HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi (r.a) - 4

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi (r.a) - 4

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR

Əziz Mahmud Hüdayi (r.a) - 4

Hüdayi həzrətləri buyurur:

Alan Sənsən, verən Sənsən, qılan Sən;

Nə verdinsə, odur, dəxi nəmiz var?..

Həqiqət üzrə anlayıb bilən Sən,

Nə verdinsə, odur, dəxi nəmiz var?

Hər iş və oluşda Faili-mütləq Haqq-Təaladır. Bu səbəblə mömin daim heçliyini idrak halında olmalı, nailiyyətlərin də, məhrumiyyətlərin də Haqq-Təalanın imtahanı olduğunu bilməlidir. Çünki nemət əldə ediləndə qürur və təkəbbürə qapılmaq nəfsani həvəslərə qapı açmaq deməkdir. Nemətdən məhrum qalma halında ümidsizliyə düşmək isə şeytana məğlub olmaqdır.

Kamil və arif möminlər bir nemət və ya müvəffəqiyyətə nail olduqları zaman: “Mən bacardım, mən qazandım!” demək yerinə “Müvəffəqiyyət Allahdandır; ya Rəbbi, bu, Sənin lütfündür!” deyərək nemətin əsl sahibinin Allah-Təala olduğunu etiraf edər, daim Rəblərinə iltica halında yaşayarlar. Allah-Təala lütf etmədiyi təqdirdə özlərinin bir “heç” dərəcəsində olduqları şüuru ilə yüksək bir qulluq ədəbi sərgiləyərlər.

Rəvayətə görə, Allah-Təala Həzrət Musaya:

“Fironun yanına get! Həqiqətən, o, həddini aşmışdır”, (Taha, 24) buyurduğu za­man Musa u ailə üzvlərini və mal-qarasını zahirdə əmanət edəcəyi bir kimsəsi olmadığına görə:

“Ya Rəbbi! Ailə üzvlərim və mal-qaram necə olacaq?” – dedi.

Bu zaman Allah-Təala belə buyurdu:

“Ey Musa! Məni tapdıqdan sonra başqa nə istəyirsən? Sən Mənim əmrimi yerinə yetirməyə çalış! Mənə bağlan və təslimiyyət göstər! İstəsəm, qurdu qoyunlarına çoban, mələklərimi də ailənə mühafizəçi edərəm.

Ey Musa! Nəyin dərdini çəkirsən? Anan səni dənizə tərk etdiyi zaman kim xilas etdi? Sonra səni yenidən anana kim qovuşdurdu? Bir vaxtlar xəta ilə birini öldürmüşdün və Firon öldürmək qəsdi ilə səni axtarırdı; o vaxt səni ondan kim mühafizə etdi?”

Musa u bu sözləri həm dinləyir, həm də hər cümlənin sonunda:

“SƏN, SƏN, SƏN YA RƏBBİ!..” – deyirdi.[1]

Buna görə mənəvi tərbiyə yolu olan təsəvvüfdə də ilk mərhələ “ənaniyyətdən qurtulmaq”dır. Bütün Haqq dostları “ənə/mən” deməkdən qurtularaq “Ya Rəbbi, Sən!” deyən bir könül səviyyəsinə nail olmağın təlimindən keçmişlər. Çünki mənəvi həyatda hər şey Uca Allah qarşısında “heç” olduğunu dərk etdikdən sonra başlayır. Bu şüura nail olduqdan sonra bütün xeyir, nemət və müvəffəqiyyətlər Uca Allaha aid edilir; əsla bundan nəfs üçün bir pay çıxardılmır.

