“SƏADƏTİN AÇARI ƏMANƏT ŞÜURUNDA GİZLİDİR”

Çap

Yazan redaktor 19.03.19 11:56

Share

Картинки по запросу turgay şirinTürkiyənin Sabahattin Zaim universitetinin müəllimi və kafedra müdiri olan Doç.Dr.Turqay Şirin Beynəlxalq Kouçluq Federasiyasının da üzvüdür. İllərdir bir çox dövlət qurumlarında və özəl şirkətlərdə “idarəetmə və inkişaf” proqramlarında yer alan və məsləhətçi olaraq fəaliyyət göstərən T.Şirin eyni zamanda bir çox xəstəxanada da psixo-terapevt fəaliyyətlərində yer almışdır. Dünyanın 15-dən çox ölkəsində fərdi inkişaf, kouçluq (idarəetmə rəhbərliyi), insan resurslarının qiymətləndirilməsi, həmçinin İslamda sufizm mənbələrində psixoterapiya mövzularında seminarlar vermişdir. Fərdi inkişaf və enneoqram mövzusunda kitabların müəllifidir. MİM – mənəvi rəhbərlik məsləhət və araşdırma xidmətləri mərkəzinin qurucusu olan T.Şirin evlidir və iki uşaq atasıdır.  

 

İrfan: Turqay bəy, sizinlə gəncliyin problemləri haqda danışmaq istərdik. İndiki cavanların psixoloji böhran yaşadığını, mənəvi çıxmazların içində itib-batdığını tez-tez eşidirik. Sizcə bunun səbəbləri nələrdir?

Doç.Dr.Turqay Şirin: Bunun bir çox səbəbini sadalamaq olar. Bunların başında məlumat kirliliyi və xüsusilə mədəniyyəti, milli-mənəvi dəyərləri hədəf seçən nəşrlər, verilişlər, xüsusilə meydana gətirilmiş bilgi torları yer alır ki, bunlar gənclərə sosial media – televizor, internet, kino kimi vasitələrlə çatdırılmağa çalışılır. Bu gün dünyanın hər yerində toplumlar öz mədəniyyətlərini mühafizə etməkdə çətinlik çəkirlər. Bu vəziyyət müsəlman gənclər üçün də eynidir. Yəni gəncləri hədəfə alan şüurlu və planlı bir hücumdan bəhs edirik. Gənclər özlərinin mənəvi kökləri olan dəyərlərindən uzaqlaşdıqca,  mədəniyyətindən uzaqlaşdıqca, dinindən uzaqlaşdıqca “ruhi xəstəliklər” dediyimiz, kökündə nəfsin yatdığı, əslində, “nəfs xəstəlikləri” deyə biləcəyimiz narahatlıqlar meydana çıxır.  Kompüter əsri ilə birlikdə ünsiyyətin aradan qalxması, gənclərin, xüsusilə də uşaqların küçələrdə oyun oynaya bilməməsi, asudə vaxtlarını kompüter, yaxud digər texnoloji alətlərlə keçirmələri onları antisosial insan halına gətirir. Bu da sosial əlaqələrində problemlər yaşayan bir nəsil ortaya çıxardır. Sosial ünsiyyətin olmaması çox mühüm ruhi-psixoloji xəstəliklərin səbəbləri və nəticələri arasında yer almaqdadır. Bu yönü ilə baxanda insanın öz təbiətindən uzaqlaşması, ən əsası da, onun əsl gücünün, daxili gücünün mənbəyi olan mənəviyyat enerjisindən uzaqlaşması gənclərin müdafiəsində çətinliklərə və psixoloji problemlərə səbəb olur. Bunun ən dolğun ifadəsi “mənəviyyat boşluğu”dur. Mənəvi aləmində boşluq olan insan hər cür xarici təsirə açıq sayılır. 

