Dr.Eldar KƏRİMOV - “MƏN, YOXSA “MƏN”?

      Share

      Biz el arasında davranışları və sözləri bir-birinə uyğun gəlməyən insanları ikiüzlü insanlar adlandırırıq. Bu hər nə qədər yüngül formada şəxsiyyət pozuntusu olaraq qəbul edilsə də, ciddi psixoloji travmanın da nəticəsi kimi qiymətləndirilə bilər. Belə ki, son zamanlar insanların yaşadıqları travma yüklü hadisələr – həddindən çox informasiya ilə yüklənmə, gündəlik üzləşdikləri çətinliklər və əsəb gərginliyi onlarda bir çox psixoloji problemlərin yaranmasına səbəb olur. Bu psixoloji problemlərin də başında dissosiativ pozuntu halı özünü göstərir.

       Dissosiativ pozuntu probleminin simptomlarını özündə daşıyan insanlar cəmiyyət tərəfindən qınaq obyektinə çevrilsə də, bir çox halda vəziyyətin əsası araşdırılmır və qarşılaşılan problem gözardı edilir. Qaşılaşılan eyni hadisələr qarşısında fərqli münasibətlər insanların bəlkə də özlərinin belə xəbəri olmadan ciddi ruhi təlatümlərindən xəbər verir.

      Dissosiativ pozuntu halı el arasında şəxsiyyətin ikilənməsi kimi də bilinən psixoloji vəziyyətdir. Əksər hallarda uşaq vaxtı alınan ciddi travmalar, stres və qorxu nəticəsində yaranan şəxsiyyətin ikilənməsi halında şəxs öz əsas “mən”i ilə barışa bilmir və yeni bir “mən” yaradır. Öz əsas “mən”i ilə öhdəsindən gələ bilmədiyi və ya mübarizə apara bilmədiyi problemlərin qarşısına özünün yaratdığı “mən” ilə çıxmağa çalışır. Bu zaman insanın düşüncələrinə, həyati bacarıqlarına və ümumi davranışına eyni zamanda iki şəxsiyyət nəzarət edir. İnsan müəyyən vaxtacan bu situasiyaya nəzarət etsə də, sonda psixikanın parçalanması baş verir və bu şəxsiyyətlərin hər biri ayrı-ayrılıqda müstəqil həyat sürməyə başlayır.

      Bu vəziyyətlə qarşılaşan insanlarda əvvəlcə real həyatla əlaqə itir və həmin insan nə baş verdiyini anlamır. Yuxusuzluq, baş ağrıları, həddən çox tər ifrazı, məntiq pozuntusu müşahidə olunur. Nadir hallarda insan xəstə olduğunun fərqinə varır. İkili şəxsiyyətə malik insan sevinib şən olduğu halda, qəflətən səbəbsiz əhvalı pozula bilər. Onun bu ziddiyyətli hissləri özü ilə yanaşı, digər insanlara və dünyaya olan münasibətində də əks olunar. Bunun  nəticəsində də əsas “mən”indəki spontan davranışlarına qarşı əks davranışlar sərgiləyər və ətrafı tərəfindən müsbət qarşılanmaz. Hətta əsas “mən”inin heç bir zaman etmədiyi davranışı etdiyi üçün də əksər hallarda özünü günahlandırar.

      Dissosiativ şəxsiyyət pozuntusu olan insanlarda əsasən psixogen amneziya (psixoloji unutqanlıq), depersonalizasiya (şəxsiyyətin dərk edilməməsi) və derealizasiya (ətrafdakıların dərk edilməməsi) prosesi baş verir.

      Dissosiativ şəxsiyyət pozuntusu, demək olar ki, bütün insanlarda müşahidə olunan bir haldır. Bu vəziyyət o zaman təhlükəli olur ki, fərd özünü əslinə qaytara bilmir. Bunun da nəticəsində həqiqət doğru qəbul edilmir və anormal davranışlar ortaya çıxır. Bu elə bir haldır ki, bu zaman  bir insanın düşüncələri, xatirələri, duyğuları, hərəkətləri və ya kim olduğunun mənası arasında əlaqənin qopması prosesi baş verir. Əslində bu, hər kəsin yaşadığı normal bir prosesdir. Bu hadisənin yüngül formasını hər birimiz yuxuda özümüzü ətrafdan izləmək kimi, bir film izləyib və ya bir kitab oxuyub özümüzü onun təsirindən çıxara bilməmək kimi yaşayırıq. Ancaq bütün bunların hamısı yaxın ətrafının fərqində olaraq “əlaqəni itirməyi” əhatə edir. Bir müddət sonra hər birimiz düşdüyümüz həmin hipnozdan ayılırıq və normal mənliyimizə geri qayıdaraq həyatımızı davam etdiririk.

      Bu vəziyyətin dərinləşdiyi insanlarda isə geri qayıtma hadisəsi baş vermir və onlar öz “mən”lərini tərk edərək  olduqları yerdə qalmağa davam edirlər. Xüsusilə son zamanlar kifayət qədər mənəvi və sosial böhran yaşayan insanların internet və sosial şəbəkələr vasitəsi ilə gördükləri və aldıqları informasiyaların təsirinə düşərək, yüngül formada da olsa, şəxsiyyət ikiləməsi yaşamasının şahidi oluruq. Üzunmüddətli yaşanan şəxsiyyət ikilənməsi hadisəsi həmin fərdlərin birinci “mən”lərinin yoxa çıxmasına və ikinci, yeni “mən”lərinin ortaya çıxmasına səbəb olur. Belə olduğu təqdirdə fərd birinci “mən”inin dini inanclarını da inkar edərək, sahib olduğu ikinci “mən”inin dini inanclarına daha möhkəm bağlanır. Bu, ətrafdan hər nə qədər qəribə bir hal və həqiqət axtarışı kimi görünsə də, əslində, bu vəziyyətin pərdə arxasında kifayət qədər psixoloji travmaların olduğunu unutmamalıyıq.

      Odur ki, istər özümüzün, istərsə də, ətrafımızdakı insanların daha çox şəxsiyyət ikilənməsi sindromu ilə qarşılaşmaması üçün birinci “mən”imizin fiziki və psixoloji sağlamlığına önəm verməli, xüsusilə bu günlərdə nəyi oxuduğumuza və nəyi izlədiyimizə diqqət etməliyik. Əks təqdirdə nəinki dini inanclarımızı, eyni zamanda öz mənliyimizi unutmağa və başqalarının mənliklərinə bürünməyə başlayacağıq...

      • Hits: 27 clicks

      Tecox component by www.teglo.info