Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 14

      Share

      Yunus Əmrə həzrətləri buyurur:

      Yunus qəbrə vardıqda,

      Münkər-Nəkir gəldikdə,

      Rəbbin kimdir dedikdə,

      Dilim dönəmi, ya Rəbb?!

      İnsanın zahiri quruluşu ətdən və sümükdən ibarət bir qəlibdir. Lakin daxili aləmi saysız-hesabsız əndişələrlə doludur. Bu mənada Hafiz Şirazi də insanın tərifini verərkən “bir damla qan, min bir əndişə” ifadəsini işlətmişdir.

      Həqiqətən də, insan müvəqqəti olaraq qonaq olduğu bu dünya evi üçün nə qədər qayğı və əndişə duyur. Ruzi təlaşı, gələcək, ailə, var-dövlət və can dərdi çəkir. Necə ki, bu gün yayılan pandemiya səbəbi ilə bütün bəşəriyyət ümumi qorxu və təlaş içindədir…

      Halbuki axirət pəncərəsindən baxanda bütün fani əndişələr “zılli-zavaldan”, yəni yox olmağa məhkum kölgələrdən ibarətdir. Əsas və əbədi həyat axirət həyatıdır.

      Elə isə əndişə etməli olduğumuz əsas məsələ:

      - Əbədi mənzilimizin necə olacağının ilk nişanəsi sayılan son nəfəsimizi necə verəcəyimizdir.

      - Qəbirdəki sorğu-suala nə qədər hazırlıqlı olduğumuzdur.

      - Qiyamətə qədər gözləməli olacağımız bərzəx aləminin hədisi-şərifdəki ifadəsi ilə: cənnət bağçalarından bir bağça, yoxsa -Allah qorusun- cəhənnəm çuxurlarından bir çuxur olacağıdır.[1]

      Allah Rəsulunun tərbiyəsində yetişən və örnək nəsil olaraq bizə təqdim edilən əshabi-kiramın bütün dərdi bu idi. Hz. Əbu Bəkrin qızı Əsma v belə nəql edir:

      “Bir dəfə Rəsulullah r xütbə verərək qəbirdə insanın başına gələcək sorğu-sualdan bəhs etmişdi. Rəsuli-Əkrəm qəbirdə baş verəcəkləri təfsilatı ilə izah etdikdə müsəlmanlardan dəhşətli fəryad yüksəldi və hönkürərək ağlamağa başladılar”. (Buxari, Cənaiz, 87)

      Bəra t da belə nəql edir:

      “Biz Rəsulullah r ilə bir cənazədə bərabər idik. Hz. Peyğəmbər r qəbrin yanında oturub ağladı. O qədər ağladı ki, (göz yaşları ilə) torpaq islandı. Sonra:

      “Ey qardaşlarım! (Hamımızın başına gələcək olan) bu ölümə yaxşı hazırlaşın!” buyurdu”. (İbn Macə, Zöhd, 19)

      Həqiqətən, əbədiyyət səfərində bizi gözləyən çətin keçidlər var. Peyğəmbərimiz r hər fürsətdə əshabına və onların şəxsində qiyamətə qədər gələcək bütün ümmətinə bu keçidlərə hazır olmaları xüsusunda xəbərdarlıq etmişdir.

      Şübhəsiz ki, Peyğəmbərimizin qəbir aləminə dair verdiyi məlumatları biz zehnimizdəki dünyəvi təxəyyülümüzlə dəyərləndiririk. Bu səbəblə də o aləmin əsil mahiyyətini tam mənada dərk edə bilmirik. Eynilə ana bətnindəki körpənin dünya həyatına dair hər hansı bir məlumatının olmaması kimi biz də yalnız bu dünya ilə vidalaşıb qəbrə girdiyimizdə o aləmi həqqəl-yəqin dərəcəsində dərk edəcəyik.

