Alpay AZƏR - ALLAHIN ÇƏKİCİ

      Share

      Bu dəfə yutubda 10 dəqiqəlik videonun altında rusca “Allahın cəzası - xasavyurtlu Hacımurad Maxaçevə” başlığını görən kimi “play”i basdım. Ağzında tibbi maska, seyrəksaçlı, ortayaşlı kişi zəif səslə, Rəhman və Rəhim Allahın adıyla nitqinə başlayıb islam peyğəmbərinə, ailəsinə, səhabələrə salam deyəndən sonra əsas məsələyə keçdi:

      - Adım Apti, soyadım Abdurrahmanovdu, çeçenəm. Bu, mənim xasavyurtlu biznesmen avar Maxaçev Hacımurada müraciətimdi. On il əvvəl dostlarımla Arxangelskə işləməyə getmişdim. Sizin ikimərtəbəli evinizi təmir edirdik. Günəmuzd aldığımız pullar öz yerində, siz gündə üç dəfə yemək-içməyimizi verirdiniz. İkinci mərtəbədə balaca otaq var idi, hamamın yanında, ilk dəfə ora girəndə, döşəmədə yekə, sarı çemodan gördüm, ağzı açıq çemodanıydı. Düzdü, alətlər mənim zəif yerimdi, amma ilk dəfəydi qızıl rəngində alətlər görürdüm, - gülümsədi. - Elə bildim, burdan nəsə oğurlamasam, gecə yatammayacam. Əvvəlcə beş ölçülü açarı götürüb qoltuğumun altında gizlətdim. Ordan sakitcə çıxıb yan otaqdakı rükzaqıma soxdum. Ertəsi gün balaca mişarı oğurladım. Amma gözüm doymurdu, heç cürə üç çəkicin arasında seçim edəmmirdim. Kiçik, orta, böyük çəkiclərə baxa-baxa qalmışdım. Fikirləşirdim, böyüyü götürsəm, siz həmin otaqda olanda, bunu o dəqiqə hiss edəcəksiz. Mənə elə gəlirdi ki, balaca şeylərin itməsi çox da gözə dəymir. Əminiydim ki, alətlərdən üç-dördünü oğurlasam, siz bunu hiss etməyəcəksiz, ya da uzağı elə biləcəksiz, yadınızdan çıxıb harasa qoymusuz, ya kiməsə vermisiz. Siz əliaçıq adamıydınız, deyə bilərəm ki, axırda əlinizi yellədib “Cəhənnəmə olsun hamısı” deyəcəksiz, - Apti bic-bic güldü. - İki gün arada o otağa girib, çəkicləri götürüb xeyli baxdım, sonra qoydum yerinə. Üçüncü gün orta ölçülü çəkici götürdüm. Səhərisi biz evlərin təmirini qurtardıq, siz hamımızın pulunu artıqlamasıyla verdiniz və biz Arxangelskdən çıxdıq… İndisə keçirəm əsas məsələyə. Artıq altı aydı onkoloji xəstəyəm. Bu yaxınlarda dördüncü kimyaterapiyanı keçmişəm, mənə inanasınız deyə, sizə sistemlə qəbul etdiyim dərmanı göstərirəm, - dərman qutusunu göstərdi. - Mabteradı, bu dərmanın adını istənilən onkoloqa desəniz, biləcəklər söhbət nədən gedir. Maskanı isə qripdən qorunmaqçün taxmışam, amma burda başqa adam yoxdu deyə, onu çıxardıram.... Hörmətli Hacımurad, tanıdız məni?..

      Arıq, ovurdları içəri batmış qırx beş-əlli yaş arasında bir kişiydi.

      - Məncə, tanıdız. Məndəki xərcəng başımdadı. Başımda kəskin ağrılara iynə-dərman kömək etməyəndə, Moskvaya gedib onkoloji mərkəzdə emerte elətdirdim, bədxassəli şiş çıxdı. Yəqin, bilirsiz, emerte aparatı işləyəndə, sanki adamın başına dayanmadan çəkic vururlar. Mən səslərdən bezib iki dəfə qışqırdım ki, dayandırın bunu, bezdim bu səslərdən, - həyəcanlandığından təngnəfəs oldu bir az. - Həkim mikrofonla qışqırdı ki, sən necə çeçensən, buna dözmürsən. Qüruruma toxundu dedikləri, o dəqiqə susdum, öz-özümə dedim, dözəcəm. Və qəfil sizin evdən oğurladığım çəkic yadıma düşdü. Öz-özümə dedim, vallah, bu emerte Allahın çəkici kimi bir şeydi, cəza olaraq başıma vururlar. Özümə dedim ki, dözməliyəm bu cəzaya. Onu deyim, mişarla qayka açarını satsam da, çəkic çox xoşuma gəlmişdi, satmamışdım, yaxşı ki, satmamışam. Subhanallah. Budur, - masanın üstündən götürdüyü qızıl suyuna çəkilmiş çəkici ekrana yaxınlaşdırdı. - Rəngi hələ də getməyib, - çəkici masanın üstünə qoydu. - Bilirəm ki, baş xərçəngiylə çox yaşamırlar. Ona görə sizdən iki xahişim olacaq. Birincisi, Allah rizasıyçün məni bağışlayın. Qiyamət günü Allahın qarşısında oğru kimi dayanmaq istəmirəm. Elə bilirəm, Allah məni bağışlamasa, cəhənnəmdə başıma oğurladığım həmin çəkiclə vuracaqlar, bu, emertedən də betər olacaq. İndi ikinci xahişimə keçirəm, - önündəki A4 formatlı kağızı götürüb ekrana yaxınlaşdırdı. - Burda imeylim yazılıb, çox xahiş edirəm, imeylimə poçt ünvanınızı, mişarla qayka açarının qiymətini yazın, mən sizə çəkici və yazacağınız məbləği göndərəcəm, inşallah. Çox xahiş edirəm, sözlərimi ciddiyə alasınız. Allahu əkbər, - deyib şəhadət barmağını qaldırdı, telefonunda “stop”u basdı.

      Həmin çıxışın altında “Maxaçev Hacımuradın Aptiyə olan cavabı”nı görüb “play”i basdım. Ortayaşlı, uzun saqqallı kişi özünü təqdim edib Aptini salamlayandan sonra dedi:

      - Qulaq asdım çıxışına. Əvvəlcə onu deyim ki, o vaxt sən və dostların mənim evimi necə lazımdı təmir etmişdiz, yəni, mən onda hamınızın gördüyü işdən çox razı qalmışdım. Qaldı çəkic-mişar məsələsinə, vallahi-billahi, buna görə narahat olmağa dəyməzdi. Sən elə düz deyirsən, siz gedəndən sonra mən heç o çemodanın içindəkilərə baxmamışdım. Gəl sənə oxşar bir hadisəni danışım. 18 yaşım olanda, Dağıstanda, qonşu kənddə axşamüstü, naxırdan gələn iki qoyun və bir inəyi oğurlamışdım. Bilirsən, o yaşda çoxumuz belə şeylər edirdik. İllər sonra mən dinə gələndə, gedib o ailəni tapdım, vurduğum ziyanı pulla ödədim. Ona görə də götürdüyün, satdığın o alətləri sənə halal edirəm, Allaha dua edirəm ki, Qiyamət günü buna görə səni sorğu-suala tutmasınlar. İkincisi, mən bu gün sənin imeylinə yazmışam, mənə  bank hesabını yazasan, müalicənçün pul köçürəcəm. Bunu Allah rizasıyçün edirəm, ona görə çox xahiş edirəm, dediklərimə etinasız, barmaqarası yanaşmayasan. Nəzərə al ki, bura hesabı yazıb göndərməklə savab iş görməyimə səbəb olacaqsan. Vassalamu aleykum. Allahu Əkbər, - şəhadət barmağını qaldırdı, “stop” düyməsini basdı.

      • Hits: 36 clicks

      Tecox component by www.teglo.info