AYRILMAYAQ!

AYRILMAYAQ!

Bizə doğru yolu göstərən, keçmişdən və gələcəkdə baş verəcək olan bir sıra hadisələrdən xəbər verən Qurani-Kərimin ən böyük xəbəri, əlbəttə ki, qiyamət hadisəsidir. Allahın şəxsən “nəbəul-azim”, yəni “böyük xəbər” adlandırdığı qiyamət kainatda mütləq surətdə yaşanacaq ən dəhşətli hadisədir. Dağların yerindən oynayacağı, pambıq yığını kimi havada uçuşacağı, yer səthinin içindəkiləri çölə atacağı o dəhşətli günlə insanlığın dünya həyatı sonlanacaq. Ardından yeni bir həyat başlayacaq; dünyadakından fərqli olaraq ölümsüz və əbədi bir həyat. Bütün bunları Rəbbimiz Qurani-Kərimində xəbər verir. Lakin bizi yaradan bu həyatın başlamasından əvvəl Onun hüzurunda hesab verəcəyimizi də bildirir. Əslində, ən acınacaqlı səhnə məhz orada yaşanacaq.

Zərrələrin ədalət tərəzisində hesablanacağı, əllərimizin, ayaqlarımızın dilə gəldiyi, ən əsası isə hakimin özünün şahidlik edəcəyi o gün yaşanacaq əbədi ayrılıqlardan ötrü Qurani-Kərimdə “yövmul-fasl” adlandırılır. Yövmul-fasl ayrılıq günü deməkdir. Bəli, o gün ayrılıqlar olacaq. Yaxşılar bir tərəfə, pislər başqa bir tərəfə ayrılacaq. Hər kəs yaşadığı həyatın keyfiyyətinə görə yaxşı və ya pislər zümrəsinə daxil olacaq. Yaxşı kimi görünən pislərin də iç üzü ortaya çıxacaq. Eləcə də pis gördüyümüz, əslində isə yaxşı olanların nə qədər mötəbər olduğunu anlayacağıq.

Qiyamətin ən dəhşətli mənzərələrindən birini Allah-Təala Yasin surəsində belə xəbər verir: (Onlara belə deyiləcək) Ey günahkarlar, bu gün (möminlərdən) ayrılın!”. (Yasin, 59) Bununla da əbədi ayrılıq gerçəkləşəcək. Bu ayə ilk baxışda bəlkə bir o qədər  diqqətimizi çəkməsə də, dərindən düşündükdə insanı dəhşətə salaraq iliklərinə qədər titrədir. Bir anlıq o səhnəni gözümüzün qabağına gətirək. Allah qorusun, övladımızla birlikdə son hökmü gözləyərkən qəflətən onların günahkarlarla ayrılmasını söyləsələr, görəsən, nə hiss edərik? Xəyalı belə tüklərimizi biz-biz edir, Rəbbimizin mərhəmətinə sığınırıq. O son ayrılıqda selə dönmüş göz yaşları, dəhşətli çığırışlar, için-için ağlaşmalar, qulaq batıran fəryadlar olacaq. Allah hər birimizi bu həzin aqibətdən qorusun.

Əbədi ayrılıq günündə göz bəbəyimiz olan övladlarımızdan hüznlə ayrılmaq istəmiriksə, bunun üçün dünyada ikən əlimizdən gələni etməliyik. Uca Allahın Qurani-Kərimdə: Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır… (ət-Təhrim, 6) deyə etdiyi tövsiyəyə o ayrılıq günü gəlmədən qulaq vermək məcburiyyətindəyik. Günü bu gün, sabaha saxlamadan bu haqda düşünməliyik. İşlərimizin çoxluğunu, yaşadığımız sıxıntıları, məişət qayğılarımızı bəhanə edib uşaqlarımızın tərbiyəsinə səhlənkar yanaşmağa haqqımız yoxdur. Axı, Allah onları bizə əmanət etdi.

Yaşadığımız cəmiyyətə baxanda görürük ki, hər bir valideyn təxminən 60-70 illik dünya həyatında övladının şad-xürrəm yaşaması üçün əlləşib-vuruşur. Onların istəklərini yerinə yetirmək üçün yorulmadan səhərdən-axşamacan çalışır. Hər birimiz övladımızın məktəb qiymətlərinin yaxşı olmasını, ali məktəblərə qəbul olaraq rahat gələcək qurmasını arzulayırıq. Onların xoşbəxt gələcək vəd edən peşələrə yiyələnməsini istəyir, ixtisas seçimində bunu nəzərə almalarını təlqin edir, əcnəbi dilləri öyrənmələri üçün külli miqdarda pul xərcləyirik. Əlbəttə ki, bütün bunlar valideynlik borcumuzdur. Lakin görəsən, fani dünyaları üçün bu qədər əndişə etdiyimiz halda əbədi həyata hazırlanmaları üçün nə qədər həyəcan keçiririk? Qazanaraq gətirdiyimiz, boğazlarından keçən loğmaların halallığına riayət edə bilirikmi? Onları dünya imtahanına hazırladığımız kimi qiyamət imtahanına da hazırlayırıqmı? O imtahan gününün ilk sualı olan namazları nə haldadır? Şəfqət və mərhəmət duyğularının inkişafı üçün nələr edirik? Könüllərinə atdığımız mərhəmət toxumları sabah böyüyüb meyvəli ağaca çevrilə biləcəkmi? O ağacın sədəqə, infaq, yardımlaşma kimi ləziz meyvələrini cəmiyyətimiz dada biləcəkmi? Dünya dillərini öyrənmələrinə göstərdiyimiz həssaslığın yarısını dinimizin dili olan Quran dilini öyrənmələri üçün də göstərə bilirikmi? Tətillərini sırf əyləncə ilə deyil, üfüqlərini açacaq, təfəkkür dünyalarını zənginləşdirəcək fəaliyyətlərlə keçirmələri üçün nə edirik? Onları Allaha layiqli qul, topluma faydalı vətəndaş kimi yetişdirə bilirikmi? Əgər o müdhiş ayrılıq günündə birlikdə olmaq istəyiriksə, cənnət yolçuları arasında yer almaq istəyiriksə özümüzü və ailə üzvlərimizi bu gündən düşünməliyik. Unutmayaq ki, bu gün yaşadığımız inanc və fikir ayrılıqları, əməl fərqlilikləri sabah əbədi ayrılığa çevrilə bilər. Orada əbədi ayrılıq fəlakəti ilə üzləşməmək üçün, çalışaq, bu gün ayrılmayaq!   

PAYLAŞ:                

Nurlan MƏMMƏDZADƏ

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz