Anar RÜSTƏMOV / MERACA BƏRABƏR NAMAZ

Çap

Yazan redaktor 12.06.14 07:11

Share

     “Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!” (əl-İsra, 17/1)

     Mənsubu olduğumuz İslamın yüzlərlə əmr və qadağası vardır. Bu əmr və qadağaları ya Qurani-Kərimdən, ya da İslam Peyğəmbərinin hədislərindən öyrənirik. Rəsuli-Əkrəm ona nazil olan ilahi vəhyi səhabələrinə və bütün bəşəriyyətə təbliğ etmişdir. Demək ki, biz Hz. Peyğəmbərə lövhi-məhfuzdan endirildikdən sonra insanlara dünya həyatında bildirilən əmr və qadağalara riayət edirik. Ancaq iki şey Peyğəmbərə dünya həyatında deyil, məhz meracda verilmişdir. Belə ki, Allahın Rəsulu “Bəqərə” surəsinin 285-286-cı ayələrini və namazın fərz olduğunu öyrənməsi üçün meraca – Allahın hüzuruna, Sidrətül-müntəhaya aparılmış, Cəbrayıl əleyhissəlamın belə daha irəli getməsinə icazə verilməyən məkana qədəm basmışdır. Quranın bütün ayələri dünya həyatında ikən Peyğəmbərə nazil olmuş, yalnız sözügedən iki ayəni “alması” və namaz əmri üçün meraca çıxarılmışdır.

     Əgər Peyğəmbərimiz: “Mən bu gecə meraca çıxarıldım, Rəbbimin məqamına yaxınlaşdım, onunla danışdım və Allah ümmətimə orada mənə namazı əmr etdi”, - deyirsə, bir möminin Peyğəmbərin söylədikləri haqda düşünməsi, namazla digər ibadətlər arasındakı fərqi qavramağa çalışması gərəkdir. Axı oruc və həcc kimi ibadətlər Peyğəmbərə Mədinədə ikən əmr edildiyi halda: “Ya peyğəmbər! Namaz sənin ümmətinə fərz qılındı!” - əmrinin bildirilməsi üçün sonuncu elçi Allahın hüzuruna çağrıldı. Peyğəmbərə orada cənnət və cəhənnəm göstərilərək: “Ümmətinin aqibəti buradır”, - deyildi, həmçinin, o, ruhlar aləmində özündən əvvəlki peyəmbərlərlə görüşdü. Allahın rəsuluna və ümmətinə belə demək mümkünsə, böyük bir mərasimdən sonra gündəlik beş vaxt namaz əmr edildi.

     Allahın Rəsulu merac hadisəsinin namazın əmr edilməsi ilə nəticələnməsindən bəhs edərkən: “Mən meraca çıxarıldım. Meracdan qayıdarkən isə ümmətimə namaz fərz qılındı. Deməli, ümmətimin meracı namazdır”, - buyurmuşdur.

     Peyğəmbərimiz bizim şərh və izah edə bilməyəcəyimiz şəkildə Allahın hüzuruna aparıldı və Uca Yaradan sonuncu Elçisi ilə danışdı. Həmin danışığın mətnini biz hər namazda təşəhhüd kimi oxuyuruq. Peyğəmbər Sidrətül-müntəhaya əmisi Əbu Talib, zövcəsi Xədicə vəfat etdikdən, böyük maddi və mənəvi sıxıntılarla üzləşdikdən, səhabələrinin böyük əksəriyyətini hicrətə göndərməli olduqdan və Məkkə artıq onun üçün dar bir qəfəsə çevrildikdən dərhal sonra çıxarıldı. Uca Yaradan Öz peyğəmbərini təsəlli edərək geri göndərdi. Bəli, merac budur. Daha sonra ümmətinin meracı sayılacaq namazı verdikdə ilk müsəlmanlar həm də sıxıntıdan namaz sayəsində qurtula biləcəyini dərk etdilər. Axı Hz. Peyğəmbər ümmətinin meracının namaz olduğunu buyurmuşdu. Dolayısı ilə namaz bəndənin Rəbbi ilə birbaşa görüşməsidir və buna görə də sözün tam mənası ilə meracdır.