      Hz. Peyğəmbər r-in qəbir aləminə dair verdiyi xəbərlər daha çox bizim vəzifə və məsuliyyətimizlə əlaqəli həqiqətlərdir. Onlardan lazımi dərs götürərək ibrət almağımız üçün deyilmişdir. Bu hədisi-şəriflərdən birində Peyğəmbərimiz belə buyurur:

      “Ölən adam məzara qoyular. Saleh biridirsə qorxusuz və təlaşsız halda qəbrində oturdular və:

      - Sən hansı dində idin? – deyə sual verilər. O:

      - Mən İslam dinində idim, - deyə cavab verər. Sonra:

      - Bu zat kimdir? – deyə (Rəsulullah r haqqındakı etiqadı və qənaətini) soruşarlar. O da:

      - Muhamməd r Allahın Rəsuludur. O, bizə Allah qatından açıq-aşkar dəlillər gətirdi. Biz də Onu təsdiq etdik, - deyə cavab verər. Daha sonra:

      - Sən Allah-Təalanı gördünmü? – deyə soruşular. O da:

      - Heç kim Allah-Təalanı (dünyada) görə bilməz! – deyə cavab verər.

      Daha sonra onun üçün cəhənnəmə baxan bir pəncərə açılar. Ölü ona baxaraq cəhənnəm alovlarının (şiddətli hərarət və sıxlıq səbəbi ilə) bir-birini qırdığını görər. Ona:

      - Allah-Təalanın səni qoruduğu atəşə bax! – deyilər.

      Sonra onun üçün cənnətə baxan bir pəncərə açılar. Cənnətin bərbəzəyinə və nemətləri­nə tamaşa etməyə başlayar. Ona:

      - Bax, bu gözəl yer sənin məqamındır, - deyildikdən sonra:

      - Sən (dünyada) sağlam iman üzrə idin, bu iman üzrə öldün və (qiyamət günü) inşallah  bu iman üzrə dirildiləcəksən, -  deyilər.

      (Qatadə t belə deyir:

      “Bizə nəql edildiyinə görə, saleh qulun qəbri (o aləmin şərtlərinə görə) yetmiş zira[2] genişləndirilər və təzə nemətlərlə doldurular. Yenidən dirilənə qədər də beləcə lütf və ehsanlar edilər”.[3])

      (Digər tərəfdən) pis adam da dəhşət və qorxu içində məzarında oturdular və ona:

      - Sən hansı din üzrə idin? – deyə soruşular. O da:

      - Bilmirəm, - cavabını verər. Sonra:

      - Bu şəxs kimdir? - deyə (Rəsulullah r haqqındakı etiqad və qənaəti) soruşular. O yenə:

      - İnsanlar onun haqqında bəzi sözlər danışırdılar, mən də eynisini dedim, - deyər. (Yəni dini mövzularla maraqlanmadığını, qələbəliyə uyub insanları kor-koranə təqlid etdiyini dilə gətirər).

      Cənnətə baxan bir pəncərə açılar. Cənnətin bərbəzəyinə və nemətlərinə baxmağa başlayar. Ona:

      - (İman etmədiyin üçün) Allahın səndən uzaqlaşdırdığı cənnətə bax! – deyilər.

      Daha sonra onun üçün cəhənnəmə bir pəncərə açılar. Ora baxar, alovların bir-biri ilə yarışdığını görər. Ona:

      - Bax, bura sənin yerindir. (İslam haqqında) şübhə ilə yaşadın, şübhə ilə öldün və inşallah (qiyamət günündə) şübhə içində dirildiləcəksən! – deyilər”. (İbn Macə, Zöhd, 32)[4]

      Xülasə, qiyamətədək davam edəcək bu gözləmə sanki məhkəmə dəhlizindəki həyəcanlı gözləməyə bənzəyər. Lakin hər kəsin mənəvi vəziyyətinə görə; kimisinə səadət, kimisinə də cəfa dolu gözləmə olacaq.

      Ariflər bu şüur və idrakla son nəfəsi, qəbri, Münkər və Nəkir mələklərinin sorğu-sualını və axirət hallarını həyat düsturu edərlər. Verəcəkləri hər qərarda və atacaqları hər addımda bu həqiqəti göz önündə tutarlar.

      Ölüm haqdır. Hər bir fani varlıq saylı nəfəslərini tamamladıqda mütləq onu dadacaq. Dünya həyatını qəbir gerçəyindən xəbərsiz yaşamaq gündüzü axşamsız təsəvvür etmək qədər əbəsdir.

