Tövbə / Mübariz ƏLİOĞLU

Çap

06.10.12 06:28 ərzində olan dəyişikliklər Yazan redaktor 03.10.12 11:02

Share

Uca Allah Qurani-Kərimdə belə buyurur:

 “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Axı günahkarları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri (gördükləri işin pis olduğunu) bildikdə, bir daha ona qayıtmazlar.” (Ali-İmran, 135)

“Allah (günahlardan) tövbə edənləri, (təmiz və) pak olanları sevər.” (əl-Bəqərə, 222)

Bizi xəlq edən və son Peyğəmbər Muhəmməd -əleyhissalama- ümmət edən Rəbbimizə şükürlər və həmd-sənalar olsun. Rəsulullaha layiqli ümmət olma bəxtəvərliyinin zirvəsindən tutmuş ətəklərinədək uzanan bərəkətli məna və İrfan tarlalarından qidalanmaq mənəvi kamilliyə yetişmənin yeganə ünvanı olaraq qiyamətə kimi insanlığa açılan bir nicat qapısı olmaqda davam edəcəkdir. Rəsulullaha ümmət olma səadətinin ilk pillələrində, qulu ilahi nəzərdə bütün daxili və xarici çirkinliklərdən həssaslıqla təmizləyəcək tövbə məsuliyyəti qərar tutur. Həqiqi tövbənin ilahi sevgiyə aparan yollarında bütün varlığı ilə ümmətinə istiqamət verən Rəsulullah hədislərin birində belə buyurur: Cabir b. Abdullahdan Rəsulullahın belə söylədiyi nəql edilir:

“Ey insanlar! Vaxt keçirmədən Allah-Təalaya tövbə edin. Ona dönün. Əlinizə fürsət düşmüşkən saleh əməllər işləyin. Allah-Təala ilə aranızda olan haqları yerinə gətirin ki, səadətə nail olasınız. Çoxlu sədəqə verin ki, ruzili olasınız. Yaxşılığı əmr edin ki, qorunasınız. Pislikləri yasaqlayın ki, yardım ediləsiniz.”

Hədisi-şərifin mətnindən göründüyü kimi ilahi qorunma və yardıma davamlı olaraq nail olmanın mümkünlüyü, tövbə ilə başlayan əməldən keçir. Məhz tövbə ilə başlamış və Rəsulullahın (s.ə.s) bənzərsiz irşad nurları ilə bəşər təfəkkürünü heyran qoyacaq H. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman, Hz. Əli və daha neçə-neçə İslam şəxsiyyətlərinin yetişməsi nəticəsində qüvvətlənən İslam dini qəlblərə açılan təyinatını uğurla davam etdirməkdədir. Son nəfəsinə kimi Rəbbinin onu bağışlaması niyazları ilə ömür sürən Hz. Ömərin mənalı həyat yolunu vərəqlədikcə qarşımıza çıxan və səmimi bir tövbə ilə ərsəyə gələn aşağıdakı hadisə qəlblərdə ilahi yardımın gücünü hiss etdirəcək dərəcədədir: Muaviyə bin Harməl rəvayət edir:

“-Mədinəyə gəlmişdim. Təmimud Dari məni yeməyə apardı. Doyunca yemək yedim. Çünki üç gün idi ki, ac-susuz məsciddə qalmışdım. Elə o əsnada Harrədə yanğın baş verdi. Hz. Ömər Təmimin yanına gələrək: -Bu yanğını söndür, -deyə əmr etdi. O da: - Ey Möminlərin Əmiri! Mən kiməm və mən nəyəm ki, bu yanğınla bacarım, -dedi. Dərhal Hz. Ömərlə birlikdə yanğın olan yerə getdilər. Mən də onların arxasınca düşdüm. Hz. Ömər alovu əli ilə toplayıb bir vadiyə tərəf yönləndirdi. Odun arxası ilə Təmim getdi. Yanğın çəkilib iki dağın arasına girdi. O əsnada Hz. Ömər (r.a) belə deyirdi: “Görməyən inanmaz!” (İbn Kəsir, əl-Bidayə, 6/153)

Həqiqətən də görməyən inanmaz. Lakin elmi mətbuatın səhifələrini izləyərkən qarşımıza çıxan danılmaz faktlar bizi Hz. Ömərin gerçəkləşdirdiyi bu kəramətə inanmağa dəvət edir. Kamberrada yerləşən Avstraliya Nüvə Tədqiqatları Mərkəzinin əməkdaşları sübuta yetirmişlər ki, ağacın və kömürün açıq şəkildə yanması nəticəsində meydana gələn alov, güclü elektromaqnit dalğalarının təsiri altında insanın istəklərinə uyğun olaraq heç bir fiziki təsirə məruz qalmadan müəyyən şəkillərə, məsələn burulmağa və uzanmağa uğraya bilər. Təcrübə gələcəkdə insanın məsafədən daxili istək və iradəsinə müvafiq olaraq qaynar plazmanın idarə edilməsi imkanlarının real olacağını göstərir. Lakin bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, bu hadisələrin idarə edilməsi sıradan bir insanın deyil, məhz Hz. Ömər (r.a) kimi müstəsna bir təslimiyyət və qulluq həyatı yaşayan Adəm övladlarının nəsibi olacağı danılmaz həqiqətdir. Məşhur rus yazıçısı Lev Tolstoyun bu barədə söylədikləri necə də yerində səslənən ifadələrdir: “Mən əminəm ki, insan təbiətinə sərhədləri sonsuz olan fiziki və mənəvi qüvvə yerləşdirilib. Lakin eyni zamanda bu qüvvəyə inanılmaz bir qadağa qoyulmuşdur. Bu qadağanın səbəbi insanın şəxsiyyətinə hədsiz məhəbbət bəsləməsidir.”

Elə bu dünyəvi əsarət zəncirlərini qıracaq və insanın mənəvi və fiziki aləmini həssaslıqla inşa edəcək Peyğəmbər təliminin günümüzdəki önəmi nəzərlərdən qaçmamalıdır. Məhz Hz. Ömər (r.a) və onun kimi neçə-neçə insanın Peyğəmbərimizin tərif etdiyi tövbə həqiqəti ilə cilalanmış daxili aləmləri və müstəsna əməlləri İslam dininin gözəlliyini sərgiləyən ilahi möcüzədir. İbn Məsuddan Allah Rəsulunun belə buyurduğu rəvayət edilir:

Rəsulullah ətrafından: “Tövbə edən kimdir, bilirsinizmi?” -deyə soruşdu. Səhabə: “Xeyr, ya Rəsulallah”, -dedilər. Buna müqabil Rəsulullah bunları söylədi:

“Bir adam tövbə edər, ancaq müxalifləri ondan razı olmazlarsa, o, tövbə etmiş olmaz.

Bir adam tövbə edər, ancaq elm öyrənməzsə, tövbə etmiş olmaz.

Bir adam tövbə edər, ancaq əxlaqını dəyişdirməzsə, tövbə etmiş olmaz.

Bir adam tövbə edər, ancaq mühitini dəyişdirməzsə, tövbə etmiş olmaz.

Bir adam tövbə edər, ancaq libasını dəyişdirməzsə, tövbə etmiş olmaz.

Bir adam tövbə edər, ancaq ibadətini artırmazsa, tövbə etmiş olmaz.

Bir adam tövbə edər, ancaq yeməyini dəyişdirməzsə, tövbə etmiş olmaz.

Bir adam tövbə edər, ancaq qəlbini açmaz və genişlətməzsə, tövbə etmiş olmaz.

Bir adam tövbə edər, ancaq nəfsinin istəklərinə hədd qoymazsa, tövbə etmiş olmaz.

Bir adam tövbə edər, ancaq əlindəkinin artığını (sədəqə, zəkat) verməzsə, tövbə etmiş olmaz.” (Seyid Yəhya əş-Şirvani əl-Bakuvi, “Şəfa-əl-Əsrar, səh. 310”)    

Tecox component by www.teglo.info