pilləsindəki təsvirini dəyişib.

      Məşhur rusiyalı yazıçı-satirik, böyük yumorist Mixail Zadornov vardı, köhnələr(!) tanıyar. Yazıçılığı, yaxud kino aktyorluğundan daha çox Qərb, xüsusilə də Amerika mədəniyyətinə qarşı tənqidi çıxışları ilə məşhurlaşmışdı. Amerika bayrağını zolaqlı örtüyə bənzədən yumorist bir çoxlarının simasında təbəssüm oyatsa da, Amerikada böyük qəzəblə qarşılıq görmüş və “persona non qrata” (arzuolunmaz şəxs) elan olunmuşdu.  

      Bəli, bu gün daha çox sərbəstlik, azadlıq, məhdudiyyətsizlik kimi məfhumlarla beyinlərə yeridilməyə çalışılan, qlobal mədəniyyətin (!) nümunəvi təmsilçisi və bələdçisi kimi təqdim edilən Amerikanın da belə günləri var idi. Bayrağa hörmətsizlik iki ölkə arasındakı münasibətləri krizis həddinə çatdıracaq qədər mühüm bir hadisə kimi qəbul edilirdi. Halbuki indi hər hansı bir bazara çıxıb diqqətlə baxsaq, satılan bir çox əşyaların, hətta adını çəkməyə utandığımız hər cür geyimin üstündə xarici bayraq görəndə nəinki qəribsəyir, bunu doğmalaşmış bir bəzək kimi qəbul edirik. Təkcə biz dəyişmişik?! Xeyr, bütün dünya dəyişib (Əgər dünya deyəndə Amerikanın hegemonluq etdiyi dəyərlər nəzərdə tutulursa).

      Keçən il bir çox hadisələr və dönüm nöqtələri ilə həm dünyada, həm də bizim üçün yaddaqalıcı oldu. Həyatımıza COVID-19 pandemiyası daxil oldu, bir çox qeyri-adi davranışları mənimsədik (yumruqla salamlaşmaq kimi), bir çox unutduğumuz vərdişləri (təmizlik, gigiyena kimi) yenidən xatırladıq. Evdə qalmağa, vaxtımızın çoxunu ailəmizlə keçirməyə məcbur edildik; dərindən fikirləşib bu halımıza da şükür etdik. Bir çox yaxınımız virusa tutuldu, aramızdan heç gözləmədiyimiz bir tənhalıq şəraitində ayrılanlar oldu, hüznləndik. Pandemiyanın ilk şoku hələ üstümüzdə ikən müqəddəs davamız uğrunda hücum əmri verildi. Bütün ağrı-acımızı, pandemiyanın gətirdiyi məhrumiyyətləri unutduq, hətta mübarizəmizi dəstəklədiyini düşünüb bir-biri ilə qaynaşdırdıq. Həmin ərəfədə Amerikada “demokratik” seçkilər vardı... Dünyadakı böyük güclərin başları qarışıq ikən, sərhədlər bağlı ikən düşmənlə üz-üzə, necə deyərlər “təkbətək” qalaraq mərdanə bir döyüş keçirməyimiz və bu döyüşü qələbə ilə taclandırmağımız bizə böyük bir güvən, etimad və sevinc bəxş etdi. Dost ilə düşməni gördük. Bu döyüşdə əsla dəstəyini əsirgəməyən Türkiyə dövləti ilə (müəyyən ölçüdə Pakistanla da) qardaşlığımız isə bütün ölkə boyu yan-yana yüksələn bayraqlarla böyük bir şənlik ab-havasında qeyd edildi.

      Dediyim kimi, karonanın gətirdiyi bir çox məhdudiyyətlər bizim üçün müharibə dövrünə hazırlıq, dözümlülük və yardımlaşma kimi faktorların diri tutulmasına xidmət edən nemətlərə çevrildi. Vətənpərvər düşüncənin böyük təsir dalğasından kənarda qala bilməyən, pandemiyanın bayrağı saya biləcəyimiz “maska”lar da tezliklə bu trendə qoşuldu və müqəddəs rənglərə boyanaraq insanların üzünü örtməyə başladı. Üzdəki maskada Türkiyə və Azərbaycan bayraqları bir-biri ilə qucaqlaşır, maskanı taxan şəxs də bu qardaşlığın bir parçası olduğunu hər kəsə elan etməyin qürurunu, sevincini yaşayırdı...

      44 gün boyunca (nisbətən də əvvəlki və sonrakı günlərdə) şəhidlər bir-bir torpağa düşdülər, bayraq düşməsin deyə. Bayrağı Vətənin hər bir bucağında, hər bir zirvəsində ucaltmaq üçün neçə-neçə canlar öz bədənlərini böyük bir məsuliyyətin altına fəda etdilər. İşğal edilmiş ərazilərdə asılan düşmən bayraqlarını endirərkən əgər ayağının üstünə düşərsə, əyilmədən, əlini dəymədən ayağı ilə kənara itələdi, cəsur əsgər, şəhid əsgər...

      Müharibə bitdi, hər bir acı kimi müharibənin də ağrı-acısı, o andakı əhvali-ruhiyyə yavaş-yavaş kül tutmağa başladı. Geriyə sevinc dolu şərəfli xatirələr qaldı.

      Bir üz maskası nə qədər istifadə olunar? Tibbi maskalar üçün 3-4 saat deyilir. Yuyulan maskaları da bir çoxları iki-üç həftə işlədirlər. Bəs yaxşı, al bayraqlı maska taxan şəxs bir neçə aydır işlətdiyi bu maskanı hara nə etdi?

      Yazının başında bəhs etdiyim, yolda gördüyümüz maska məhz bu “vətənpərvər” maskalardan biri idi. Maska düşdükdən sonra altındakı üzün milli-mənəvi dəyərlərə qarşı həqiqi münasibətini görməmək mümkün deyil. Bəs hanı bizim mübarizə əzmimiz, bayraq sevgimiz?..

      Sözümün canı odur ki, maska taxırsınızsa, çalışın, maskanız yerə düşməsin. Ya olduğunuz kimi görünün, ya da gördündüyünüz kimi olun. Olun ki, bir gün təsadüfən maskanız düşsə, əliniz üzünüzdə qalmasın. Və unutmayın ki, məhşər günü hər kəsin maskası götürüləcək və o gün artıq yerdən, yaxud cibdən maska tapıb işlədə bilməyəcəyik!...

      • Hits: 38 clicks

      Tecox component by www.teglo.info