Haqq-Təala Bədrdə müsəlmanlara böyük bir zəfər nəsib etdi. Az qüvvə ilə böyük müşrik ordusu məğlub edildi. Ardından müsəlmanlar bu şanlı zəfəri öz məharətləri bilməsin, Allaha təvəkkül və təslimiyyətlərini itirməsinlər deyə, xəbərdarlıq mahiyyətində bu ayə nazil oldu:

(Döyüşdə) Onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman sən atmadın, lakin Allah atdı. Allah bunu, möminləri yaxşı bir imtahanla sınamaq üçün etdi...” (əl-Ənfal, 17)

Bədrdə müsəlmanlara verilən bu ülvi tərbiyə: nəfsin öz müvəffəqiyyətlərinə görə özünü yüksək tutmasına və ənaniyyətə qapı açmasına yol verməmək üçün idi.

Məkkənin fəthindən sonra da bu ilahi təlimat gəldi:

“Allahın köməyi və fəth (zəfəri) gəldiyi zaman və insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördüyün zaman,

  • Rəbbinə həmd edərək Onu təsbeh et (Yəni bu müvəffəqiyyəti yalnız Allahdan bil və Ona həmd et),
  • (Bu vəzifədə ola biləcək xətaların və şükürdəki nöqsanların üçün də) Ondan məğfirət dilə! Şübhəsiz ki, O, tövbələri qəbul edəndir”. (ən-Nəsr, 1-3)

Hüneyn qəzvəsində də müsəlmanlar artıq say cəhətdən üstün və zahirən daha güclü olduqlarını, ona görə də düşməni rahatca məğlub edə biləcəklərini düşünməyə başlamışdılar. Allah-Təalaya təvəkkül və təslimiyyəti zədələyən bu hal səbəbi ilə qısamüddətli bir qarmaqarışıqlığa məruz qalıb özlərini itirdilər. Nə vaxt ki Rəsulullahın r ətrafında birləşib yenidən Allaha tam təvəkkül etdilər, Haqq-Təalanın lütfü ilə yenə zəfər müyəssər oldu.[2]

Hüdayi həzrətləri buyurur:

Ol Xaliqi kövnü-məkan,[3]

Qulların eylər imtahan.

Şükr et, Hüdayi,  hər zaman,

Əş-şükrü lilləhir-Rəhim.[4]

İlahi imtahan aləmində yaşayırıq. Haqq-Təala biz qullarını bəzən xeyirlə, bəzən şərlə, bəzən varlıqla, bəzən yoxluqla sınayır, iman və qulluqdakı sədaqətimizi imtahan edir. Ayeyi-kərimədə də:

“Biz ona (insana) doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun”, (əl-İnsan, 3) - buyurur.

Yəni yaşadığımız dünya kimin Rəbbinə həmd, şükür, riza, itaət və təslimiyyət göstərəcəyinin, kimin də şikayət, üsyan və nankorluq edəcəyinin təsbit edildiyi bir imtahan yurdudur.

İslam Allah-Təalanın əmrlərinə səmimiyyətlə itaət etmək, ilahi təqdirə də könül rizası ilə təslim olmaqdır. Cüzi iradəni külli iradəyə sevə-sevə ram edə bilməkdir. Allah-Təalanın bizim üçün təqdir etdiyini öz arzu və istəklərimizdən daha doğru, daha yerində və daha xeyirli olduğunu düşünməkdir. Belə bir könül səviyyəsi ilə hər bir halda Rəbbinə həmd, şükür və riza halında olmaqdır.

İslamın dəruni yönü deyə biləcəyimiz təsəvvüf də hər zaman ilahi təqdirə razı olmaq, şikayəti unutmaq sənətidir. Hər daim «اَلْحَمْدُ لِلّٰهِ عَلٰى كُلِّ حَالٍ» yəni “hər vəziyyətdə Allaha həmd olsun” deyə bilməkdir. Həyatın məşəqqətlərini riza ilə qarşılayıb Allahın rizasını qazanmağa çalışmaqdır.

Bu qissə necə də ibrətlidir:

Bir nəfər kölə satın almışdı. Kölə təqva sahibi, saleh bir mömin idi. Sahibi onu alıb evə apararkən aralarında belə bir dialoq keçdi:

Sahib:

“Mənim evimdə nə yemək istəyirsən?”