      Hər gün ömür təqvimimizdən bir səhifənin qopduğunu unutmamalıyıq. Alıb-verdiyimiz hər nəfəs bizi dünyadan bir az da uzlaşdıraraq qəbrə bir addım yaxınlaşdırır.

      Elə isə bir gün tərk edəcəyimiz fani dünya üçün nə qədər çalışdığımızı, əbədi həyatın ilk mənzili olan qəbir üçün nə qədər çalışdığımızı düşünməliyik…

      Yunus Əmrə həzrətləri buyurur:

      Yavuzluq[5] eyləmə sakın,

      Əcəl sənə səndən yaxın,

      Necələrin əslin kökün,

      Yord eyləyib[6] poza durar…

      Hikmət əhli belə buyurur:

      “Dünya üçün dünyada qalacağın qədər çalış!

      Axirət üçün axirətdə qalacağın qədər çalış!

      Allah-Təalaya möhtac olduğun qədər itaət et!

      Cəhənnəm oduna dözə biləcəyin qədər günah işlə!”

      Qəbrin və cəhənnəmin əzabına dözmək mümkün deyil. Necə ki, Rəsulullah r tez-tez Allaha:

      اَللّٰهُمَّ إِنّ۪ي أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ وَمِنْ عَذَابِ النَّارِ

      “Allahım! Qəbir əzabından və cəhənnəm əzabından Sənə sığınıram…” deyə dua etmişdir. (Bax. Buxari, Cənaiz, 88; Müslim, Məsacid, 128-134)

      Bir sözlə, ilahi qəzəbi cəlb edən hər cür çirkin vəsfdən, nəfsani və şeytani arzulardan, haramlardan, məkruhlardan, qəflət və üsyandan oddan qaçırmış kimi uzaqlaşıb Allahın rəhmətinə sığınmaq vacibdir.

      Bunun əksinə, qəbir və axirəti unudub saleh əməllərə səhlənkarlıq göstərmək və günahlardan əl çəkməmək qəlbdəki qəflət xəstəliyinin bir göstəricisidir. Yəhya bin Muaz g qafillərin halını belə ifadə edir:

      “Xəstəlik qorxusu ilə halal qidalardan pəhriz saxlayan, lakin cəhənnəm qorxusu ilə haramlardan pəhriz saxlamayan adamın halına təəccüb edirəm”.[7]

      Bu gün də vücud sağlığını təhdid edən bir virus qorxusu ilə hər kəs maska ilə gəzir. Hamı bir-birinə qarşı məsafə saxlayır, müəyyən tədbirlər alır. Lakin ruha zəhər səpərək əbədi həyatı əzaba çevirən günah və üsyan viruslarına qarşı eyni həssaslığı göstərə bilirikmi?

      Yunus Əmrə həzrətləri buyurur:

      Yunus sözü alimdən;

      Zinhar olman zalimdən!

      Qorxa durun ölümdən,

      Cümlə doğan ölmüşdür…

      Həqiqətən, ölüm yoxsul-zəngin, güclü-zəif, zalım-məzlum, mömin-kafir fərqi qoymadan hər kəsin kürəyini yerə vuran, hər faninin başına gələcək olan bir hadisədir.

      Bu günə kimi hələ ölümdən qaçanların qurtulduğuna dair heç bir xəbər gəlməyib. Qorxunun əcələ faydası olmadığı kimi, insanı xeyir əmələ sövq etmək yerinə daha da passivləşdirən, xəstəlik dərəcəsindəki qorxuların da heç bir faydası yoxdur.

      Nəticə etibarı ilə qulun vəzifəsi ölümdən qorxub qaçmaq yerinə onunla qarşılaşmağa hər an hazır olmağa çalışmaqdır. Axirətinə heç bir zərəri olmayan, əksinə, onu əbədi səadətə çevirəcək olan fəzilətlərlə dolu bir dünya həyatı yaşamaqdır.

