Elsevər CƏLİLOV - LEX QALASI

      Share

      Hər bir ölkənin özünəməxsus maddi və mədəni memarlıq abidələri mövcuddur. Ölkəmizin ərazisində, demək olar ki, hər bucağında bu memarlıq abidələrinin nümunələrinə rast gəlmək mümkündür. Onlar arasında dağlarla yarışaraq göylərə ucalan qədim qalalar xüsusi yer tutur. Azərbaycan ərazisində tarix boyu müdafiə xarakterli istehkamların və qalaların ucaldılması ölkənin təbii sərvətlərinin zənginliyinə, öz dövrü üçün kifayət qədər inkişaf etmiş iqtisadi-sosial durumun təşəkkül tapdığına dəlalət edir.

      Bu yazımızda haqqında danışacağımız abidə Azərbaycan memarlıq nümunələrinin şah əsərlərindən olan tarixi Lex qalası olacaqdır. Bu qala qədim tarixi keçmişi və gözəlliyi ilə hər kəsi valeh edən Azərbaycanımızın dilbər guşələrindən olan Kəlbəcər rayonu ərazisində yerləşir. Lex qalası özünün erkən orta əsrlər dövrünə aid olması ilə yanaşı, həm də möhkəmliyi ilə diqqət çəkir. Onun adı qalanın forması ilə bir-birini tamamlayır. Belə ki, qalanın beli dəvə boynuna bənzədiyi üçün məhz belə adlandırılır. Başqa bir rəvayətə görə, qala karvan yolu üzərində yerləşdiyi üçün bu ad verilmişdir. Qalanın divarlarının üst hissəsində gözətçilər üçün xüsusi yerlər hazırlanmışdır. Böyük daş parçaları yonularaq qala gözətçilərinin ətrafı rahatlıqla müşahidə edə biləcəyi vəziyyətə gətirilmişdir. Nəzarətçilər burada dayanaraq ərazidən keçən karvan yoluna nəzarət edirdilər.

      Kəlbəcər rayonunda yerləşən qalaları araşdıran tədqiqatçıların fikirlərinə görə, bu qalalar karvan yolları üzərində inşa olunmuşdu və bununla da həmin yollara nəzarət edilirdi. "Lex" qalasının baş hissəsində qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular mövcuddur. Bu quyularda su, ərzaq və digər lazımi məhsullar saxlanılırmış. Qeyd olunan bu  quyuların içərisində palıd ağaclarının bitdiyi də müşahidə olunmuşdur. Həmin palıdların hər birinin diametri təxminən 30-40 sm-ə bərabərdir. Bundan əlavə, Lex çayı istiqamətində qalanın  iki mağarası aşkar edilmişdir. Mənbələrdə buranın ən qədim insan məskənlərindən biri olduğu qeyd olunur. Mağara olduqca əlverişli strateji-coğrafi mövqeyə malik ərazidə yerləşir. Belə ki, yayda olduqca sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunun bir aydan artıq saxlanması mümkün olmuşdur.

      Lex qalası Kəlbəcər rayonunun Qanlıkənd kəndi ərazisində yerləşir. Qanlıkənd Kəlbəcər rayonunda dağətəyi zonada yerləşir. Mənbələrdə bu oykonimin türk mənşəli “Kanqlı” tayfasının adından və “kənd” sözündən ibarət olduğu qeyd olunur. Tarixdə Kanqlıların adı III əsrdən məlumdur. Həmin tayfa qazaxların, qırğızların, qaraqalpaqların tərkibində də mövcuddur. Orta Asiya kanqlıları VIII əsrədək Sırdərya hövzəsində yaşamış, daha sonra oğuzların təzyiqi ilə iki hissəyə bölünmüşdür. Bir hissəsi Aral dənizinin şimal-qərbinə doğru hərəkət etmiş, digər hissəsi isə altı tayfa ilə birlikdə Səlcuq oğuzlarına qarışmışdır.

      Qanlıkənd kəndi ərazisində olan əsas məşhur yer adlarını sayacaq olsaq, burada Qonur yurd, Yelliyal yurdu, Məşədi Baxçalı yurdu, Ayğır bulağı yurdunun adlarını xüsusilə qeyd etməliyik.

      Bildiyimiz kimi, Kiçik Qafqaz ərazisi bulaqlarla çox zəngin olan ərazilərimizdəndir. Məhz Kəlbəcər rayonunun Lex qalası yerləşən Qanlıkənd kəndi ərazisində də bir çox məşhur bulaq vardır: Ayğır bulağı, Sarı bulaq, Mərdan bulağı, Abbas bulağı, Məhəmməd bulağı, Şırranarası bulaq, Daş bulaq, Peyinli yurdun bulağı, Aşağıkı bulaq, Ongöz bulaq, Yelliyal bulağı və s.

      Kəlbəcər dedikdə hər kəsin qəlbində xoş hisslər formalaşır. Axı Kəlbəcər Azərbaycanın ən sevimli bölgələrindən, ən füsunkar təbiətə malik olan ərazilərindəndir. Çox şükür, artıq doğma Kəlbəcərimizdə mənfur düşmən bayrağı dalğalanmır. İndi Kəlbəcərin buludlarla çarpışan zirvələrində Azərbaycanımızın nəsillərdən-nəsillərə ən böyük mirası olan şanlı bayrağı dalğalanır.

      • Hits: 24 clicks

      Tecox component by www.teglo.info