Kölə:

“Nə versən, onu”.

“Nə cür paltar geyinmək istəyirsən?”

“Nə geyindirsən, onu”.

“Evimin hansı otağında yatmaq istəyirsən?”

“Hansı otaqda yatmağımı istəsən, orada”.

“Evimin hansı işlərini görmək istəyirsən?”

“Hansı işi tapşırsan, onu”.

Bu son cavabdan sonra sahibi bir müddət fikrə getdi və gözlərindən süzülən yaşları silərkən belə dedi:

“Kaş ki, mən də Rəbbimə bu şəkildə təslim ola biləydim. O zaman necə də məsud olardım!..”

Bu zaman kölə dedi:

“Ey mənim sahibim! Sahibinin yanında heç kölənin iradə və ixtiyarı olarmı?..”

Bunu eşidən sahibi belə dedi:

“Səni azad edirəm, gedə bilərsən. Allah rizası üçün, artıq sərbəstdən. Amma istəyirəm ki, mənim yanımda qalasan. Belə ki, canımla və malımla mən özüm sənin xidmətində olum!”.[5]

Haqq-Təalaya tam bir təslimiyyətlə ram olan Haqq dostları həyatın ağrılı-acılı sürprizləri qarşısında daim həmd və riza halında yaşayıblar. Başlarına gələn bəla və müsibətləri günahlarının əfvinə, nəfslərinin təzkiyəsinə, qəlblərinin təsfiyəsinə, mənəvi dərəcələrinin yüksəlməsinə, könüllərində müstəsna üfüqlər açılmasına vəsilə biliblər.

Muhamməd Əsəd Ərbili həzrətlərinin aşağıdakı ifadələri bu haləti-ruhiyyəni necə də gözəl tərənnüm edir:

Eşq gülüstanının yolunda qarşıya çıxan tikanlardan qorxmaq olmaz. Mən hər tikanın üstündən yüzlərlə qönçə yığaram.

Dərvişlik bostanında çəkilən iztirabdan zövq alaram. Yastığımı tikandan tutsam, yuxumda Gülü görərəm”.

Hər xüsusda olduğu kimi, belə bir könül məqamında da zirvə nümunəmiz, heç şübhəsiz ki, nübüvvət gülzarının ən müstəsna qönçəsi, Allahın Həbibi, Rəsulullah r -dir. Həqiqətən, Rəsulullah r, həyatı boyunca saysız məşəqqət mərhələlərindən keçdi.

“Allah yolunda heç kimin görmədiyi əziyyətlərə məruz qaldım”, - buyurdu. (Tirmizi, Qiyamət, 34/2472)

İslamı təbliğ etmək yolunda olmazın əziyyət və məşəqqətlərə sinə gərdi. Taifdə təhqirlərə məruz qalaraq daşqalaq edildi. Mələklər Rəsulullah r-in yanına gəldilər:

“Ya Rəsulallah! Əmr ver, bu qövmü həlak edək!” – dedilər.

O rəhmət peyğəmbəri məruz qaldığı bu acınacaqlı münasibət qarşısında bəddua etməyib əllərini ilahi dərgaha açaraq:

“...Ey mərhəmətlilərin ən mərhəmətlisi! Əgər mənə qarşı qəzəbli deyilsənsə, çəkdiyim bu əziyyət və məşəqqətlərə görə kədərlənmərəm!

İlahi! Sən qövmümə hidayət ver; onlar bilmirlər.

İlahi! Sən razı olana qədər əfvini diləyirəm...” – deyə dua etdi. (İbn Hişam, II, 29-30; Heysəmi, VI, 35; Buxari, Bədul-xəlq, 7)

Xüsusilə ilk müsəlmanların məruz qaldığı zülm, işgəncə, embarqo və məşəqqətlər bir ananın övladına düşkünlüyündən daha çox ümmətinə şəfqət və mərhəmət duyan Peyğəmbərimiz r-in rəqiq qəlbini hüznə qərq etdi.