      Haqq-Təala buyurur:

       

      يَا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ حَقَّ تُقَاتِه۪ وَلَا تَمُوتُنَّ اِلَّا وَاَنْتُمْ مُسْلِمُونَ

      “Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və yalnız müsəlman olaraq can verin!” (Ali-İmran, 102)

      Ömür neməti bir dəfəyə məxsus olduğu kimi, can vermək də bir dəfə baş verən hadisədir. Ona görə də mömin üçün bütün ömür müsəlman olaraq can verə bilmək üçün hazırlıq sayılır.

      Bu dünyaya göndərilmə qayəmiz ölümdən qaçmaq və ya axirətsiz bir dünya xəyalına qapılaraq özümüzü aldatmaq deyil. Qayə hər nəfəsimizi son nəfəsə hazırlıq şüuru içində saleh əməllərlə əhya etmək, özümüzə qəbir hazırlamaqdan daha çox özümüzü qəbrə hazırlamaqdır.

      Ona görə də tez-tez ölümü təfəkkür etməli və onu qəlbi həyatımızın ayrılmaz bir parçası halına gətirməliyik. Necə ki, Rəsulullah r:

      “Bütün dünyəvi zövqləri bıçaq kimi kəsəni, yəni ölümü çox xatırlayın!” buyurmuşdur. (Tirmizi, Zöhd, 4)

      Çünki ölümü təfəkkür etmək mənən qəlbə dirilik qazandırar. Bir gün vəfat edəcəyi şüuru ilə yaşayan mömin:

      P Bu fani dünya müsafirxanasında yerli ədası ilə yaşamaq xətasına düşməz.

      P Hər hal və davranışından bir gün hesaba çəkiləcəyini bilər.

      P Günah və kərahətlərə dalmaz, heç bir din qardaşına quyu qazmaz, bir qəlbə tikan batırmaz, gərəksiz yerə yaş budağı qırmaz, bir qarışqaya belə haqsız yerə qıymaz.

      P Bilə-bilə ilahi hüdudları tapdamaz, qulluq vəzifələrinə əsla səhlənkar yanaşmaz.

      P Alıb-verdiyi hər nəfəsin qiymətini bilərək ömür sərmayəsini boş şeylərlə hədər etməz. Eynilə Cüneyd Bağdadi həzrətlərinin buyurduğu kimi:

      “Dünyanın bir saatı axirətin min ilindən daha qiymətlidir. Çünki orada insanı qurtaracaq heç bir əməl işləmək mümkün deyil”.

      Məhz ölümü təfəkkürün qazandırdığı bu könül üfüqü və dini səylərdən məhrum qalmamaq üçün əcdadımız həmişə qəbiristanlığı şəhər mərkəzində və məscidlərin önündə salmışdır. Beləliklə, dünya həyatını bir növ axirət iqlimində yaşamışlar.

      Zəmanəmizin müasir cahiliyyə dövründə isə nəfsə xoş gəlmədiyi üçün ölüm, qəbir və axirət unutdurulmağa çalışılır. Xoşbəxtlik və səadətin bu kimi həqiqətləri həyatdan çıxartmaqdan ibarət olduğunu zənn edirlər. Yəni xoşbəxtlik qəflət sərxoşluğunda, səadət isə səfalət bazarında axtarılır.

      Halbuki ölümü, qəbri, hesabı, axirəti unutmaq qəfləti ilə azğınlaşan nəfslər zülm və haqsızlıqlara daha çox meyil edərək həm öz axirətini məhv edir, həm də insanlığın başına bəla olur.

      Əbu Dərda t-ın etdiyi bu xəbərdarlıq necə də mənalıdır:

      “İnsanı əyləndirən nəfsani arzulara dalaraq gizli şəhvətə qapılmağınızdan qorxuram. Bu şəhvət elm (və irfan) baxımından ac qaldığınız halda mədənizi (halal-haram təlaşı duymadan) doldurduğunuz zaman ortaya çıxar.

      Sizin ən xeyirliniz yoldaşına bu nəsihəti edəninizdir:

      “Haydı, gəl ölmədən əvvəl oruc tutaq”.

      Ən xeyirsiziniz də dostuna belə deyəndir:

      “Gəl, ölmədən əvvəl yeyib-içək, əylənək, həyatın dadını çıxaraq…” (Əbu Nuaym, Hilyə, I, 218)

      Yunus Əmrə həzrətləri buyurur:

      Yegil yedirgil biçarə!

      Əksilərsə tanrın verə,

      Bir gün tənin yerə girə,

      Geri qalan nəndir sənin?

      Peyğəmbər r bir gün əshabından soruşdu:

      - Hansınıza varisinin malı öz malından daha sevimlidir?

      Əshab:

      - Ey Allahın Rəsulu, əlbəttə ki, hamımız öz malımızı varisimizin malından daha çox sevirik, - dedilər.

      Bu cavabı alan Peyğəmbərimiz r belə buyurdu:

      “İnsanın öz malı xeyir işləyərək əvvəlcədən (axirətə) göndərdiyi, varisinin malı isə xərcləməyib geridə qoyub getdiyidir”. (Buxari, Riqaq, 12)

      Unutmayaq ki, mülkün əsil sahibi Haqq-Təaladır. İnsan bir növ xəzinədar hökmündədir. Dünya malı nəsildən-nəslə ötürülərək yenə də dünyada qalır. İnsan isə onu necə qazanıb haraya xərclədiyinin ağır hesabı ilə axirətə köçər.

      Əbu Zər t möminin dünya nemətlərinə baxış tərzinin necə olacağını belə xülasə edir:

      “Malın üç şəriki var: Birincisi, mal sahibi, yəni sənsən. İkincisi, qədərdir. Qədər xeyir yaxud fəlakət və ölüm kimi şər gətirəcəyini səndən soruşmaz. Üçüncü şərik isə varisdir. O da bir an əvvəl başını yerə qoymağını (yəni ölümünü) gözləyər. Ölən kimi malını mənimsəyər, sən də hesabını verərsən. Gücün çatırsa, bu üç şərikdən ən acizi sən olma!

      Allah-Təala: “Sevdiyiniz şeylərdən infaq etmədikcə birrə (iman, ibadət və əxlaqda xeyrin zirvəsinə) nail olmazsınız...” (Ali-İmran, 92) buyurur. Mənim də ən çox sevdiyim mal bu dəvəmdir, (axirətdə qarşıma çıxması üçün) onu özümdən əvvəl göndərirəm (sədəqə verirəm)”. (Əbu Nuaym, Hilyə, I, 163)

      Haqq-Təala ayeyi-kərimədə buyurur:

      “Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə hazırladığına baxsın! Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır”. (əl-Həşr, 18)

      Dünyanın axirət səadəti qazanmaq üçün lütf edilmiş çox qiymətli bir nemət olduğunu bildirən Əsəd Ərbili g belə buyurur:

      “Kirəkeşlərin bir evdən digərinə köçərkən bütün əşyalarını özləri ilə aparıb sevdikləri mallardan heç nəyi geridə qoymadıqları məlumdur. Belə olan halda insanların hər şeyə möhtac olduğu qəbir evinə gedərkən sevdikləri əşyalarından qismən də olsa özləri ilə götürmələri (yəni infaq edib özlərindən əvvəl axirətə göndərməmələri) gerçəkdən heyrət verici haldır”.[8]

      Fani mal-mülk və sərvətlə əldə edə biləcəyimiz əsil səadət onu infaq edərək əbədiyyət sərmayəsinə çevirə bilməkdir. Bu isə təfəkküri-mövt ilə əhya olan qəlblərin sənətidir.

      Hz. Peyğəmbər r Allahın verdiyi nemətləri Onun qullarına ikram etməkdən böyük zövq alardı. “Bədən yeməklə, ruh isə yedirməklə doyar” deyildiyi kimi, Peyğəmbərimiz də sanki acları doydurmağın həzzi ilə doyardı.

      Həzrət Cabir t-ın bəyanına görə:

      “Peyğəmbərimizdən nə isə istəndikdə “xeyr” dediyi görülməmişdir”. (Müslim, Fəzail, 56)

      Bir nəfər Peyğəmbərimizin yanına gəlib ondan nə isə istədi. Allah Rəsulu r:

      “Yanımda sənə verəcək heç nəyim yoxdur, get mənim adıma (filan yerdən borc) al, mal gələndə ödəyərəm”, - dedi.