- Mənəviyyat boşluğu var deyirsiniz; Avropa insanı, yaxud digər din mənsubları bundan çox gözəl yararlanaraq insanları istədikləri tərzdə yetirşdirirlər, yön verirlər. Biz də istərdik ki, gənclərimizi öz mədəniyyətimizə uyğun tərzdə yetişdirək. Amma işin içinə maddiyyat girir. Bu səfər qarşı tərəfin maddi imkanlarının yüksək olduğu, bizim eyni imkanlara malik olmadığımız deyilir. Bu düşüncə tərzini necə aşa bilərik?

- Bizim üçün ən gözəl nümunə Həzrət Muhamməd əleyhissalamdır. Onun əshabının həyatlarında da bənzər nümunlərə rast gəlirik. Həm Peyğəmbərimizin həyatına, həm də öz mədəniyyətimizə baxdığımız zaman dünya həyatına düşkünlük olmadığını görürük. Mal-mülk və maddiyyatın əhəmiyyətsiz olduğunu demirəm, amma birinci yeri tutmadığını və hədəf deyil, məqsəd deyil, vasitə olduğunu görürük. Məsələn, Həzrət Xədicə anamız ticarətlə məşğul olurdu, zəngin idi. İslama da böyük xidmətləri olmuşdur. Həzrət Əbu Bəkr və Osman da kasıb insanlar deyildilər. Həzrət Osman Taif üçün səfərə çıxan ordunu öz pulu ilə təchiz etmişdi. Amma onların həyatlarına baxdığımız zaman görürük ki, malın-mülkün köləsi olmayıblar, dünya sevdasına düşməyiblər. Bu qədər zənginliyə baxmayaraq, cənnətlə müjdələnən insanlar olublar. Deməli, bir müsəlman həm zəngin, həm də abid, zahid bir mömin ola bilər. Böyüklərimizdə bunun nümunələrini görürük. Buna görə də, Həzrət Muhamməd (s.ə.s) iki nəfərə qibtə edilir deyə buyurur: Biri, Allahın ona mal-mülk verdiyi, o malı Allah yolunda xərcləyən və şükür edən zənginlər – “əğniyayi-şakirin”, digəri isə Allahın elm verdiyi, o elmlə əməl edən alim kimsələrdir. Sonra isə: “ikisinə də eyni anda sahib olan” kəsin necə də bəxtəvər olduğunu vurğulayır. Demək ki, ikisi bir yerdə də ola bilər.

Müsəlman iqtisadi olaraq da, elmi olaraq da güclü olmalıdır. Çünki müsəlmana bu yaraşır. Hansı müsəlman? Dediyim kimi, öz həqiqətini bilən, daxili aləmində hüzur tapan bir müsəlman var-dövlətə qovuşanda mal onu deyil, o, malı idarə edir. Bu zaman fəqir-füqəra daxil, hər kəs ondan istifadə edər. Allah onun əli ilə başqa qullarının ruzisini, alimlərin vasitəsilə də elmini çatdırar. Bu baxımdan müsəlman gənclərin modeli bu zirvə insanlar olmalıdır. Gücün mal-mülk ilə əldə olunmadığını, Allahdan gəldiyini unutmadan hərəkət etməliyik. Bu şüur ilə yaşayan müsəlman, əlbəttə, ticarətini də ən professional şəkildə edəcək; təhsilini də alacaq, məktəblər də tikdirəcək, məscidlər də. Bunlar üçün maddi vəsait tələb olunur. Bunu da məqsəd-vasitə zəminində düşünmək lazımdır. Yəni müsəlman kasıb olmalıdır deyə bir qayda yoxdur; zəngin olacaq, amma məqsədini unutmayacaq.

Bunu da unutmayaq ki, hər cəmiyyətdə zəngin-kasıb var. Qərb dövlətlərində də imkansızlar var. Amma ümumi olaraq Qərb dünyasının daha üstün kimi görünməsini təkcə maddiyyata bağlamamalıyıq. Biz özümüzə baxmalıyıq: Allahın yolunda getməyi tərk etdik, Onun ipinə möhkəm sarılmağı buraxdıq, bir-birimizlə didişməyə başladıq, elmdən uzaqlaşdıq, başımıza gələnlərin əsl səbəbləri bunlardır. Bu da öz nəfsimizin özümüzə zülm etməsi deməkdir. Qurani-Kərimdə bir çox müsibətlərlə, cəzalarla üzləşən kəslər haqqında: “onlar özlərinə zülm edərlər” buyurulur. Biz özümüzə zülm etdiyimiz üçün düşmən bu zülmü gerçəkləşdirir. Bunun da Allahın bir təqdiri olduğunu düşünürəm.

- Biz bilirik ki, bu həyat bizə əmanət sayılır. Ömür əmanətdir, ailə-uşaq, bütün nemətlər əmanətdir. Gənclərimizi bu əmanət şüurunda necə yetişdirə bilərik? Yaxud əmanət şüuruna malik bir müsəlman necə olmalıdır?

- Bilirsiniz, Qurani-Kərimdə: “Biz əmanəti dağlara verdik...” – deyə məşhur bir ayə var. Amma bu əmanəti insan boynuna götürdü. Ən mühüm əmanət Allahın bizə verdiyi can, ruh və iman əmanətidir. Gənclərimizin əvvəla bu həqiqəti dərk etmələri, əmanəti xəyanət etmədən öz sahibinə çatdırmaları lazımdır. Biz axirətə bu şüurla getməliyik. Dünyada ikən bu şüuru əldə edən kəs axirətdə də eyni şüurla həşr olunar. İman kəlməsi də elə “əmanət” kəlməsi ilə eyni kökdən gəlir. Belə insan “əmin”, yəni etibarlı, güvənilən insan olacaq. Peyğəmbərimizdən “müsəlman kimdir?” deyə soruşulanda: “əlindən və dilindən digərlərinin əmin olduğu, arxayın olduğu kimsədir”, - deyə buyurur. Demək ki, insan ilk əvvəl bu əmanətin Allahdan gəldiyini, özünün yer üzündə onun xəlifəsi olduğunu bilməli, bu sifətə layiq olacaq şəkildə həyatını yaşamalıdır. Belə olsa, həm bu dünyası, həm də axirəti əhya edilmiş olar; iki cahan səadəti yaşayar. Əslində bu gün gənclərin də, bütün insanların da axtardığı şey xoşbəxtlikdir, səadətdir. Səadətə gedən yol İslamdadır. Mənəviyyat baxımından baxdığımız zaman da, zahirən də müsəlman gəncin özünə əmanət edilənə xəyanət etməməsi, etibarlı olması, yola gedən, xoşxasiyyət insan olması, başqalarına təhlükə mənbəyi olmaması İslamla əlaqəli xüsuslardır. Bu dəyərlər də müsəlmana əmanətdir. Ən böyük əmanətlərdən olan Quranı da unutmamaq lazımdır. Quranı ən gözəl şəkildə yaşamalı, yaşatmalı, oxumalı, oxutmalı, öz həyatımıza tətbiq etməliyik. Bədənimizin də əmanət olduğunu düşünərkən bədən və ağıl sağlığımızı da mühafizə etməyi üstümüzdə borc bilməliyik. Bunun üçün nə lazımdırsa, idman olsun, düzgün qidalanmaq olsun, - bədənimizə zülm etmədən - əmanəti qorumaq üçün hər vasitəyə əl atılmalıdır. İsrafdan da xüsusilə çəkinmək lazımdır. Bədən, ağıl, ruh, iman kimi anlayışları əmanət şüuru ilə daşımalıyıq. Evli olan kəslər üçün Allahın onlara əmanət etdiyi xanım və uşaqlarla yaxşı davranmaq, hüququna riayət etmək də müsəlmana verilən əmanətlərdəndir. Qadın və ya kişi, hər fərd bu əmanət şüuruna malik olarsa, bunu idrak edib yaşayarsa, həm fərd, həm də cəmiyyət olaraq hüzur və səadətin əldə olunacağını düşünürəm. Səadətin açarı əmanət şüurundadır.

- Bizə vaxt ayırdığınız üçün çox təşəkkür edirik.

- Mən də təşəkkür edirəm.  

 

 

 

 

 

 

 

Tecox component by www.teglo.info