Uhudda sevimli əmisi Həzrət Həmzə ilə Həzrət Musab başda olmaqla seçkin səhabələri şəhid oldu.

Böyük əmək sərf edərək yetişdirdiyi çox qiymətli Quran müəllimləri Bi-ri Maunə və Rəci hadisələrində tələyə salınaraq şəhid edildi.

Şəxsinə cadu edildi, yeməyinə zəhər qatıldı, səcdədə üstünə içalat atıldı, yollarına tikan səpildi.

Yeddi övladından altısının vəfatına şahid olaraq acıların ən böyüklərindən olan övlad acısını dəfələrlə yaşadı.

Oğlu İbrahim kiçik yaşda vəfat etdiyi zaman Peyğəmbərimiz r çox kədərləndi. Mübarək gözlərindən səssizcə mərhəmət damlaları süzüldü. Sonra belə buyurdu:

“Göz ağlayar, qəlb də hüznlənər, lakin biz Rəbbimizin razı olacağı sözdən başqasını dilə gətirmərik!..” (Buxari, Cənaiz, 44; İbn Səd, I, 138)

Xülasə, çəkdiyi çilələrin heç biri Allah Rəsulunun mətanətini, qəlbi müvazinətini pozmadı; Rəbbinə təvəkkül və təslimiyyətini, riza və məhəbbətini sarsıtmadı.

O, bütün bunları böyük iman mətanəti ilə qarşıladı. Könlü neçə-neçə acılarla dağlansa da, heç vaxt gül üzündən təbəssüm əskik olmadı. Heç kim onu qaşqabaqlı görmədi. Heç vaxt qaşlarını çatmadı. O, Haqq-Təala ilə birlikdə olmağın könül hüzuru içində, hər vəziyyətdə İslamın gülər üzünü əks etdirdi.

Bir mömin də yaxınının vəfatı, xəstəlik və ya maddi imkanları ilə əlaqəli hər hansı müsibətlə qarşılaşdığı zaman:

“Ya Rəbbi, bu imtahan Səndəndir, mən Sənin təqdirindən razıyam!” deyərək səbir və təvəkkülə sarılarsa, payızda yarpaqları tökülən ağaclar kimi bir çox günahlarından təmizlənər, baharda çiçək və meyvələrlə bəzənən ağaclar kimi böyük savaba nail olar.

Həzrət Əbu Bəkr t-ın nəvəsi Qasım bin Muhamməd g belə nəql edir:

“Xanımım vəfat etmişdi. Muhamməd bin Kab əl-Qurazi təziyəyə gəldi. Mənə belə bir qissə danışdı:

Bir vaxtlar İsrail oğullarından alim və abid bir adamın çox sevdiyi xanımı vəfat etmişdi. O alim buna görə çox kədərləndi və evinə qapanıb insanlarla əlaqəsini kəsdi. İsrail oğullarından əməlisaleh bir qadın bunu eşidəndə onun yanına getdi və:

- Səndən soruşmaq istədiyim bir məsələ var, fətva istəyirəm, - dedi. Alim:

- Məsələ nədir? – deyəndə qadın belə bir sual verdi:

- Mən qonşuluğumdakı bir xanımdan borca bilərzik götürdüm. Bir müddət onu işlətdim. İndi mənə xəbər göndərib, onu geri istəyir. Nə etməliyəm, onun bilərziyini geri qaytarmağım şərtdir?

Alim:

- Bəli, vallahi, onu qaytarmalısan, - dedi.

Qadın:

- Amma o bilərzik nə qədər vaxtdır məndə idi (onu çox sevmişdim), - deyəndə alim:

- Olsun, amma onu əmanət kimi aldığına görə qarşı tərəfin bunu geri istəməyə haqqı var, - deyə cavab verdi. Bu zaman qadın:

- Allah sənə mərhəmət etsin, ey alim! Allah sənə əmanət kimi verdiyi şeyi geri istədiyi üçün niyə kədərlənirsən? Buna görə kədərlənməyə haqqın varmı? Sənə xanımını əmanət olaraq vermişdi, sonra da geri aldı. Allahın, onu yanında saxlamağa səndən daha çox haqqı var, - deyərək ona təsəlli verdi.

Alim bu sözlərdən ibrət götürdü, həqiqəti görüb özünə gəldi...” (Muvatta, Cənaiz, 43)

Bu hadisədən də anlaşıldığı kimi, fani imtahan aləmində sahib olduğumuzu zənn etdiyimiz ata-ana, övlad, mal-mülk, hətta öz canımız belə vədəsi gəldiyi zaman həqiqi sahibinin geri alacağı bir əmanətdir. Elə isə həqiqətdə sahibi olmadığımız bir varlıq bizdən geri alındığı zaman özümüzü həlak edirmişcəsinə kədərlənməyin və sanki həyatdan küsməyin heç bir faydası və gərəyi yoxdur. Çünki onları bizə göndərən qüdrət geri çağırmışdır. Verən də Odur, alan da; Ondan gəldik və yenə Ona qayıdacağıq.

Şair Füzulinin dediyi kimi:

Canı canan diləmiş, verməmək olmaz, ey dil,[6]

Nə niza[7] eyləyəlim, ol nə sənindir, nə mənim!

Odur ki, bir müsibətlə qarşılaşdığımız zaman vay-şivən salıb fəryad etmək yerinə Haqq-Təalaya sığınaraq Ona həmd, şükür və riza məqamındakı bir könül ilə iltica etməkdən başqa çarə yoxdur.

Haşa, “Bu bəlalar gəlib elə məni tapdı? Mənim günahım nə idi ki, başıma bunlar gəldi?..” kimi, ilahi təqdirə üsyan mahiyyətli davranışlara yol vermək – Allah qorusun – başa gələn müsibətlə yanaşı, bir də o şəxsi bu üsyanın mənəvi zərərinə düçar edər.

Bunu da düşünmək lazımdır ki, külli iradəyə təslim olmamaq, zatən heç bir şeyi dəyişdirməz, gedəni geri qaytarmaz. Lakin Haqq-Təala qulunun qəlbini hər bir halda riza məqamında gördükcə o qulundan daha çox razı olar və:

“Ey rahatlıq tapan nəfs (insan)! Sən Rəbbindən, Rəbbin də səndən razı qalmış halda Ona dön! Beləcə, (yaxşı) bəndələrimin arasına daxil ol və cənnətimə gir!” (əl-Fəcr, 27-30) - buyurar.

Hüdayi həzrətləri buyurur:

İstiqamət əhli hifzu-Haqdadır, ərməz ziyan,

Anın üçün sərvi incitməz bəyim badi-xəzan...

Yəni “Əmr olunduğu kimi dosdoğru olan istiqamət əhli möminlər Haqq-Təalanın xüsusi mühafizəsi altında olduqlarına görə onlara (üxrəvi mənada) heç bir zərər toxuna bilməz. Eynilə əlifə bənzəyən, dosdoğru olan sərv ağaclarının xəzan rüzgarlarından hər hansı bir zərər görməməsi kimi...”

Qiymətli daş-qaş yerə düşməklə dəyərini itirmədiyi kimi, kamil möminlər də hər bir halda daim qulluq istiqamətlərini mühafizə edərlər. Həyatın mədd-cəzrlərində yanlış yönlərə sovrulmazlar.

