Əziz SULTANOV – MASKA (hekayə)

      Share

      Bir ildən çox olardı ki, Kamil tikiş fabrikində işləyirdi. Elə də böyük bir müəssisə deyildi. Cəmi on bir işçisi var idi. Müəssisənin sahibi Sədyar kişi bir az lovğa adam idi, qarşısında başqa söz deyilməsindən xoşlanmazdı. Kamil ilə arasının bir az soyuq olmasının səbəbi də elə bu idi. Belə ki, Kamil burada işləməyə başladığı gündən bir çox şikayətləri ilə gündəmə gəlmişdi. O, iş yerindəki təmizlikdən gileylənməyə başlamış, bir də namaz üçün xüsusi bir otaq təşkil olunmasını tələb etmişdi. Sədyar buna acıqlanmış, lakin Kamilin gözəl qabiliyyətinə görə onu işdən uzaqlaşdırmamışdı. Təmizliyə göstərdiyi diqqət səbəbi ilə ondan bir Sədyarın xoşu gəlmirdi, bir də təmizlikçi xalanın (çünki təmizlikçi xalanı məcbur etmişdi ki, iş görərkən əllərinə əlcək taxsın, xüsusi geyimdə olsun).

      Sədyar üç gün idi ki, fabrikə gəlmirdi. Xaricdən gətirilən malları qarşılamaq üçün sərhədə getmişdi. O olmayanda işçilər daha rahat hərəkət edir, deyib-gülürdülər.

      Nahar fasiləsi idi. Kamil yeməyini hamıdan əvvəl bitirib əllərini duaya açdı (digərləri də onunla birlikdə amin deyib əl açdılar. Kamil onlara öyrətmişdi ki, duadan sonra da yeməyə davam edə bilərlər). Sonra, - namazımı qılıb gəlirəm, - dedi və süfrədən qalxdı. Elə həmin an qapı açıldı və Sədyar içəri girdi. Gördü ki, işçiləri süfrə arxasında əyləşiblər.

      - Mənə də bir çay verin!.. Tez-tez yeyin, malı boşaltmaq lazımdır, - deyərək amiranə tərzdə danışmağa başladı. İşçilər “xoş gəlmisiniz” deyərək bir-bir əl verib onunla görüşdülər. Kamil də ayaq saxlayıb müdiri ilə görüşdü, sonra da, - namaza gedirəm, - dedi və dəstəmaz almaq üçün sürətli addımlarla oradan uzaqlaşdı.

      Sədyar onun arxasınca göz süzüb dedi:

      - Təmizin oğlu təmiz! Gərək adamın ürəyi təmiz olsun! Elə gecə-gündüz əl yumaqla deyil!

      Kamilin xətrini çox istəyən Vəfa dərhal mövzunu dəyişmək istədi:

      - Nə yaman gecikdiniz, müəllim?

      Hər fürsətdə özünü tərifləməyi xoşlayan Sədyar bir-iki dəfə öskürdü, qaynar çaydan bir qurtum aldı, sonra sözə başladı:

      - Sərhəddə adam çox idi. Orada dayananda gördüm ki, bir adam yerə yıxılıb, hamı onun başına yığışıb. Elə mən yaşlarda (Sədyarın yaşı əllidən yuxarıdır) adam idi, qan-tər içində qızdırmadan alışıb-yanırdı. Dedilər ki, sərhədçilərə demişik, bura baxan həkim indicə gələcək. Mən tez onun qoluna girdim, bir az aralıdakı çayxanaya apardım. Üzünə-gözünə su səpdik, qabağına çay qoyduq. Təmiz özünü itirmişdi...

      Kamil namaz otağından çıxanda uzaqdan Sədyarın səsini eşitdi:

      - Mən banka getməliyəm. Sabah da bazardır. Bank bağlanmadan gedib çatım. Siz dərhal bunları boşaltmağa başlayın. O mollanı da çağırın! Namazla maskalanıb işdən yayınmasın!

      Vəfa yoldaşlarına göz-qaş elədi ki, səsinizi çıxartmayın, yola verək getsin. Onlar maşının yanına çatanda gördülər ki, Kamil hamıdan əvvəl gəlib və parça toplarını maşından düşürtməyə başlayıb.

      - İncimə, qardaş, - Vəfa dedi, - bilirsən ki, hər zamankı xasiyyətidir.

      - Nə deyirəm ki, - Kamil gülümsünərək dedi, - amma adamın gərək içi kimi çölü də təmiz olsun. Xaricdəki təmizlik daxildəki təmizliyə açılan yolların başında gəlir. Evin içini təmizləyənlər həyət-bacanı təmizləməsə olarmı?

      - A bala yenə başlamayın, oranı təmizlə, buranı təmizlə... – əllərində əlcəklə işləyən təmizlikçi xalanın narazı səsi eşidildi. Dərhal mövzunu dəyişdilər...

      Maşını boşaltdıqdan sonra çay içmək üçün on dəqiqəlik fasilə verildi. Kamil dərhal gedib əllərini yudu. Digərlərinə də təklif etsə də, - zavoddan təzə çıxan parçadır, kirli ha deyil, - deyə etiraz etdilər. Amma Kamil süfrəyə əyləşmədən mütləq əllərini yuyurdu, yoxsa, sanki boğazından keçmirdi. Elə süfrədən qalxanda da. Onlar süfrədə uzun müddət laqqırtı vurdular. Kamil isə öz dəzgahının başında idi.

      Bazar günü xəbərlərdə heç də xoş olmayan məlumatlar yer alırdı. Qəribə bir yoluxucu virusun ölkə sərhədlərinə çatdığı deyilir, hər kəsin ehtiyatlı olması, təmizliyə riayət etməsi xəbərdarlığı edilirdi. Xüsusilə də əllərin, üzün, ağız və burun nahiyələrinin yaxşıca yuyulmasına diqqət çəkilirdi.

      Bazar ertəsi Kamil işə gedəndə çaşıb qaldı. Təmizlikçi xaladan başqa heç kəs gəlməmişdi. Qadın Kamili görən kimi üzrxahlıq edən tərzdə dilləndi:

      - A bala, sən Allah adamısan, qurbanolduğum səni qoruyub. Bütün işçilər naxoşlayıb, bircə sən ayaq üstəsən...

      Bundan sonrakı iki həftə boyunca fabrikin qapısı bağlı qaldı. Yalnız Sədyarın xəstəxanadan evə buraxılmasından sonra özü gəlib qapını açdı. İşə gələn yeganə işçi olan Kamil təklif etdi ki, camaata təmənnasız paylamaq üçün maska tiksinlər. Bu səfər Sədyar heç nə demədi, başını yelləyərək razılıq verdi.

       

      • Hits: 231 clicks

      Tecox component by www.teglo.info