Anar Qurbanov / SUAL CAVAB

Çap

Yazan redaktor 17.05.13 12:01

Share

 

Sual: Bir şəxs müəyyən bir müddət təmənnasız oturmaq şərtilə öz evini sata bilərmi?

Cavab: Hənəfilərə görə, əqdin gərəyi və alqı-satqı müqaviləsinə müvafiq olmayan, eləcə də adət-ənənədən olmayan və tərəflərdən hər hansı birinin xeyrinə olan bir şeyi müqavilə bağlanan zaman şərt qoşmaq caiz olmadığı üçün, həmin müqavilə fasiddir (etibarsızdır). Hənəfilərin bu mövzuda söykəndikləri dəlil Hz. Peyğəmbərin (s.ə.s.) şərtli alqı-satqı müqaviləsini qadağan etməsidir (bax. Buxari, Büyu, 73; Təbərani, “əl-Mücəmül-kəbir”, IV, 248). Maliki və hənbəlilərə görə isə, əqdin gərəyi olmayıb, eyni zamanda ona zidd də düşməyən hər hansı bir şeyin şərt qoşulması caizdir. Çünki Rəsulullah (s.ə.s.) bir səfərində Hz. Cabirdən dəvəsini satın almaq istəmiş, o da Mədinəyə qədər minməsini şərt qoşaraq satacağını bildirdikdə, Rəsulullah (s.ə.s.) həmin şərti qəbul edərək dəvəni satın almışdır (bax. Müslim, Müsaqat, 113).

Odur ki, maliki və hənbəlilərə görə, satıcının özünün bir müddət təmənnasız oturması şərtilə evini satması caizdir. Qeyd edək ki, dövrümüzdə bu cür alqı-satqı adət-ənənə halına gəldiyi üçün hənəfilər də caiz olduğunu bildirmişlər.  

 

Sual: Tam yetişməmiş göy-göyərti və meyvələrin satılması caizdirmi?

Cavab: Hz. Peyğəmbərin meyvəsi tam yetişənə qədər xurmanın, dənəsi ağarıb təbii fəlakətdən təhlükəsiz vəziyyətə gələnə qədər torpaqdan çıxan məhsulun satışını qadağan etmişdir (bax. Müslim, Büyu, 13). Məhz bu hədisə istinadən islam alimləri bildirmişlər ki, tam yetişməmiş, insan üçün yemək və ya heyvan üçün yem halına gəlməyən göy-göyərti və meyvələrin satışı caiz deyil. Lakin insanlar üçün yemək və heyvanlar üçün yem halına gələn göy-göyərti və meyvələr tam yetişməsə belə satışı caizdir. Çünki bunlardan faydalanmaq mümkündür (müntəfəün bih) və qiymətli mal (mütəqəvvim) kimi qəbul edilir.

 

Sual: Müəyyən qədər pul müqabilində firmalara iş tapan və ya müştəri cəlb edənin qazancı halaldırmı?

Cavab: Dini cəhətdən halal olan bir malın alqı-satqısına, yaxud bir xidmətin göstərilməsinə vasitəçi olanın gördüyü iş müqabilində alıcı və ya satıcıdan, yaxud da hər ikisindən müəyyən qədər pul alması halaldır. Ancaq gördüyü iş müqabilində alacağı pulun əvvəlcədən müəyyən edilməsi məqsədəuyğundur. Əgər əvvəlcədən müəyyən edilməyibsə, adət-ənənəyə müvafiq hərəkət edilir. Nəticə etibarilə, müəyyən pul müqabilində firmalara iş tapan və ya müştəri cəlb edənin əldə etdiyi gəliri dini baxımdan halaldır. Təbii ki, həmin işdə və ya satılan malda dini baxımdan hər hansı qadağanın olmaması, müştərinin aldanmaması kimi şərtlərə xələl gəlmədiyi müddətcə bu kimi işlərlər məşğul olub qazanc əldə etmək halaldır.   

 

Sual: Kredit kartından istifadə etmək olarmı?

Cavab: Bir müsəlman məcbur deyilsə, faizli bankların kredit kartlarından istifadə etməməlidir. Çünki həm faizə bulaşma ehtimalı, həm də faizli bankın dövriyyəsinə iştirak etmək məsələsi var. Ona görə də bu kimi hallardan uzaq durmaq lazımdır. Əks təqdirdə, “Maidə” surəsinin 2-ci ayəsində buyurulan “Günah işlər görməkdə bir-birinizə köməkçi olmayın” ayəsinə əməl edilməmiş olunar. Əgər faizli bankın kredit kartı məcburi şəkildə istifadə olunarsa, borclar vaxtlı-vaxtında ödənməlidir ki, faiz meydana gəlməsin. Onu da qeyd edək ki, bankların etdiyi kampaniyalar faizli sistemin hədiyyəsi olduğu üçün caiz deyil.   

 

Sual: Bir müsəlmanın əlində faizdən gələn qazanc varsa, həmin pulla nə etməlidir?

Cavab: Bu məsələdə İslam alimləri iki fərqli rəy bildirmişlər. Belə ki, bəzilərinə görə, haram yollardan əldə edilən pul və ya digər şeylər heç kəsə verilmədən məhv edilməlidir. Ancaq başda İmam Qəzzali olmaqla digər bəzi alimlərə görə isə, bu kimi pul və digər şeylər yoxsullara verilməlidir. Çünki bunların məhv edilməsinin heç bir faydası yoxdur. Halbuki, möhtacların istifadəsinə verilməklə səmərəli şəkildə istifadə etmək mümkündür. Təbii ki, həmin şəxs bundan heç bir savab da gözləməməlidir, sadəcə olaraq məsuliyyətindən azad olmağı fikirləşməlidir.

 

Sual: Çoxdan qalan alacağımı bu günün şəraitinə görə geri verilməsini tələb etsəm, faizə girərmi?

Cavab: Əgər borc verilən şəxsə əvvəlcədən inflyasiyanı nəzərə alaraq zərəri də veriləcək deyə şərt qoşulubsa, həmin fərqi almaq caizdir. Baxmayaraq ki, zahirən verilən borcdan daha çox alınmış kimi görsənir, lakin əslində, çox alınmış sayılmır. Çünki verdiyiniz günkü dəyəri alınmış olur. Ancaq əvvəlcədən belə bir şərt qoşulmayıbsa, Əbu Hənifəyə görə, yalnız borc verilən məbləğ alınmalıdır. Əbu Yusifə görə isə, inflyasiya nəzərə alınaraq həmin nisbətdəki itgi geri alına bilər. Çünki bu, faiz deyil, dəyərin ödənməsidir.

Odur ki, borclar geri qaytarılarkən inflyasiya nəzərə alınaraq meydana gələn itgi də üstünə qoyularaq qaytarılmalıdır. Əks təqdirdə, götürülən borc tam verilməmiş olar və haqsızlıq meydana gələr. Lakin inflyasiyanın hesablanmasında bəzi çətinliklər olduğuna görə, borcluya qarşı haqsızlıq etməmək və aldığı borcdan daha çox ödəməsin deyə bir az aşağı hesablamaq məqsədəuyğundur.

Onu da qeyd edək ki, bu kimi hallarda borclunun vəziyyəti də nəzərə alınmalıdır. Belə ki, əgər borclu borcunu asanlıqla qaytarmaq iqtidarında olarsa, inflyasiya nəzərə alınaraq itgi alına bilər. Əks təqdirdə, Əbu Hənifənin rəyinə tabe olaraq fədakarlıq edilməlidir.

 

 

Tecox component by www.teglo.info