Adəm ŞAHİN / İRFAN-DOXSAN və ÜÇ AYLAR

Çap

Yazan redaktor 12.06.14 06:58

Share

     İstər həftəlik olsun, istərsə də aylıq, jurnal dünyasında hər say bir yaşdır. İrfan doxsan yaşındadır. Doxsana çatdı, Hz. Nuhun ömrü olan 950-yə nə qaldı ki ?!

     Nuh (ə.s) 950 il, İrfan jurnalı da 90 sayıdır həyat verəcək şeylərə dəvət edir. Ənfal surəsinin 24-cü ayəsində “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin”,- buyurularaq bütün möminlərə əmr olunur. Buradan bir məna da çıxarda bilərik: Allah və Rəsulunun dəvət etdiyi hər işdə həyat var. Namaz, oruc, Quran, zikr, zəkat, qohumları ziyarət, təbəssüm…

     Həyat verən şeylərə yanaşmayan insan ömrünü gözləri olduğu halda görmədən, qulaqları olduğu halda eşitmədən və ağlı olduğu halda düşünmədən tamamlayar. Şairin dediyi kimi “Əksəri nəqşində qaldı, görmədi nəqqaşını…” Onlar göz üzünü quyunun içindən seyr edərlər.

     Ruhən səfilləşən, stress və depresiya içində yaşayan “müasir” insanlar xəstəliklərindən xəbərsiz zombie kimi yaşayırlar. Həyatı mətbəx-ayaqyolu və yataq otağı üçbucağında, iztirabla keçir. Əziyyət çəkən insane oxumağa, düşünməyə, müşahidə etməyə, ibadətə vaxt və enerji tapa bilmir. Ən zəkalı insanın beyninin yalnız dörd faizini işlədə bildiyini deyirlər. Beynin bütün imkanlarından istifadə edilmədiyi halda nə üçün mədə 100, 200, 300 faiz nisbətində doldurulur?

     Narkotikadan istifadənin səviyyəsini araşdırmaq məqsədilə Nyu-York, London, Paris kimi böyük şəhərlərin kanalizasiya tullantılarında aparılan analizlərin nəticəsinə görə depressiya əleyhinə qəbul edilən dərmanlara rast gəlirlər. Bəzi mütəxəssis-psixoloqlar stres əsri adlandırılan əsrimiz üçün yarızarafat, yarıciddi şəhərlərin su qovşağına anti-stress dərmanlar atılmasını təklif edirlər.

     İmam Qəzaliyə görə cəhalət və qəflət iki bədbinlik səbəbidir. Cəhalət elmlə, qəflətsə irfanla müalicə olunur. Cəhalət dedikdə oxuyub-yazmaq və ümumi intellekt əskikliyi başa düşülməməlidir. Cəhalət Allah və Rəsulundna bixəbər olmaqdır. Qəflət isə Allah və Rəsulunun həyat verən şeylərə dəvətinə laqeyd qalmaqdır. Qəflət kainata uzağı və sərhədləri görə bilməyən milçək kimi baxmaqdır. Çünki milçək uzunqulağın sidik gölməçəsindəki saman çöpünü nəhəng gəmi kimi görür. Çöpün üstünə qonaraq “bu okean, bu gəmi, bu da kapitan”,- deyər. milçəyə görə içində üzdüyü həmin gölməçə hüdudsuzdur. İnsanın görməsi gözünə görədir. Dünya həyatını axirətdən üstün tutmaq milçəyin okeanda kapitanləq iddiasından fərqlənmir. İbrahim surəsinin 3-cü ayəsində dünya həyatını axirətdən üstün tutanlar, dünya həyatını axirətdən çox sevənlər azğınlıq içində olmaqla xarakterizə edilirlər. Ayədə diqqət ediləcək xüsus odur ki, azğınlıqda ittiham edilənlər axirəti inkar etmirlər. Onlar axirətin varlığını qəbul edirlər, lakin dünyanı axirətdən üstün tuturlar. İrfan dünyanı axirətdən üstün tutmama halıdır. İrfansızlıq ən böyük pərişanlıq səbəbidir.

     “Həyat yolu nə qədər uzundur?” sualına “başdaşında doğum və ölüm tarixi arasına çəkilən kiçik xətt qədər”,- deyə cavab verilir. Rəcəb, Şaban və Ramazan ayları o kiçik xətt üzərindəki bir nöqtə kimidir. Zünnun Misri həzrətləri belə buyurmuşdur: “Rəcəb əkin ayıdır, Şaban suvarma, Ramazansa biçim mövsümüdür”. Axirətin tarlası olan dünyada əkin dünən, suvarma bu gün, biçin isə sabah Haqqın hüzurunda olacaq. Axirətin tarlası olan dünyada əkib-becərməmək, tarlanı boş saxlamaq qınaq və peşmanlıq səbəbidir.

     “Yeni il gününə necə girsən, bütün ilin o cür keçəcək” sözü boş-boşuna söylənmiş yalan iftiradır. Namaz qılan bir adama dostu “gəl on gün namaz qıl, bir daha tərk etməzsən”,- deyir. Namaz qılmayan dostsa “sən də mənim kimi on gün namaz qılma, bir daha namaza başlaya bilməzsən”,- deyə cavab verir. Rəcəb, Şaban, Ramazan aylarındakı ibadət həssaslığı və halal-harama diqqət ilin digər aylarını da mayalayacaqdır. Vərdişlərin mayalama gücü var. Səmərəli keçirilən üç ayın digər doqquz aya mayalayıcı təsiri inkarolunmazdır.

     Dünən, bu gün və sabah məxluqat üçündür. Xaliq üçün dünən, bu gün və sabah yoxdurş “Qələm yazmış, mürəkkəb qurumuşdur” (Buxari). Qələm yazdığı, mürəkkəb quruduğu üçün “olan olmuşdur, olacaq olan da olmuşdur”. İrfan jurnalı “baş verəcək hər şey yaxındır” düsturu ilə Allah və Rəsulunun dirilişə çağırdığı ölçülərə dəvət edir. Nuh peyğəmbər kimi 950 il yaşamağı, ölüb-dirilməyi və axirəti özünə yaxın görür. “Zəmanə Xızırlarının irfanına hər zamankından daha çox ehtiyacımız var”,- deyə yazmağa davam edir. Dücanə Cündioğlu tənqid edilsə də, “Musanın şəriətindən çox Xızırın irfanına möhtacıq” iddiasındadır.

     İslam hüququ (şəriət) dünyanın hər tərəfindəki Quran kurslarında, mədrəsələrdə, ilahiyyat fakültələrində öyrədilir, amma Xızırın irfanı, Yəsəvinin hikməti haradadır? Hansı coğrafiyada, neçə mübarək qapıda?

     Quranın bildirdiyinə görə Xızır (ə.s) iki dənizin birləşdiyi yerdədir. Zəmanəmizdə də Xızır (ə.s)-ın iki dənizin birləşdiyi yerdə olduğuna inanıram. İki dənizin birləşdiyi, iki dənizə qonşuluq edən neçə şəhər var? Xızır irfansız, Xızırsız və irfansız da Novruz olmaz. Xızırsız və irfansız növruz dağlar, daşlar və bitkilər üçündür. İrfan, Yüz və Novruz sayında görüşmək duasıyla…

Tecox component by www.teglo.info