BİZƏ NƏ OLDU?

BİZƏ NƏ OLDU?

Məlumdur ki, İslam alimləri dünyanın elm və mədəniyyət sahəsinə böyük töhfələr vermişdir. Astronomiya, fəlsəfə, tibb, fizika, kimya, riyaziyyat, coğrafiya və bu kimi bir çox sahədə orta əsr müsəlman alimlərinin açdığı cığır sözügedən sahələrin inkişafına ciddi mənada təkan verib. Bu gün qərəzli mövqedən uzaq olan qeyri-müsəlman araşdırmaçı elm xadimləri də bu faktı təsdiq edir. Asiyadan yayılan İslam dininin İspaniyaya sıçraması sonrasında müsəlman Əndəlüsündə müşahidə olunan elmi tərəqqinin zamanla Avropa renessansına işıq tutduğunu inkar etmək mümkün deyil. Əlbəttə ki, bu fikirləri yazmaq və səsləndirmək bir müsəlman olaraq hər birimizin qürurunu oxşayır. Lakin bu gün elmi-texnoloji sahədə digər mədəniyyət mənsublarının öndə olması, bu prosesdə İslam dünyasının sadəcə təqlidçilik etməsi tarixi oxuyarkən keçirdiyimiz qürur hisslərimizi utancla əvəz edir.

Bu yazımızda xülasəli şəkildə İslam dünyasının elmi tərəqqidən və inkişafdan geri qalmasının bir neçə başlıca səbəblərinə diqqət çəkmək istəyirik. Biz nə üçün geridə qaldıq? Adətən bu suala cavab verən müsəlmanlar dini bağlılıqlarından qaynaqlanan “Kitab və Sünnədən uzaqlaşmaq” arqumentini irəli sürürlər. Əlbəttə, Kitab və Sünnə İslam mədəniyyətinin əsas sütunlarıdır və bu ikisi olmadan dünya və axirət indeksli bir mədəniyyət qurmaq imkansızdır. Lakin daha dərindən araşdırsaq görərik ki, müsəlmanların geriləmə səbəbi Kitab və Sünnədən uzaqlaşmaqdan daha çox Quran və Peyğəmbərə bağlılığı düzgün analiz edə bilməmək olmuşdur. Tarixin müəyyən dövrlərində müsəlman mədrəsələrində sırf dini elmlərin tədris edilməsi, dünyəvi elmlərə yer verilməməsi və ya daha az yer verilməsi Quranın “oxu” əmrini doğru başa düşməməkdən qaynaqlanırdı. Bütün dünyada misli görülməmiş xeyriyyəçilik müəssisəsi olan vəqf qurumunun cəmiyyət üçün nə qədər fayda təmin etdiyini yaxşı bilirik. Cəmiyyətin bütün təbəqələrini qucaqlayan, İslamın mərhəmət və gülər üzünü sərgiləyən vəqf mədəniyyətimiz hətta heyvanları, qanadı qırıq quşları da öz ağuşuna almışdır. Lakin orta əsrlərdə vəqflər tərəfindən maliyyələşən bəzi mədrəsələrdə sadəcə dini elmlərin öyrədilməsi, dünyəvi elmlərlə məşğul olanların bu mədrəsələrdən faydalanmasının vəqfə xəyanət sayılması özlüyündə elmin inkişafına mane olan yanlış addımlardan biri idi. Əqidə mövzusunda söz sahibi olan bəzi alimlərin təbiət elmlərinə dırnaqarası baxış tərzi formalaşdırmasının təməlində “təbiətdəki əşyanın heç bir xassəsi və gücü yoxdur, yaradan yalnız Allahdır” düşüncəsi yatırdı.

Bir digər problem İslamı ehsan şüuru ilə yaşamaq olan təsəvvüfü doğru anlamamaqdan qaynaqlanır. İmanın kamalından sayılan təqva duyğusunu, təsəvvüfün zöhd anlayışını, çilə və xəlvət kimi təkmilləşmə metodlarını dünyadan tamamən əl-ətək çəkmək şəklində dərk edənlər zamanla toplumun dünyəvi elmlərdən uzaqlaşmasına zəmin hazırladılar. Halbuki mötəbər təsəvvüf böyükləri dünyanı dənizə bənzədərək əslində varlıq gəmisinin üzməsi üçün vacib olduğunu, təsəvvüfün qayəsininsə bu suyun qəlbimizə dolmasını əngəlləməkdən ibarət olduğunu bildirirdilər. Məyusedici tərəf ondadır ki, elmə baxış tərzimizə kimya və fizika elminin banilərindən, eyni zamanda təsəvvüfçülərin piri sayılan Cabir bin Həyyan, mikrobu kəşf edən Ağşəmsəddin, Anadoluda yayılan malyariyanın əlacını tapan Mərkəz əfəndi kimi şeyxlər təsir edə bilmədi, biz onları örnək ala bilmədik. Daha rahat və asan olanı seçdik, hər şeyi Allaha həvalə edib, səbəb-nəticə prosesini gözardı etdik. Bunu da təslimiyyət, təvəkkül və İslam təsəvvüfü saydıq.