      Peyğəmbərimizin belə bir sıxıntıya düşməsinə qəlbi razı olmayan Həzrət Ömər t:

      - Ya Rəsulallah, yanında varsa, verərsən, yoxdursa Allah Səni gücünün çatmayacağı şeylə mükəlləf etməmişdir, - dedi.

      Mərhəmət və səxavət ümmanı olan Allah Rəsulu r Həzrət Ömərin bu sözündən razı qalmadı. Xoşnudsuzluğu mübarək simasından bəlli oldu. Bu zaman ənsardan bir nəfər:

      - Atam-anam Sənə fəda olsun, ya Rəsulallah! Ver! Ərşin sahibinin azaldacağından qorxma, - dedi.

      Könlündən keçəni təsdiqləyən səhabənin bu sözləri Rəsulullahın çox xoşuna gəldi, təbəssüm edərək belə buyurdu:

      “Elə mən də bununla əmr olundum”. (Heysəmi, X, 242)

      Bu da bir həqiqətdir ki, infaq etmək malı azaltmaz.[9] Əksinə, infaqdakı ixlas nisbətində bərəkətləndirər. Allah yolunda infaq olunan mal eynilə budanan ağac kimi daha canlı və münbit hala gələr.

      Ayeyi-kərimədə buyurulur:

      “Mallarını Allah yolunda infaq edənlərin halı yeddi sünbül verib hər sünbülü də yüz ədəd dən verən bir toxumun halına bənzəyir. Allah dilədiyi kimsəyə qatbaqat artığını verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir”. (əl-Bəqərə, 261)

      Haqq dostları da bu şüur ilə infaq edə bilməyi ən karlı qazanc bilirlər. Həzrət Mövlana nə gözəl buyurur:

      “Onu bil ki, mal infaq etməklə zahirən əldən çıxar, amma onu verənin könlünə yüzlərlə mənəvi həyat gələr!

      Əkin əkən əvvəlcə anbarı boşaldar, amma sonra hasilatı daha çox olar. Toxumu uzun müddət anbarda saxlayan, sonunda onu siçanlara yem edər”.

      Şeyx Sədi də eyni həqiqətə işarə edərək belə buyurmuşdur:

      “Pul yığmaqla yüksələcəyini sanma. Durğun su üfunət iyi verər. Bağışlamağa çalış. Axar suya səma yardım edər; yağış yağdırar, sel göndərər, onu qurumağa qoymaz”.

      “Ağıllı adamlar mallarını o biri dünyaya gedərkən özləri ilə apararlar (Yəni əvvəldən Allah yolunda infaq edərlər). Ancaq xəsislər həsrətini çəkərək burada qoyub gedərlər”.

      Allah-Təala hər birimizə Quran və Sünnə iqlimində, təqva üzrə həyat sürüb müsəlman olaraq can verə bilməyi nəsib etsin. Dünyada da, axirətdə də gözəllik və xeyirlər ehsan etsin.

      Amin!..

       


      [1] Tirmizi, Qiyamət, 26/2460.

      [2] Zira: Dirsəkdən orta barmağın ucuna qədər uzunluq vahidi. Ərşin, əndazə. 68, 75 və 90 sm-lik müxtəlif ölçüləri var.

      [3] Bax. Müslim, Cənnət, 70.

      [4] Həmçinin bax. Buxari, Cənaiz, 68, 87; Müslim, Cənnət, 70.

      [5] Yavuzluq: (Qədim türkcədə) pis iş, yaramazlıq, azğınlıq. (Sonrakı əsrlərdə qoçaq, igid, güclü mənasına çevrilmişdir.)

      [6] Yord eyləmək: Hökm etmək.

      [7] Təzkirətul-Övliya, s. 125, Erkam Yayınları.

      [8] M. Əsəd Əfəndi, Məktubat, s. 16, № 5.

      [9] Tirmizi, Zöhd, 17.

       

      • Hits: 32 clicks

      Tecox component by www.teglo.info