Dr. Eldar KƏRİMOV - İNTİHAR PSİXOLOGİYASI

      Share

      İntihar hadisəsi fərdin ona bəxş edilən ömrü və ya bu dünyada yaşamaq şansını öz əli ilə sonlandırmasıdır. Dünya Səhiyyə Təşkilatının verdiyi statistikaya görə, dünyada hər 3 saniyədən bir intihara cəhd edilir və hər 40 saniyədən bir intihar hadisəsi nəticəsində bir nəfər vəfat edir. Son vaxtlar cəmiyyətimizdə bu halların çoxalması isə aşağıda qeyd edəcəyimiz depressiya hallarından qaynaqlansa da, intihar xəbərlərinin kütləvi yayılması yolverilməzdir. Bu haqda yayılan xəbərlər insanlarda “Verter effekti” yaradaraq intihar hadisələrinin çoxalmasına səbəb olur.

      İntihar hadisəsi bioloji, psixoloji və sosioloji səbəbləri olmaqla kompleks bir davranışdır. Bu təhlükəli hadisəni sosial, mədəni və iqtisadi səbəblər hazırlamaqda, psixoloji faktorlar isə bitirməkdədir.

      İntiharın ən böyük risk faktoru şiddətli depressiyadır. Ağrı (müalicə olunmayan emosional və fiziki ağrı), ruhi gərginlik (bir ölünün arxasından yaşanan acı, hər hansı bir şəxs və ya şəxslər tərəfindən göstərilən emosional təzyiqdən sonra yaşanan acılar), cinayət (peşmançılıqdan və ya məhkəmə cəzasından yayınma), ruhi xəstəliklər (depressiya, şizofreniya, travma), zərərli maddələrin istifadəsi, maliyyə problemləri (qumar aludəçiliyi, işdən qovulma, iflas), həll edilməmiş cinsi problemlər (qarşılıqsız sevgi, sevgi acısı, cinsi problemlər) hər bir insanda depressiya yarada birəcək ruhi gərginliklərdir. Depressiya ən qorxulu və sonu ölümlə nəticələnən xərçəng xəstəliyindən belə təhlükəlidir. Çünki istənilən xərçəng xəstəsi olan insana yaşaması üçün ümid vermək mümkündür. Major depressiyada olan insanlar üçün isə bunu etmək, demək olar ki, mümkünsüz kimi görünür.    

      İntihar hadisəsində yaş və cinsiyyət faktorları önəmli rola sahibdir. Belə ki, bu qorxulu hadisəyə gənclər, xüsusilə qadınlar daha çox təşəbbüs etdiyi halda, orta yaş və yaşlılarda bu hadisəyə təşəbbüs nisbətən azdır. Bu yaş mərhələlərində gənclər sevdiklərindən ayrıldıqları, həyatda xoşbəxt ola bilmədikləri, eyni zamanda, gələcəyə ümidlə baxa bilmədikləri üçün  çıxış yolunu intiharda görə bilirlər. Gənclər bir anlıq əsəb, gərginlik və hirs nəticəsində intihardan daha çox qisas almaq, başqalarını cəzalandırmaq və ya özlərini kimlərəsə bağışlatmaq üçün istifadə edirlər. Yaşlı insanlarda isə intihar hadisəsinə qərar vermə prosesi uzun müddət üzərində düşünüldükdən sonra,  əksər hallarda, fiziki narahatçılıq nəticəsində baş verir.

      Sekulyar cəmiyyətlərdə intihara meyillilik dindar cəmiyyətlərdən daha çoxdur. Burada dinin insanlar üzərində formalaşdırdığı bütün çətinliklərin Yaradandan gələn bir imtahan vasitəsi olması inancı və insanın öz canına qəsd hadisəsinin bağışlanmaz bir günah olduğu düşüncəsi önəmli rol oynayır. Aparılan tədqiqatların nəticələrinə görə, katoliklər protestantlardan daha az intihar edir. Çünki katoliklərdə daha çox kollektiv dindarlıq, protestantlıqda isə subyektiv dindarlıq üstünlük təşkil edir. Digər dinlərlə müqayisədə İslam dininə mənsub cəmiyyətlərdə daha az intihar hadisələrinə rast gəlinir. Bunun da başlıca səbəblərindən biri İslam dininin kollektiv dindarlığa önəm verməsi və insanların sosiallaşmasına, qarşılıqlı yardımlaşmasına şərait yaratmasıdır.

      Bu qorxulu hadisəyə İslam dininin münasibəti isə birmənalıdır. Belə ki, İslam dinində bir müsəlmanın üzərinə düşən vəzifələrdən biri də dini zərurətlərə (zərurəti-diniyyəyə) diqqət etməsidir. Bu da bir müsəlmanın dinini, canını, malını, namusunu və nəslini qoruma zərurətidir. Əgər bir insan öz canını qoruya bilmirsə, digər dörd önəmli xüsusu da qoruya bilməyəcəkdir. Bu mənada Qurani-Kərimdə Allah-Təala: “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın!” (əl-Bəqərə, 195), “Özünüzü öldürməyin!” (ən-Nisa, 29) kimi ayələrlə bəndələrini bu əməldən çəkindirir. Eyni zamanda, Hz. Peyğəmbər (s.ə.s) də intihar edən birinin cənazə namazını qılmamaqla və: “Kim hansı vasitə ilə özünü öldürərsə, o vasitə ilə cəhənnəmdə əzab görəcək”, - hədisi-şərifi ilə bu hadisənin qətiyyətlə yolverilməz olduğunu bildirmişdir. 

      İntihar edən insana aciz, gücsüz və zəif insan kimi baxmaq isə doğru deyil. İntihar edən insanlar, əslində, düşünüldüyü kimi aciz insanlar olmur. Onlar sadəcə verdikləri anlıq qərarlara hakim olmadıqları üçün bu yola əl atırlar. Digər insanların üzərinə düşən vəzifə həmin insanları qınamaq yox, depressiya vəziyyətləri müşahidə etdikləri anda onlara kömək etmək və dəstək olmaqdır.

      İntihar hadisəsinin qarşısının alınması üçün ailələrin üzərinə çox iş düşür. Ailədəki hər hansı bir fərdin problemləri varsa, maraqlanmaq və həmin problemin həlli üçün dərhal müvafiq addımları atmaq lazımdır. Əgər şübhələndiyiniz fərdlər tez-tez həkimə gedirlərsə, sahib olduqları əşyaları başqalarına bağışlayaraq: “Mən olmasam bunlara yaxşı baxarsan” kimi sözlər deyirlərsə, bu, intiharın ilkin mesajları ola bilər.

      Son olaraq, unutmayın! Əslində, düşdüyümüz quyular zənn etdiyimiz qədər dərin deyil, tutmağa çalışdığımız iplər çox qısadır və ən əsası: intihar çarə deyil!

      • Hits: 41 clicks

      Tecox component by www.teglo.info