Daha asan olanı seçdik demişkən geri qalmışlığımızda əsas rollardan biri də məhz tənbəllik və rahatlıq xəstəliyinə tutulmağımız oldu. Bu gün neft zəngini olan bir çox ölkənin gəlir mənbəyinin 90 faizini neft gəlirlərinin təşkil etdiyini və demək olar ki, neft sənayesi xaricində heç bir istehsalatla məşğul olmadığını müşahidə edirik. Biz bu acı gerçəyi daha çox müsəlman dövlətlər müstəvisində görürük. Gördüyümüz mənzərədən daha acı olanı isə bu düşüncə tərzinin orta əsrlərdən bəri zaman-zaman ümmətin şüurunda özünə yer etməsidir. Bununla bağlı İslamın ilk illərində, hələ Rəsulullahın dünyadan ayrılışından çox da keçmədiyi bir zamanda yaşanan məşhur bir hadisə nəql olunur. Belə ki, günlərin birində İslam xəlifəsi Hz. Ömər Mədinə bazarına baş çəkir və orada ticarətlə məşğul olanların əksəriyyətinin qeyri-müslimlərdən olduğunu görüb məyus olur. Əhali onun hüzurunda toplaşdığı vaxt gördüklərini dilə gətirərək bazarı tərk etdikləri üçün xəlifə onları qınayır. Cavabsa belə olur: “Fəth edilən torpaqlar sayəsində Allah bizi bazara möhtac qoymayıb”. Bu cavab qarşısında daha da məyus olan Hz. Ömər belə deyir: “Allaha and olsun ki, əgər belə etsəniz, kişiləriniz onların kişilərinə, qadınlarınız isə onların qadınlarına möhtac vəziyyətə düşəcək”.[1] Təəssüf ki, uzaqgörən xəlifə Hz. Ömərin tövsiyəsini qulaqardına vuraraq tədricən iqtisadi, siyasi, fikri, elmi, texnoloji asılılığa düşdük. Orta Şərq araşdırmaları sahəsində məşhur avropalı tarixçi-yazar Prof. Bernard Luis bu acı gerçəyi primitiv görünən, lakin arxa planında ciddi prosesləri gizlədən bir misalla belə ifadə edir: 

“Qəhvə əsl etibarı ilə Efiopiyadan gəlirdi. Bu məhsul Qırmızı dənizin hər iki sahilindən - Ərəbistan və Misirdən Suriyaya və Türkiyəyə (hər halda bugünkü Türkiyəni nəzərdə tutur, çünki həmin dövrdə sözügedən ərazi Osmanlı torpaqları idi) gətirilir və oradan Avropaya ixrac edilirdi. Şəkər isə İran və Hindistandan gəlirdi. Uzun müddət həm qəhvə, həm də şəkər Avropa üçün idxal məhsulu idi; birbaşa Yaxın Şərqdən gəlir, yaxud da həmin marşrutdan keçərək gətirilirdi. Lakin sonra müstəmləkə gücləri qəhvə və şəkəri yeni müstəmləkələrində daha ucuz üsulla becərərək bol məhsul əldə etməyin yollarını kəşf etdilər. Onlar bunu o qədər dəqiqliklə və müvəffəqiyyətlə etdilər ki, qəhvə və şəkəri Osmanlı torpaqlarına ixrac etməyə başladılar. XVIII əsrin sonlarında bir türk və ya bir ərəb ənənəvi sevimli işi ilə, yəni bir fincan şirin qəhvə içməklə məşğul idisə, çox ehtimal ki, qəhvə hollandların Yava müstəmləkəsindən və ya ispanların Amerikasından gəlirdi, şəkər isə ya britaniyalıların, ya da fransızların Vest-Hindindən gəlirdi; yalnız isti su yerli idi. XIX əsrin sonları, XX əsrin əvvəllərində artıq bu da həqiqət deyildi, belə ki, avropalı qrant şirkətlər Yaxın Şərqin şəhərlərində su və qaz təchizatını ələ keçirmişdilər”.[2]

Burada verməyə çalışdığımız məhdud misalları oxuduqca hər nə qədər məyus olsaq da, məqsədimiz ümidsizliyə səbəb olmaq deyil. Acı tarixin təkərrür etməməsi üçün xətalardan dərs çıxarıb özümüzə gəlməyin zərurətini dilə gətirməyə çalışdıq. Yazımızı daha nikbin sonluqla tamamlamaq üçün onu da deyim ki, son illərdə elmi-texnoloji sahədə müsəlmanlar tərəfindən əldə edilən müəyyən nailiyyətlər bu tip çalışmaların hər zaman nəticə verəcəyini bir daha təsdiq edir. Xətalardan dərs çıxarmaq təmənnası ilə... 

[1] İbnul-Həcc, “əl-Mədxal”, 2/83.

[2] Bernard Lewis, “Hata Neredeydi?”, səh: 63; Kronik Yayınları, 2021

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz