Kamran MƏMMƏDOV - SEHR VƏ CADU

      Share

      Ərəbcə “sehr”: ruha, dinə aid olmayan dualar və hərəkətlərlə təsir etmək deməkdir. Bir insanı istədiyi işi etməyə sövq edən gizli qüvvə, təbiətə zidd hallar meydana gətirən təsirlərdir. Bəzi gizli qüvvələri hər hansı bir fayda naminə başqasına ziyan vurmaq üçün şəriətə zidd yollarla həyata keçirən və həqiqətə uyğun gəlməyən təhdid, hiylə və oyunbazlıq şəklində göz bağlayıcılıq və hiyləgərlik kimi fəndlərlə insanları aldadan şəxsə “cadugər”, bu insanların gördüyü işlərə də “sehr” deyilir. Cadugərlik İslamdan əvvəl ərəblər, yunanlar, hindular, misirlilər arasında geniş yayılmışdı.

       Xüsusilə Hz. Musanın (ə.s)  dövründə sehrbazlıq çox rəğbət görən bir peşə idi. Hz. Süleymanın (ə.s) dövründə də yayılmışdı. Sehr fayda əldə etmək və cəmiyyəti idarə etmək üçün tətbiq olunurdu. İslam filosoflarının və Mutəzilənin əksinə olaraq sehrin varlığını qəbul edən Əhli-sünnə alimləri bunun bəzi alət və vasitələrlə, astroloji biliklər, hiylə və bacarıqlarla həyata keçirildiyinə inanırlar.

      “Sehr” və ondan törəyən ifadələr Quranda 60 yerdə işlədilir, iki ayədə də “kahin” sözü işlənir. Qurani-Kərim cahiliyyə toplumuna peyğəmbər gəldiyi zaman onları qeyri-adi və eşidilməyən şeylər kimi qəbul etdiklərini və peyğəmbərləri “sehrlənmiş, ovsunlanmış, cin vurmuş, məcnun” kimi  adlandırdıqlarını bildirmişdir. Məsələn, Haqqın ifadəsi olan vəhyə “bu sehrdir” demişdilər (Yunus, 2). Quran bu ittihamları qətiyyətlə rədd etmiş və peyğəmbərin nə bir kahin, məcnun, sehrlənmiş, nə də  sehrbaz olmadığını bildirmişdir (ət-Tur, 29-30; əl-Qələm, 2; ət-Təkvir, 22). Peyğəmbərlərin göstərdikləri möcüzələri də kafirlər sehr adlandırırdılar (əl-Maidə, 110; əl-Ənam, 7) Bundan əlavə, sehrin əslində peyğəmbərlərlə və ilahi vəhylə əlaqəsi olmayan şeytani bir murdarlıq və küfr olduğu vurğulanır.

      Quranda “sehr” sözü “hiylə” (Taha, 64, 69), “aldatmaq “ (əl-Muminun, 89) mənalarında da istifadə edilmişdir. Sehrbazlar fəsad törədənlər (müfsid) kimi qiymətləndirilir və onların işlərini Allahın düzəltməyəcəyi bildirilir (Yunus, 81). Quran sehrbazların getdikləri yerdə müvəffəq ola bilməyəcəklərini bildirir (Taha, 69; Yunus, 77). Allah sehri təsirsiz qoyar və yox edər (Yunus, 81). Qurani-Kərim Hz. Musa (ə.s)  ilə Fironun sehrbazları arasındakı mübarizəni fərqli surələrdə və bəzi təfərrüatları ilə izah edir (əl-Əraf, 103-126; Yunus, 75-86;  Taha, 56-72; əş-Şuara, 30-51). Bu mübarizəyə işarə edərək  Firon xislətində olanların sehrbazlarla vəhy və peyğəmbərlik dəvətləri qarşısında hər dövrdə fərqli görünəcəklərini xatırladır. Yenə də inananlara dərs və mənəvi dəstək verilir; Allah sehrbazların irəli sürdüklərini, kim və harada olmağından asılı olmayaraq sehrlərinin uğursuz olacağını, hiylələrini məhv edəcəyini, hər iki dünyada əzabdan xilas ola bilməyəcəklərini bildirir.

      “Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə kafir olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də kafir olma!” - deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Onu (cadunu) satın alanların axirətdə bir payı olmadığını da bilirlər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər!” (əl-Bəqərə, 102)

      Hz. Peyğəmbər (s.ə.s) demişdir: “Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə, Muhammədə nazil olana küfr etmişdir”.  (Tirmizi, Təharət, 102; İbn Macə, Təharət, 122).

      “İçki içən, sehrə inanan (sehrbazı təsdiqləyən) və qohumlardan əlaqəsini kəsən cənnətə girə bilməyəcək”. (Əhməd bin Hənbəl, 4/399; Əbu Yəla, əl-Müsnəd hədis: 3386; İbn Hibban, əs-Səhih, 7/366, 648; Hakim, əl-Müstədrək 4/146)

      “Düyün vuraraq üzərinə üfürən sehr etmişdir. Sehr edən Allaha şirk qoşmuşdur. Üzərinə bir şey taxan üzərindəkinə etibar edər”. (Nəsai, Təhrimiud-Dəm, 199, 7/117)

      Peyğəmbərimiz buyurdu: “Yeddi həlak edici şeydən çəkinin!” Dedilər: ‘Bunlar nədir, ya Rəsulallah?” Buyurdu ki: “Allaha şərik qoşmaq, sehr etmək, Allahın haram etdiyi canı haqsız yerə öldürmək, yetim malı yemək, faiz yemək, müharibədə düşməndən qaçmaq, özlərini qoruya bilməyən qadınlara zina iftirası etmək”. (Buxari, Vəsaya 23, Tibb, 48, Muharibin, 31; Müslim, İman, 38, 4; Əbu Davud, Vəsaya, 10, 1; Nəsai, Vəsaya, 11)

      Qorunma yolları: Güclü iman, səhər-axşam zikrlər, acvə xurması (Peyğəmbər xurması) və bu işləri peşə edən şəxslərin yanına getməmək. Qurani-Kərimdən bu surə və ayələri çoxlu oxumaq: Fatihə surəsi, əl-Bəqərə 255 (ayətəl-kürsi), əl-Əraf 117-122,  Yunus 81-82, Taha 69, əl-İxlas,  əl-Fələq,  ən-Nas surələri.

       

      • Hits: 38 clicks

      Tecox component by www.teglo.info