Nurlan MƏMMƏDZADƏ / SƏCDƏ ET, YAXINLAŞ!

Çap

Yazan redaktor 12.06.14 07:18

Share

     Bizi yaradan Uca Mövlamız Qurani-Kərimdə buyurur: “...Biz ona (insana) şah damarından da yaxınıq! (Qaf, 16). 

     Hər halımızı görən, bizi eşidən, hətta söyləmədiyimiz halda qəlbimizdən keçirdiklərimizi belə duyaraq cavab verən Rəbbimiz bizim də Ona yaxın olmağımızı istəyir. Bəşər övladını peyğəmbərlər və ilahi kitablarla şərəfləndirməsinin başlıca səbəbi də məhz budur. İnsanın Allaha yaxınlığını artıran ibadətlərin başında heç şübhəsiz ki, namaz ibadəti gəlir. Həzrət Peyğəmbər namaz üçün “gözümün nuru” ifadəsini işlətmiş və son nəfəsini verərkən də ümmətinə namaza həssas yanaşmalarını tövsiyə etmişdir. Namazın ən şirin anı isə bəndənin bütün səmimiyyəti ilə heçliyini ortaya qoyduğu səcdə anıdır.

     Səcdə insanın Rəbbini tanımasıdır. Ona boyun əyib əmrlərinə itaətin bir təzahürüdür. Allah-Təala iman gətirənlərdən hər gün beş dəfə namaz qılmağı tələb edir. Namazda ən çox edilən hərəkətsə səcdədir. Hər rükətdə iki dəfə səcdə edirik. Həqiqi səcdələrlə nəfs boyunduruğundan xilas olaraq ilahi təzimdə hürriyyətə qovuşuruq əslində. Səcdə; “Allahım, Sənin hüzurunda mən bir heçəm, Sənin əzəmətin qarşısında kiçik bir yumaqdan fərqli deyiləm. Sən kibriya sifətinə malik Uca Rəbbim, mənsə Sənin aciz qulunam”,- deyə bilməkdir.

     Həzrət Peyğəmbər (s.ə.s) insanın Allaha ən yaxın anının səcdə olduğunu belə xəbər verir: “Qulun Rəbbinə ən yaxın olduğu an səcdədir. Elə isə səcdədə duanı artırın” (Müslim). Bu hədisi-şərif bir mənada da Allahdan uzaq qalan insanlara Ona yaxınlaşma yolunu göstərir. Çünki insanın həqiqi şərəfi Rəbbinə yaxınlığı nisbətindədir. Əshabi-kiramdan Rəbia ibn Kəb əl-Əsləmi belə rəvayət edir:

     “Bir gün Rəsulullah (s.ə.s) ilə gecələmişdik. Ona dəstəmaz alacağı suyu və ehtiyac duyduğu digər əşyaları gətirdim. Mənə belə buyurdu:

     - Ürəyindən nə keçirsə, mənə söylə!  Mən:

     - Ey Allahın Rəsulu, izin ver, bir az fikirləşim, sonra deyim,- söyləyərək möhlət istədim. Öz-özümə fikirləşdim və dünya həyatının keçici olduğunu, bu dünyada Rəbbimin ruzimi verəcəyini düşünərək Həzrət Peyğəmbərdən axirətlə bağlı bir şey istəməyə qərar verdim. Sonra Rəsulullahın hüzuruna çıxdım, məndən nə qərara gəldiyimi soruşduqda belə dedim:

     - Ey Allahın Rəsulu, cəhənnəmdən xilas olmam üçün mənə şəfaət etməyini istəyirəm. Rəsulullah (s.ə.s):

     - Ey Rəbia, bunu sənə kim öyrətdi,- deyə soruşdu. Belə cavab verdim:

     - Səni Haqq ilə göndərən Allaha and olsun ki, heç kim öyrətmədi. Sən “ürəyindən keçəni istə” dediyin zaman Allahın Peyğəmbəri olduğunu, Onun qatındakı dərəcəni düşünərək “dünya həyatı fanidir,  yaradan özü bu dünyadakı ruzimi verər, yaxşısı buduru ki, mən Rəsulullahdan axirətimi istəyim”,- deyə bu qərara gəldim. Rəsulullah (s.ə.s) bir az sükut etdikdən sonra belə buyurdu:

     - Bu dediyini qəbul edirəm, ancaq sən də çox səcdə edərək mənə kömək etməlisən!” (Əhməd b. Hənbəl, Təbərani) 

     Rəsulullah (s.ə.s) bu hədisi-şərifdə Allaha yaxınlaşmağın və cənnətin yolunun səcdədən keçdiyini açıq şəkildə bildirmişdir. Qurani-Kərimdə də insanın səcdə ilə Allaha yaxınlaşa biləcəyi belə bəyan edilir: Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!(əl-Ələq, 19)

     İslam mədəniyyətində “üç aylar” adlandırılan və 365 günlük bir il ərzində xüsusi yeri olan mübarək mövsümün astanasındayıq. Məhz belə bir gözəl mövsümdə səcdələrimizi artıraraq Rəbbimizə bir az daha yaxınlaşmağa cəhd etməliyik. Çünki səcdə Onunla olmaq, Onu tanıyaraq səmimiyyətlə qapısının kandarına baş qoymaqdır. Səcdə etmək əslində Allahın yaratdığı dünyada qoymuş olduğu nizam-intizama könüllü olaraq riayət etməkdir. Bütün dünyadakıların Ona boyun əyməsini və bir növ xor halında səcdəyə qapanmasını Haqq-Təala belə xəbər verir: Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər!” (ər-Rad, 15)

Tecox component by www.teglo.info