Dr. Anar Qurbanov - SUAL-CAVAB

      Share

      Sual: Satıcı müştəriyə görə fərqli qiymət deyə bilərmi?

      Cavab: Ümumiyyətlə, mömin alış-verişlərində insaflı və ədalətli olmalıdır. Müştərinin vəziyyətinə görə qiymət müəyyən etmək insanı yalan və hiyləgərliyə aparan bir hərəkətdir. Məhz bu səbəbdən müştəriyə uyğun olan ümumi bir qiymət müəyyən etdikdən sonra sözügedən bu qiymət iqtisadi bir səbəb olmadan dəyişdirilməməlidir. Ancaq qeyd etmək lazımdır ki, mal sahibinin satdığı mala istədiyi qiyməti qoymaq səlahiyyəti vardır. Təbii ki, qiyməti müəyyən edərkən bazar qiymətləri onu yönləndirəcək və müəyyən sərhədlər qoyacaqdır. Aldatma və ədalətsiz rəqabət olmadığı müddətcə buna müdaxilə etmək də düzgün deyil. Belə olan halda sahibkar öz qohum-əqrəbasına, dost-tanışına və yoxsula istədiyi qədər endirim edə bilər. Hətta pulsuz da verə bilər. Ancaq arada bəzi müştərilərə deyilən qiymət bazar qiymətləri ilə müqayisədə həddindən artıq yüksək olarsa, artıqlaması ilə deyilən həmin məbləğ onun üçün təmiz qazanc olmaqdan çıxar və satın alanın bu müqaviləni pozma səlahiyyəti meydana gələr. Odur ki, mömin olan sahibkar gərək bu kimi hərəkətlərdən birmənalı olaraq uzaq dursun və ticarətinə haram qazanc qarışdırmasın.  

       

      Sual: Var-dövləti halal olmayan bir şəxslə şəriklik etmək olarmı. Yəni bu kimi hallar şirkət qurulduqdan sonra bilinərsə, nə etməliyik?

      Cavab: Bir kimsənin var-dövləti qəsbkarlıq, oğurluq, sələmçilik və ya digər halal olmayan, eləcə də qanunsuz yollardan əldə edilibsə, onunla edilən şəriklik nəticəsində haram və halal qazanclar bir-birinə qarışar və şəriklik təmiz olmayan bir sərmayəyə əsaslanmış olar. Ancaq şəriklərdən birinin var-dövlətinin haram olan hissəsi halala nisbətən az miqdarda olarsa, şərikliyi davam etdirmək olar. Bundan əlavə, məlumatsız olduğu dövrdə haram yollardan qazanc əldə edən şərik peşman olub hissələri sahiblərinə geri qaytarmağı təklif edərək, sahibləri bilinmədiyi təqdirdə isə bu məbləği yoxsullara verərək həmin qazancı təmizləməsi nəticəsində onun əvvəlki vəziyyətinin şirkətə hər hansı bir təsiri olmaz.

       

      Sual: İslamda işçi və işəgötürənin vəzifə və öhdəlikləri barədə məlumat verə bilərsinizmi?

      Cavab: Əvvəla qeyd edək ki, İslam dini əməyə və alın tərinə xüsusi əhəmiyyət vermişdir. Qurani-Kərimdə ədaləti, yaxşılığı, insanlara möhtac olduqlarını verməyi əmr və tövsiyə edən, əmanətlərin əhlinə verilməsini tələb edən, çəki və ölçünün düzgün aparılmasının vacibliyini bildirən ayələr işçilərin hüquqlarını da əhatə edir. Həzrət Peyğəmbərimizdən (s.ə.s) işçilərin hüquqları ilə bağlı müxtəlif hədislər nəql edilmişdir. Belə ki, bir hədisi-şərifdə belə buyurulur: “İşçini işlədən şəxs ona verəcəyi zəhmət haqqını bildirsin”. (Nəsai, Eyman, 44) Başqa bir hədisi-şərifdə belə buyurulur: “İşçiyə zəhmət haqqını təri qurumadan verin”. (Zeyləi, Nəsbür-rayə, IV, 129) Bir hədisi-qüdsidə isə buyurulur: “Üç şəxs qiyamət günündə məni qarşılarında görəcəklər: mənim adımı verib haqsızlıq edən; azad bir insanı satıb pulunu yeyən; bir insanı işlədib onun zəhmət haqqını verməyən”. (Buxari, Büyu, 106)

      İşəgötürən götürdüyü işçinin özünü yox, onun əməyini kirayə götürmüş olur. Onun əməyindən, xidmətindən istifadə etmək “əmək müqaviləsi” və yaxud adət-ənənələr çərçivəsində əmələ gələr. Şübhəsiz ki, işçi, öhdəlikləri çərçivəsində verilən göstərişlərə əməl etmək məcburiyyətindədir. Ancaq işəgötürənin İslama görə halal olmayan və qanunsuz tapşırıqlarını yerinə yetirməyə məcbur deyil. Bir hədisi-şərifdə Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Allaha qarşı üsyan olan məsələlərdə bəndəyə itaət yoxdur. İtaət yalnız məruf olan (hər kəsin qəbul etdiyi, adət-ənənələrə söykənən) məsələlərdədir”. (Buxari, Ahad, 1; Müslim, İmarə, 39) 

      İşçi işini imkan daxilində yaxşı və məqsədəuyğun şəkildə yerinə yetirməlidir. İşlərdə nöqsana yol vermək əmək haqqına təsir etdiyi və üxrəvi cəhətdən məsuliyyət altına saldığı üçün mömin işçi daim mənəvi cəhətdən nəzarət altındadır. Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Biriniz bir iş görəndə onu ən düzgün və ən yaxşı şəkildə etməsi Allahın xoşlandığı bir davranışdır”. (Süyuti, “əl-Came əs-səğir”, II, 286) Başqa bir hədisdə isə belə buyurulur: “Allah peşəsində bacarıqlı olan sənətkarı sevər”. (Süyuti, “əl-Came əs-səğir”, II, 290)

      Bundan əlavə, vurğulamaq lazımdır ki, işçi və ya məmur işəgötürənə və yaxud dövlətə məxsus olan cihazları və əşyaları əmanət kimi qəbul etməlidir. İslamda əmanətə riayət etmək bir öhdəlikdir və bunun müqabilində də əcr vardır. Bir hədisi-şərifdə belə buyurulur: “Səlahiyyətli bir şəxs tərəfindən əmanət edilən əşyaları səmimi-qəlbdən təlimata müvafiq istifadə edən mötəbər müsəlman sədəqə verənlərin savabına nail olar”. (Buxari, Zəkat, 25)   

      • Hits: 41 clicks

      Tecox component by www.teglo.info