     Namaz meracdır. Möminin bunu unutmaması, namaza bu prizmadan baxması üçün Quranın bütün ayələri Məkkə və Mədinədə nazil olduğu halda namaz Peyğəmbərə meracda ikən əmr olundu. Bu səbəbdən, Peyğəmbərin sünnəsinə tabe olan, gündə beş vaxt xüşu ilə namaz qılan müsəlman merac ab-havasını tənəffüs edə bilər. Buna müvəffəq olan mömin Peyğəmbərin hisslərinə oxşar hisslər keçicərəkdir.

     Bu səbəbdən, namaz qılmağa hazırlaşarkən – dəstəmaz alarkən, qibləyə yönələrkən, səccadəni açarkən: “Adi bir ibadəti yerinə yetirirəm”, - kimi primitiv düşüncədən xilas olmalıyıq.  Namaz üç şüarın arxasında yaşamalıdır:

     1. Hər namaz bir meracdır. Səcdəyə getmək Allahla baş-başa qalmaq deməkdir. Namaz Peyğəmbərin meracdan qayıdarkən dərdlərindən sıyrılması kimi möminin dərdlərinin azaldığı bir ibadətdir. Bu mənada namaz bir məlhəmdir.

     2. Hər namaz hökmən cənnətin qapısını bir qədər də aralayan açardır. Çünki Allah qiyamət günü mömin qullarını hüzuruna qəbul etdikdə soruşacağı ilk şey namazdır. Namaz imtahanından üzüağ çıxan kəsin digər əməllərindən imtahanını asanlıqla verəcəyi müjdələnmişdir. Merac keyfiyyətli namaz insanı digər haram işlərdən uzaqlaşdırar. Qar nə qədər yağarsa yağsın, günəşin qarşısında əriyib getdiyi kimi, bir nur və günəş olan namaz da günahları əridib yox edər. Məhz buna görə mömin qıldığı hər namazın merac və cənnətin açarı olduğunu düşünərək, qibləyə yönəlməlidir.

     3. Hər namaz möminin son namazıdır. Mömin hər namazını sonuncu namazı olduğu düşüncəsi ilə qılmalıdır. Digər tərəfdən, vaxtında qılınmayan namazı savabı, fəziləti və məsuliyyəti baxımından qəza namazı əsla əvəz edə bilməz. Vaxtı çıxdıqdan sonra qılınan namaz qiyamət günü möminin qarşısına Uhud dağından daha ağır yük kimi gətirilər.

     Düşünən və bəsirətli mömin qılmadığı hər namazı ilə əslində meracdan uzaqlaşdığını, Rəbbi ilə danışmağa getmədiyinin fərqinə varar. Namazdan qabaq təmizlik, dəstəmaz və qibləyə yönəlmək asandır. Çətin olan iş namaz şüurunu dərk etməkdir. “Meracımdır!” - deyə qibləyə yönələn dönən insanın namazı sonsuz üfüqdə üzən kosmik gəmiyə bənzəyər. Xüşu ilə namaz qılmaq səmaya nərdivansız yönəlmək deməkdir. Mömin ərköyünləşməyən, arxayınlığa qapılmayan, namaz eşqi bitib-tükənməyən insandır. 70 il namaz qılsa belə namaz qılmağa başladığı ilk günkü həyəcanını qoruyub saxlaya bilən insandır meracı arzulayan mömin. Uca Yaradan Öz kitabının ilk səhifəsində möminin tərifini verərkən: “O kəslər ki, qeybə inanır, namaz qılır”, (əl-Bəqərə, 3) - deyə buyurur. Bəli, mömin namaz qılan insandır.

Tecox component by www.teglo.info