Xam nəfslər isə xeyirlə və ya şərlə sınandıqları zaman yanlışa meyil etməkdən özlərini qoruyacaq iradəni ortaya qoya bilməzlər. Dünyəvi və ya nəfsani mənfəətlər ön plana çıxdığı zaman haqq və həqiqətə rahatlıqla arxa çevirərlər. Bu tutarsızlıq və güzəştlər ən çox insanın nemət və külfətlə imtahan edildiyi məqamlarda ortaya çıxar. Necə ki, ayeyi-kərimədə belə buyurulur:

“İnsana nemət verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ancaq ona zərər dəydikdə ümidsizliyə düşər. De: “Hər kəs öz təbiətinə uyğun iş görər. Rəbbiniz kimin ən doğru yolda olduğunu yaxşı biləndir”. (əl-İsra, 83-84)

“İnsana gəlincə, nə zaman Rəbbi onu sınamaq üçün ehtiram göstərib ona nemət bəxş etsə, o: “Rəbbim mənə ehtiram göstərdi!” - deyər. Ancaq Rəbbi onu sınamaq üçün ruzisini azaltsa, o dərhal: “Rəbbim məni alçaltdı (pərişan etdi)!” - deyər”. (əl-Fəcr, 15-16)

Bir sözlə, istiqamət sahibi mömin:

- Yoxluqda ümidsizliyə düşməyəcək, varlıqda isə həddini aşmayacaq,

- Xeyrin də, şərin də ilahi imtahan olduğunu bilərək, nəyin bahasına olursa olsun, qulluq ədəbini mühafizə edəcək,

- Hər əsən küləyə görə istiqamətini dəyişməyəcək,

- Rəbbinə qarşı həmd, şükür, riza və məhəbbət duyğularını daim könlündə sabit saxlayacaq.

Ariflərdən birinə:

“Səbri-cəmil nədir?” – deyə sual verirlər. O şəxs də:

“Çətinliklərlə imtahan olunarkən qəlbinin əlhamdulillah deməyə davam etməsidir”, - deyə cavab verir.

Rabiətul-Ədəviyyə həzrətlərinə də:

“Allah qulundan nə zaman razı olar?” – deyə soruşurlar. O da bu cavabı verir:

“Möhnət və zəhmət çəkdiyi halda nemət dəryasında üzən adam kimi şükür etdiyi zaman...”

Xülasə, heç bir dünyəvi qazanc və ya ziyan Haqq dostu arif möminlərin istiqamətini zədələyə bilməz, iradəsini sındıra bilməz, Allah-Təalaya təvəkkül və təslimiyyətini, məhəbbət və riza duyğusunu sarsıda bilməz. Yəhya bin Muaz g-in də buyurduğu kimi:

“Həqiqi məhəbbətin əlaməti odur ki, yaxşılıqla artmaz, məşəqqətlə azalmaz!”[8]

Sami Əfəndi də həyatın mədd-cəzrləri qarşısında sarsılmayan istiqamət əhli möminlərin qəlblərinin halını belə bir təşbehlə izah etmişdir:

“İstiqamət sahibi olan mömin dağ kimi müstəqim olmalıdır. Çünki dağın dörd əlaməti var:

1) İstidə əriməz,

2) Soyuqda donmaz,

3) Küləkdə sovrulmaz,

4) Selə qapılmaz”.[9]

Haqq-Təala könüllərimizə sevib razı qaldığı qullarının gözəl hallarından hissələr ehsan etsin. Duyğu, düşüncə və davranışlarımızı daim rizasına müvafiq etsin. Hər birimizi razı olduğu hal və əməllərə müvəffəq etsin.

Amin!..

 

[1] Əhməd ər-Rüfai, Halətu əhlil-həqiqəti məallah, s. 337.

[2] Bax. ət-Tövbə, 25-26.

[3] Kövnü-məkan:  varlıq aləmi, kainat.

[4] Rəhim olan Allaha şükür

[5] Abdulqadir Gilani, əl-Fəthur-Rəbbani, İstanbul 1987, s. 421.

[6] Dil: Könül.

[7] Niza: Çəkişmə, mübahisə.

[8] Əttar, Təzkirətül-övliya, s. 126, Erkam Yayınları, İstanbul 1984.

[9] M. Sami Əfəndi, Yunus və Hud surələri təfsiri, s. 145.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz