Aqil ƏLİYEV - BATİLİN QARŞISINDA

      Share

      İman-küfr, haqq-batil mübarizəsi ilk insanla birlikdə başlamış və qiyamət gününə qədər davam edəcəkdir. Allahın nə hikmətidirsə, hər peyğəmbərin və haqqı deyən birinin qarşısında mütləq bir zalım kimsə və ya zalımlar toplumu yer almışdır. Tarixdə yaşanmış Əshabi-Kəhf  hadisəsi də bu mübarizələrin mühüm örnəklərindən biridir. Xüsusilə də cəmiyyətin inkişafı, islahı və pis əməllərdən yaxşılığa, küfrdən imana  doğru dəyişməsində rol alan bu igid gənclərin özləri qədər təqib etdikləri metod da çox mühümdür.

      Əshabi-Kəhf: “mağara əhli, mağarada qalan insanlar” mənasına gəlməkdədir. Bu hadisədə öz haqq inanclarını qorumaq və insanları özünə səcdə etməyə məcbur edən zalım hökmdarın əziyyətlərindən xilas olmaq üçün bir mağaraya sığınan gənclərdən bəhs edilir. Hadisə Roma ərazisində, Hz. İsanın (ə.s) doğulmasından bir az əvvəl və ya bir az sonra baş vermişdir. Onların sayı və mağaranın harada yerləşdiyi haqda fərqli məlumatlar vardır. Bizim üçün mühüm olan bu hadisənin məğzi və çıxaracağımız dərslərdir.

      Tarixən haqqı, ədaləti təmsil edən, yəni haqq əhli, iman əhli kimsələr say baxımından az, zəif, məzlum və məhrum kütlə olmuş, küfrü, batili, zülmü, ədalətsizliyi təmsil edənlər isə güclü, hakim olmuş və insanların təbii haqqı olan dini azadlıqlarına qarşı dözümsüzlük göstərmələri ilə ön plana çıxmışlar. Əshabi-Kəhf hadisəsindəki gənclərin vəziyyəti də bundan fərqli olmamışdır. Quranda “fəta” kəlməsi ilə ifadə edilən bu gənclər öz inanclarını yaşamaq və açıq-aşkar göstərmək azadlığı olmayan, insanın insana qul olduğu və şirkin bütün yönləri ilə yayğınlaşdığı bir dövrdə yaşamışdılar. O dövrün zalım rəhbərləri tək Allaha iman yolunu seçən və dinlərini azad yaşamaq istəyən bu gəncləri öz yollarından döndərmək üçün ağır cəzalar və işgəncələr verirdilər. Onların bu işgəncə növlərindən birini Qurani-Kərim belə ifadə edir: “…Əgər onlar sizi ələ keçirsələr, ya sizi daşqalaq edib öldürəcək, ya da dinlərinə geri qaytaracaqlar. O zaman əsla nicat tapa bilməyəcəksiniz!..”

      Yuxarıda qeyd olunan ayədən də məlum olduğu kimi, hər dövrdə yaşamış zalım, inancsız  krallar iman əhli insanlara zülm etmişdir. Bu da eyni zamanda inanclı insanlar üçün bir imtahan, çox sevdikləri Rəbləri və dinləri üçün fədakarlıq göstərmək məqamı olmuşdur. Çünki sevən sevdiyi yolunda bütün müsibət və çətinliklərə dözər.

      Bundan əlavə, Əshabi-Kəhf hadisəsində bəhs olunan imanlı gənclər özlərindən sonra gələcək nəsillər üçün nümunə olmuşdur. Onlar bizə tövhid inancının necə olacağını, bu yolda necə dözüm göstəriləcəyini, lazım gəlsə candan, maldan, ata-anadan və övladdan belə keçməyin vacibliyini aşılamışdır. İslam etiqadına görə, hər şeyin qaynağı tək olan Allahdır. Çünki Allah könüllərin sevgi, ümid, qorxu, etibar, təvəkkül, yardım, dua, qurban, nəzir və s. kimi inanc və ibadətlərlə bağlandığı, Ona qarşı dərin sevgi bəslənən, hər kəsdən daha çox ehtiram edilən və qulluğun yalnız Özünə məxsus olduğu yeganə məbuddur.

      Tarixə nəzər salsaq, görərik ki, bütün ideologiyalar öz ideyalarını və missiyalarını qəbul edib təbliğ etmək işini gənclərə yükləmiş və onların köməyi ilə öz hədəflərinə çatmışdır. Çünki gənc nəsil bu işlərdə daha həvəsli, aktiv və çevik hərəkət edə bilməkdədir. Gənc demək güc deməkdir, enerji deməkdir, kütlə deməkdir və  nəticədə gənc demək zəfər deməkdir. Həzrət İsanın (ə.s) ətrafında olan həvarilər və Allah Rəsulunun (s.ə.s) yanından ayrılmayan səhabələr də məhz gənc nəslin nümayəndələri idi.

      Əshabi-Kəhf hadisəsindən bizim, xüsusilə də gənclərin çıxaracağı dərslərdən bəhs edərkən deyə bilərik ki, insan öz idealı uğrunda daim mübarizə aparmalıdır. Məqsədsiz və məsuliyyətdən uzaq keçən gənclik illəri xüsran və ziyandan başqa bir şey deyildir. İnanclı bir gənc, toplumu kor-koranə təqlid edən deyil, elmli, savadlı və araşdırma mexanizmasına sahib olan biri olmalıdır. Toplumun batil etiqadlarını, batil inanclarını deyil, haqqı və doğrunu öyrənib onu qəbul etməlidir. Biz bunu mağaraya sığınan gənclərin bu ifadəsində görürük: “Onların qəlblərinə qüvvət (cəsarət) verdik. Bu zaman onlar (hökmdarın qarşısında) ayağa qalxaraq belə demişdilər: “Bizim Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir ilaha dua etmərik! Yoxsa haqdan uzaq bir şey söyləmiş olarıq”. (əl-Kəhf, 14)

      İstər dini, istərsə də dünyəvi ideologiyaları həyata keçirmək üçün ümid bağladığımız gənclərə tarixi köklərimiz, tarixi şəxsiyyətlərlə yanaşı, milli-mənəvi dəyərlərimiz, peyğəmbərlərin həyatı, Quran qissələri və İslam qəhrəmanlarının şərəfli həyatları da öyrədilməlidir. Azərbaycan gənci ona güc verən milli-mənəvi dəyərlərinə sahib çıxmalı və bunu gələcək nəsillərə şərəflə aşılamalıdır.

      • Hits: 57 clicks

      Tecox component by www.teglo.info