Dr. Səfa MURADOV - BİR HƏDİS

      Share

      عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ نَفَّسَ عَنْ مُسْلِمٍ كُرْبَةً مِنْ كُرَبِ الدُّنْيَا، نَفَّسَ اللَّهُ عَنْهُ كُرْبَةً مِنْ كُرَبِ يَوْمِ الْقِيَامَةِ، وَمَنْ يَسَّرَ عَلَى مُعْسِرٍ، يَسَّرَ اللَّهُ عَلَيْهِ فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَمَنْ سَتَرَ عَلَى مُسْلِمٍ سَتَرَ اللَّهُ عَلَيْهِ فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَاللَّهُ فِي عَوْنِ الْعَبْدِ مَا كَانَ الْعَبْدُ فِي عَوْنِ أَخِيهِ

      Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim bir müsəlmanın dünya sıxıntılarından bir sıxıntısını həll edərsə, Allah da onun qiyamət günündə sıxıntılarından bir sıxıntısını həll edər. Kim çətin vəziyyətdə olan birinə asanlıq göstərərsə, Allah da ona dünya və axirətdə asanlıq göstərər. Kim bir müsəlmanın ayıbını örtərsə, Allah da onun dünya və axirət ayıblarını örtər. Bir qul qardaşının köməyində olduğu müddətcə, Allah da onun köməyində olar”. (Müslim, Zikr, 11; Əbu Davud, Ədəb, 68)

      Uca Allah möminlərin qardaş olduğunu buyurmuşdur. (əl-Hucurat, 49/10). Rəsulullah (s.ə.s) də bir çox hədisində müsəlmanların bu qardaşlığına işarə edərək bir-birilərinə dəstək olmalarını əmr etmişdir. Bu hədislərdən biri də burada qeyd etdiyimiz hədisdir. Allah Rəsulu (s.ə.s) dünyada ikən bir mömin qardaşın sıxıntısını həll etməyin böyük mükafatının olduğunu müjdələyərək Allahın axirətdə həmin şəxsin sıxıntısını həll edəcəyini buyurur.

      İnsan hisslərə, duyğulara sahib bir varlıqdır. Bəzən kiçik belə olsa bir insanın dərdinə şərik olmaq ona ruh yüksəkliyi qazandırar və onun həyata baxışını dəyişər. Elə bu səbəblədir ki, Rəsulullah (s.ə.s) bir hədisində: "Qardaşının üzünə gülümsəyərək təbəssüm etməyin də sədəqədir", - buyuraraq çox sadə görünən təbəssüm etməyi belə önəmli görmüşdür. (Tirmizi, Birr, 36)

      Çətin vəziyyətdə olan birinə kömək etmək dinimizin ən əsas insani prinsiplərindəndir. Möminlərin vəzifəsi sadəcə öz din qardaşlarına kömək etməklə məhdud deyildir. Bir möminin şəfqəti inancından və milliyyətindən asılı olmayaraq bütün insanları əhatə etməlidir. Müsəlmanların Allah və Rəsulunun onlara öyrətdiyi İslamın bu qucaqlayıcı tərəflərini ön plana çıxarması xüsusilə dövrümüzdə böyük əhəmiyyət kəsb edir. Möminlərin bir-birilərinə və ehtiyac sahibi digər insanlara olan yardımları davamlı olmalıdır. Çünki yaxşılıqlar davamlı olduqca Allahın yardımı da davamlı olar.

      Rəsulullah (s.ə.s) bu hədisində bir insanın öz din qardaşının ayıbını örtməsinin də axirətdə böyük mükafatının olacağını bildirmişdir. Bir kimsənin ayıbını örtmək bağışlayıcı və mərhəmət sahibi Allahın vəsfi ilə vəsflənmək deməkdir. Çünki Uca Allah insanların bir çox günah və xətalarını gördüyü və bildiyi halda tövbə-istiğfar edənləri bağışlamaqdadır. Beləliklə də, bir qul digər insanlara və xüsusilə də öz din qardaşlarına qarşı həssasiyyət göstərərsə, Allah da onun qədir-qiymətini artırar.

      • Hits: 89 clicks

      Tecox component by www.teglo.info